Dünya bazarı İran neftinin “müdaxiləsini” necə qarşılayacaq?

Analitiklər düşünürlər ki, 2015-ci ildə neftin bir barrelinin qiyməti 60 dolları keçməyəcək

İranın neft satışına embarqosunun götürüləcəyi xəbəri dünya neft bazarındakı gərginliyi bir qədər də artırıb. İran isə neftin qiymətinin aşağa düşməsinin qarşısını almaq məqsədilə OPEK-ə neft hasilatını koordinasiya etmək barədə təklif verib. Kartelin lideri, əslində, ABŞ-ın təsir dairəsində olan Səudiyyə Ərəbistanı da ucuzlaşmanın qarşısını almaqda maraqlıdır, bir şərtlə ki, Meksika və Rusiya da öz hasilatlarını azaltsınlar. Analitiklər isə belə hesab edirlər ki, hasilatın azalması çox az bir şeyi dəyişəcək, neftin qiyməti 2015-ci ildə 60 dollardan yuxarı qalxmayacaq.

BMT Təhlükəsizlik Şurasının üzvləri “nüvə silahına ” yiyələnmək cəhdlərini dayandıracağı təqdirdə sanksiyaları götürəcəyini vəd edəndən sonra onsuz da gərgin dövrünü yaşayan neft bazarına İran neftinin “axını” başlayacaq. Müxtəlif şərhlərdə göstərilir ki, bazara sutkada 1,5–2 milyon barrel əlavə neft çıxarılacaq. Bəzi mənbələr isə göstərir ki, İran iki ay ərzində bazara yalnız 1 milyon barrel neft çıxarmaq iqtidarındadır.

Sözsüz, Tehran üçün neft embarqosunun aradan qaldırılması çox mühüm əhəmiyyət kəsb edir. Çünki sanksiyalar tətbiq olunandan sonra təkcə 2012-ci ildə İrana neft ixracından dəyən ziyan 70 milyard dollar təşkil etmişdir. Bundan əlavə, Rusiyadakı kimi, burada da milli valyutanın məzənnəsi aşağı düşmüş və inflyasiya kəskin şəkildə artmışdır.

Amma İran hesab edir ki, onun da üzvü olduğu Neft İxrac Edən ölkələrin Təşkilatı - OPEK kartelə daxil olan ölkələrinin neft hasilatını korrektə etsə, qiymətlərin aşağa düşməsini dayandıra bilər.

Ötən cümə axşamı İranın neft naziri Bican Nəmdar Zəncani bəyan etmişdi ki, onun ölkəsi kotirovkaların enməsinin qarşısını almaq məqsədilə öz fəaliyyətini OPEK-lə koordinasiya edəcək. Nazirin sözlərinə görə, bunun üçün də kartelin üzvləri OPEK-in iyunda keçiriləcək görüşünə qədər öz hasilatlarını müzakirə etməlidirlər.

Analitiklər bildirirlər ki, İran sutkada 1 milyon barrel hasilata yaxın bir ilə ancaq çata bilər, 9–12 ayda çətin bu əlavə həcmi ötə bilsin. Bu da səbəbsiz deyilmir, çünki sanksiyalar tədricən götürüləcək, ikinci, bu tezliklə hasilatı yüksək səviyyəyə qaldırmaq elə də asan olmayacaq.

Bu gün OPEK ölkələri sutkada 30 milyon barrel neft hasil edirlər ki, bu da dünya neft hasilatının cəmi 40 faizinə bərabərdir. “Rye, Man & Gor Securities” şirkətinin analitiki Sergey Piqarov qeyd edir ki, “OPEK ölkələri öz ixrac həcmlərinə elə bir ciddi ziyan vurmadan hasilatı endirmək imkanındadırlar, ancaq məsələ təkcə imkanlarla yox, həm də istəklərlə bağlıdır”.

Ötən ilin noyabrında OPEK hasilatı ixtisar etməkdən imtina etdi və bu da dünya kotirovkalarına əlavə təzyiq göstərdi. Qərar, Səudiyyə Ərəbistanı başda olmaqla Fars körfəzi ölkələri tərəfindən lobbiçiliklə dəstəkləndi. Səudiyyəlilər bu yolla aşağı rentabelli, ilk növbədə isə Amerika hasilat layihələrini bazardan çıxarmağa çılışırdılar. Həqiqət ondadır ki, OPEK ölkələri ABŞ-ın slans neftinin onları bazardan sıxışdıracağından ehtiyat edirdilər.

Əslində bu ciddi bir səbəb idi. Rusiya Neft- Qaz Sənayesi İttifaqının aparıcı eksperti Rüstəm Tankayev hadisələrə münasibət bildirərək qeyd edir ki, “OPEK-dən can qurtarmaq Amerikanın çoxdankı arzusudur. Yeri gəlmişkən, bu Avropa İttifaqını Rusiyanın enerji daşıyıcılarından tam azad etmək arzusu seriyasındandır”.

Ona görə də ABŞ neft bazarına ciddi müdaxilə etməyə başladı. Necə deyərlər, “bir gülləyə iki hədəf” – OPEK və Rusiya. 2014-cü ilin nəticələrinə görə Birləşmiş Ştatlar sutkada hasilat həcmini 12,4 milyon barrelə qaldırmaqla dünya neft istehsalında liderliyi ələ aldı. Bu isə dünya hasilatının 16 faizini təşkil edirdi.  Beləliklə, əgər ABŞ neft hasilatını bu sürətlə artırmaqda davam etsəydi və onu dünya bazarına çıxarsaydı, Səudiyyə Ərəbistanı çox ciddi cəhdlə buna imkan vermək istəməsə belə, OPEK-in payı aşağı düşəcək və kartel hasilatı artırmaq və ya azaltmaqla qiymətlərə təsir göstərə bilməyəcəkdi.

Amma bütün bunlara baxmayaraq, hələ ki OPEK-in fəal tədbirləri ABŞ-a təsir göstərir, nəinki Amerika OPEK-ə. Çünki qiymətlərin aşağı düşməsi artıq Amerikanın slans layihələrinə ciddi təsirini göstərib.

Ona görə də hir çox analitiklər hesab edirlər ki, Səudiyyə Ərəbistanının strategiyası öz bəhrəsini verdi və ABŞ-ın qazma qurğularının sayı 2015-ci ilin martında ötən ildəkindən 38,4 faiz, yəni 1803-dən 1110-a ( dünyada isə ildən-ilə bu rəqəm bütövlükdə 1040 qurğu, yəni 29 faizdir) endi. Fevral ayı ilə müqayisədə isə Birləşmiş Ştatlarda 238 qurğu ixtisara düşüb. 

İlin əvvəlindən neftin qiymətinin çox aşağı düşdüyünü bəyan edən Səudiyyə Ərəbistanı indi çalışır ki, qiymətləri qaldırsın. Xüsusilə də ötən həftə Səudiyyə Ərəbistanının neft naziri Əli Əl-Naimi bəyan etdi ki, dünyada neftə olan tələbatın artması fonunda Səudiyyə Ərəbistanı mayda Asiya bazarına ixrac edəcək neftin qiymətini qaldıracaq.  Artıq martın əvvəlində səudiyyəlilər Asiya istehlakçıları üçün aprel fyuçerslərində qiymətləri qaldırdıqlarını bəyan etdilər. Buna qədər isə Səudiyyə Ərəbistanı Asiya üçün qiymətləri yalnız endirirdi ki, bu da dünya kotirovkalarına təziyq edirdi.

Ancaq Əl-Naiminin sözlərinə görə, Səudiyyə Ərəbistanı qiymətlərin aşağı düşməsinə qarşı təkbaşına mübarizə aparmağa hazır deyil. Səudiyyəlilər istəyirlər ki, təkcə OPEK-ə daxil olan ölkələrin yox, kartelə daxil olmayan oyunçuların da hasilatı koordinasiya edilsin. İndi Səudiyyə Ərəbistanı bu məqsədlə xüsusilə Rusiya və Meksika ilə danışıqlar aparmağa hazırlaşır.

Səudiyyəlilər birinci dəfə deyil ki, neft hasil edən ölkələri istehsalın razılaşdırılmasına çağırırlar. Kartelin ekspertləri belə düşünürlər ki, “məntiq sadədir: əgər neftin qiymətlərinin qaldırılması OPEK ölkələrinin hasilatının ixtisar edilməsi hesabına  həyata keçiriləcəksə, o zaman qiymətlərin qalxması başqa ölkələrin hasilatı artırmasına və OPEK-in dünyada hasilat və ixrac payının azalmasına gətirib çıxaracaq”.

Məsələn, Rusiya 2015-ci ilin birinci rübündə neft ixracını 7,9 faiz artırıb. Ona görə də Rusiya tərəfi ilə razılığın əldə edilməsi də mühüm əhəmiyyət kəsb edir. Ancaq inanmaq olmur ki, OPEK ölkələri və yaxud Rusiya hasilatı azaltsınlar. Əgər qiymətlərin aşağı olması zamanı bunu etmək mümkün olmadısa, indi razılıq əldə etmək çətin mümkün olsun.

Yeri gəlmişkən, Rusiya əvvəl bəyan etmişdi ki, neft hasilatını azaltmağa hazırlaşmır. Mart ayının nəticələrinə görə bu ölkədə neft hasilatı tarixi  rekord həddə - sutkada 10,66 milyon barrelə çatıb. Həmçinin tez-tez qiymətlərin qaldırılmasından bəhs edən Səudiyyə Ərəbistanı da mart ayında sutkalıq normanı 10,33 milyon barrelə çatdırıb ki, bu da onlar üçün rekord göstəricidir.

Neft hasilatının belə sürətli artımı, şübhəsiz,  bu enerji bazarında ciddi qiymət dəyişiklikləri etməlidir. Elə bu səbəbdəndir ki, son vaxtlar bazarda neftin qiyməti 50-60 dollar diapazonunda dəyişir. Ötən cümə günü Brent markalı Şimal dənizindən çıxarılan neftin qiyməti 58 dollar təşkil edirdi.

Yeri gəlmişkən, “Templeton Emerging Markets” investisiya fondunun müdiri Mark Mobius “Bloomberg”ə müsahibəsində bildirir ki, tələbatın artaması fonunda 2015-ci ilin sonunda neftin qiyməti qalxacaq. Doğrudur, elə ötən ilin oktyabrında neftin bir barrelinin qiymətinin 90 dollar olduğu zamanda da Mark Mobius demişdi ki, neft kotirovkalarını artıq proqnozlaşdırmaq olmur və qiymət 100 dollara qalxa da bilər, 60 dollara düşə də bilər. Hətta əgər 60 dollara düşsə belə, bu “çox çəkməyəcək”.

Lakin bütün bu təhlillərə baxmayaraq, İranın neft bazarına tam azad girişinin çox şeyi dəyişəcəyini istisna etmək olmaz. “Thomson Reuters”-in məhsul bazarı üzrə baş redaktoru Aleksandr Yerşov “Qazeta.ru”ya müsahibəsində qeyd edir ki, “Sanksiyaya qədərki həcm - sutkada 2,5 milyon barrel hətta qlobal bazar üçün də həddindən artıq çoxdur. Nəticədə, Rusiyanın, Azərbaycanın, Türkmənistanın və Qazaxstanın neft hasilatının bir hissəsi təziyq altına düşə bilər. O zaman İran nefti ilə  bütün Xəzər neft boru kəməri konsorsiumu və Kaşağan yatağı rəqabət aparmaq məcburiyyətində olacaq.  Nəticədə, bazardan kimi aradan çıxarmaq üçün qiymət müharibəsi başlayacaq. Ona görə də istehsalçılara artıq indidən diversifikasiya və logistikanın optimallaşdırması haqqında düşünmək lazımdır.”

Analitiklər düşünürlər ki, neft istehsalçılarına istehlakı fəal şəkildə artıran Çin kömək edə bilər, çünki indinin özündə o İran neftinin ən böyük idxalçısıdır.

Arzuman MURADLI
politoloq, iqtisadçı ekspert


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında