Ruxpert.ru: Avropa ölkələri korrupsiya və mənimsəmə halları nəticəsində hər il 323 milyard avro vəsait itirir

Adını sərlövhəyə çıxardığımız saytın ekspertləri qeyd edirlər ki, Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin iqtisadçı, maliyyəçi və siyasətçilərinin qurşandığı korrupsiya və rüşvətxorluq nəticəsində  dövlətlərə dəyən  ziyan barədə göstəriciləri polis və ya prokurordan deyil, bilavasitə həmin ölkələrin Aİ-yə göndərdikləri hesabatlardan götürmüşük. Bu isə o deməkdir ki, əslində, həmin göstəricilər 2 - 3 dəfə , bəlkə də 4 qat artıqdır. Çünki Londondan, Parisdən, Romadan Avropa İttifaqına göndərilən hesabatlarda korrupsiya və rüşvətxorluq faktları barədə məlumatlar  istənilən halda, dolğun ola bilməz. Ekspertlər yazırlar ki, bu ölkələrdə artıq korrupsiya və rüşvətxorluq hallarını gizlətməyə belə ehtiyac hiss etmirlər.  Ona görə də bu faktlar cəmiyyətin, xüsusən də, kütləvi informasiya vasitələrinin ovcunun içindədir.

Avropa Antikorrupsiya Agentliyinin (OLAF) və Avropa İttifaqının Ədliyyə Direktorluğunun birgə hazırladığı hesabatda  bu quruma üzv olan ölkələrdəki analoji vəziyyəti ifadə etmək üçün iki xüsusi tezis çıxarılmışdır:

1. Avropa struktarlarında korrupsiya heç zaman görünməmiş bir həddə çatmışdır. Əgər əvvəllər bu ölkələrin rəsmilərinin  Avropa fondlarından oğurladıqları və mənimsədikləri vəsaitlər ildə yüz milyonlarla avro həcmində olurdusa, indi həmin məbləğlər milyardlarla hesablanır.

2. Avropa ölkələri korrupsiya və mənimsəmə halları nəticəsində hər il 323 milyard avro vəsait itirirlər. Bu isə, Avropa İttifaqının 2014-2020-ci illər üçün nəzərdə tutulan yeddiillik vəsaitinin illər üçün olan ayırmalarının  təxminən üçdə biri qədərdir. İttifaqa üzv olan ölkələrin polis və prokurorları təkcə 2013-cü ildə “ xidməti vəzifədən sui-istifadə” və “rüşvətxorluq” maddələri ilə 67 min 800 cinayət işi açıblar. Ruxpert.ru-nun ekspertlərinin fikrincə, bu, Avropa İttifaqı tarixində rekord göstəricidir.

Avropa İttifaqının ən ali orqanı olan Avropa Komissiyası quruma üzv olan ölkələrdəki korrupsiya və rüşvətxorluq halları, eləcə də həmin ölkələrin bir ildə 323 milyard avro vəsaiti itirdiyi barədə hesabatı rəsmi olaraq təsdiqləsə də, bir məqamla razılaşmayıb: Güman ki, real faktlar daha çoxdur.

İttifaq ölkələrində fəaliyyət göstərən sahibkarlıq qurumlarının rəhbərlərinin 50 faizindən çoxu hesab edir ki, burada  korrupsiya çox ciddi və təhlükəli problemdir. Onların fikrincə korrupsiya Avropa İttifaqının hər yerində, hər zaman mövcuddur: “Bu böyük məkanda korrupsiyadan azad zona yoxdur”.

Bu sətirləri qələmə almaq üçün müraciət etdiyimiz ruxpert.ru internet saytında mövzu ilə əlaqədar olan “Britaniyada korrupsiya” rubrikası altında verilmiş “Cinayətkarların  Skotlənd - Yard zabitlərini ələ almasına Britaniya masonları kömək etdilər”, “Böyük Britaniyanın Müdafiə Nazirliyi yararsız kompüter proqramları üçün milyonlarla funt-sterlinq xərclədi”, “Britaniyanın Müdafiə Nazirliyi vaxtı ötmüş mərmilər və  tamamilə atılmalı olan hərbi mallar üçün 6 milyard funt -sterlinqə qədər vəsait xərclədi”adlı xəbərləri də oxumaq olar. Bundan başqa, orada “Almaniyada korrupsiya” rubrikası altında verilmiş “Vaxtı keçmiş malların tullanması üçün yarım milyon avro”, “Siçanlar üçün körpülər”,  “Berlində aeroport”, “Təhlükəsizlik sisteminə görə istifadə edilməyən əməliyyat otağı”,"Dron"musiqi qrupunun dövlət tərəfindən maliyyələşdirilməsi" kimi qabaqcıl Avropa ölkələrini ifşa edən ekspert materialları da verilmişdir.

  “Rossiyskaya qazeta”-nın ABŞ müxbiri Sergey Mixeyev özünün  “Birləşmiş Ştatlarda korrupsiya leqallaşdırılmışdır” adlı yazısında  göstərir ki, okeanın o tayındakı vəziyyət heç də Avropadakından yaxşı deyil. Bu fikirləri söyləyərkən isə o, məşhur politoloq, Vaşinqtondakı Amerika Universitetinin fəxri professoru Allan Lixtmana istinad edir.  Dövlət Departamentində xarici jurnalistlər qarşısında çıxış edən Lixtman deyib ki, dövlət rəsmiləri  ölkədə siyasi qələbəni pulla satın almaq üçün istifadə olunan 4 milyard dolları (konkret namizədin seçki kampaniyası üçün ayrılan vəsait nəzərdə tutulur -İ.M.) hansısa faydalı bir işə, məsələn, Ebola virusunun qarşısının alınmasına sərf etsəydilər, həm qələbəyə nail olardılar, həm də xalqın tarixində yaşayardılar: “ Ancaq onlar həmin vəsaiti siyasi qələbəni satın almaq məqsədilə xərcləyirlər. Professor Birləşmiş Ştatların ən kasıb və o qədər də inkişaf etməmiş bir ştatından olan senatorun yenidən seçilməsi üçün 55 milyon dollar xərclədiyini isə daha böyük həyəcanla söyləyir.  Qeyd edir ki, mən öz siyasi mühazirələrimlə bütün dünyanı dolaşıram. Həmin mühazirələr zamanı hiss edirəm ki, ABŞ haqqında danışan hər kəs bu ölkədə korrupsiyanın olmadığı kimi yanlış təsəvvürə malikdir. Mən onlara deyirəm: “Siz haqlısınız, bizdə başqa ölkələrdə olduğu şəkildə korrupsiya yoxdur. Ancaq ABŞ-da alınan qeyri-qanuni  pullar başqa ölkələrin heç birində  alınmır”. Professor sübut edir ki, hədiyyə, şirinlik və peşkəş kimi verilən pullar  leqallaşdırılmış  korrupsiyadır: “Birləşmiş Ştatlarda korrupsiya leqaldır, faktiki olaraq qanuniləşdirilib və açıq şəkildə reallaşdırılır. Məsələn, mənim söylədiyim bir seçkiyə sərf edilən 4 milyard dollar kimi” – deyə professor bildirib. O, təəssüflə əlavə edib: 2010-cu ildə Birləşmiş Ştatların Ali Məhkəməsi qərar qəbul etmişdi ki, siyasi qələbəyə nail olmaq üçün istənilən qədər pul xərclənməsi mümkündür.

“Əgər siz ABŞ-da fəaliyyət göstərən sahibkar, şirkət rəhbərisinizsə və daha da varlanmaq istəyirsinizsə, neft quyuları qazmayın və ya haradansa qızıl axtarmayın. Sadəcə siyasi üzvlük haqqı ödəyin. Bu , ABŞ -da ən sərfəli investisiya yatırılmasıdır. Söhbət ondan gedir ki, inandığın şəxsin namizəd olduğu seçkiyə bir neçə yüz milyon vəsait xərcləyirsən və o, qələbəyə nail olduqdan sonra bir neçə milyard qazanırsan. Əlbəttə, bu zaman Federal Vergi Məcəlləsinin müddəaları pozulur. Amma, seçkinin nəticəsindən sonra bütün maraqlar ödənilir” - deyə professor ABŞ həqiqətlərini dilə gətirib. Əlavə edib ki, bu variantlardan Birləşmiş Ştatlardakı aparıcı siyasi partiyaların hər ikisi yetərincə istifadə edir və faydalanır.

Qeyd etmək istəyirik ki, təkcə Rusiyanı və Türkiyəni deyil,  Müstəqil Dövlətlər Birliyini və Baltikyanı ölkələri təmsil edən mətbuat vasitələri də Avropa ölkələrində və Qərbdə tüğyan edən korrupsiya və rüşvətxorluq halları barədə çoxsaylı materiallar verirlər. Sonra gördük ki, Rusiya, Türkiyə və Azərbaycan mətbuatında verilən bu məzmunlu yazıların hamısı   bilavasitə Avropa mətbuatına istinadən qələmə alınır. Məsələn, AZƏRTAC-ın yaydığı  “Avropada korrupsiya - Almaniya liderdir” adlı materialda  konkret  ünvanlar və  Avropa qurumlarını ifşa edən rəsmi şəxslərin adları göstərilməklə yanaşı, məlumatın hansı Avropa mətbuatına istinadən  verildiyi də bildirilir:  “İtaliya Hesablama Palatasının baş prokuroru Lyudoviko Prinçipato bildirmişdir ki, bu ölkədə  baş verən korrupsiya prosesləri nəticəsində dövlət ildə 60 milyard avro itirir. Ölkənin kütləvi informasiya vasitələri beynəlxalq “Transparency İnternational” təşkilatına istinadən xəbər verirlər ki, korrupsiyanın həcminə görə İtaliya dünya üzrə 182 ölkə arasında 69-cu yeri tutur. Avropa İttifaqı üzrə isə korrupsiyanın miqyasına görə İtaliyadan sonrakı yerləri Yunanıstan, Rumıniya və Bolqarıstan tutur.

Məlumatda bildirilir ki, iqtisadiyyatı nisbətən güclü olan Almaniyada isə korrupsiyanın dövriyyəsi 250 milyard avroya çatır. Bu, Avropa İttifaqı üzrə ən yüksək göstəricidir. Ən maraqlısı isə odur ki, L.Prinçipato bütün bunları sadalayandan sonra Avropa siyasətçilərini korrupsioner yox, birbaşa satqın adlandıraraq sual edir: “Belə olan halda korrupsiyaya qurşanmış satqın siyasətçilərə biz nəyə görə inanmalıyıq?”

Yaxud, APA-nın bu məzmunlu xəbərində Reuters agentliyinə istinad edilir. Qeyd olunur ki, Fransa Prezidenti Fransua Ollandın müşaviri Fauzi Lamdaui fırıldaqçılıq ittihamı ilə dindirilməyə çağırıldıqdan sonra istefa verib. Reuters  yazır ki, Fauzi bir ay ərzində Ollandın istefa verən ikinci yaxın silahdaşıdır. Fauzi Lamdaui korporativ vəsaitlərin səmərəsiz istifadəsi, qeyri-qanuni gəlirlərin leqallaşdırılması və maliyyə sənədlərinin saxtalaşdırılmasında ittiham edilir. Qeyd edək ki, bu adam  Ollandın seçki qərargahına rəhbərlik edib. Bundan əvvəl Fransa Prezidentinin digər müşaviri Kader Arif istefa vermişdi. O, tenderlərin keçirilməsində sui-istifadə hallarına yol verməkdə şübhəli bilinir.

Başqa bir faktda isə göstərilir ki,  korrupsiya məsələlərində İtaliyanın  İnfrastruktur və Nəqliyyat naziri Maurizio Lupinin adı tez-tez hallanır. Aparılan araşdırma nəticəsində 25 milyard avro dəyərində layihələrdə korrupsiya ilə bağlı 4 nəfər həbs edilib. Telefon danışıqları nəticəsində ortaya çıxan hadisə zamanı nazir özünü müdafiə etməyə çalışsa da, onun yaxın dostu olduğu bildirilən və həbs edilən biznesmen Stefano Perottinin Lupinin oğluna 10 min avro məbləğində “Rolex” saatı verdiyi və onun işə girməsinə vasitəçilik etdiyi ortaya çıxıb. Ümumiyyətlə, bu hadisə ilə bağlı İtaliyada 4 nəfər həbs edilib, 51 nəfər isə istintaqa ifadə verib. Florensiya Prokurorluğu tərəfindən aparılan istintaq nəticəsində “Expo 2015" layihəsi çərçivəsində həyata keçirilən inşaatlar, bəzi liman və şose yol layihələri, Milan - Verona və Florensiya-Bolonya arası sürətli qatar xətti, Roma və Milan metrolarında aparılan inşaat layihələrində korrupsiya hallarının baş verdiyi təsbit edilib. Hakimlər Birliyi başçısı Rodolfo Sabelli hökuməti korrupsiya qarşısında sərt tədbirlər görməməkdə və sui-istifadə hallarına yol verənləri müdafiə etməkdə günahlandırıb. Neapol şəhərində aparılan digər bir tədqiqat nəticəsində UNESCO-nun Dünya İrs Siyahısında yer alan Pompey şəhərinin keçmiş rəhbəri Marçello Fioriyə məxsus 5 milyon 770 min avro vəsait müsadirə edilib. Mədəniyyət Nazirliyinin Campaniya bölgəsindəki şöbəsinin 9 işçisi də istintaqa cəlb edilib. Müəyyən edilib ki, 2010-cu ildə Pompeydəki qədim teatrın bərpası zamanı külli miqdarda vəsait mənimsənilib.

Bütün bu faktların mövcud olduğunu bilə-bilə hansısa Avropa qurumunun, guya Azərbaycanda korrupsiya faktları olduğu barədə fikir səsləndirməsi absurddur. Qoy desinlər. Biz də deyirik ki, Azərbaycan dünyada korrupsiyaya qarşı ən kəsərli mübarizə aparan ölkələrdən biridir. Elə olmasaydı, Azərbaycanın Ədliyyə naziri Fikrət Məmmədov  Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının vitse-prezidenti seçilməz və ötən ilin payızında ölkəmiz Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA)  üçüncü sessiyasına ev sahibliyi etməzdi.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında