Azərbaycanın sənaye potensialı getdikcə güclənir

Azərbaycanda sənayeləşmə siyasətinin əsası ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Həmin dövrdə neft maşınqayırma kompleksi, dərin özüllər, məişət kondisionerləri, elektron hesablama maşınları zavodları istifadəyə verilmişdir. Sənaye sahələrinin şaxələnməsi həyata keçirilərək neft maşınqayırması ilə yanaşı, dəzgahqayırma, elektrotexnika və elektronika, cihazqayırma, yol-inşaat maşınları və digər sahələr inkişaf etdirilmişdir.   Regionların sənaye potensialının yüksəldilməsi kimi uzaqgörən siyasət həyata keçirilərək Gəncə, Sumqayıt, Daşkəsən, Şirvan, Ağdam, Xaçmaz və digər şəhərlərdə sənaye kompleksləri yaradılmışdır.

Son  illərdə də bir sıra iri sənaye müəssisələri-Gəmiqayırma zavodu, Sumqayıt Texnologiyalar Parkı, Naxçıvan avtomobil zavodu, bərk məişət tullantılarının yandırılması zavodu, Qaradağ metal konstruksiyalar zavodu, Gədəbəy qızıl-mis emalı, Gəncə alüminium, Mingəçevir elektron avadanlıqlar zavodları, Qaradağ sement zavodunun yeni istehsal xətti, “Azbentonit” müəssisəsi, Qəbələ piano, “M-Line”, AZMDF, EMBAWOOD mebel fabrikləri və digər müəssisələr istifadəyə verilmişdir. Gəmiqayırma zavodunun və Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ölkənin sənaye potensialının daha da artırılmasına böyük töhfə olmaqla yanaşı, müasir texnologiyaların cəlb edilməsinə, idxaldan asılılığın azalmasına, qeyri-neft sənayesi sahələrinin inkişafına ciddi təkan vermişdir. 

Sənayenin inkişafında mühüm məqamlardan biri də ölkədə müasir nəqliyyat infrastrukturunun yaradılmasıdır. Ötən illər ərzində Azərbaycanda 7 aeroport tikilmiş və yenidən qurulmuş, 10 min kilometrdən çox   avtomobil yolu inşa olunmuşdur. Bu baxımdan, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri üzrə avtomobil və dəmir yollarının tikintisi və yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolunun və Xəzər sahilində ən iri dəniz limanının inşası layihələri xüsusi əhəmiyyət kəsb edir. Dünyanın nəhəng enerji layihələrindən olan “Şahdəniz-2", TANAP   layihələrinin reallaşdırılması uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatının, xüsusilə, sənayenin inkişafına öz töhfəsini verəcəkdir.

Sənayenin ənənəvi istehsal sahələrinin (kimya sənayesi, metallurgiya, maşınqayırma, elektrotexnika, elektronika, yüngül sənaye, yeyinti sənayesi və s.) inkişaf etdirilməsi və ixrac imkanlarının artırılması ilə yanaşı, rəqabətqabiliyyətli yeni istehsal sahələrinin yaradılması da dəstəklənəcəkdir. Ölkənin qeyri-neft sektoruna yerli və xarici investisiyaların cəlb edilməsinin intensivləşdirilməsi məqsədi ilə stimullaşdırıcı mexanizmlər tətbiq ediləcək, ixrac yönümlü qeyri-neft sektorunun inkişafı məqsədilə dövlət və özəl sektorun investisiya əməkdaşlığı inkişaf etdiriləcəkdir.

Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yuxarıda qeyd edilən məsələlərlə bağlı daha geniş danışılmışdır. Prezident İlham Əliyev demişdir: “Sevindirici haldır ki, sənaye istehsalı birinci rübdə artmışdır. Bildiyiniz kimi, son illər ərzində neftin hasilatının bir qədər düşməsi nəticəsində biz sənaye istehsalında artımı müşahidə etmirdik. Bu ilin birinci rübündə sənaye istehsalı təxminən 4 faiz artmışdır. Bu da görülən işlərin nəticəsidir. Keçən il Azərbaycanda ”Sənaye ili" elan edilmişdir, bu sahəyə xüsusi diqqət göstərilmişdir. Ondan əvvəlki illərdə müasir sənaye komplekslərinin, texnoparkların yaradılması, kiçik və orta sahibkarlığın inkişafı sayəsində sənaye potensialımız böyük dərəcədə güclənmişdir. Bunun nəticəsidir ki, Azərbaycanda sənaye istehsalı artır...".

Yaxın gələcəkdə sənaye müəssisələrində innovasiya yönümlü texnologiyaların tətbiqi stimullaşdırılacaq, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərcikləri yaradılacaqdır. İqtisadi rayonlar üzrə sənaye şəhərciyi infrastrukturunun formalaşdırılması qeyri-neft emal sənayesinin inkişaf etdirilməsi ilə bağlı dövlət investisiya siyasətində əsas istiqamət olacaqdır. Bu baxımdan, hər bir iqtisadi rayonun potensialı nəzərə alınmaqla xüsusi iqtisadi zonalarının yaradılması və sənaye şəhərciklərinin (o cümlədən,  Sumqayıtda neft-kimya məhsullarının emalı, Balaxanıda məişət tullantılarının emalı və Gəncədə metal məmulatların istehsalı üzrə sənaye şəhərcikləri) qurulması mühüm addımlardır.

Nazirlər Kabinetinin adı çəkilən iclasında həmçinin   sənaye zonalarının  yaradılması  məsələsinə toxunulmuşdur. Dövlət başçısı demişdir: “Regionlarda da sənaye inkişafı sürətlə gedir. Artıq biz bir neçə sənaye mərkəzi müəyyən etmişik. İndi növbə gəlib ki, hər bir rayonda sənaye zonası yaradılsın. Birinci zona Neftçalada yaradılır. Mənə verilən məlumata görə, yerli sahibkarlar tərəfindən çox böyük həvəslə, böyük maraqla qarşılanır. Hətta görürük ki, o sənaye zonasında fəaliyyət göstərən sahibkarların sayı nəzərdə tutduğumuzdan daha da çoxdur. Bu, çox sevindirici haldır, bu, birinci pilot layihəsidir. Hesab edirəm ki, biz indi başqa rayonlarda da buna oxşar zonalar yaratmalıyıq. Bu barədə mən bir neçə ay bundan öncə öz fikirlərimi bildirmişdim ki, hər bir rayonda xüsusi yer olmalıdır. Orada infrastruktur, nəqliyyat yolları - bütün lazımi təminat olmalıdır ki, sənaye potensialımız bir yerdə inkişaf etsin”.

Göründüyü kimi, bu gün Azərbaycanda sənayeləşdirmə siyasətinin uğurla həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. İqtisadiyyatın dinamik inkişafını asanlaşdırmaq və rəqabətliliyi artırmaq üçün qabaqcıl elmi və texnoloji nailiyyətlərə əsaslanan sənaye sahələrini inkişaf etdirmək, bu sferaya yerli və xarici sərmayələri cəlb etmək, ixtisaslı mütəxəssis bazası yaratmaq istiqamətində  xüsusi addımlar atılır. Bütün bunlar isə yaxın gələcəkdə Azərbaycanın dünyada həm də inkişqaf etmiş sənaye ölkəsi kimi tanınmasına əminlik yaradır.

Əşrəf QUBADOV,
texnika üzrə elmlər doktoru,
professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında