Hazırda beynəlxalq aləmdə belə bir fikir formalaşıb, sanki Qərb ölkələri korrupsiya və rüşvətxorluğa, vəzifədən sui-istifadə hallarına və çirkli pulların yuyulmasına qarşı amansız mübarizə aparır. Guya bir sıra ölkələr, o cümlədən ABŞ və Avropa İttifaqı ölkələri bu sahədə əhəmiyyətli nəticələr əldə ediblər. Bu ölkələrdə təkcə dövlət və hökumətlər deyil, elə bir-birindən maraqlı adlarla meydana çıxmış qeyri-hökumət təşkilatları da belə halların kökünün kəsilməsində böyük rol oynayıblar. Son illərdə isə istər həmin dövlətlərin rəsmi qurumları, istərsə də qeyri-hökumət təşkilatları səviyyəsində diqqət keçmiş sovet ölkələrinə yönəldilib və sanki bu ölkələrdə “aşıb-daşmaqda” olan korrupsiya halları ilə mübarizədə öz “təcrübələrini” yaymağa tələsirlər.
Sirr deyil ki, SSRİ-nin mövcudluğuna son qoyulduqdan sonra çoxsaylı beynəlxalq təşkilatlar postsovet dövlərinə ayaq açmış, bu ölkələrdəki korrupsiya halları barədə rəngarəng hesabatlar hazırlayaraq yaymışlar. Təbii ki, bu məsələdə məhz həmin beynəlxalq təşkilatlardan və onların təmsil etdikləri ölkələrin hökumətlərindən böyük məbləğdə qrantlar alan yerli QHT-lər də az rol oynamamışlar. Elə Azərbaycanın özündə də belə hallarla az rastlaşmamışıq. Dəfələrlə şahidi olmuşuq ki, yenicə müstəqillik qazanmış, hələ dövlətçilik təcrübəsini inkişaf etdirməyə əməlli-başlı macal tapmamış, bu yandan da qonşu Ermənistanın işğalına məruz qalaraq torpaqlarının 20 faizini itirmiş ölkəmiz haqqında “korrupsiya” ittihamlı hesabatlar hazırlanıb. Bunu bəzən Avropanın hansısa QHT-sinin, bəzən də hətta ABŞ Dövlət Departamentinin illik hesabatlarında görmüşük. Təbii ki, sıravi Azərbaycan vətəndaşları bütün bunları haqsızlıq, ikili standartlarla yanaşma hesab edərək əsəbilik keçiriblər.
Əslində, bu hesabatlar Azərbaycana təzyiq göstərmək məqsədilə hazırlanmış cəfəngiyyatdır. Bu günlərdə Avropa Şurasının GRECO antikorrupsiya təşkilatının yaydığı hesabat da məhz bu məqsədi daşıyır. Hesabatdan məlum olur ki, guya ölkədə korrupsiyaya qarşı mübarizə lazımi səviyyədə təşkil olunmayıb. Hesabatda deyilir: “2011-ci ildən bəri aşağı səviyyəli dövlət sektorunda korrupsiyaya qarşı ciddi işlər görülüb. Ancaq siyasi elita və dövlət xidmətinin yuxarı eşalonlarında korrupsiya ilə qətiyyətli mübarizə aparılmasına dəlil azdır”. Göründüyü kimi, təşkilat Azərbaycanda antikorrupsiya tədbilərinin görüldüyünü, qısqanclıqla olsa da, etiraf edir. Amma yenə qərəzli mövqeyindən uzaqlaşmır. İndi bunlara, sən demə, daha böyük qurbanlar lazımdır. İndi biz GRECO-nun xoşuna gəlmək üçün iri dövlət xidməti əməkdaşlarının axırına çıxmaq üçün addımlar atmalıyıq? Təşkilat irad tutur ki, bəzi yüksək rütbəli məmurların, deputatların ailə üzvlərinin şəxsi biznesləri var, buna yol vermək olmaz. Amma Azərbaycanda biznes fəaliyyəti GRECO-nun arzu və istəyinə deyil, qanunlara, müvafiq olaraq “Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna uyğun şəkildə qurulur. Qanun isə bütün ölkə vətəndaşlarının biznes fəaliyyəti üçün yaşıl işıq yandırır. Üstəlik, ölkə Prezidenti İlham Əliyev də sahibkarlığın genişləndirilməsi üçün hər cür şərait yaradılmasına çalışır. Bu fürsətdən isə təkcə sadə vətəndaşlar deyil, deputat oğlu da yararlanırsa, buna necə qadağa qoymaq olar? Bu qadağa insan haqlarının və qanunların pozulmasına gətirib çıxarmazmı?
Məsələ bundadır ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə müstəqillik illərində daha da güclənib, bunu isə Qərbdə görmək istəmirlər. Təkcə bunu deyil, Azərbaycanın başqa uğurlarını da görmək istəmək onların köhnə şakəridir. Bu gün də belədir. GRECO-nun iddiasından belə çıxır ki, guya Rusiya da daxil olmaqla, bütün keçmiş sovet respublikaları, o cümlədən Azərbaycan əlini-əlinin üstünə qoyaraq oturub və korrupsiyaya qarşı heç bir mübarizə aparmır.
Şübhəsiz ki, korrupsiya dövləti və ictimai münasibətləri dağıdan bir amildir və bunu Azərbaycanda yaxşı başa düşürlər. Ona görə də hər zaman bu cür hallara qarşı müxtəlif tədbirlər görülüb və bu gün də görülməkdədir. Azərbaycan Prezidenti yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılıb və komissiya bu gün də fəaliyyətdədir. “Şəffaflığın artırılması və korrupsiyaya qarşi mübarizə üzrə Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı fəaliyyət planında (2007-2011-ci illər) nəzərdə tutulan tədbirlər uğurla həyata keçirilib. Bundan əlavə, Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Baş İdarə fəaliyyət göstərir. Qeyd edək ki, son illərdə bu idarənin ardıcıl fəaliyyəti nəticəsində korrupsiya, vəzifədən sui-istifadə və s. kimi halların üstü açılıb, təqsirkarlar məhkəmə qarşısında cavab veriblər.
Bununla paralel olaraq, Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin təşəbbüsü ilə ASAN xidmət kimi məşhur olan bir qurum yaradılıb və burada şəffaflıq prinsipi ardıcıl olaraq həyata keçirilir. Bu da Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə növbəti, çox səmərəli bir addımdır. İndi həmin qərəzkar beynəlxalq təşkilatlardan istənilən biri və ya hamısı gəlib bu qurumun işi ilə tanış ola, ölkədə neqativ hallarla mübarizənin səmərəsini öz gözləri ilə görə bilər. Amma yox! Bu, onlara gərək deyil. Onlara ikili standartlar, Avropa ailəsinə yenicə qoşulmaq istəyən ölkələri gözüqıpıq etmək lazımdır. Azərbaycanda isə bunu yaxşı başa düşürlər. Artıq Qərbdən bizə qarşı yürüdülən ikili standartlar siyasəti Azərbaycanın dövlət başçısı səviyyəsində dəfələrlə tənqidə məruz qalmış bir məsələdir. Özü də bu vəziyyəti biz təkcə korrupsiya məsələsi ilə bağlı deyil, həm də Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı da görürük. İşğalçı ilə işğala məruz qalanı tərəzinin bir gözünə qoymaq, eyniləşdirmək bizim üçün yeni bir hadisə deyil. Azərbaycan vətəndaşı bunu artıq 24 ildir ki, hiss edir.
Amma gəlin indi bizə insan haqları, vətəndaş cəmiyyəti və s. barədə dərs verməyə çalışan Avropa İttifaqı və ABŞ-ın özündə korrupsiya ilə mübarizənin hansı nəticələr verdiyinə nəzər salaq. Yəni doğrudanmı, bu ölkələr sözügedən məsələdə böyük nailiyyətlər əldə ediblər və bu istiqamətdə qətiyyətlə irəliləməkdə davam edirlər?
Bu günlərdə Almaniyanın Hannover məhkəməsində ölkənin sabiq prezidenti Kristian Vulfun məhkəməsi başlanıb. Vulf prezident vəzifəsində olarkən korrupsiyaya yol verməkdə ittiham olunur. İstintaq müəyyən edib ki, Almaniya prezidenti vəzifədə olduğu müddətdə 28 epizod üzrə sui-istifadə cinayətinə yol verib. Bu epizodlardan biri məhkəmənin araşdırma predmeti olub: “Bayerişer Nof” otelinin əməkdaşları şahidlik ediblər ki, prezidentin həmin oteldə yaşamasının haqqını onun tanışı olan biznesmen ödəyib və bunun əvəzində K. Vulf onun kommersiya layihələrindən birini dəstəkləyib. Bununla da “xidməti vəzifəsindən şsui-istifadə edərək qazanıb”. Müşahidəçilər hesab edirlər ki, Almaniyanın sabiq prezidentini və həmin biznesmeni 3 ilədək azdlıqdan məhrumetmə cəzası, yaxud böyük məbdəğdə pul cəriməsi gözləyir. Xatırladaq ki, Vulf 2012-ci ilin fevralında vəzifəsindən istefa verməyə məcbur olub.
Bu, əlbəttə, Qərbdə yeganə hal deyil. ABŞ-da da belə hallar az olmur. Məsələn, bir qədər əvvəl Ağ Evin ən yüksək dairələri ilə bağlı 6 milyard dollarlıq bir fırıldağın üstü açılmışdı. Hələ ki, bu barədə də susmağa üstünlük verilib. İllinoys ştatındakı Dikson şəhərinin maliyyə xidmətinin rəhbəri Rita Krandvellin 7 il müddətində büdcədən 9 faiz miqdarında oğurluq etdiyi, nəticədə 30 milyon dollar pul topladığı aşkarlanıb. Təkcə bu ilin əvvəlindən bəri ABŞ-da müxtəlif səviyyəli dövlət məmurlarına qarşı rüşvət ittihamı ilə 2320 cinayət işi açılıb. Bunlardan 678-i xüsusilə böyük məbləğdə rüşvət ittihamıdır.
ABŞ-ın hüquq-mühafizə orqanlarının məlumatına görə, təkcə 2013-cü ildə federal, ştat və şəhər idarələrinin 2320 əməkdaşı və rəhbəri istintaqa cəlb edilib. Ən yayılmış cinayətlər isə ABŞ-da yaşamaq hüququ almaq üçün qeyri-qanuni sənədlərin hazırlanması, cinayətkar təşkilatlara “krışalıq” edilməsi, məlumat bazalarından bioqrafiyalardakı kriminal epizodların silinməsi, imtahan vermədən, müvafiq prosedurları keçmədən müştərilərə müxtəlif sertifikat və lisenziyaların verilməsi və s.-dir. Cinayət Məcəlləsinin ən çox istinad edilən maddəsi isə “rüşvət”dir.
Bu il ABŞ-da əsl “polis narkokarteli” aşkarlanıb. Kaliforniyalı polis Fredrik Slays marixuana satışı üzrə böyük bir şəbəkə yaradıbmış. Onun 50 ştatdan 43-də filialları varmış. Polis öz vəzifəsindən istifadə edərək narkoticarətçilərdən müsadirə etdiyi narkotik məhsulları yenidən satışa yönəldirmiş. Keçən ilin oktyabrında ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin əməkdaşları ərzaq talonları ilə bağlı saxtakarlıq etdiklərinə görə korrupsiya ittihamı ilə həbs ediliblər. Belə cinayətlər saysız-hesabsızdır. Sadəcə, ABŞ-ın dünyadakı imicinə zərər vurmamaq üçün onların çoxu açılmır. Bəzən belə faktlar siyasi intriqalar üzündən açıqlanır. Məsələn, ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyninin İraqda neft sahəsində çalışan qohumlarına lobbiçilik etdiyi mətbuata sızdırılmışdı. Bu zaman kələfin bir ucu da Texasdakı neft firmasında fəaliyyətini davam etdirən prezdent Buşa (kiçik) gedib çıxmışdı.
Avropa İttifaqında vəziyyət heç də bundan yaxşı deyil. İttifaqın antikorrupsiya agenliyi (OLAF) apardığı təhqiqatın nəticələrini açıqlayıb: sən demə, Aİ ölkələri hər il korrupsiyaya görə 323 milyard avro itirir ki, bu da təşkilatın 2014-2020-ci illəri əhatə edən 7 illik büdcəsinin üçdə birini təşkil edir. OLAF və Avropa Komissiyasının baş ədliyyə direktorunun birgə hazırladıqları hesabat Azərbaycan ictimaiyyəti üçün həqiqətən şok effekti yaradır: “Avropa strukturlarında korrupsiya ağlasığmaz miqyas alıb. Əgər əvvəllər Avropa fondlarından illik oğurluq yüz milyonlarla avro təşkil edirdisə, indi bu, milyardlarla ölçülür”.
İttifaq ölkələrinin polis və prokurorluq orqanları tərəfindən 2013-cü ildə Xidməti vəzifədən sui-istifadə və rüşvət maddələri ilə 67 800 cinayət işi açılıb. Bu, Avropa İttifaqının tarixində ən rekord göstəricidir. Baş ədliyyə direktoru Fransua Le Bay Avropa Parlamentində çıxış edərək deyib ki, “Bizdə söhbətin milyonlardan deyil, milyardlardan getdiyini söyləməyə hər cür əsas var. Bu, həm də yalnız aysberqin üst tərəfidir. Daha böyük rəqəmlər əldə edəcəyik. Bu, hələ başlanğıcdır”.
OLAF rəhbəri Covanni Kessler isə bildirib ki, “Avropanın ayrı-ayrı ölkələrində eyni vaxtda baş verən korrupsiya, dələduzluq və digər cinayətlər bir çox hallarda hüquq-mühafizə orqanlarının diqqətindən kənarda qalır. Çünki bu cinayətlərə milli dövlətlərin səlahiyyətləri çərçivəsində baxılır. Ona görə də korrupsiya ilə ümumavropa səviyyəsində mübarizə aparmaq, belə cinayətlərin araşdırılması üçün xüsusi büro yaratmaq lazımdır”. Avropalı ekspertlərin özlərinin nəticələrinə görə, korrupsiya artıq bütün Avropa ölkələrinin xarakterik xüsusiyyətinə çevrilməkdədir.
Böyük Britaniya da istisna təşkil etmir. Ölkənin Müdafiə Nazirliyi hərbçilərin onlayn rejimində rekrutinqi ilə bağlı xüsusi proqramın həyata keçirilməsi üçün milyonlarla pul töküb, amma proqram lazımınca işləmir. Nazirlik buna görə ciddi tənqidlərə məruz qalır. Bundan əlavə, Müdafiə Nazirliyi 6 milyard funt-sterlinq qiymətində nasaz sursat və lazımsız geyim əşyaları aldığına görə də tənqidlərlə üzləşib. Ancaq nazirlik günahkarların cəzalandırmayacağını bəyan edib. Üstəlik, bunu vəsaitə qənaət kimi qiymətləndirib.
Almaniyada Xristian Demokrat Partiyası BMV şirkətinə nəzarət edən Kvandt ailəsindən 690 min avro ianə alıb. Əvəzində Almaniya Aİ-də atmosferə atılan qazlarla bağlı kvota tətbiqinin yubadılmasına nail olub. Biberax şəhərində siçanlar üçün körpü tikilməsinə 435 min avro xərclənib. Berlində 2006-cı ildən tikilən aeroportun təhvil verilməsi hər il yubadılır və artıq xərclər 2 milyard avrodan 5,7 milyarda qalxıb. Aeroportda təkcə səliqə yaradılmasına hər ay 162 min avro xərc qoyulur. Başqa faktlar da mövcuddur.
Avstraliyada 13 dövlət məmuru 15 “Evrofayter” qırıcısının alınması ilə bağlı 70 milyon avro “yeməkdə” şübhəli bilinir. Elə qırıcıların özləri də keyfiyyət baxımından verilən qiymətə dəymir.
Fransada büdcə işləri üzrə nazir Jerom Kayuzak vergidən yayınmaqda ittiham edilir. O, xaricdə gizli bank hesabı açaraq burada 600 min avro toplayıb. Bunu uzun zaman gizli saxlaya bilən nazir , nəhayət, 2013-cü ildə istefa verməyə məcbur olub.
İtaliyada 2013-cü ilin axırlarında məlum olub ki, Akvila şəhərinin bərpası üçün ayrılmış dövlət vəsaiti “yeyilib”. 2009-cu il zəlzələsindən sonra şəhər dağılmışdı. Onun bərpasına 8 milyard avro ayrılıb. İndi məlum olub ki, tikinti smetası tutularkən xərclər 2,5-3 dəfə şişirdilib, tikilən evlər isə yaşayış üçün yararsızdır. Bununla bağlı bərpa işlərinə yaxın illərdə daha 8 milyard avro ayrılması nəzərdə tutulur.
Hindistan hökuməti İtaliyanın “Filmeccanica” şirkəti ilə 753 milyon dollarlıq sövdələşməsini ləğv etməli olub. Şirkət Britaniya şirkəti ilə birgə Hindistanın prezidenti və baş naziri üçün VİP vertolyot hazırlamalı idi. Lakin sonda məlum olub ki, sifarişin əldə edilməsi üçün şirkət yüksək rütbəli məmurlara 67,6 milyon dollar rüşvət verib. Bu da İtaliyada baş verən korrupsiya hallarının heç də hamısı deyil.
Təbii ki, başqa Avropa ölkələrində baş verən korrupsiya və rüşvət cinayətlərini də sadalaya bilərdik. Beynəlxalq mətbuat səhifələrində belə faktlar minlərlədir.
Əgər bu gün vicdanlı müqayisə aparan olsa, Avropa İttifaqında və ABŞ-da koorupsiya ilə bağlı tərəzinin gözünün daha çox əyildiyini müşahidə etmək olar. Ona görə də bizim onlara irad tutmağa daha çox əsasımız var. Qərbin “təmiz ölkələrində” bəzən hətta dövlət başçılarının sui-istifadədə ittiham olunması əlimizə daha yaxşı əsaslar verir.
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.