Səbail Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclasında Prezident İlham Əliyevin Nazirlər Kabinetinin geniş iclasındakı nitqindən irəli gələn vəzifələr, ilin I rübündə rayonun sosial- iqtisadi inkişafının yekunları ətraflı müzakirə olunmuşdur.
İclası giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin I rübünün sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat vermişdir. Hesabat dövründə Səbail rayonunun sosial- iqtisadi inkişafının yekunlarını təhlil edən natiq bildirmişdir ki, iri sənaye müəssisələrində I rübdə 3 milyard 479,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çox məhsul buraxılmışdır. Nəqliyyat müəssisələri 122,8 milyon manatlıq (23,8 faiz artıq), rabitə müəssisələri isə 35 milyon manatlıq (1,1 faiz çox) xidmətlər göstərmişdir.
Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 1 milyard 729,1 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 17,3 faiz çoxdur. Tikinti- quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 1 milyard 123,6 milyon manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bi işlər 80,2 faiz çoxdur. Yanvar – mart aylarında rayonun pərakəndə ticarət şəbəkəsində əhaliyə 57,4 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 22,9 faiz çox istehlak malları satılmışdır. Həmin dövr ərzində xidmət müəssisələri tərəfindən əhaliyə 68,7 milyon manatlıq pullu xidmət göstərilmişdir ki, bu da əvvəlki ilin yanvar-mart aylarından 2,9 faiz çoxdur.
2015-ci ilin yanvar – mart ayları ərzində əhaliyə 19,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 29,6 faiz çox iaşə xidmətləri göstərilmişdir. Yanvar – fevral ayları üzrə Səbail rayonunda çalışan işçilərin sayı 110884 nəfər, orta aylıq əmək haqqının məbləği isə 990,3 manat olmuşdur ki, bu da keçən illə müqayisədə 9,4 faiz çoxdur. 3 ay ərzində Səbail rayonu ərazisində 365 yeni iş yeri açılmışdır. Bunların hamısı daimidir. Ümumilikdə, 2003-cü ilin oktyabrından rayonda 42803 yeni iş yerləri açılmışdir ki, bunun da 41935- i daimidir.
Başçı daha sonra bildirmişdir ki, ilin əvvəlindən rayon ərazisində irimiqyaslı abadlıq- quruculuq işləri aparılmışdır. Hazırda Su idmanı sarayının, “Alov qüllələri” kompleksinin, “Xəzər Waterfront” istirahət-əyləncə-alış-veriş mərkəzinin, “İnterkontinental”, “Dinamo” və “İnturist” mehmanxanalarının, Qurban Abbasov küçəsində İş mərkəzinin, 20-ci sahədə Səbail Rayon Prokurorluğunun inzibati binasının, Əhəd Yaqubov küçəsində Ali Neft Məktəbi üçün idman və yataqxana komplekslərinin, kütləvi informasiya vasitələri işçiləri üçün daha bir binanın, Badamdar qəsəbəsində Bakı Media Mərkəzinin, Müasir Avropa məktəbinin, yeni İdman Kompleksi və otel binasının, 9 saylı Xəzinədarlıq İdarəsi üçün binanın tikintisi, Bayıl dairəsində genişmiqyaslı abadlıq işləri və yeraltı keçidin tikintisi sürətlə davam etdirilir. İncəsənət muzeyinin əsaslı təmiri, dövlət başçısının tapşırıqlarına əsasən, Dənizkənarı Milli Parkın Bibiheybət qəsəbəsinə kimi genişləndirilməsi və burada yeni istirahət guşələrinin yaradılması, Neftçilər prospektində Bakı İdman Sarayının əsaslı təmiri də uğurla davam edir.
Şəhərin mərkəzi və Bayıl yaşayış ərazisində yerləşən çoxmərtəbəli yaşayış binalarının fasadlarının təmiri və üzlənməsi işləri davam etdirilir. Üzeyir Hacıbəyov, Xaqani və Ə.Əlizadə küçələrində 9, Zərifə Əliyeva küçəsində 2, A.İsgəndərov küçəsində 2, Bülbül prospektində 1 binanın üzlənməsi başa çatdırılmışdır. Hazırda Neftçilər prospekti- 129, Mətbuat prospekti- 2, Zərifə Əliyeva küçəsi- 20 ünvanlardakı yaşayış binalarının və Bibiheybət yolu -1 ünvanındakı yaşayış kompleksinin üzlənməsi davam etdirilir. Badamdar şossesində 2,2 kilometrlik yolun 3 metrədək genişləndirilməsi, təmiri və asfaltlaşdırılması ilə bağlı işlər sona çatmaq üzrədir.
Avropa Oyunlarına hazırlıq işləri çərçivəsində Su idmanı sarayının ətrafında fərdi yaşayış evlərinin və digər tikililərin köçürülməsi işləri davam etdirilmişdir. Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Lermontov, Mehdi Hüseyn, Cəfərov qardaşları, Üzeyir Hacıbəyov, Rəsul Rza, Qoqol küçələrində səki kənarlarına yeni bordyurların qoyulması, təmir və dekorativ daş düzülməsi, küçələrə yeni asfalt qatı salınması işləri aparılmışdır.
Rayonun təsərrüfat xidmətləri də bir sıra işlər həyata keçirmişdir. Mənzil Kommunal Təsərrüfatı Birliyi bir sıra binalara gedən istilik xətlərində, dam örtüyündə təmir işləri aparmış, su və kanalizasiya xətlərini dəyişdirmişdir. Mərkəzdəki bir sıra binaların fasadı təmir olunmuş, rəngləmə işləri və gündəlik abadlıq-təmizlik işləri görülmüşdür. Badamdar qəsəbəsində hər həftənin şənbə günləri kənd təsərrüfatı məhsulları yarmarkası təşkil edilmişdir. Elektrik Təchizatı və Satış İdarəsi, Qaz İstismar Sahəsi, Sukanal Departamenti sakinlərin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirilmiş, narazılığa səbəb ola bilən hallara yol verilməmişdir.
Hesabat dövründə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər keçirilmişdir. Novruz bayramı ərəfəsində ictimaiyyət nümayəndələri ənənəvi olaraq rayonun hamilik etdiyi, cəbhənin ön xəttində yerləşən “N” saylı hərbi hissənin şəxsi heyətinə bayram sovqatları çatdırmış, konsert təşkil olunmuşdur. Bayram tədbirləri DİN Daxili Qoşunlarının Bərdə şəhərindəki hərbi hissəsində və Badamdar qəsəbəsində yerləşən hərbi hissələrdə də keçirilmişdir. Ümumilikdə 3 ay ərzində RİH tərəfindən hədiyyə ilə təltif olunanların, müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 6675 olmuşdur.
İclasda Səbail Bələdiyyəsinin sədri Firdovsi Cəbrayılov, Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov, MKTB-nin rəisi Elbrus Əhmədov və başqaları çıxış etmişlər. Müzakirələrdə nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.
Milli Məclisin Komitə sədrləri Ziyad Səmədzadə və Şəmsəddin Hacıyev, millət vəkili Fuad Muradov yığıncaqda iştirak etmişlər.
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.