Prezident İlham ƏLİYEV: Azərbaycanın iqtisadi modelinin unikallığı seçdiyimiz yolun nə qədər düzgün olmasını bir daha göstərir

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən müasirləşmə strategiyası və uğurlu sosial-iqtisadi  siyasət nəticəsində Azərbaycanda  yüksək iqtisadi artım dinamikası formalaşmış, dayanıqlı makroiqtisadi sabitlik şəraitində bu iqtisadi artımın sosial rifaha və yüksək həyat standartlarına sürətli transformasiyası baş vermişdir. Nəticədə Azərbaycan adambaşına düşən ümumi daxili məhsulun həcminə görə 100 pillə irəliləyərək qısa zaman ərzində orta gəlirli dövlətlər qrupuna daxil olmuşdur. Bundan başqa, Davos Dünya İqtisadi Forumuna əsasən, Azərbaycan rəqabətlilik reytinqinə görə dünya dövlətləri arasında 38-ci yerdə qərarlaşmışdır.

Bu ilin  birinci rübü də parlaq quruculuq və inkişaf mərhələsi kimi yadda qalacaq. Bunu Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirilən göstəricilərdən də  aydın görə bilərik. İclasda dövlətimizin başçısı cənab  İlham Əliyev giriş nitqində  demişdir: “ Bu ilin birinci rübündə də bu müsbət meyillər davam edib. Mən keçən ilin sonunda əmin olduğumu bildirmişdim ki, 2015-ci il də ölkə iqtisadiyyatı üçün uğurlu il olacaq. Birinci rübün yekunları bu sözləri təsdiqləyir. Ümumi daxili məhsul 5 faizdən çox artmışdır. Bu, çox gözəl göstəricidir, həm region, həm dünya üçün. Bu gün dünyada 5,3 faiz, yaxud da ki, 6 faizə yaxın inkişaf edən iqtisadiyyatlar çox azdır.

Azərbaycanda dinamik inkişaf təmin edilir və sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır. Bu da son illər ərzində aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində mümkün olmuşdur. Çünki uzun illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı imkan verir ki, iqtisadiyyatımız dayanıqlı surətdə inkişaf etsin, bir sektordan - neft-qaz sektorundan asılı olmasın. Hətta dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi bizim ümumi iqtisadi inkişafımıza təsir etməmişdir. Budur, Azərbaycanın iqtisadi modelinin unikallığı və bu göstəricilər bizim seçdiyimiz yolun nə qədər düzgün olmasını bir daha göstərir...”.

İclasda qeyri-neft sektorunun dinamik inkişafından ətraflı bəhs edilmişdir. Ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində, əhalinin gündəlik tələbat mallarına olan ehtiyacının ödənilməsində, idxal məhsullarından asılılığın azaldılması və maliyyə bölməsinin  idxal inflyasiyasından qorunmasında bu sektorun əvəzsiz rol oynaması  xüsusi vurğulanmışdır. Son illərdə qeyri-neft sektorunun daim diqqət mərkəzində saxlanılması bir daha xatırladılmışdır. “Bu gün bizim təcrübəmiz, vəsaiti iqtisadiyyatın real sektoruna yönəltmək, investisiyaları cəlb etmək və infrastruktur layihələrini icra etmək siyasətimiz hesab edirəm ki, dünya miqyasında artıq bir nümunə kimi qəbul edilir” – deyən Prezident İlham Əliyev Azərbaycanda uğurla reallaşdırılan iqtisadi siyasətin daha böyük nəticələr verəcəyinə əminliyini ifadə etmişdir.

Bu gün Azərbaycanda sosial-iqtisadi inkişafı sürətləndirən mühüm amillərdən biri qarşıya qoyulan hər bir hədəfin reallaşdırılması üçün konkret fəaliyyət proqramlarının işlənib hazırlanmasıdır. Bu baxımdan ölkə regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasının əhəmiyyətini xüsusi qiymətləndirmək lazımdır. Çünki keçid dövrünə xas bir sıra köklü problemlərin həlli prosesinə dövlət başçısının imzaladığı müvafiq fərmanlarla start verilib, nəticədə qısa zaman ərzində ölkə iqtisadiyyatında mütərəqqi inkişaf meyilləri nəzərə çarpmışdır. Bu çərçivədə atılan ardıcıl addımlar Azərbaycanda işsizlik probleminin aradan qaldırılması, regionların tarazlı inkişafı, qeyri-neft sektoruna diqqətin artırılması, sahibkarlığın inkişafı, yeni iş yerlərinin açılması istiqamətində konkret nəticələrlə müşayiət olunmuşdur.

Hər il olduğu kimi, bu il də əhalinin pul gəlirləri inflyasiyanı üstələyir. Əhalinin pul gəlirləri 5,3 faizdir, təxminən iki dəfə inflyasiyadan artıqdır.

Prezident İlham Əliyev sözügedən  iclasda yuxarıda qeyd edilən məsələlərlə bağlı demişdir: “İnflyasiya Azərbaycanda çox aşağı səviyyədədir. Keçən il bir faizdən bir qədər çox idi. Bu il isə 2,8 faizdir. O da çox əlamətdar hadisədir ki, manatın məzənnəsinə bu ilin fevralında dəyişikliklər edilmişdir, buna baxmayaraq, inflyasiya çox aşağı səviyyədədir. Bu, onu göstərir ki, Azərbaycanda istehlak bazarına nəzarət tam təmin edilir, dövlət və hökumət bu məsələləri daim diqqət mərkəzində saxlayır.

İnflyasiyanın aşağı səviyyədə olması, əlbəttə ki, insanların yaşayış səviyyəsinə müsbət təsir göstərir. Eyni zamanda, onu da bilməliyik ki, inflyasiya çox aşağı səviyyədə olanda iqtisadi inkişafı bir qədər əngəlləyir. Ona görə burada əlbəttə ki, düzgün balans seçilməlidir və Azərbaycanda makroiqtisadi vəziyyət daim diqqət mərkəzindədir. İnflyasiya həm sosial funksiyalarını özündə ehtiva etməlidir, eyni zamanda, ölkəmizin inkişafını, xüsusilə ixrac potensialımızın genişləndirilməsini təmin etməlidir. Hər il olduğu kimi, bu il də əhalinin pul gəlirləri inflyasiyanı üstələyir. Əhalinin pul gəlirləri 5,3 faizdir, təxminən iki dəfə inflyasiyadan artıqdır".

Son illərdə ölkəmizdə qeyri-neft sektorunun inkişafında mühüm rol oynayan xarici investisiyalar üçün münbit şərait yaradılmışdır. Çünki Azərbaycanda ümumi daxili məhsulun və xarici ticarət dövriyyəsinin daimi artımı,  ixtisaslı əmək ehtiyatlarının çoxluğu, ölkənin beynəlxalq ticarət təşəbbüslərində fəal iştirakı, ən əsası isə  respublikamızın  coğrafi mövqeyinin Avropa və Asiya bazarlarına səmərəli çıxış imkanı verməsi münbit xarici investisiya mühitinin formalaşmasında başlıca rol oynayır.

2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında diqqətə çatdırılan məsələlərdən biri də  regionların inkişafı ilə bağlı olmuşdur. Prezident İlham Əliyev iclasda demişdir: “Regionlarda birinci rübdə müsbət meyillər müşahidə olunub. İş yerlərinin yaradılması prosesi gedir, 30 minə yaxın iş yeri, - onlardan 25 mini daimi iş yeridir, - açılmışdır. Bu, daimi prosesdir, çünki dəfələrlə qeyd etdiyim kimi, Azərbaycanda müsbət demoqrafik vəziyyət mövcuddur. Əhali artır, belə olan halda iş yerlərinin yaradılması daimi proses olmalıdır. Bizim iqtisadi potensialımız əhalinin artması ilə uzlaşmalıdır. Çünki əhalinin artması çox müsbət prosesdir, bu, ölkəmizi gücləndirir, eyni zamanda, ölkəmizin sürətli inkişafını göstərir. Çünki biz demoqrafik dinamikaya nəzər saldıqda görürük ki, məhz son illər ərzində əhalimiz kəskin şəkildə artmağa başlamışdır. İqtisadiyyat da öz növbəsində bu artım üçün gözəl imkan yaratmalıdır ki, daim iş yerləri açılsın və işsizlik aşağı səviyyədə olsun. Hazırda işsizlik və yoxsulluq ən aşağı səviyyədədir, 5 faiz səviyyəsindədir”.

Dövlətimizin başçısı iclasda bir məqama da diqqət çəkmişdir. Demişdir ki, sosial sahə insanların rifah halını, rahat yaşamasını təmin edən sahədir. Ona görə Azərbaycan dövləti bu sahəni daim diqqət mərkəzində saxlayır. Təbii ki, bizim gəlirlərimiz azalmışdır. Çünki neftin satışından əldə edilən gəlirlər təbii olaraq azalır. Ancaq əvvəlki illərdə əldə edilmiş maliyyə resursları, eyni zamanda, düşünülmüş siyasət, qeyri-neft sektorunun inkişafı və xarici investisiyaların cəlb edilməsi bizə imkan verir ki, hətta azalan gəlirlərlə bütün sosial öhdəlikləri yerinə yetirək və ölkə üçün vacib olan infrastruktur layihələrini icra edək.

Azərbaycan Prezidenti İlham Əliyev bu fikrinin davamı kimi vurğulamışdır ki, cari ilin dövlət investisiya proqramı da kifayət qədər genişdir. Bu proqramda əsas infrastruktur layihələri öz əksini tapmışdır  və bu layihələrin icrası nəticəsində ölkəmizin inkişafı üçün daha da yaxşı şərait yaradılacaq.

Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası həm də əhalinin işgüzar fəallığının artmasına, yerlərdə sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına səbəb olmuşdur. Əvvəlki dövlət proqramlarının məntiqi davamı olan “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” da ölkə iqtisadiyyatının, xüsusilə regionların inkişafında mühüm əhəmiyyətə malikdir. Bu proqramda müəyyənləşdirilmiş vəzifələr, o cümlədən sənayenin inkişafı  hazırda uğurla icra olunur. Prezident İlham Əliyev sözügedən iclasda bununla bağlı demişdir: “Regionlarda sənaye inkişafı sürətlə gedir. Artıq biz bir neçə sənaye mərkəzi müəyyən etmişik. İndi növbə gəlib ki, hər bir rayonda sənaye zonası yaradılsın. Birinci zona Neftçalada yaradılır. Mənə verilən məlumata görə, yerli sahibkarlar tərəfindən çox böyük həvəslə, böyük maraqla qarşılanır. Hətta görürük ki, o sənaye zonasında fəaliyyət göstərən sahibkarların sayı nəzərdə tutduğumuzdan daha da çoxdur. Bu, çox sevindirici haldır, bu, birinci pilot layihəsidir. Hesab edirəm ki, biz indi başqa rayonlarda da buna oxşar zonalar yaratmalıyıq. Bu barədə mən bir neçə ay bundan öncə öz fikirlərimi bildirmişdim ki, hər bir rayonda xüsusi yer olmalıdır. Orada infrastruktur, nəqliyyat yolları - bütün lazımi təminat olmalıdır ki, sənaye potensialımız bir yerdə inkişaf etsin”.

Hesabat dövründə qeyri-neft sektoru 7 faiz artmışdır. Bu, son illər ərzində aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində mümkün olmuşdur.

Dövlət başçımızın bölgələrə səfərləri çərçivəsində müxtəlif  təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində şəxsən iştirakı, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olması regionlara göstərilən diqqətin bariz nümunəsidir. Məsələn,  Prezident İlham Əliyevin aprelin 11-də Astara və Lənkəran rayonlarına səfəri bunun bariz ifadəsidir. Xatırladaq ki, dövlətimizin başçısı adları çəkilən rayonlarda bir neçə sosial obyektin açılışında iştirak etmişdir. Dövlət başçısı  “Astaraçay” MMC-nin çay emalı fabrikində yaradılan şəraitdən razı qaldığını diqqətə çatdıraraq demişdir: Abadlıq, quruculuq, sosial infrastruktur. Yadımdadır, keçən dəfə Astarada olarkən xəstəxananın açılışını qeyd etmişdik. Məktəblər tikilir, kənd yolları salınır. Demək olar ki, Astara rayonunun əksər kəndlərini birləşdirən kənd yolları tikilibdir, biri bu gün açılacaq. Biz digər kənd yollarının da tikintisinə nail olacağıq ki, Azərbaycanda bir dənə də təmirsiz kənd yolu qalmasın. Məqsəd bundan ibarətdir. Son illərdə bu sahəyə kifayət qədər böyük vəsait ayrılmışdır. Yollar tikilir, çünki yol olmasa inkişaf da olmaz. Eyni zamanda, yol olanda insanlar özlərini daha da rahat hiss edirlər. Yol həm sosial, həm də iqtisadi layihədir. İnfrastruktur layihələri bizim fəaliyyətimizin birinci mərhələsində ona görə prioritet daşıyırdı, çünki onlar olmasa inkişaf mümkün deyil. Biz elektrik stansiyaları tikməsəydik, bu gün bu müəssisənin də yaradılmasına heç bir imkan olmazdı. Çünki enerji generasiyası, qaz xətləri, infrastruktur, yollar - bunlar hər bir ölkənin inkişafını şərtləndirir. Ondan sonra isə dövlət investisiyalarının yatırılması, kreditlərin verilməsi, sahibkarlığın inkişafı, belə gözəl müəssisələrin yaradılması prosesi başlamışdır".

Regionlarda birinci rübdə müsbət meyillər müşahidə olunmuşdur. İş yerlərinin yaradılması prosesi gedir, 30 minə yaxın iş yeri, - onlardan 25 mini daimi iş yeridir, - açılmışdır.

Azərbaycan Prezidenti  İlham Əliyev  ölkəmizin bugünkü inkişafını təmin etmək,  xoşbəxt gələcəyini qurmaq yolunda göstərdiyi xidmətlərinə görə xalqımızın  dərin rəğbət və məhəbbətini qazanmışdır. Son on iki ildə dövlət başçısı ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində yaradıcı şəkildə məharətlə inkişaf və  davam etdirmişdir. Ölkə rəhbərinin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarmışdır.

Müasir dünyada dövləti lazımi səviyyədə idarə etmək, geosiyasi təlatümlərdən, iqtisadi böhranlardan çıxarmaq üçün çox yüksək səriştə və siyasi iradə lazımdır. Azərbaycan xalqı üçün tarixi bir şansdır ki, bu gün ölkəmizə İlham Əliyev kimi dərin zəkaya, analitik təfəkkür tərzinə malik olan, dünyada gedən siyasi və iqtisadi prosesləri yaxşı bilən siyasətçi və dövlət xadimi rəhbərlik edir. Dövlət başçısı  İlham Əliyev öz Vətənini,  xalqını sevən, azərbaycançılıq amalını qəlbində daşıyan bir rəhbərdir.

Prezident İlham Əliyevin  rəhbərliyi ilə son on iki ildə Azərbaycanda əldə edilən sosial-iqtisadi  uğurların əsasında dahi Heydər Əliyevin siyasi kursu dayanır. Dövlət başçımız ölkəyə rəhbərliyə başladığı 2003-cü ilin oktyabrından daim ulu öndərin siyasi kursuna sədaqətini nümayiş etdirmiş, xalqın etimadını əməli fəaliyyəti ilə doğrultmuşdur. Xalqımız və müstəqil dövlətimiz üçün alternativsiz olan bu siyasi kurs dövlət başçısının uğurlu fəaliyyətinin başlıca amili sayılır.

Göründüyü kimi, bu ilin ilk üç  ayı da əvvəlki dövrdə olduğu kimi, əhalinin sosial müdafiəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və maddi rifah halının yaxşılaşması, neft gəlirlərini qeyri-neft sektoruna yönəltməklə və modern texnologiyalara əsaslanmaqla yeni və qabaqcıl sənaye sahələrinin yaradılması, iqtisadi və sosial infrastrukturun, yol-nəqliyyat sektorunun davamlı inkişafı, eyni zamanda, dövlətimizin hərbi qüdrətinin yüksəldilməsi ilə əlamətdar olmuşdur. Bu müddət ərzində ölkə boyu nəhəng tikinti-quruculuq və abadlıq işləri davam etdirilmiş, bir sıra sosial obyektlər tikilmiş, təhsil, mədəniyyət, səhiyyə, idman, turizm, ekologiya sahələrində böyük irəliləyiş baş vermişdir. Ölkə rəhbərliyi səviyyəsində qəbul olunan və ictimai-siyasi, sosial-iqtisadi, humanitar-mədəni həyatın çoxşaxəli spektrini əhatə edən çoxsaylı konseptual-strateji mahiyyətli sənəd və dövlət proqramları hazırda icra edilməkdədir. Görülən işlər və nəticələr deməyə əsas verir ki, Azərbaycan dünyaya özünün uğurlu inkişaf modelini təqdim edə bilmiş və qısa zaman kəsiyində ölkəmizdə, sözün əsl mənasında, inqilabi yeniləşmə və tərəqqiyə nail olunmuşdur.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında