Xalqımızın ümummilli lideri Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycanın indiki dövlət başçısı İlham Əliyev tərəfindən inamla davam etdirilməsi nəticəsində əvvəlki dövrlərdə olduğu kimi, 2015-ci ilin birinci rübü də ölkəmizin sosial-iqtisadi inkişafı baxımından uğurlu olmuşdur. Belə ki, ilin ötən dövründə dövlətimizin iqtisadi siyasətinin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması istiqamətində bir sıra zəruri tədbirlər görülmüşdür.
Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bütün bu məsələlər barədə ətraflı məlumat verildi.
İclasda giriş nitqi ilə çıxış edən dövlətimizin başçısı bildirdi ki, ötən ilin sonundan dünyada baş verən böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatın dinamik inkişafını təmin etmiş, ölkəmiz ili uğurlu göstəricilərlə başa vurmuşdur. Cari ilin birinci rübündə də müsbət meyillər davam etmiş, ölkə üzrə ümumi daxili məhsul 5 faizdən çox artmışdır ki, bu da istər region, istərsə də dünya üçün olduqca yüksək göstərici sayılır. Hesabat dövründə Azərbaycanda qeyri-neft sektorunun 7 faiz artması isə, heç şübhəsiz, son illər ölkəmizdə aparılan düşünülmüş iqtisadi siyasətin nəticəsidir.
Uzun illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsaitin, şaxələndirmə siyasətinin, qeyri-neft sektorunun inkişafının iqtisadiyyatımızın dayanıqlı surətdə inkişafına imkan yaratdığını vurğulayan Prezident İlham Əliyev son zamanlar dünyada neftin qiymətinin kəskin şəkildə düşməsinin Azərbaycanın ümumi iqtisadi inkişafına mənfi təsirinin olmadığını diqqətə çatdırdı. Yeri gəlmişkən, ölkəmizdə qeyri-neft sektorunun prioritet olaraq qalacağını bəyan edən Prezident İlham Əliyev bu barədə demişdir: “Azərbaycan iqtisadiyyatı bundan sonra da çoxşaxəli surətdə inkişaf edəcəkdir. Artıq bir müddətdir ki, qeyri-neft sektorumuz ümumi daxili məhsulumuzun əksər hissəsini təşkil edir. Əminəm ki, bu faiz nisbəti getdikcə daha da artacaq və beləliklə, bundan sonra Azərbaycan iqtisadiyyatı neft-qaz amilindən daha da az asılı olacaq. Bir daha demək istəyirəm ki, neftin qiymətinin iki dəfədən çox düşməsi bizim ümumi dinamik inkişafımıza təsir etməmişdir, qeyri-neft sektoru əsas iqtisadi yükü öz üzərinə götürmüşdür. Bundan sonra məhz qeyri-neft sektorumuzun inkişafı ölkəmizin uğurlu iqtisadi inkişafını təmin edəcəkdir”.
Məlum olduğu kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycanda “Sənaye ili” ili elan olunduğu 2014-cü ildə iqtisadiyyatın bu mühüm və aparıcı sahəsində, o cümlədən qeyri-neft sənayesində bir sıra tədbirlər həyata keçirilmişdir. Eyni zamanda, əvvəlki illərdə müasir sənaye komplekslərinin, texnoparkların yaradılması, kiçik və orta sahibkarlığın inkişafı nəticəsində Azərbaycanın sənaye potensialı xeyli dərəcədə güclənmişdir. Bunun da müsbət nəticələri artıq hiss olunmaqdadır. Belə ki, cari ilin birinci rübündə ölkəmizdə sənaye istehsalı təxminən 4 faiz artmışdır ki, bu da iqtisadiyyatın aparıcı sahəsi olan sənyaedə yeni yüksəlişin başlanğıcı sayıla bilər. 2015-ci ilin ilk rübündə iqtisadiyyatımızın digər mühüm sahəsi sayılan kənd təsərrüfatında da 3 faizlik artım qeydə alınmışdır. Bununla belə, müşavirədə dövlətimizin başçısı aparılan islahatların, bu sahədə işlərin təkmilləşdirilməsinin və düşünülmüş siyasətin yaxın gələcəkdə kənd təsərrüfatında əsas artımın təmin edəcəyinə əminliyini bildirdi.
Hazırda Azərbaycanda inflyasiyanın aşağı səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev bu ilin fevral ayında manatın məzənnəsinə edilən dəyişikliklərə baxmayaraq, birinci rübdə 2,8 faizlik inflyasiyanı ölkəmizdə istehlak bazarına nəzarətin tam təmin edilməsinin, dövlət və hökumətin bu məsələləri daim diqqət mərkəzində saxlamasının nəticəsi kimi dəyərləndirdi. Bu vacib məsələnin üzərində geniş dayanan dövlətimizin başçısı demişdir: “İnflyasiya həm sosial funksiyalarını özündə ehtiva etməlidir, eyni zamanda, ölkəmizin inkişafını, xüsusilə ixrac potensialımızın genişləndirilməsini təmin etməlidir. Hər il olduğu kimi, bu il də əhalinin pul gəlirləri inflyasiyanı üstələyir. Əhalinin pul gəlirləri 5,3 faizdir, təxminən iki dəfə inflyasiyadan artıqdır. Bax, budur bizim əsas iqtisadi göstəricilərimiz. Hesab edirəm ki, 2015-ci ildə istənilən ölkə üçün, xüsusilə neft-qaz sektoru inkişaf etmiş ölkələr üçün bu, həddindən artıq müsbət göstəricidir, deyə bilərəm ki, bizim böyük uğurumuzdur... Əgər biz vaxtilə ölkəmizin qeyri-neft sektorunun inkişafına bu qədər böyük diqqət göstərməsəydik, bəlkə də bu gün bu nəticələr o qədər də ürəkaçan olmazdı”.
Qeyd olunmuşdur ki, Azərbaycan iqtisadiyyatının xüsusiyyətləri ondan ibarətdir ki, bu, möhkəm təməl üzərində qurulub, özünü təmin edən iqtisadiyyatdır, xarici maliyyə resurslarından asılı deyil. Əksinə, biz indi özümüz donor kimi, həm başqa ölkələrə, eyni zamanda, beynəlxalq maliyyə qurumlarına maliyyə resurslarımızı təqdim edirik. Bu da bizə əlavə mənfəət gətirir. Azərbaycan iqtisadi müstəqilliyini tam şəkildə əldə etdikdə təbii ki, siyasi müstəqillik daha da güclənir.
Regionların inkişaf etdirilməsinin, işsizliyin aradan qaldırılmasının Azərbaycanın iqtisadi strategiyasının əsas hədəflərindən olduğunu vurğulayan dövlət başçısı bu ilin birinci rübündə ölkəmizdə 30 mini daimi olmaqla 25 min yeni iş yerinin yaradılmasını bildirdi. Bununla yanaşı, Prezident sosial sahənin daim diqqət mərkəzində saxlandığını bir daha bəyan edərək dedi ki, düşünülmüş iqtisadi islahatlar bütün dövrlərdə güclü sosial siyasətlə də tamamlanır. Bu il bütün sosial öhdəliklər yerinə yetirilir, sosial infrastrukturun yaradılması üçün əlavə vəsait ayrılır, məktəblər, uşaq bağçaları, tibb müəssisələri tikilir.
Hazırda 20-dən çox tibb müəssisəsi tikilir və təmir edilir, əhalinin diaqnostikası məsələləri öz həllini tapır, müayinədən keçmə prosesi uğurla gedir. Keçən il 5 milyon, bu il isə təqribən artıq 4 milyona yaxın Azərbaycan vətəndaşı müayinədən keçmişdir. Eyni zamanda, insanların rifah halının, rahat yaşayışının təminatı olan sosial sahə hazırda Azərbaycan dövləti tərəfindən daim diqqət mərkəzində saxlanılır. Neft gəlirlərinin azalmasına baxmayaraq, əvvəlki illərdə əldə edilmiş maliyyə resursları, eyni zamanda, düşünülmüş siyasət, qeyri-neft sektorunun inkişafı və xarici investisiyaların cəlb edilməsi hətta azalan gəlirlərlə bütün sosial öhdəlikləri yerinə yetirməyə, ölkə üçün vacib olan infrastruktur layihələrini icra etməyə imkan verir. Həm də kifayət qədər geniş olan builki dövlət investisiya proqramında əsas infrastruktur layihələri öz əksini tapmış və bu layihələrin icrası nəticəsində ölkəmizin inkişafı üçün daha da yaxşı şərait yaradılacaq, insanların rahatlığı, eyni zamanda, biznes mühiti yaxşılaşdırılacaq.
Son illər Azərbaycanda həyata keçirilən islahatlar aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Davos Dünya İqtisadi Forumu ölkələrin iqtisadiyyatlarının rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 38-ci yerə layiq görmüşdür. Bu mötəbər reytinq sıralamasında Azərbaycanın yerinin ilbəil yaxşılaşması, heç şübhəsiz, gənc dövlət üçün böyük nailiyyətdir. Hökumətin iclasında bu məsələyə toxunan dövlət başçısı İlham Əliyev demişdir: “Bu yeri biz neftə, qaza görə yox, məhz düşünülmüş islahatlara görə qazanmışıq. Bizim iqtisadi siyasətimiz düşünülmüş siyasətdir, milli maraqlar və daxili resurslar üzərində qurulubdur. Ona görə Azərbaycanın xarici dövlət borcu çox aşağı səviyyədədir. Dünya miqyasında biz bu göstəriciyə görə ən qabaqcıl yerdəyik. Bu, bizə iqtisadi müstəqillik verir, eyni zamanda, biz Azərbaycana istənilən məbləğdə xarici bazarlardan maliyyə resursları da cəlb edə bilərik. Sadəcə olaraq, hesab edirəm ki, buna böyük ehtiyac yoxdur. Təbii ki, müəyyən mənada biz bunu edirik. Amma daha çox öz işlərimizi, ölkədə görüləsi olan işləri daxili imkanlar hesabına təmin edirik”.
Müşavirədə son illər Azərbaycanın bilavasitə təşəbbüsü və iştirakı ilə reallaşdırılan qlobal enerji layihələrinin icrası ilə bağlı məlumat verən Prezidentimiz qeyd etdi ki, bu ilin birinci rübündə enerji sektorunda iki önəmli hadisə baş vermiş, fevralın 12-də Bakıda “Cənub” Qaz Dəhlizi Məşvərət Şurasının ilk iclası keçirilmiş, mart ayında isə Türkiyənin Qars şəhərində TANAP layihəsinin təməli qoyulmuşdur. Ötən il sentyabrın 20-də isə Bakıda “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev daha sonra “Cənub” qaz dəhlizi və onun əsas resurs mənbəyi olan “Şahdəniz-2", eləcə də Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələrindən ətraflı bəhs etdi. Bütövlükdə cari ilin birinci rübündə enerji siyasətimizin bundan sonra da uğurla aparılması üçün çox önəmli addımlar atıldığı diqqətə çatdırıldı, nəzərdə tutulan bütün vəzifələrin ilin sonuna qədər icra edilməsi sayəsində Azərbaycanda dinamik inkişafın təmin olunacağı, iqtisadiyyatın, qeyri-neft sektorunun artacağına, ölkəmizin 2015-ci ildə daha da böyük zirvələrə çatacağına əminlik ifadə olundu.
Bütün bunlarla yanaşı, əldə olunmuş nailiyətləri ilin sonunadək qoruyub saxlamaq, ölkənin sosial-iqtisadi inkişafının bir qədər də sürətləndirmək üçün qarşıda mühüm vəzifələr dayanır. Həmin vəzifələr, yeni hədəflər, ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri isə müşavirədə bir daha qabardıldı. Belə ki, Prezident İlham Əliyev proqram xarakterli yekun nitqində qarşıda duran vəzifələrdən ətraflı bəhs etdi, diqqəti, ilk növbədə, qeyri-neft sektorunun prioritet olaraq qalacağını yönəltdi. Qeyri-neft sektorunun ümumi daxili məhsulun çox böyük hissəsinin təşkil etməsinə nail olmaq üçün lazımı tövsiyələr verən dövlət başçısı bildirdi ki, bir neçə ildən sonra “Cənub” qaz dəhlizi işə düşəndən sonra bizim qaz ixracımızın kəskin şəkildə artacağına baxmayaraq, qeyri-neft sektorunun daim neft sektorunu üstələməsi üçün əlavə tədbirlər görülməli, xüsusən də infrastruktur layihələrinin icrasına diqqət artırılmalı, eləcə də dövlətin sahibkarlara olan münasibəti və dəstəyi gücləndirilməlidir. Yeri gəlmişkən, hazırda ölkəmizdə dövlət tərəfindən sahibkarlığın inkişafı üçün lazımi tədbirlərin görüldüyünü, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli şərtlərlə kreditlərin verildiyini vurğulayan Prezident İlham Əliyev ölkəmizin ümumi inkişafının bundan sonra daha çox sahibkarlığın inkişafından asılı olacağını bəyan etdi. Ümumi daxili məhsulun təqribən 80 faizdən yuxarı hissəsinin özəl sektorda formalaşdığını bildirən dövlət başçısı ölkəmizin bütün tikinti materialları ilə tam təminatına, ucuz qiymətə rəqabətqabiliyyətli məhsul istehsalına nail olmağın vacibliyini önə çəkdi. Azərbaycanda sahibkarlığın inkişafı üçün dövlət tərəfindən böyük güzəştlər olunduğu bir şəraitdə süni qiymət artımının yolverilməzliyi bir daha bəyan edildi.
Müşavirədə regionlarda sənayenin sürətli inkişafını təmin etmək məqsədilə hər bir rayonda sənaye zonasının yaradılmasının vacibliyi diqqətə çatdırıldı, bu baxımdan Neftçalada təşkil edilən ilk sənaye zonasının yerli sahibkarların marağına səbəb olduğu bildirildi.
Məlum olduğu kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2015-ci il ölkəmizdə “Kənd təsərrüfatı” ili elan edilmişdir. Nazirlər Kabinetinin iclasındakı yekun nitqində dövlətimizin başçısı bununla bağlı müvafiq tövsiyə və tapşırıqlarını verdi. Qeyd olundu ki, Azərbaycan əhalisinin təxminən yarısının bölgələrdə, kəndlərdə yaşaması ilə əlaqədar olaraq ölkənin ərzaq təhlükəsizliyi dövlətimiz üçün prioritetdir. Buna görə də bu sahə daimi diqqət mərkəzində saxlanılmalı, Azərbaycanda istehsal edilən ərzaq məhsullarının bütün komponentlərinin ölkəmizdə istehsalına, bu məqsədlə emal müəssisələrini yaradılmasına nail olunmalıdır. Eyni zamanda, kənd təsərrüfatının inkişafını təmin etmək üçün suvarmaya, meliorasiyaya çox böyük diqqət göstərilməli, bu məqsədlə daha çox kanalların tikintisi təmin edilməlidir.
Azərbaycanda makroiqtisadi sabitliyin diqqət mərkəzində olduğunu bəyan edən Prezident İlham Əliyev həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində hazırda istehlak bazarında vəziyyətin tam sabit olduğunu qeyd edərək ölkədə qiymət artımının qarşısının alınması ilə bağlı tapşırıq verdi. Qiymət artımından söz düşmüşkən, dövlət başçısı müşavirədə ölkədə dərman preparatlarının mövcud qiymətləri ilə bağlı narahatlığını ifadə edərək bu sahədə çox böyük pozuntuların, uyğunsuzluqların olduğunu bildirdi və hökumətə bu sahədə vəziyyəti tamamilə nəzarətə götürülməsinə dair tapşırıqların verildiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev ölkədə inhisarçılığa qarşı mübarizənin daha da gücləndirilməsi, bu sahədə əlavə tədbirlərin görülməsinin vacibliyini önə çəkərək yerli istehsalın stimullaşdırılması ilə bərabər, azad, ədalətli rəqabətin təmin ediləcəyini məxsusi olaraq qeyd etdi.
Cari ilin birinci rübündə elektroenergetika sahəsində ciddi islahatların aparıldığını deyən dövlət başçısı yenicə yaradılan “Azərişıq” tərəfindən rayonlarda elektrik enerjisi ilə təchizatın daha da yaxşılaşdırılması ilə bağlı görüləsi işlərin hələ çox olduğunu bildirdi və yaxın zamanlarda bütün şəhər və rayonlarımızda elektrik enerjisi ilə təminatı Bakının səviyyəsinə qaldırmağı “Azərişıq” ASC-nin qarşısına mühüm vəzifə kimi qoydu.
Müşavirədə, həmçinin Azərbaycanda, o cümlədən Bakıda aparılan ekoloji tədbirlərdən söhbət açıldı, “Azərsu”, eləcə də “Meliorasiya və Su Təsərrüfatı” açıq səhmdar cəmiyyətlərinə əhalinin təmiz və keyfiyyətli içməli su ilə təminatının daha da yaxşılaşdırılması ilə bağlı konkret tapşırıqlar verildi.
Yekun nitqinin sonunda Prezident İlham Əliyev ölkəmizin paytaxtında keçirilən Birinci Avropa Oyunları ilə bağlı tapşırıqlarını verdi, yarışlara az vaxt qaldığı bir şəraitdə bütün müvafiq qurumların daha da fəal işləmələrinin vacibliyini önə çəkdi.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.