Azərbaycan iqtisadi tərəqqinin növbəti mərhələsində: təkamül və inkişafın səbəbləri

Dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi inkişaf tarixinə nəzər saldıqda çox maraqlı bir faktın şahidi olursan. Məsələni bir qədər diqqətlə, dərindən izlədikdə belə bir sual yaranır: necə oldu ki, bu dövlətlər iqtisadi inkişafın belə bir səviyyəsinə gəlib çatdılar? Hazırda elm adamlarını bu məsələ ciddi düşündürür və artıq bu istiqamətdə sanballı tədqiqat işləri də yaranmışdır. Lakin onlar yüksək iqtisadi inkişafın səbəbləri ilə əlaqədar ortaq bir məxrəcə gələ bilmədikləri üçün diskussiyalar bu gün də davam etməkdədir. Burada əsas məsələ iqtisadi inkişafın fundamental səbəblərinin müəyyən edilməsindədir.

Neoklassik nəzəriyyələrdə iqtisadi inkişafın fundamental səbəbi (səbəblərin səbəbi) kimi investisiya, insan kapitalı, təhsil və s. amillər göstərilir. Lakin institusionalist alimlər sübut etdilər ki, neoklassiklərin göstərdikləri bu amillər iqtisadi inkişafın səbəbləri deyil, iqtisadi inkişafın özüdür, onun nəticəsidir. Müasir dövrdə ABŞ-da və Qərbi Avropada institusionalislər tərəfindən aparılan elmi tədqiqatlarda alimlər səbəb kimi səmərəli institutları (“yazılan və yazılmayan oyun qaydaları”) göstərirlər. Amma bu da qaneedici cavab deyildir. Ən fundamental elmi prinsipə, hadisə və proseslərin səbəb və nəticə əlaqələrindən doğan məntiqə əsaslandıqda belə bir sual yaranır: bəs necə oldu ki, iqtisadi inkişafa imkan yaradan həmin o səmərəli institutları inkişaf etmiş dövlətlər təşkil edə bildilər, amma geridə qalmış dövlətlər bunu bacarmadılar? Ola bilərmi ki, həmin səmərəli institutlar iqtisadi inkişafın səbəbi deyil, elə inkişafın özü olsun? Bəlkə Qərb ölkələrində iqtisadi inkişaf üçün münbit şərait yaradan həmin səmərəli institutların özləri də səbəb deyil, hansısa başqa bir səbəbin nəticəsidir?

Bu suallara cavab tapmaq üçün əvvəlcə inkişaf etmiş ölkələrdən bir neçəsinin keçdiyi tarixi yola, onların inkişafının təkamülünə qısa bir nəzər salmaq zərurəti yaranır. İlk növbədə Almaniya Federativ Respublikasından başlayaq. Birmənalı şəkildə demək olar ki, müharibədən sonrakı dövrdə Almaniya iqtisadiyyatının dirçəlməsi və “alman iqtisadi möcüzəsi” AFR-də 1949 - 1969 - cu illərdə hakimiyyətdə olmuş “xristian-demokratların” xidmətidir. Bəllidir ki, II Dünya müharibəsindən sonra Almaniyada fəlakətli vəziyyət yaranmışdı. Dağılmış, viran qoyulmuş şəhərlər, məhv edilmiş müəssisələr, onillərlə geriyə atılmış aqrar istehsal və 12 milyonluq köçkünlər ordusu ölkənin hansı vəziyyətdə olmasından xəbər verirdi. Müharibədən sonra Almaniyada reallaşdırılan iqtisadi islahatların memarı sosial bazar iqtisadiyyatının müəllifi, professor Lüdviq Erxard (1897-1977 -ci illər) oldu. O, AFR Xalq Təsərrüfatı naziri (1949-1963 -cü illər), 1957-ci ildən Federal Kanslerin müavini və 1963-1966-cı illərdə isə AFR-in Federal Kansleri olmuşdur. Məhz onun birbaşa rəhbərliyi altında “alman iqtisadi möcüzəsi” baş verdi. Bununla da AFR, II Dünya müharibəsində onun üzərində qələbə çalan dövlətləri iqtisadi inkişaf sahəsində ötüb keçməklə yenidən Qərbi Avropanın aparıcı ölkəsinə çevrildi. XX əsrin 50-ci illərinin ortalarında ölkədə fasiləsiz iqtisadi artım başladı və bu proses 60-cı illərin axırınadək davam etdi. 1956-cı ildə iqtisadi artım 1950-ci ildəki həcmlə müqayisədə ikiqat artdı, 1962-ci ildə isə həmin həcmin üç mislinə bərabər oldu. AFR 1950-ci illərin ortalarında öz qızıl ehtiyatlarının həcminə görə ABŞ-dan sonra ikinci, sənaye istehsalının həcminə görə isə ABŞ və Böyük Britaniyadan sonra üçüncü yerə çıxdı.

Yüksək inkişafa nail olmuş digər bir ölkədə — Yaponiyada da islahatlar ağır şəraitdə start götürdü. 1945-ci ildəki Yaponiya bir dövlət kimi faktiki olaraq öz funksiyasını itirmişdi. Paytaxt Tokio bombardmanlar nəticəsində səhraya çevrilmişdi, şəhərdə salamat bina qalmamışdı. Bütün ölkə ərazisi xarabalığa çevrilmişdi, ictimai nəqliyyat işləmirdi, elektrik enejisi kəsilmişdi. Ölkənin asılı olduğu resursların idxalı tam dayanmışdı, hər yerdə aclıq, səfalət hökm sürürdü, istehlak qiymətləri indeksi 243 dəfə qalxmışdı. Sənaye müharibəyə qədərki həcmindən altı dəfə az məhsul istehsal edirdi, ixrac doqquz dəfə azalmışdı, ölkə milli sərvətinin 40 faizindən məhrum olmuşdu, ərazisinin demək olar ki, yarısı əlindən alınmışdı. Xirosimo və Naqasaki şəhərlərinə atılan atom bombaları kütləvi insan tələfatına səbəb olmaqla yanaşı, salamat qalanları da ruhən sarsıtmışdı. Yaponiyanın bir xüsusiyyətini də nəzərə almaq vacibdir. O, XX əsrin əvvəlinə qədər uzunmüddətli klassik kapitalist inkişaf yolunu axıra qədər keçməmişdi və bu ölkə üçün uzunəsrli izolyasiya, güclü icma ənənələri xarakterik olmuşdur. Üç əsr davam edən özünüizolyasiya mənfi rolunu oynadı. 1867-ci ildə hakimiyyətə gələn yapon imperatoru Mutsuxito xarici dünyaya “pəncərə açmaqla” ölkəni bu izolyasiyadan xilas etdi. Məhz onun qoyduğu ənənələr Yaponiyanı beynəlxalq aləmdə bir gücə çevirdi və II Dünya müharibəsindən sonra onun yenidən dirçəlməsində müstəsna rol oynadı. Lakin müharibədən sonrakı illərdə yaponlar hələlik öz ölkələrinin sahibi deyildilər. Ölkənin əsl sahibi həm İmperatorun və həm də Baş nazirin səlahiyyətlərini əlində cəmləşdirən müttəfiqlərin işğalçı qoşunlarının baş komandanı amerikalı Duqlas Makartur idi.

“Yapon möcüzəsinin” baş verməsində əsas amillərdən biri ali hakimiyyətlə böyük biznes arasında olan qarşılıqlı inam idi. Bütün islahatlar İmperatorun şəxsi nəzarəti altında aparılırdı. “Yapon möcüzəsi” 1950-ci ildən başlayaraq, 1973-cü il böhranınadək davam edən və ölkə iqtisadiyyatında rekord artımla müşayiət olunan tarixi bir fenomendir. Bu dövrdə hər il, demək olar ki, 10 faiz təşkil edən iqtisadi artım o illərdə inkişaf etmiş ölkələr arasında ən yüksək göstərici idi. Çox sürətli iqtisadi artım tempi ilə Yaponiya öz iqtisadi gücünə görə dünyada ikinci yerə çıxdı. O, Fransa, İtaliya, Kanada, Böyük Britaniya, AFR, SSRİ kimi ölkələri ötüb keçdi və yalnız ABŞ-dan geri qalırdı. Yaponiya 1968-ci ildən 2010-cu ilədək dünyanın ikinci iqtisadiyyatı hesab olunurdu. 2010-cu ildən sonra isə bu rolu Çin oynamağa başladı. İmperatorun şəxsi nəzarəti altında Yaponiya apardığı islahatlarla bütün dünyaya sübut etdi ki, hətta sürətli modernləşdirmə prosesi zamanı da öz simasını, milli köklərə bağlılığı və mədəniyyəti itirmədən qoruyub saxlamaq olar.

Türkiyənin iqtisadi inkişaf dinamikası da bu mənada maraq kəsb edir. Qardaş ölkənin iqtisadiyyatının inkişaf tarixini şərti olaraq üç dövrə bölmək olar. Birinci dövr 1950-1954-cü illəri əhatə edir. Bu dövrdə hakimiyyətdə olan Demokratlar Partiyasının və Adnan Menderesin fəaliyyətini qeyd etmək olar. İkinci dövr 1984-1988-ci illəri əhatə edir və bu illər Turqut Özalın islahatları ilə yadda qalmışdır. Üçüncü dövr isə 2002-ci ildən sonranı əhatə edir. Bu dövr hakimiyyətdə Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının iqtidarda olduğu illərdir. Bu siyasi partiya indi də hakimiyyətdə olmaqla öz uğurlu fəaliyyətini davam etdirir. Adətən,

A. Menderesin və T. Özalın hakimiyyətdə olduğu illəri Türkiyənin tarixində “qızıl dövr” və “türk möcüzəsi” adlandırırlar. Lakin bu deyilənlərə baxmayaraq, Türkiyə iqtisadiyyatının tarixində əsl “qızıl dövr”, əsl möcüzə R.T.Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının hakimiyyətdə olduğu illərdə baş vermişdir. Müxalifətin, bəzi KİV-lərin bu iqtidarı gözdən salmaq üçün tənqid etməsinə baxmayaraq, bütün dünya Türkiyə iqtisadiyyatında baş verən bu sıçrayışı müzakirə edərək heyrətə gəlir. Türkiyənin bu iqtidarla iqtisadiyyatda əldə etdiyi böyük uğurlar beynəlxalq arenada ölkənin dünya çapında gücə çevrilməsi üçün hökumətin yürütdüyü siyasətdə əhəmiyyətli rol oynayır.

Bu illər ərzində Türkiyədə əldə olunan uğurlar ABŞ-dan tutmuş Avropa Birliyinə qədər bütün dünya qlobal iqtisadi böhrandan əziyyət çəkdiyi dövrə təsadüf etmişdir. Bu dövrdə Türkiyə dinamik şəkildə inkişaf edən dövlətə çevrildi və iqtisadi artım tempi orta hesabla 8-9 faiz təşkil edirdi. İnflyasiyanın səviyyəsi 2002-ci ildəki 30 faizdən 2012-ci ildə 7 faizə endirildi. ÜDM, demək olar ki, 4 dəfə artaraq 2002-ci ildəki 270 milyard dollardan 2012-ci ildə 1 trilyon dollara çatdı. Adambaşına düşən illik gəlir 3 min dollardan 11 min dollara qalxdı. İşsizliyin səviyyəsi 2002-ci ildəki 10,3 faizdən 2012-ci ildə 8,2 faizə düşdü. İxrac beşqat artaraq 2002-ci ildəki 32 milyard dollardan 2012-ci ildə 156 milyard dollara çatdı. Türkiyə Beynəlxalq Valyuta Fondunun(BVF) “maliyyə tələsindən” qurtulmağa nail oldu və elə bir potensial əldə etdi ki, BVF-in özünə 5 milyard dollar kredit ayırdı. Türk lirəsinin altı sıfırdan azad olunmaqla denominasiyası reallaşdırıldı. Valyuta ehtiyatları 4 dəfə artaraq, 2002-ci ildəki 27 milyard dollardan 2012-ci ildə 115 milyard dollara çatdı. Beləliklə, türk iqtisadiyyatında sabit, dayanıqlı iqtisadi artım təmin edildi.

Cənubi Koreyanın iqtisadiyyatı 2011-ci ildə ÜDM-in həcminə görə (alıcılıq qabiliyyəti pariteti üzrə) dünyada 12-ci yerdə olmuşdur. Adambaşına düşən ÜDM 1963-cü ildəki 100 ABŞ dollarından 2011-ci ildə 31000 ABŞ dollarına çatmışdır. II Dünya müharibəsinin əvvəllərində Koreya dünyanın geridə qalmış aqrar ölkələrindən biri idi. Koreya müharibəsi ölkə iqtisadiyyatını tamamilə məhv etmişdi. Ölkənin xalq təsərrüfatı iflic vəziyyətdə, əhalinin gəlirləri isə çox aşağı idi. Koreyanın şimal və cənub kimi iki hissəyə bölünməsindən sonra, sənaye şimalla aqrar cənub arasında tarixən mövcud olan əlaqələr kəsildi. Cənubi Koreya metallurgiya, kimya, sement sənayesi kimi istehsal sahələrindən məhrum oldu. Cənubda əsasən yüngül və qida sənayesinə aid müəssisələr cəmləşmişdi. Lakin ölkənin 50 illik tarixi ərzində iqtisadiyyatın əsas istiqamətləri fundamental şəkildə dəyişdi. Bu illər ərzində əldə edilən uğurların bünövrəsi 1961-ci ildə general Pak Çonxinin hakimiyyətə gəlişindən sonra qoyuldu. Onun xalqı qarşısında əsas xidməti Cənubi Koreyanı geridə qalmış aqrar ölkədən müasir sənaye ölkəsinə çevirmək oldu. General Pak belə hesab edirdi ki, iqtisadi inkişafda əsas rolu mərkəzi idarəetmə oynamalıdır.

Hökumətin reallaşdırdığı tədbirlər nəticəsində iqtisadiyyatın strukturuna həm intervensionizmin və həm də azad ticarətin elementləri daxil oldu. Məhz general Pakın hakimiyyətdə olduğu illərdə ölkədə çebollar, yəni xüsusi mülkiyyət əsasında yaradılan və müxtəlif fəaliyyət növləri ilə məşğul olan nəhəng konqlameratlar yaradıldı. Dəmiryolları, elektrik enerjisi mənbələri, su təchizatı şəbəkələri, avtomobil yolları və limanlar isə hökumətin sərəncamında qaldı. Hökumətin əsas məqsədi sənayenin mühüm sahələrinin gücləndirilməsi, işsizliyin azaldılması və daha səmərəli idarəetmə metodlarının tətbiqi idi. Bütün səylər ölkəyə xarici investisiyaların cəlb olunması, ixracın həcminin artırılması və iqtisadiyyatın sənayeləşdirilməsi istiqamətinə yönəldildi. İxracın səviyyəsinin artırılması üçün reallaşdırılan tədbirlər əmək məhsuldarlığının və ölkə mallarının dünya bazarında rəqabət qabiliyyətinin yüksəldilməsinə gətirib çıxardı. Sənayenin əsas aparıcı sahələri kimi diqqət elektronika, gəmiqayırma və avtomobil sənayesinə verildi. Beləliklə, qəti şəkildə demək olar ki, Cənubi Koreyanın indiki iqtisadi inkişaf səviyyəsinə gəlib çatmasının başlıca, fundamental səbəbi ölkə başçısı Pak Çonxinin yüksək siyasi iradə göstərərək həmin o ağır illərdə yürütdüyü iqtisadi siyasət oldu.

Tayvan isə vaxtilə Yaponiyanın əsarətində olan bir koloniya idi. Onun insan və təbii resursları Yapon imperiyasının iqtisadi və hərbi cəhətdən inkişafına xidmət edirdi. 1920-ci ilədək Tayvan iqtisadiyyatında şəkər istehsalı sənayesi və əsas ixrac əmtəəsi kimi düyü istehsalı dominant rol oynayırdı. Yaponiya imperiyası süqut etdikdən sonra sənayeləşmə istiqamətində hökumət ilk addımını torpaq islahatından başlamaqla atdı. Bununla da o, böyük kapitala malik mülkədarlar sinfini yaratdı və onlar öz kapitallarını investisiya istiqamətinə yönəltdilər. ABŞ-ın 7-ci donanmasının köməyi ilə 1949-cu ildə Çan Kayşi Tayvan adasına gəldi. O, rəhbərlik etdiyi Qomindan Partiyasının ali rəhbərləri ilə birgə qiymətli sənaye avadanlıqlarını da özü ilə adaya gətirdi. Onun gəlişilə çoxlu sayda sahibkar öz böyük kapitalları, yüksək ixtisaslı mühəndisləri və fəhlələri ilə birgə adaya köçdülər. Bütün bu üstünlüklərdən bir siyasi lider kimi istifadə edən Çan Kayşi yüksək texnologiyalara malik inkişaf etmiş müasir Tayvanın əsasını qoydu. Tayvan aqrar  ölkədən sənaye  ölkəsinə çevrildi. 1960-1970-ci illərdə ÜDM-in orta illik artım tempi 10 faiz təşkil edirdi. Beləliklə də Tayvan 1950-1960-cı illərdə ABŞ-dan yardım alan dövlətdən indiki nəhəng bir beynəlxalq investora çevrildi.

Hazırda da Tayvan dayanıqlı iqtisadi inkişafa malik olan bir ölkə kimi öz yoluna davam etməkdədir. Bu cür inkişaf etmiş ölkələrin sayı kifayət qədərdir və bu siyahıya bir neçə dövləti də əlavə etmək olar. Keçdiyi iqtisadi inkişaf tarixinə qısaca nəzər salınan bu ölkələrin bəlkə bəxti gətirmişdir, bəlkə uğur həmişə onların yanında olmuşdur, “Uğur, bəxt” məsələsi ilə əlaqədar böyük zəkalar artıq çoxdan və əsaslı şəkildə müxtəlif fikirlər söyləmişlər. Bəziləri üçün uğur, bəxt hər şeydən üstün hesab olunur. Bu mövqedə dayananlardan ingilis yazıçısı Jozef Konrad deyir ki, əgər insan uğura, bəxtə inanmırsa, deməli, həmin insan zəngin həyat təcrübəsinə malik deyildir. Lakin bizim üçün amerikalı filosof Ralf Emersonun fikri daha önəmlidir. O hesab edir ki, uğura, bəxtə yalnız zəif insanlar inanırlar, güclü insanlar isə səbəb və nəticə əlaqələrini əsas götürürlər. Fikrimizcə, R. Emersonun mövqeyi sağlam, analitik düşüncəyə malik olan insanların mövqeyidir. Bu tip insanlar həyata real baxmağı, obyektiv yanaşmağı bacarırlar. “Uğur, bəxt” mövqeyində duranlara isə belə demək olar: uğuru da, bəxti də ağır zəhmət bahasına qazanmaq lazımdır. Bəs onda keçdikləri iqtisadi inkişaf tarixinə qısa nəzər salınan bu ölkələrdə baş verən “iqtisadi möcüzənin” fundamental səbəbləri nədən ibarətdir? Hələlik iqtisad elmi bu suala tam, birmənalı cavab vermir və bu istiqamətdə tədqiqatlar davam edir. İqtisadi inkişafın fundamental səbəbləri kimi, sosial kapitalı, ölkənin yerləşdiyi coğrafi mövqeyi, iqlim şəraitini, milli xüsusiyyətləri və hətta dini mənsubiyyəti də irəli sürənlər vardır. Fikrimizcə, sosial kapital istənilən ölkədə vardır. Lakin iqtisadi inkişafı yaradan sosial kapital yalnız inkişaf etmiş ölkələrdə mövcuddur. Geridə qalmış dövlətlərdə isə bu geriliyə şərait yaradan sosial kapital öz hökmündədir. Dəniz yollarının, kommunikasiya və nəqliyyat qovşaqlarının mövcud olduğu inkişaf etmiş və geridə qalmış dövlətlər də kifayət qədərdir. Skandinaviya ölkələri kimi iqlim şəraiti ağır olan dövlətlər var ki, onlar da kifayət qədər inkişaf etmişlər. Lakin mülayim iqlimə malik dövlətlər də var ki, onlar geridə qalmışlar. Milli və dini mənsubiyyətin isə iqtisadi inkişaf üçün fundamental səbəb olması kifayət qədər mübahisəlidir.

Çox təəssüf ki, indiyə qədər iqtisad elmində liderlik və siyasi iradə kimi institutların (“oyun qaydalarının”) iqtisadi inkişafın fundamental səbəbləri kimi tədqiqi aparılmamışdır. Zənnimizcə, bu iki institut iqtisadi inkişaf üçün şərait yaradan digər institutların yaranmasının və iqtisadi inkişafın əsas, fundamental səbəbidir. Fikrimizi aşağıdakı qısa təhlil vasitəsilə əsaslandırmağa çalışacağıq. Biz burada elmin əsas prinsiplərindən birinə istinad etmişik. Həmin prinsip ondan ibarətdir ki, əgər faktlarla nəzəri baxışlar uyğun gəlmirsə və ya ziddiyyət təşkil edirsə, onda faktları deyil, nəzəri baxışları dəyişmək lazımdır. Yuxarıda söylənilən fikirləri əsaslandırmaq üçün bu kontekstdən çıxış edərək, Azərbaycanın da keçdiyi inkişaf yoluna qısa nəzər salmaq maraqlı olardı. Bəllidir ki, SSRİ dağıldıqdan sonra bu məkanda baş verən bəzi prosesləri əvvəlcədən proqnozlaşdırmaq mümkün deyildi. Dünyanın iqtisadi tarixində baş vermiş ən dəhşətli iqtisadi böhranların heç biri dövlətlərə, xalqlara, onların təsərrüfat həyatına öz zərərli təsirinin miqyasına görə SSRİ-nin dağılması nəticəsində vurulan zərərlə müqayisə edilə bilməz. Bu sistem transformasiyası tarixdə nadir hallarda rast gəlinən bir fenomen olduğu üçün, onun təsiri də keçmiş İttifaq respublikaları üçün çox sarsıdıcı və acınacaqlı oldu. Həmin məkana daxil olan dövlətlərin ərazisindəki xaos, ictimai-siyasi qeyri-sabitlik, siyasi və iqtisadi güc mərkəzləri tərəfindən süni şəkildə yaradılan etnik münaqişələr həmin güclər arasında təsir sferaları uğrunda gedən mübarizələrin nəticəsi idi.

O illərdə bu güc mərkəzləri arasında dünyanın yenidən bölgüsü uğrunda amansız mübarizə gedirdi. Proses bu gün də davam etməkdədir. Hər bir güc mərkəzi ortaya müəyyən bir ideya atmaqla insanları öz tərəfinə çəkib rəqiblərinə qarşı istifadə edirdi. Böyük dövlətlərin ortaya qoyduğu demokratiya, insan haqları, mətbuat və söz azadlığı kimi yeni ideyalar, əslində, zəif dövlətlərin daxili işlərinə qarışmaq üçün onların əlində bir vasitə, bəhanə idi. Sözsüz ki, bu cür institutlar, “oyun qaydaları” iqtisadiyyata da təsirsiz ötüşmədi. Bu maska ilə pərdələnərək onlar öz maraqlarını reallaşdırmaq məqsədini güdürdülər. Əlbəttə, demokratiya, insan haqları, mətbuat və söz azadlığı kimi institutlar, yəni dünyaya sırınmış “oyun qaydaları” öz həqiqi mahiyyətinə uyğun, səmimi olaraq tətbiq olunsaydı, onda buna yalnız sevinmək olardı. Əgər bu dövlətlər öz ərazilərində hökm sürən demokratiya, insan haqları, söz və mətbuat azadlığı kimi “oyun qaydalarının” yenicə müstəqillik qazanmış, geridə qalmış dövlətlərdə yaranmasına səmimiyyətlə yanaşsaydılar, bu istiqamətdə onlara kömək etsəydilər, onda onlara inam və etibar da yüksək olardı. Lakin hadisə və proseslərin gedişatı göstərdi ki, məsələ heç də belə deyil. Hazırda ərəb dövlətlərində gedən vətəndaş müharibələri, indiki MDB ərazisində mövcud olan etnik münaqişələr, demokratiya adı altında dünyanın digər qitələrində baş verən vətəndaş və digər qarşıdurmalar məhz böyük dövlətlərin dünyaya sırıdığı həmin üzdəniraq “oyun qaydalarının” nəticələridir. Bütün bu proseslər həmin ölkələrə öz iqtisadiyyatlarını qurmağa, gələcəkdə sakit, dinc, firavan yaşamağa imkan vermir. Dünyanı idarə edən güc mərkəzləri müxtəlif ölkələrə hazırda siyasətdə məşhur olan “ikili standartlar” kimi “oyun qaydalarını” tətbiq edirlər. Bu tip “oyun qaydalarının” arxasında güclü iqtisadiyyatdan başqa, həm də güclü, modern ordu kimi digər bir institut da dayanır. Müstəqilliyi təzə qazanmış və münaqişəli vəziyyətdə olan ölkələrdə müəyyən vasitələrlə bəzi insanları “öz adamlarına”, əlaltılarına çevirərək onları hakimiyyətə gətirmək və daha sonra həmin insanların əli ilə öz iqtisadi və siyasi məqsədlərini reallaşdırmaq istəyən böyük dövlətləri heç vaxt digər xalqların yüksək həyat səviyyəsi, firavan yaşayışı maraqlandırmamışdır. Hakimiyyətə gətirdikləri insanlar isə xalqın, dövlətin malik olduğu təbii sərvətləri dəyər-dəyməzinə, su qiymətinə topdan və pərakəndə şəkildə sağa - sola satmaqla məşğul olurlar.

Təəssüflər olsun ki, keçmiş SSRİ məkanında baş verən bu hadisələr Azərbaycandan da yan ötmədi. Keçən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə baş verən xoşagəlməz hadisələr, xaos, kriminogen vəziyyət, iqtisadi tənəzzül, az qala, vətəndaş müharibəsinə gətirib çıxaran qarşıdurmalar, ictimai-siyasi qeyri-sabitlik heç kimin yaddaşından silinməmişdir. Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün bu neqativ proseslərə son qoyuldu. Başqa ölkələrə, o cümlədən Azərbaycana münasibətdə də tətbiq edilən “ikili standartlar” kimi “oyun qaydalarına” qarşı Heydər Əliyev öz siyasi doktrinasını, öz “oyun qaydasını”, yəni müəllifi olduğu “balanslı siyasət” konsepsiyasını irəli sürdü. Məhz onun güclü, sarsılmaz siyasi iradəsinin, təkrarsız liderlik keyfiyyətlərinin, sağlam, analitik düşüncəsinin və siyasi uzaqgörənliyinin nəticəsi idi ki, dövlətimizə edilən təzyiqlərə, qoyulan maneələrə baxmayaraq, bu gün ölkəmiz dinamik iqtisadi inkişaf yolunda inamla addımlayır. Vaxtilə onun bütün sahələrdə, o cümlədən iqtisadiyyatda apardığı islahatlar bu gün öz bəhrəsini verməkdədir. ÜDM-in, orta aylıq əməkhaqqının, dövlət büdcəsinin, məşğulluğun, büdcədən sosial məqsədlərə ayrılan vəsaitlərin və s. ilbəil bir neçə dəfə artması, onun qoyduğu iqtisadi təməlin nəticəsidir. Burada hər hansı bir rəqəmi, statistik məlumatı göstərməyə heç bir lüzum, ehtiyac yoxdur, bu statistik məlumatlarla hamı tanışdır.

Ulu öndər Heydər Əliyevin qoyduğu bu ənənəni səmərəli şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni uğurlara imza atmaqla ölkənin iqtisadi inkişafının bir mərhələsini sona çatdıraraq, artıq növbəti mərhələyə keçmişdir. Manatın məzənnəsində edilən son dəyişiklik həmin mərhələnin başlanmasından xəbər verir. Bu iqtisadi tənzimləmə alətinin tətbiqi ölkənin ixrac potensialının artırılması məqsədini güdür. İxrac potensialının artması isə daxili istehsalçılara dünya bazarına çıxmağa, orada pay sahibinə çevrilməyə və ölkəmizə xarici valyuta axınının təmin edilməsinə, büdcə gəlirlərinin artmasına, iqtisadiyyatımızın həcminin böyüməsinə, vətəndaşların gəlirlərinin və məşğulluğun artmasına, sosial problemlərin həllinə gətirib çıxaracaqdır. Bu cür taleyüklü, məsuliyyətli qərarın qəbulunda da İlham Əliyevin siyasi iradəsi və liderlik keyfiyyətləri bir daha öz sözünü dedi. Təəssüflər olsun ki, bu məsələyə dodaq büzənlər, ona əsassız tənqidlə yanaşanlar, qərəzli mövqedən çıxış edənlər də tapıldı. Lakin onlar bilməlidirlər ki, bu qərarı qəbul edən, onu reallaşdıran insanlar xalq və tarix qarşısında məsuliyyət daşıyırlar. Çox yaxın bir perspektivdə bu qərarın müsbət təsirini hamımız hiss edəcəyik. Həmin tənqidçilər də anlayacaqlar ki, dövlət başçısı başda olmaqla, bu qərarı qəbul edən, icra edən təşkilatlar və orada çalışan insanlar öz xalqını və Vətənini sevən layiqli vətəndaşlardır.

Hesab edirik ki, növbəti mərhələdə gözlənilən dəyişikliklərə aşağıdakı istiqamətlər də əlavə edilsə, onda iqtisadi artım templəri bir qədər də sürətlənəcəkdir:

1) Ölkədə qanunsuz tikilən evlərin sənədləşdirilməsi qısa müddətdə reallaşdırılmalıdır. Bu, artıq bir faktdır və reallığı qəbul etmək lazımdır. Evlər sənədsiz olduğu üçün ev sahibləri onlardan kapital kimi istifadə edə bilmirlər. Həmin evlər bir növ “ölü kapitala” çevrilmişdir. Sənəd olduqda, ev sahibləri həmin evləri girov qoymaqla banklardan kredit götürə bilərlər və bu kredit ya yeni istehsalın yaradılmasına, yaxud istehlaka yönələcəkdir. Hər iki halda iqtisadi artım baş verəcək. Eyni zamanda, sənədsiz evlərdən vergilər də tutulmur. Bu isə yerli büdcələrə ödənilməyən küllü miqdarda vəsait deməkdir.

2) Ticarətdə, xüsusilə xarici ticarətdə mümkün olan dərəcədə liberallaşma həyata keçirilməlidir. Bu sahədə də mövcud olan bəzi “oyun qaydalarının” dəyişdirilməsinə ehtiyac vardır. Hətta əgər mümkünsə, mövcud olan bir sıra “yazılmayan oyun qaydaları” leqallaşdırılaraq, “yazılan oyun qaydalarına” çevrilməlidir və qanunvericilikdə öz əksini tapmalıdır. Bununla da dövlət büdcəsinə ödənilən vergilərdə kəskin artım baş verəcəkdir.

3) Ölkənin ixrac potensialını artırmaq və dünya bazarına keyfiyyətli məhsul çıxarmaq üçün vençur sahələrin inkişaf etdirilməsini dövlət öz üzərinə götürməlidir. İqtisadiyyatın bu sahələrində elmtutumlu məhsullar istehsal olunduğu üçün burada risk böyük olur. Ona görə də sahibkarlar həmin sahələrə investisiya yatırmaqdan bir qədər çəkinirlər. Həmin sahələrin təşkilini, yaradılmasını ilkin mərhələdə dövlət öz üzərinə götürməlidir. İstehsal müəyyən mərhələyə çatdıqdan sonra isə, onların özəlləşdirilərək xüsusi əllərə verilməsi daha səmərəli olar.

4) Strateji xarakter daşımayan yerli əhəmiyyətli faydalı qazıntı yataqlarının (qum, çınqıl, gips, karbonat və s. yataqlar) özəlləşdirilməsi həyata keçirilsə, bundan daxil olan büdcə vəsaitləri artacaqdır. Bu yataqlar kiçik məbləğ ödənilməklə icazə (lisenziya) əsasında istismar olunurlar. Yataqlar min hektarlarla ərazini tuturlar. Həmin yataqların özəlləşdirilməsi isə istismar zamanı meydana çıxan ekoloji problemlərin aradan qaldırılmasında mühüm rol oynayacaqdır. Çünki mülkiyyət sahibi öz mülkiyyətinin istifadəyə yararsız halda qalmasına heç vaxt razı ola bilməz və istismardan sonra həmin sahələri öz yeni istehsal maraqlarına uyğun yararlı hala salacaqdır.

Bizim bu məsələyə toxunmağımızda əsas məqsəd Azərbaycanın son 20 ildə nail olduğu iqtisadi inkişafın fundamental səbəblərini elmi cəhətdən aşkar etməkdir. Elm isə, bəlli olduğu kimi, heç kəsin istəyindən və iradəsindən asılı olmayan obyektiv reallığı, həqiqəti, gerçəkliyi aşkar və sübut edir. Dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi inkişafının tarixi də sübut edir ki, iqtisadi inkişafın fundamental səbəbləri “siyasi iradə” və “liderlik” institutlarıdır. AFR-də L. Erxardın, Yaponiyada imperatorun, Türkiyədə R. T. Ərdoğanın, Cənubi Koreyada general Pak Çonxinin, Tayvanda Çan Kayşinin, Sinqapurda Li Kvan Yunun öz xalqlarının həyatında oynadığı misilsiz rolu Azərbaycanda bugünkü iqtisadi inkişafın banisi Heydər Əliyev oynamışdır.

Çox maraqlıdır, nəyə görə bu cür şəxsiyyətlər tarixin məhz kritik dönəmində meydana çıxırlar? Bu sualın birmənalı olaraq yeganə cavabı vardır: tarixi zərurət. Həmin insanlar həmişə lazım olan anda, lazım olan yerdə peyda olurlar. Lakin öz xalqının tarixində mənfi rol oynayan liderlər də olmuşdur. Bu liderlərin faciəsi onda idi ki, əllərindəki hakimiyyətdən, inzibati resurslardan  xalqın maraqlarını deyil, öz şəxsi maraqlarını reallaşdırmaq üçün istifadə etmişlər. Amma kimin nə deməsindən, hansısa müxalif yönlü insanın mövqeyindən asılı olmayaraq, fakt, reallıq göz qabağındadır. İnkişaf etmiş ölkələrin hər birində onların yüksək inkişaf səviyyəsinə çatmasında siyasi liderlərin, tarixi şəxsiyyətlərin siyasi iradə göstərərək heç kəsdən və heç nədən çəkinməyərək qətiyyətlə apardıqları köklü islahatlar müstəsna rol oynamışdır. Onlar öz sarsılmaz siyasi iradələri ilə rəhbəri olduqları dövlətin daxili işlərinə qarışmağa heç bir xarici güc sahibinə imkan verməmişlər. Məhz buna görə deyə bilərik ki, inkişaf etmiş bütün ölkələrin tərəqqisinin ən fundamental səbəbi “siyasi iradə” və “liderlik” institutlarıdır. Yuxarıda göstərilən dövlətlərin, o cümlədən Azərbaycanın keçdiyi inkişaf yolunun nümunəsində biz bir daha bunun şahidi oluruq. 

Nazim HÜSEYNOV,
iqtisad  üzrə  fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında