Azərbaycanda daşınmaz əmlakın vahid dövlət kadastrı yaradılır

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 27 iyul 2010-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları"na əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən zəruri tədbirlər həyata keçirilir.
Sözügedən fərman daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydalarını, bütün ölkə ərazisində mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlakın texniki inventarlaşdırılmasını, qiymətləndirilməsini və daşınmaz əmlakın vahid dövlət kadastr uçotuna alınmasını nəzərdə tutur.
Daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi ölkədə elektron kadastr xəritələrinin hazırlanmasını və bu sahənin avtomatlaşdırılmasını nəzərdə tutur. Nəticədə ölkə üzrə mərkəzləşdirilmiş vahid kadastr məlumat bankı yaradılacaq və ondan informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə istifadə etmək mümkün olacaq. Daşınmaz əmlakın kadastrının yaradılması daşınmaz əmlak obyektlərindən tam və səmərəli istifadəyə imkan verəcək.
Qaydalarda daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsinin və aparılmasının prinsipləri, bu kadastrın strukturu, obyektlərin vahid kadastr uçotuna alınması mərhələləri göstərilir. Həmçinin, bu Qaydalarla daşınmaz əmlak obyektlərinin formalaşdırılması, habelə formalaşdırılan obyekt üçün kadastr planlarının tərtibinə dair qaydalar, həmçinin daşınmaz əmlakın vahid dövlət kadastrının mərkəzləşdirilmiş məlumat bazasından istifadə üsulları müəyyənləşdirilir.
Bu qaydaların tətbiqi nəticəsində mülkiyyət mənsubiyyətindən asılı olmayaraq ölkədəki bütün növ daşınmaz əmlak obyektləri barədə müfəssəl vahid kadastr məlumat bazası yaradılacaq. Bu vahid kadastr məlumat bazası bələdiyyələrə, yerli və mərkəzi icra hakimiyyəti orqanlarına əmlakla bağlı səmərəli idarəetmə sistemini təşkil etməyə imkan verəcək.
Daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılmasının bir neçə prinsip əsasında həyata keçirilməsi nəzərdə tutulur. Belə ki, bu prinsiplər əsasən vahid dövlət kadastrının Azərbaycan Respublikasının bütün ərazisini əhatə etməsi, onun vahid sistem üzrə aparılması, kadastr məlumatlarının tam və obyektiv olmasını özündə əks etdirir. Həmçinin Qaydalar qanunla əldə edilməsi məhdudlaşdırılan məlumatlar istisna olmaqla daşınmaz əmlakın vahid dövlət kadastrının məlumatlarının açıq olması, kadastrın kağız və elektron daşıyıcılarda aparılması, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi zamanı məlumatların toplanması ilə bağlı fəaliyyətin həyata keçirilməsinə icra hakimiyyəti və yerli özünüidarə orqanları, eləcə də fiziki və hüquqi şəxslər tərəfindən şərait yaradılmasını nəzərdə tutur.
Respublikada daşınmaz əmlakın tərtib edilməsi və aparılması nəticəsində yaradılacaq Avtomatlaşdırılmış Kadastr İnformasiya Sistemi Azərbaycan ictimaiyyəti, eləcə də dövlət orqanları üçün ölkədə mövcud olan bütün növ daşınmaz obyektlər barədə vahid informasiya mənbəyi olacaq. Bu mənbəyə müraciət əsasında müxtəlif dövlət orqanları öz funksional vəzifələrinin icrası ilə bağlı zəruri olan kadastr məlumatlarını ala biləcəklər.
Həmçinin qeyd olunmalıdır ki, Dünya Bankının dəstəyi ilə həyata keçirilən "Daşınmaz Əmlakın Qeydiyyatı" Layihəsi çərçivəsində elan olunmuş beynəlxalq tender əsasında daşınmaz əmlakın rəqəmsal xəritələrinin yaradılması ilə bağlı da işlər aparılır.
Gələcəkdə daşınmaz əmlakın vahid dövlət kadastrının yaradılması işlərinə özəl sektorun da aktiv şəkildə cəlb edilməsi nəzərdə tutulur.
Daşınmaz əmlakın kadastrının vahid sistem üzrə aparılması vətəndaşların əmlak üzərində hüquqlarının qeydiyyatını asanlaşdıracaq, sivil əmlak bazarının yaradılmasına da imkan verəcək. Kadastrın yaradılması ölkədə daşınmaz əmlakın aktiv iqtisadi dövriyyəyə, o cümlədən ipoteka və investisiya proseslərinə, əmlak vergisinə cəlb edilməsində məlumat bazası kimi mühüm alət olacaqdır.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında