Bu gün Azərbaycan ayrı-ayrı ölkələrlə ikitərəfli əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir. Son illərdə bu sahədə müsbət nəticələr əldə edilmiş, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün yeni istiqamətlər müəyyənləşdirilmişdir. Prezident İlham Əliyevin xarici dövlətlərə səfərləri, eləcə də Azərbaycanın və tərəfdaş ölkələrin müxtəlif səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri bu işə güclü təkan vermişdir.
Diqqətəlayiq haldır ki, Azərbaycanın beynəlxalq əlaqələrinin coğrafiyası da ildən-ilə genişlənir. Ölkəmiz təkcə Avropa və Asiya ölkələri ilə deyil, həm də Latın Amerikası, Mərkəzi Amerika və Afrika dövlətlərilə ikitərəfli əməkdaşlığa diqqət yetirir.
Azərbaycanın ikitərəfli əməkdaşlıqda qonşu dövlətlərlə əlaqələri mühüm əhəmiyyət daşıyır. Ölkəmiz dövlət müstəqilliyini bərpa edəndən rəsmi Bakı bu məqama xüsusi diqqət yetirmiş, mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsi naminə səyini əsirgəməmişdir. Bu fikri Türkiyənin timsalında nəzərdən keçirək. Qardaş və dost Türkiyə ilə əlaqələr daim yüksələn xətlə inkişaf edir. Həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verən Cənubi Qafqaz enerji dəhlizi, ilk növbədə, Azərbaycan və Türkiyənin siyasi iradəsi ilə gerçəkləşmişdir. Hazırda bu dəhlizi daha da gücləndirmək üçün yeni bir layihəyə başlanılıb. Başqa sözlə, Azərbaycandan nəql olunacaq təbii qazın Türkiyə üzərindən tranzit daşınması məqsədilə boru xəttinin inşasını nəzərdə tutan TANAP layihəsinə start verilmişdir. Həmçinin bu gün Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılması da uğurla davam edir. Heç bir xarici şirkətin və beynəlxalq maliyyə təşkilatının iştirakı olmadan məhz Azərbaycanın təşəbbüsü ilə gerçəkləşdirilən bu layihə Şərq-Qərb nəqliyyat dəhlizinin fəallaşmasına, yükdaşımaların əhəmiyyətli dərəcədə artmasına və nəticə etibarilə regonal inkişafın sürətlənməsinə gətirib çıxaracaq. Eləcə də bununla Azərbaycan qardaş Türkiyənin iqtisadiyyatına böyük həcmdə investisiya qoyur. Başqa sözlə, Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu ildən-ilə möhkəmlənir, bu tendensiya dönməz xarakter alır.
Azərbaycanda aparılan islahatlar, sosial siyasət, həyata keçirilən infrastruktur layihələri və digər zəruri tədbirlər düzgün, düşünülmüş strategiyaya əsaslanır, ölkənin davamlı inkişafına və həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Respublikamızda mövcud iqtisadi sərbəstlik, özəl bölmənin inkişafı üçün yaradılmış münbit şərait, ən başlıcası isə Azərbaycanın yerləşdiyi əlverişli coğrafi şərait nəticəsində xarici ticarət əlaqələrinin həcmi və miqyası getdikcə artır.
Yeri gəlmişkən, xarici ticarət dövriyyəsi, idxal-ixrac əməliyyatları ölkələrarası münasibətlərin, iqtisadi əlaqələrin inkişafında mühüm amillərdəndir. Məhz buna görədir ki, dövlət başçıları, eləcə də nümayəndə heyətləri arasında keçirilən görüşlərin, danışıqların əsas mövzularından birini də məhz xarici ticarət dövriyyəsinin artırılması təşkil edir.
Azərbaycanın xarici ticarət-iqtisadi əlaqələrində diqqətçəkən mühüm məqamlardan biri də ixracın strukturunda qeyri-neft məhsullarının, o cümlədən ərzaq mallarının çəkisinin artması ilə bağlıdır. Məlumat üçün bildiririk ki, son illər ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişafı ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində bu səhədə rəqabət qabiliyyətli məhsulların istehsalı xeyli artmışdır. Artıq həmin məhsullara dünya bazarlarında maraq getdikcə güclənir. Təsadüfi deyil ki, bu vacib məqama toxunan Prezident İlham Əliyev çıxışlarının birində demişdir: “Bir neçə il bundan qabaq mən qarşıya vəzifə qoymuşdum ki, biz əsas ərzaq məhsulları ilə özümüzü təmin edək. Bu istiqamətdə böyük işlər görülmüşdür. Bizim indi satış məntəqələrimizdə satılan məhsulların, yəni, ərzaq məhsullarının böyük əksəriyyəti, mütləq əksəriyyəti Azərbaycanda istehsal olunan məhsullardır. Əgər biz keçmişi yada salsaq görərik ki, o vaxt yerli məhsulları heç tapmaq mümkün deyildi. İndi bizim yerli məhsullarımız heç bir xarici məhsuldan geri qalmır-həm keyfiyyəti, həm onların müasir qablaşdırılması, xarici görünüşü, dadı baxımından... Azərbaycanda indi kənd təsərrüfatı emalı sənayesində elə gözəl məhsullar istehsal olunur ki, Avropa ölkələrinə də, Amerikaya da ixrac edilir”.
Artıq rəqabət indeksi göstəricisini ilbəil yaxşılaşdıran Azərbaycan Respublikasında xarici ticarət dövriyyəsinin tərkibində mühüm dəyişikliklər baş vermişdir. Belə ki, ölkəmizdə yeni istehsal sahələrində buraxılan məhsullar daxili bazarda satılan analoji xarici malları tədricən sıxışdırıb çıxarmış, hətta bəzi hallarda ixraca da yönəldilmişdir. Bu da son nəticədə daxili bazarın idxaldan asılılığının azaldılmasına imkan yaradır. Azərbaycanın yeni neft strategiyası çərçivəsində neft və qaz hasilatının getdikcə artması adıçəkilən məhsulların ixracının xeyli çoxalmasına səbəb olmuşdur.
Azərbaycan hökuməti yerli sahibkarları kreditlə təmin etməklə bərabər, xarici sahibkarları da Azərbaycan iqtisadiyyatına kapital qoyuluşuna maraqlandırır. Bu məqsədlə artıq ölkəmizdə qanunvericilik bazası dünya standartlarına uyğunlaşdırılmışdır. Nəticədə xarici şirkətlərdə Azərbaycana inam güclənmişdir. Məhz elə buna görə də hazırda Azərbaycan MDB məkanında ən çox xarici kapital qoyulan ölkəyə çevrilmişdir. Bu, beynəlxalq təşkilatların Azərbaycana dair hesabatlarında da öz təsdiqini tapmışdır. Başqa sözlə, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycandakı əlverişli investisiya mühitinin təsdiqi ölkəmizə daha çox xarici kapitalın axmasına imkan yaradır.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2014-cü ildə Azərbaycan Respublikasının rezidentləri dünyanın 150 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 110 ölkəyə əmtəə ixrac olunub, 137 ölkədən idxal olunub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, xarici ticarət əlaqələri iştirakçılarının 45-i Avropa, 33-ü Amerika, 43-ü Asiya ölkələri və digərləridir.
Statistik məlumatlara əsasən, 2014-cü il ərzində xarici ticarət dövriyyəsinin həcmi 39,5 milyard ABŞ dolları, o cümlədən ixracın həcmi 30,3 milyard dollar, idxalın həcmi 9,2 milyard dollar təşkil edib, nəticədə 21,1 milyard dollarlıq müsbət saldo yaranıb.
İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmas və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.
Qeyri-neft məhsullarının ixracı 1,7 milyard dollar təşkil edib. Hər nəfərə düşən qeyri-neft məhsullarının ixracı 181,6 dollara bərabər olub.
Azərbaycan məhsulları xarici ölkələrdə təşkil olunan sərgilərdə də uğurla nümayiş etdirilir və böyük maraqla qarşılanır. Son vaxtlar Almaniyanın Berlin, Fransanın Leql, Belçikanın Brüssel, Rusiyanın Moskva və Həştərxan şəhərlərində keçirilmiş sərgilərdə ölkəmiz geniş çeşidli məhsullarla təmsil olunmuşdur.
Azərbaycanın xarici iqtisadi əlaqələrində nəzərə çarpan məqamlardan biri də ticarət sahəsində əməkdaşlığın genişləndirilməsidir. Məhz bunun nəticəsidir ki, ötən il ərzində xarici ticarət dövriyyəsi 9,6 dəfə, o cümlədən ixrac 12,2 dəfə yüksəlmişdir.
İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil etmişdir.
Həyata keçirilən iqtisadi siyasətin ən mühüm istiqamətlərindən biri xarici investisiyaların, qabaqcıl texnologiyaların, idarəetmə təcrübəsinin cəlb olunmasıdır. Ölkədə bərqərar olmuş siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevirmişdir. Bu günədək Azərbaycan Respublikası hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında 46 saziş imzalanmışdır.
Xatırladaq ki, 1995-ci ildən bu ilin əvvəlinədək Azərbaycan iqtisadiyyatına 90 milyard dollara yaxın xarici investisiya qoyulmuş və bu vəsaitdən 40 milyard dollara qədəri qeyri-neft sektorunun payına düşmüşdür.
Qeyri-neft sektoruna birbaşa xarici sərmayələr üzrə ən böyük investorlar 26 faizlik payla Türkiyə, 16 faizlik payla Böyük Britaniya və 12 faizlik payla ABŞ olmuşdur. Azərbaycanda əsas kapitala xarici investisiya qismində isə Böyük Britaniyadan 18 milyard, ABŞ-dan 7 milyard, Yaponiyadan 4 milyard dollar vəsait yatırılmışdır.
Hazırda ölkədə 6857 xarici investisiyalı müəssisə fəaliyyət göstərir. Bu şirkətlərin 36 faizi, yəni, 2464-ü Türkiyə, 8,3 faizi, yəni, 570-i Rusiya, 7,8 faizi, yəni, 541-i Böyük Britaniya mənşəli investisiyalar hesabına yaradılmışdır.
Xarici şirkətlər, eyni zamanda, Azərbaycanda dövlət əsaslı vəsait hesabına həyata keçirilən infrastruktur və digər layihələrdə podratçı və subpodratçı qismində fəal iştirak edirlər. Məsələn, Türkiyənin şirkətləri müqavilə dəyəri 10,4 milyard ABŞ dolları təşkil edən 153 layihəyə, Çexiyanın şirkətləri müqavilə dəyəri 2 milyard dollar olan 6 layihəyə, Fransa şirkətləri müqavilə dəyəri 1,8 milyard dollar olan 22 layihəyə cəlb olunmuşdur.
Davamlı iqtisadi inkişaf, maliyyə imkanlarının artması, özəl sektorun inkişafı Azərbaycanı, eyni zamanda, investisiya ixracatçısına çevirmiş, Türkiyə, Gürcüstan, Rusiya, Monteneqro, Serbiya, İsveçrə və digər ölkələrə əhəmiyyətli həcmlərdə investisiya yatırılmışdır. Azərbaycan şirkətlərinin potensialı və peşəkarlığı xeyli artmış, bir sıra ölkələrdə, o cümlədən Avropada mühüm infrastruktur layihələrinin icrasında özəl şirkətlərimiz aktiv fəaliyyət göstərməyə başlamışdır.
Ölkəmizin beynəlxalq arenada formalaşmış müsbət imicinin digər göstəricisi də son dövrlər xarici dövlətlərin özəlləşdirmə və investisiya layihələrində Azərbaycanın iştirakına dair dəvətlərin, eləcə də xarici dövlətlər tərəfindən respublikamıza bu məqsədlə həyata keçirilən səfərlərin sayının artmasıdır.
Son illər ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən bir sıra zəruri tədbirlər, strateji məhsulların idxalında və ixracında bütün fiziki və hüquqi şəxslərin bərabər hüquqlarının təmin olunması və inhisarçılığın qarşısının alınması istiqamətində görülən işlər, daxili bazarın marketinqinin düzgün müəyyən edilməsi, gömrük əlaqələrinin sadələşdirilməsi, xarici ticarətin liberallaşdırılması, eləcə də əlverişli investisiya mühitinin yaradılması və s. məsələlər, heç şübhəsiz, xarici iqtisadi əlaqələrin həcminin və coğrafiyasının bir qədər də genişlənməsinə səbəb olacaqdır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.