Kəngərli rayonunda yeni nasos stansiyası və suvarma şəbəkəsi istifadəyə verilib

“Kənd təsərrüfatı ili”ndə muxtar respublikada meliorasiya və su təsərrüfatı sahəsində həyata keçirilən tədbirlərin əhatə dairəsi xeyli genişləndirilib. İrriqasiya sistemlərinin normal istismarının təşkil edilməsi və torpaq sahələrinin əkin dövriyyəsinə qatılması istiqamətində ardıcıl tədbirlər görülür. Kəngərli rayonunda müasir suvarma şəbəkələrinin qurulması da bu sahədə görülən işlərin davamıdır.

Aprelin 8-də Kəngərli rayonunda yeni nasos stansiyası və suvarma şəbəkəsi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov tədbirdə çıxış edərək deyib ki, muxtar respublikada meliorasiya və su təsərrüfatı sahəsi inkişaf etdirilir, müasir suvarma şəbəkələrinin qurulması diqqət mərkəzində saxlanılır. Ötən dövr ərzində bu istiqamətdə bir sıra layihələr həyata keçirilib, subartezian quyuları qazılıb, nasos stansiyaları tikilib, su anbarları və hidrotexniki qurğular əsaslı təmir olunub. Torpaq sahələrinin dayanıqlı suvarma suyu ilə təminatına hərtərəfli şərait yaradan bu işlər “Kənd təsərrüfatı ili”ndə də davam etdirilir. Yaradılan şərait mövcud hidroresuslardan səmərəli istifadə edilməsinə və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına imkan verir. Kəngərli rayonunda suvarma sistemlərinin təkmilləşdirilməsi layihəsi də bu sahədə görülən işlərin tərkib hissəsidir. Layihəyə uyğun olaraq yeni nasos stansiyası tikilib və ərazidə müasir suvarma sistemləri qurulub. Əsgər Əsgərov meliorasiya və su təsərrüfatı sisteminin inkişafına göstərilən qayğıya görə muxtar respublika melioratorları adından minnətdarlıq edib.

Böyükdüz kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Saleh Quliyev minnətdarlıq edərək deyib ki, uzun müddətdir əkilməyən torpaq sahələrinin yenidən əkin dövriyyəsinə qatılması sakinlər tərəfindən böyük rəğbətlə qarşılanır. Çünki  Kəngərli rayonunun Böyükdüz, Təzəkənd, Yeni Kərki və Xıncab kəndlərində torpaqlar dəmyə üsulu ilə əkildiyindən məhsuldarlıq yüksək olmurdu. Yeni nasos stansiyasının istifadəyə verilməsi taxıl əkini sahələrinin genişlənməsinə və bol məhsul istehsalına zəmin yaradıb. Bu da sakinlərin güzəranının daha da yaxşılaşmasına imkan verəcək, onların torpağa bağlılığını artıracaq. Dövlətin dəstəyini daim üzərlərində hiss edən insanlar daha böyük əzmlə çalışacaq, muxtar respublikada ərzaq bolluğunun yaradılmasına öz töhfələrini verəcəklər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni nasos stansiyasının istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını və sakinləri təbrik edərək deyib:

– Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci il 12 yanvar tarixli sərəncamı ilə bu il ölkəmizdə “Kənd təsərrüfatı ili” elan edilmişdir. Hazırda ölkəmizdə, eləcə də muxtar respublikada kənd təsərrüfatının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür.  Meliorasiya və su təsərrüfatı sistemləri olmadan, torpaqların su təminatını ödəmədən isə kənd təsərrüfatının inkişafını təmin etmək mümkün deyil. Ona görə də “Kənd təsərrüfatı ili”ndə muxtar respublikada bu cür rentabelli suvarma şəbəkəsinin və nasos stansiyasının istifadəyə verilməsi mühüm əhəmiyyət daşıyır. Nasos stansiyasının əhatə etdiyi torpaq sahələrini heç vaxt suvarmaq mümkün olmayıb. Bu gün isə nasos stansiyasının istifadəyə verilməsi ilə ərazi suvarma suyu ilə tam təmin olunmuşdur.

Ali Məclisin sədri deyib: Kəngərli rayonu ərazisində yeni suvarma şəbəkəsinin və nasos stansiyasının qurulması layihəsini reallaşdırmaq Uzunoba Su Anbarını daimi su ilə qidalandırmaq imkanı yarandıqdan sonra mümkün olmuşdur. Belə ki, Heydər Əliyev Su Anbarının istifadəyə verilməsi ilə Uzunoba Su Anbarının su təminatı xeyli yaxşılaşdırıldı. Bundan sonra yeni suvarma şəbəkəsinin və nasos stansiyasının qurulması istiqamətdə ardıcıl tədbirlər görüldü, layihə hazırlandı və tikinti işlərinə başlanıldı. Artıq Kəngərli rayonunda suvarma sistemlərinin təkmilləşdirilməsi layihəsinin birinci mərhələsi başa çatmış, Uzunoba Su Anbarı təmir olunmuş, yeni su xətləri çəkilmiş, nasos stansiyası tikilmişdir. Layihənin ikinci mərhələsində isə Kəngərli rayonunun Xok kəndinə qədər olan ərazilərin suvarma suyu ilə təmin olunması nəzərdə tutulub.

Qeyd olunub ki, torpaq sahələrinin quruluşuna uyğun olaraq nasos stansiyaları birpilləli və ikipilləli tikilir. İkipilləli nasos stansiyalarında isə elektrik enerjisindən artıq istifadə olunur. Kəngərli rayonunda suvarma sistemlərinin təkmilləşdirilməsi layihəsinin əhəmiyyəti ondan ibarətdir ki, yeni nasos stansiyası ikipilləli olmasına baxmayaraq 3300 hektar torpaq sahəsi yalnız öz axımı, 2500 hektar ərazi isə nasos stansiyası vasitəsilə suvarılacaqdır. Həmçinin nasos stansiyasının istifadəyə verilməsi ilə yeni iş yerləri açılmışdır. Ona görə də bu nasos stansiyası hazırda muxtar respublikadakı nasos stansiyaları içərisində ən rentabellisidir. Yaradılan şərait əkin dövriyyəsinə daxil edilən yeni torpaq sahələrində taxıl və tərəvəz bitkiləri əkinlərinin aparılmasına, bol məhsul istehsalına, bir sözlə, muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edəcəkdir.

Sonra Ali Məclisin sədri Kəngərli rayonunda suvarma şəbəkəsinin və nasos stansiyasının qurulmasında fərqlənən işçiləri qiymətli hədiyyələrlə mükafatlandırıb, yeni suvarma şəbəkəsinin baş planına baxıb, nasos stansiyasını işə salıb.

Məlumat verilib ki, əkin dövriyyəsinə qatılan torpaq sahələrinin suvarılmasında qidalandırıcı mənbə kimi Uzunoba Su Anbarından istifadə ediləcəkdir. Bu məqsədlə ötən il anbarda əsaslı təmir işləri aparılıb, su tutumu 8 milyon kubmetrə çatdırılıb. Anbardan suyun öz axımı ilə Kəngərli rayonunun ərazisinə verilməsi üçün hər birinin uzunluğu 16,2 kilometr, su sərfi isə saniyədə 900 litr olan 720 millimetrlik qoşa boru xətti çəkilib. Bundan başqa, ərazidə müxtəlif diametrli paylayıcı boru xətləri çəkilib, suburaxıcılar qoyulub.

Nasos stansiyasında biri ehtiyatda olmaqla 3 aqreqat quraşdırılıb, 1500 kubmetrlik suqəbuledici hovuz tikilib. Almaniya istehsalı olan bu aqreqatların hər birinin su sərfi saatda 1200 kubmetrdir. Nasos stansiyasını elektrik enerjisi ilə təmin etmək üçün 3 min kilovat gücündə transformator quraşdırılıb. Stansiya binasındakı elektron idarəetmə sistemi vasitəsilə aqreqatların avtomatik işə salınması və işləmə rejiminə nəzarət etmək mümkündür. Su nasos stansiyasından Təzəkənd ərazisində tikilmiş 250 kubmetrlik supaylayıcı hovuza  vurulur və buradan şəbəkəyə ötürülür. Bunun üçün nasos stansiyasından supaylayıcı hovuza qədər 8,7 kilometr məsafədə təzyiqli boru xətti çəkilib.

Ali Məclisin sədri Kəngərli rayonunda suvarma sistemlərinin təkmilləşdirilməsi layihəsinin ikinci mərhələsi üzrə işlərə başlanılması barədə tapşırıqlar verib.

Taxıl əkini sahələri genişləndirilir

Naxçıvan Muxtar Respublikasında strateji ərzaq məhsulu taxıla olan tələbatın yerli istehsal hesabına ödənilməsi diqqət mərkəzində saxlanılır. Hər il əkin sahələrinin su təchizatı yaxşılaşdırılır, torpaq mülkiyyətçiləri güzəştli şərtlərlə texnika, yanacaq və mineral gübrələrlə təmin olunurlar. Bu da öz bəhrəsini verir, sahələrdən bol məhsul yığılır.

Aprelin 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Bərəkət” Toxumçuluq Təsərrüfatının yeni taxıl əkini sahələrinə baxıb.

Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı naziri Elşad Əliyev məlumat verib ki, bu sahələr ilk dəfədir əkilir və yeni istifadəyə verilən suvarma şəbəkəsi vasitəsilə suvarılacaqdır. Əkin işlərinin vaxtında aparılması və taxılın aqrotexniki qaydalara uyğun becərilməsi bol məhsul istehsalında vacib şərtdir. Əkin zamanı bu tədbirlərə əməl olunub, 414 hektarlıq ərazidə muxtar respublikanın iqlim şəraitinə uyğun məhsuldar “Quality” və “Qobustan” toxum sortu əkilib. Payızda hər hektar taxıl sahəsinə 100 kiloqram fosfor, yazda isə 200 kiloqram azot gübrəsi verilib. Bunun nəticəsidir ki, zəmilər düzgün vegetasiya dövrü keçib və taxıl normal inkişaf edib.

Ərazidə əkin şırım üsulu ilə aparılıb. Bu da taxılçılıqda mühüm amildir. Çünki bu üsulun tətbiqi suvarmanın səmərəliliyi və bol məhsul yetişdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir, torpaqların şoranlaşmasının qarşısını alır.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında