Naxçıvanda meyvəçiliyin inkişafı geniş vüsət alır

Ötən əsrin 80-ci illərinin sonlarında ölkəmizdə baş verən hadisələri görənlər yaxşı xatırlayırlar ki, ermənilərin əsassız torpaq iddiaları ilə başlayan münaqişə həyatımızın bütün sahələrini iflic halına saldı. Muxtar respublikaya isə daha ciddi ziyanlar dəydi. Kommunikasiya xətləri kəsildi, mərkəzlə gediş-gəliş yolları bağlandı. Bu isə doğma Azərbaycandan ayrı düşmüş Naxçıvana bu yol vasitəsilə ən zəruri tələbat məhsullarının gətirilməsinin qarşısını aldı. Elektrik enerjisiz, yanacaqsız qalan naxçıvanlılar üz tutdular muxtar respublikada onsuz da çox az bir ərazini əhatə edən yaşıllıq zolaqlarına və meyvə bağlarına. Qısa bir zaman ərzində yüz illərlə yaşı olan qiymətli meşə və meyvə ağacları kəsildi.

Min bir arzu ilə əkdikləri, öz zəhmətləri ilə boya-başa çatdırdıqları ağacları kəsmələrində naxçıvanlıları qınamaq da olmazdı. Həmin illərin qışı da çox sərt gəlmişdi. O da taleyin işi idi ki, ulu öndərimiz Heydər Əliyev Naxçıvana qayıtdı. Tezliklə bu prosesə son qoyuldu. Hər ilin yaz və payız iməciliklərində “Hərəmiz bir ağac əkək” şüarı ilə naxçıvanlılar ağacməkmə kampaniyasına başladılar və bu kampaniya bu gün ümumxalq tədbirinə çevrilib. Ötən dövrdə həyata keçirilən ekoloji tədbirlər nəticəsində isə muxtar respublikanın yaşıllıqlarla örtülü sahəsi artaraq 12 faizə çatdırılıb.

Mühafizə olunan yeni təbiət ərazilərinin yaradılması da ulu öndərin ekoloji siyasətinin uğurlu davamıdır. Bu siyasətin həyata keçirilməsinin nəticəsidir ki, 2003-cü ildə akademik Həsən Əliyev adına Ordubad Milli Parkı, Şahbuz Dövlət Təbiət Qoruğu, 2005-ci ildə “Arazboyu” Dövlət Təbiət Yasaqlığı, 2009-cu ildə “Arpaçay” Dövlət Təbiət Yasaqlığı yaradılıb. Ölkə Prezidentinin 2009-cu il 25 noyabr tarixli sərəncamı ilə akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının yaradılması bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır.

Həyata keçirilən tədbirlər sırasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2012-ci il 14 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” mühüm əhəmiyyət daşıyan dövlət sənədidir. Dövlət proqramının qəbul edilməsinin başlıca məqsədi torpaq-iqlim xüsusiyyətlərinə uyğun, yüksək istehlak qabiliyyətinə malik meyvə bağlarının əkilməsindən və unudulmaqda olan məhsuldar sortların bərpasından, müasir standartlara cavab verən texnologiyalar əsasında yeni meyvə və tərəvəz emalı müəssisələrinin yaradılmasından ibarətdir.

Qeyd etmək lazımdır ki, muxtar diyarımızın bütün bölgələrində qiymətli meyvə sortlarının yetişdirilməsi üçün məhsuldar torpaq sahələri var. Bununla yanaşı, çay kənarlarında, dağ yamaclarında meyvə bağları salınması imkanları da genişdir. Bu imkanlardan Şahbuz rayonunda da səmərəli istifadə olunur. Rayonda hətta terraslarda əkilmiş bağlar bu sahənin inkişafına ciddi önəm verildiyini göstərir. Məlumat üçün bildirək ki, bu bölgəmiz bağlar diyarı Ordubad rayonundan sonra muxtar respublikada meyvəçiliklə daha çox məşğul olan yurd yeridir. Tarixən burada güclü meyvəçilik təcrübəsi qazanılıb, bağlar salınıb. Bu bağlarda yetişdirilən meyvələrin səsi-sorağı hər yana yayılıb.

Bununla bağlı daha ətraflı məlumat almaq məqsədilə Şahbuz rayonunda aqronom-fenoloq Qaşdar Əliyevlə görüşdük. Maraqlı söhbətimiz alındı:

– Tarixən Şahbuzda meyvəçilik daha çox üstünlük verilən təsərrüfat sahələrindən biri olub. Çünki dağlıq ərazidə yerləşən bölgələrdə təmiz hava və su, torpağın münbitliyi meyvəçiliyin inkişafında başlıca amillərdir. Belə ünvanlarda yüz illər boyu bu amillərdən səmərəli istifadə olunub, növbənöv meyvələr yetişdirilib. Bu cəhətdən Şahbuz rayonu da istisna deyil. Keçilidə Hacı Əli, Külüsdə Hacı Müslüm, Güney Qışlaqda Ənnağı kişi kimi bağbanların saldıqları bağlar indi də durur. Onların yetişdirdikləri meyvələri bir il zədələnmədən saxlamaq olurdu. İndi də onların yolunu davam etdirənlər var. Yeni nəsil bağbanlar rayonda alma, heyva, armud, zoğal, gilənar, şaftalı, albuxara, alça, innab, tut, badam və başqa meyvələrin sortlarını unudulmağa, itib-batmağa qoymurlar.

Qaşdar müəllim deyir ki, təbiət ən böyük bağbandır. Bəzən güclü qar bu ağacların budaqlarını qırıb sındırsa da, ağaclar pöhrələyərək yenidən cavanlaşırlar. Həmin ağaclara lazimi qulluq göstərəndə daha tez bar verirlər. İndi düz-dünya meyvə ilə doludur. Sərhədlər açıldığı üçün lap elə dünyanın o başından tropik meyvələrdən—kivi, banan, ananas, turunc, hər cür alma, armud meyvələri kəndlərədək daşınıb satılır. Lakin yerli meyvə ağaclarının barını yeyəndə ağac əkmiş xeyirxah insanların ruhuna rəhmət oxunur. İnsan elə bil öz-özünə suallar yağdırır: bəs məndən nə nişanə qalır? Ona görə də çalışırsan ki, sən də bir ağac əkib, özündən sonra yadigar canlı abidə yaradasan. Belə nişanə, yadigar,

yüzillik ağacların sorağı məmləkətimizin çox yerlərinə yayılıb. Xülasə, belə deyirlər ki, kim çox ağac əkirsə, Tanrı həmin şəxsə bir o qədər də uzun ömür bəxş edir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sərəncamı ilə qəbul edilmiş dövlət proqramı meyvəçiliklə məşğul olanların, necə deyərlər, əl-qolunu daha geniş açıb. Bu hesaba rayon ərazisində meyvə bağlarının sahəsi daha da genişləndirilib.

Rayon icra hakimiyyəti aparatının əməkdaşı İmran Məmişov deyir ki, dövlət proqramında Şahbuz rayonu ərazisində də müəyyən işlərin görülməsi nəzərdə tutulub. Rayonun iqlim şəraitinə uyğun, yüksək məhsuldarlığa malik unudulmuş meyvə sortlarının bərpa olunması, eləcə də meyvə əkinləri sahəsində yüksək məhsul istehsalına nail olmaq üçün ixtisaslı kadrların hazırlanması və ya əlavə təhsilə cəlb olunması kimi vəzifələr tapşırılıb. Bölgənin torpaq-iqlim şəraitinə asan uyğunlaşan meyvə sortlarının yetişdirilməsi üçün tingçilik təsərrüfatlarının yaradılması, meyvə bağlarının salınması, meyvə və tərəvəzin konservləşdirilməsi sahəsində təcrübənin öyrənilməsi istiqamətində işlər uğurla davam etdirilir. Yerli iqlim və relyefə uyğun tezyetişən meyvə sortlarından ibarət bağların salınması, torpaq və iqlim xüsusiyyətləri nəzərə alınmaqla meyvəçiliyin yerli şəraitə uyğun inkişaf etdirilməsi, torpaqların münbitliyinin artırılması ilə əlaqədar yerlərdə mütəmadi olaraq keçirilən maarifləndirici tədbirlər nəticəsiz qalmayıb.

“Yüksək reproduksiyalı məhsuldar tinglərlə təminatı yaxşılaşdırmaq məqsədilə təchizat bazasının yaradılması, torpaqların münbitliyinin yaxşılaşdırılması, şoran və eroziyaya uğramış torpaqların əkin dövriyyəsinə qaytarılması üçün rayonda həmin ərazilərin xəritələri hazırlanıb və torpaq mülkiyyətçilərinə lazımi məsləhətlər verilib. Proqram qəbul olunan 2012-ci ildə rayonun Kolanı kəndi və Şahbuz şəhəri ərazisində 8 hektar sahədə qoz, 6 hektar sahədə alma, 9 hektar sahədə ərik və badam, bir o qədər sahədə tezyetişən albalı və armud bağı, 2013-cü ildə Şahbuz şəhəri, Daylaqlı, Ayrınc və Sələsüz kəndləri ərazisində 12,4 hektar sahədə armud, alma, şaftalı və ərik bağları, 2014-cü ilin yaz əkini kampaniyasında Daylaqlı və Sələsüz kəndləri ərazisində 16,9 hektar sahədə ərik, alma, badam və gavalı əkilməklə, ümumilikdə, yeni əkilən bağların sahəsi 60,9 hektara çatdırılıb”, – deyən İmran Məmişov onu da vurğuladı ki, ötən dövr ərzində meyvə-tərəvəz məhsullarının saxlanılması məqsədilə Şahbuz şəhərində 300 ton tutumu olan 3 soyuducu anbar tikilib. Üç meyvəçilik təsərrüfatı yaradılıb. Bu istiqamətdə işlər davam etdirilir.

Göründüyü kimi, proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsinə Şahbuz rayonunda ciddi önəm verilib. Bu səbəbdəndir ki, bağlardan 2014-cü ildə 4718 ton meyvə tədarük olunub.

Dövlət proqramının icrası 2015-ci ildə başa çatır. Dörd ildə həyata keçirilən tədbirlər, əldə olunan nəticələr sərfəli təsərrüfat sahəsi olan meyvəçiliyin yeni müstəvidə inkişafına təkan verib. Bu da belə qənaət yaradır ki, gələcək illərdə bu sahədə daha böyük uğurlara nail olunacaq.

Muxtar MƏMMƏDOV,
“Şərq qapısı” qəzetinin məsul katibi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında