Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Həmin dövrdə respublikanın məhdud maliyyə imkanları ilə qarşıya qoyulmuş strateji məqsədlərin yaxın gələcəkdə reallaşdırılmasının qeyri-mümkünlüyünü nəzərə alan, sosial-iqtisadi inkişaf prosesində xarici kapital və sərmayə amilinin təkanverici rolunu düzgün qiymətləndirən ulu öndər xarici şirkətlərlə Xəzərin Azərbaycan sektorundakı zəngin neft ehtiyatlarının birgə mənimsənilməsini nəzərdə tutan müqavilələrin imzalanmasına vacib məsələ kimi baxırdı. Ona görə də ölkədə iqtisadi inkişafın sürətləndirilməsinin ümdə şərti kimi müstəqil Azərbaycanın yeni neft strategiyası işlənib hazırlandı və 1994-cü ildən etibarən mərhələlərlə həyata keçirildi.
“Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Ümumilikdə neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynamağa başladı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu. İqtisadiyyatın bütün sahələrində islahatlara başlanıldı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.
Keçid mərhələsində reallaşdırılan iqtisadi siyasətin mühüm istiqamətlərindən biri də nəqliyyat-kommunikasiya infrastrukturunun inkişaf etdirilməsi idi. Azərbaycanın nəqliyyat sisteminin gücləndirilməsi və ölkənin tranzit imkanlarından səmərəli istifadə edilməsi üçün Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsinə başlanıldı. O zaman bu məsələyə xüsusi əhəmiyyət verilməsi onunla əlaqədar idi ki, Azərbaycan Respublikası beynəlxalq bazarlara çıxmaq məqsədilə təhlükəsiz və səmərəli nəqliyyat birləşmələrinin inkişafına çox böyük üstünlük verirdi. Ona görə də tarixi İpək yolunun bərpası ideyasının əfsanədən reallığa çevrilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər respublikamızın geostrateji və coğrafi əhəmiyyətini daha da artırdı.
1993-cü ilin sonlarında Bakıda Avropa Birliyinin MDB ölkələrinə texniki yardım proqramı nümayəndəliyinin (TASİS) açılması ilə Azərbaycan iqtisadiyyatının bütün sahələrinin Avropa modeli üzrə yenidən qurulması prosesinə başlanıldı. Məhz həmin proqram çərçivəsində 1993-cü ildə Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə “Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi” (TRASEKA) layihəsi irəli sürüldü. Müzakirələrin yekunu olaraq “Brüssel bəyannaməsi” adlı iki rəsmi sənəd imzalandı və qədim Şərq-Qərb İpək yolu dəhlizinin yeni şəraitdə bərpası, nəqliyyat-kommunikasiya infrastrukturlarının yenidən qurulması və inkişaf etdirilməsi qərara alındı. TRASEKA layihəsi üzrə ən mühüm tədbir - beynəlxalq konfrans 1998-ci ilin sentyabrında Bakıda keçirildi.
Qədim İpək yolunun bərpası layihəsi hazırda uğurla reallaşır. Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə görə, bu layihə xalqları, iqtisadiyyatları birləşdirir: “Bu layihələrin həyata keçirilməsində bütün ölkələr uğurla fəaliyyət göstərir, uğurla əməkdaşlıq edir. Müxtəlif nəqliyyat layihələrinin icrası əlbəttə ki, böyük vəsait tələb edir. Ancaq bizim ölkəmizdə iqtisadi inkişaf çox sürətlidir və maliyyə durumu da yaxşıdır. Belə olan halda gələcəkdə də böyük nəqliyyat layihələrinə vəsait ayırmalıyıq. Onların arasında, xüsusilə Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunu qeyd etmək istəyirəm. Bu dəmir yolu vasitəsi ilə qitələr birləşəcək, ölkəmiz tranzit ölkəsinə çevriləcəkdir. Bu dəmir yolu bundan sonra yüzilliklər ərzində xalqlara xidmət edəcək. Bu, böyük geosiyasi, geoiqtisadi və əməkdaşlıq layihəsidir”.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası Transavropa və Transasiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxışını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə və əməkdaşlığın daha da inkişafına, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcəkdir.
Yeri gəlmişkən, artıq Azərbaycan və Gürcüstan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi ilə bağlı bütün öhdəlikləri yerinə yetirmişlər və tikintini vaxtında başa çatdırmışlar.
Bu gün dəmir yolunun Türkiyə ərazisindən keçən hissəsində də işlər sürətlə davam edir. Artıq Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə ərazisindən keçən hissəsindəki tunelin də tikintisi başa çatmışdır. Mühüm əhəmiyyət kəsb edən layihənin bu ilin sonuna kimi tam reallaşması nəzərdə tutulur.
Göründüyü kimi, bu gün ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Bakı-Tbilisi-Qars və Şimal-Cənub beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesi müsbət nəticələrlə nəzərə çarpır. Burada haşiyə çıxıb deyə bilərəm ki, dünyada istənilən dövlətin iqtisadi inkişafının və ümumi təhlükəsizliyinin fundamental şərtlərindən biri nəqliyyat dəhlizlərinin mövcudluğu və əsas nəqliyyat növlərinin bir neçəsinin vacib istiqamətlər üzrə hərəkətinin təmin olunmasıdır. Əks halda, hər hansı ciddi iqtisadi inkişafdan, ümumi təhlükəsizliyin təmin edilməsindən söhbət belə, gedə bilməz. Hazırda ölkəmiz quru, hava, su, dəmir yolu vasitəsilə müxtəlif istiqamətlər üzrə dünyaya çıxışa malikdir. Bu da müxtəlif nəqliyyat vasitələrilə beynəlxalq iqtisadi əlaqələrin qurulmasında, eləcə də idxal-ixrac əməliyyatlarının həyata keçirilməsinə geniş imkanlar yaradır.
Ölkədaxili nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması xarici iş adamlarının ölkəmizə sərmayə yatırmasında mühüm rol oynayır. Belə ki, beynəlxalq nəqliyyat dəhlizlərinə çıxış və daxili infrastrukturun mükəmməl olması xarici investorları özünə cəlb edən amillərdən biridir və bu səbəbdən mükəmməl nəqliyyat-kommunikasiya sistemi olmayan ölkədə biznes sahəsində uğur qazanmaq, sadəcə, mümkün deyil. Tarixi İpək yolunun bərpası Azərbaycan, eləcə də Avropa və Asiya ölkələri üçün böyük önəm daşıyan layihədir. Avropa-Qafqaz-Asiya beynəlxalq dəhlizi olan - TRASEKA-nın keçdiyi dövlətlər içərisində ölkəmizin xüsusi yeri var. Buna görə də tarixi İpək yolunun bərpasına həsr olunmuş mühüm konfrans da Bakıda keçirilmişdir. 1998-ci il sentyabrın 8-də 9 dövlət başçısının, 13 beynəlxalq təşkilat və 32 ölkənin nümayəndə heyətinin iştirakı ilə “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanmışdır. Həmin layihənin icrası sayəsində Azərbaycan ərazisindən keçməklə daşınan tranzit yüklərin həcmi ildən-ilə çoxalır ki, bu da ölkəmizin siyasi, strateji əhəmiyyətini artırmaqla yanaşı, gəlirlərini də yüksəldir.
Bir sözlə, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan yol-nəqliyyat və digər infrastruktur layihələrinin icrası uğurla davam edir. Təkcə ötən il ərzində 960 kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolları, 30 yeni körpü və yolötürücüləri tikilib və ya təmir olunub. Bundan əlavə, keçən il 960 min nəfər əhalisi olan 597 yaşayış məntəqəsini birləşdirən 1300 kilometr kənd yolları çəkilib.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında nəqliyyat infrastrukturunun inkişafının ölkə üçün əhəmiyyətini qeyd edərək demişdir: “Nəqliyyatla bağlı digər layihələr də icra edilir. Ölkəmizə yeni təyyarələr gətirilir. MDB məkanında Azərbaycan birinci ölkədir ki, ən müasir “Boinq-787” Dreamliner təyyarəsi, iki sərnişin təyyarəsi gətirilmişdir. Bundan əvvəlki dövrdə müasir təyyarələr alınmışdır. Yeni marşrutlar müəyyən edilir. Hava nəqliyyatı hər bir ölkə üçün önəmlidir. Azərbaycan bu sahədə həm yük, həm sərnişin daşımaları ilə artıq bir regional mərkəzə çevrilibdir. Biz bu rolumuzu daha da gücləndirməliyik. Bizim coğrafi vəziyyətimiz güclü nəqliyyat infrastrukturu ilə də təmin edilməlidir. Dəniz ticarət limanının tikintisi, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası bir-biri ilə sıx bağlı olan məsələlərdir. Biz bu dəhlizləri gücləndiririk. Şimal-Cənub, Şərq-Qərb dəhlizləri - onlar Azərbaycan üzərindən keçir. Azərbaycanda yaradılan və yaradılacaq nəqliyyat infrastrukturu həm ölkəmizə, həm də qonşulara xidmət göstərəcəkdir”.
Həyata keçirilən irimiqyaslı layihələr Azərbaycan, Türkiyə və digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verir. Eyni zamanda, iki dövlət arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisidir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng layihələrdən sonra TANAP layihəsinin reallaşması ölkələrimizin regionda və dünyada nüfuzunu daha da artırıb.
Son illər ərzində ölkə nəqliyyat sisteminin əsas sahələrindən biri olan dəmir yolunun inkişafı üçün ölkə rəhbərliyi tərəfindən mühüm qərarlar qəbul olunmuş, sərəncamlar imzalanmışdır. Bununla da dəmir yolunun tarixində yeni bir dönəm başlamışdır. Prezident İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam bu sahənin inkişafını daha da sürətləndirmişdir. Adı çəkilən proqramın reallaşdırılması ilə Azərbaycanın tranzit potensialının artırılması, dəmir yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin və yük daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli fəaliyyətini təmin edilməsi ilə bağlı uğurlu nəticələr əldə olunmuşdur.
Xatırladım ki, hazırda vaqon və lokomotiv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, Bakı - Böyük Kəsik istiqamətində sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələrin icrası istiqamətində mühüm addımlar atılır.
Görülən işlər çərçivəsində 5 vaqondan ibarət olan “Ekspress” qatarının vaqonları VEST QAS müəssisəsi ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış müqaviləyə əsasən 2009-cu ilin fevralında əsaslı bərpa üçün Slovakiya Respublikasının “Sazvrudki” zavoduna göndərilmiş və 2011-ci il oktyabr ayının 28-də Azərbaycana gətirilmişdir. Bu vaqonların istismar müddəti 28 il, sürəti saatda 160 kilometr olmaqla 2039-cu ilə qədər nəzərdə tutulur. Yeri gəlmişkən, Prezident İlham Əliyev 2011-ci il noyabrın 24-də Bakı dəmir yolu stansiyasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Slovakiyada əsaslı təmir edilərək paytaxta gətirilmiş sərnişin vaqonları ilə tanış olmuşdur.
Hazırda ölkədə mövcud vaqon parkının yenilənməsi məqsədilə bir sıra tədbirlər, o cümlədən vaqonların təmiri həyata keçirilir. Təkcə son vaxtlar Ukraynanın və Rusiya Federasiyasının vaqon təmiri zavodlarında 80-dən çox sərnişin vaqonu əsaslı təmir olunaraq Azərbaycana gətirilmiş, Bakı-Tbilisi, Bakı - Moskva, Bakı-Xarkov, Bakı-Ağstafa-Qazax və Bakı-Balakən istiqamətlərində xəttə buraxılmışdır. Həmçinin dövlət proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 360 kilometr yol əsaslı təmir olunmuş və 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənmişdir. Hazırda əsaslı təmir işləri uğurla həyata keçirilir.
Bu gün dəmiryolu sistemində işarəvermə və rabitə təsərrüfatlarının yenidən qurulması istiqamətində işlər özünün yeni mərhələsinə qədəm qoymuşdur. Yeni lokomotivlərin və müxtəlif təyinatlı vaqonların alınması da nəzərdə tutulmuşdur. Bundan əlavə, Dünya Bankının layihəsi çərçivəsində dəyişən cərəyanla işləyən yeni 50 yük lokomotivinin alınması üzrə işlər müvafiq prosedurlara uyğun davam edir.
Dəmir yollarının təmiri və saxlanması üçün Avstriyadan alınmış yeni “GSM 09-32", ”RM-80" və “USP-2000" markalı yol təmiri maşınlarının fəaliyyəti və onların saxlanılması üçün Biləcəridəki motorlu rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri emalatxanasında anqar tikilib istifadəyə verilmiş, 24 saylı Salyan Rels-Qaynaqlama Qatarında 800 metrlik uzunölçülü relslərin hazırlanıb daşınmasına başlanılmışdır.
Son vaxtlar dəmiryolu sistemində tətbiq edilən bir yeniliyə də nəzər salmaq istərdim. Ölkə Prezidenti cənab İlham Əliyevin 23 may 2011-ci ildə imzaladığı “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanının dəmir yolunda icrasını təmin etmək məqsədilə işçi qrupu yaradılmışdır. Hazırda işçi qrup “Azərbaycan Dəmir Yolları” QSC üzrə yeni elektron xidmət növlərinin müəyyən edilməsi və tətbiqi istiqamətində mühüm tədbirlər həyata keçirir. Bakı sərnişin stansiyasında gediş sənədlərinin (biletlərinin) dəyərinin plastik kartlardan istifadə etməklə bilet kassalarında quraşdırılmış pos-terminallar vasitəsilə nağdsız ödənişinin tətbiqi məhz bunun bariz ifadəsidir.
“Azərbaycan Dəmir Yolları” QSC-də aparılan yenidənqurma və abadlıq işləri xətt boyu bütün sahələri əhatə etmişdir. İdarə, müəssisə və təşkilatlarda yeniləşmə prosesi özünün yeni mərhələsinə qədəm qoymuşdur. Son illər Gəncə stansiyasının inzibati binası əsaslı təmirdən sonra istifadəyə verilmişdir. Təmir işləri çərçivəsində qazanxana inşa edilmiş, həmçinin bina mərkəzləşdirilmiş kondisioner və istilik sistemləri ilə təchiz olunmuşdur. Sərnişinlərin rahatlığı üçün stansiyada VİP zalı, ana və uşaq otağı yaradılmışdır. Eyni zamanda, Yük Daşımaları Departamentinin Qərb sahəsi üzrə bölməsinin inzibati binasının fasadı və dam örtüyü, Gəncə lokomotiv deposunun fasadı təmir olunmuş, piyada keçid körpüsü yenidən qurulmuşdur. Bunlarla yanaşı, Poylu-Salahlı mənzilinin 73-cü kilometrliyindəki Kür çayı üzərindən keçən ikinci dəmir yolu körpüsü istismara verilmişdir. Qeyd edək ki, tikintisinə 2008-ci ildə başlanmış bu körpünün uzunluğu 208,44 metrdir. Çarxı-Sarvan mənzilinin 2508 kilometrliyində Vəlvələçay üzərində yerləşən dəmir-beton körpünün və Saatlı-Becar mənzilinin 98 kilometrliyində Araz çayı üzərində yerləşən metal körpünün rekonstruksiyası da görülən işlər sırasındadır.
Hazırda Azərbaycanın dəmiryolu sistemində bir canlanma nəzərə çarpır. Bu, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyində edilən dəyişikliklə bağlıdır. Belə ki, Cavid Qurbanovun səhmdar cəmiyyətə sədr təyin edilməsi ilə “Azərbaycan Dəmir Yolları”nda həyata keçirilən islahatlar daha da sürətlənmiş, qarşıda duran vəzifələrin uğurlu icrası üçün bütün qüvvələr səfərbər edilmişdir. Bir sözlə, dəmir yolu sistemində yeni dönəm başlamışdır. Bu, tranzit daşımaların mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasına, “Azərbaycan Dəmir Yolları” QSC-nin investisiya layihələrində fəal iştirakına, dəmir yolu infrastrukturunun, texniki vasitələrin müasirləşdirilməsinə, şübhəsiz ki, öz müsbət təsirini göstərəcəkdir.
Bakı-Böyük Kəsik dəmir yolu xəttində hazırda yenidənqurma işləri davam edir. Relslər və şalbanlar artıq yenilənib, rabitə xətlərinin dəyişdirilməsinə, optik kabellərin quraşdırılmasına başlanılmışdır. Quraşdırma işlərinə Ağstafanın Böyük Kəsik kəndində start verilmiş və Biləcəri stansiyasınadək davam etdirilməsi nəzərdə tutulmuşdur. Hazırda isə dəmir yolu xəttinin Tatlı-Tovuz mənzilinə qədər olan hissəsində işlər cədvəl üzrə aparılır.
Qeyd edim ki, İsveçrənin “Stadler Rail Group” şirkəti ilə Azərbaycanın “Railway İnternational Distribution” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Gəncədə vaqon istehsalı üzrə birgə müəssisənin yaradılması haqqında müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən Gəncə şəhərində ilkin olaraq ildə 60 vaqon istehsal gücünə malik zavod inşa ediləcək. Bu zavod İsveçrə istehsalı olan ən son texnoloji avadanlıqla təchiz olunacaq. Ötən il oktyabrın 18-də “Stadler” Gəncə vaqon istehsalı zavodunun təməli qoyulmuş və Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.
İyirmi hektar ərazisi olan zavodun tikintisində və fəaliyyətində ekoloji standartlara cavab verən ən müasir texnologiya tətbiq ediləcək. Zavodun 2016-cı ildə fəaliyyətə başlaması nəzərdə tutulur. Bu müəssisənin işə düşməsi ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin sərnişin vaqonu parkında yeni bir mərhələ başlayacaq. Gəncədə vaqon istehsalı zavodunun fəaliyyətə başlaması sərnişin vaqon parkını tam yeniləməyə imkan yaradacaq. İstehsal olunacaq vaqonların Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və İrana satılması da nəzərdə tutulmuşdur.
Sverdlovsk vilayətindəki “Sinara” qrupunun Azərbaycana magistral yük elektrovozları və beş ədəd “Lastoçka” elektrik qatarı göndərilməsi haqqında da uğurlu danışıqlar aparılır.
Onu da qeyd edim ki, bu gün Bakı-Sumqayıt dəmir yolu xətti də yenidən qurulur. Bu işlər başa çatdıqdan sonra stansiyada əsaslı təmirə başlanılacaq. Artıq Sumqayıt dəmir yolu vağzalının yeni eskizi hazırdır.
Sonda əminliklə qeyd etmək istərdim ki, dəmiryolçular əldə olunan uğurları bundan sonra da artıracaq, dövlətin və hökumətin irəli sürdüyü vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün imkanlardan səmərəli istifadə edəcək, göstərilən etimadı əməli işlərlə doğruldacaqlar. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası nəticəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları arasında özünün layiqli yerini tutacaq.
Məhərrəm MƏMMƏDOV,
“Fəxri dəmiryolçu”,
iqtisadçı-ekspert
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.