Hindistan strateji neft ehtiyatı yaradır

Hindistanın neft qiymətlərinə təsir göstərəcək addım atmağa başladığı iddia olunur. Belə ki, neft idxalına görə dünyada 3-cü yeri tutan “nağıllar ölkəsi”nin strateji ehtiyat yaratmağa başladığı bildirilir. Çinin də eyni addım atdığı vurğulanır. Yaxın perspektivdə neft qiymətlərinin yüksələcəyini əsas gətirən mütəxəssislər də hazırda strateji ehtiyat yaradılması üçün əlverişli məqamın olduğunu düşünürlər.

 “Reuters” agentliyi Hindistan hökumətinin neft anbarlarına xam neft toplamağa başladığını bildirir. Agentliyin əldə etdiyi məlumatda “Indian Oil Corp” şirkətinin Çinin “Unipec” treyder şirkətindən 2 milyon barrel İraq nefti aldığı vurğulanır. Alınan neftin də strateji ehtiyat anbarlarına göndərildiyi qeyd olunur. Bundan başqa, Hindistanın “İOC” və “Hindustan Petroleum Corp Ltd” neft emalı şirkətlərinin, həmçinin dövlət tərəfindən idarə olunan müəssisələrin də ölkənin cənub-şərqindəki Anhra-Pradeş ştatında yerləşən “Vizag” anbarına neft toplanması məqsədilə üç ədəd iritutumlu tanker alacağı da bildirilir. “Vizag” anbarına hələlik 8 milyon barrel neft göndəriləcəyi məlumdur, lakin “Reuters” agentliyinin məlumatına görə, cari ildə ölkənin qərb bölgəsində iki neft anbarının inşası başa çatacaq və Hindistan hökumətinin gündəlik neft alışının həcmini 29 milyon barrelə çatdıracağı istisna olunmur. Hazırda Hindistanda gündəlik neft istehlakının 3,5 milyon barrel təşkil etdiyini vurğulayan analitiklər də əlavə edirlər ki, bir aylıq strateji ehtiyat yaratmaq üçün Hindistana minimum 100 milyon barrel tutumu olan anbar lazımdır.

Bu gün Hindistan dünyada ən böyük neft idxalçılarından biri hesab edilir. “Nağıllar ölkəsi” bu məsələdə yalnız ABŞ və Çinə uduzur. Amma Yaponiya və Cənubi Koreya kimi ölkələri qabaqlayır. Bununla belə, Hindistan neft sənayesinin spesifik modeli olduğu bildirilir. Yəni xammal idxalçısı olan ölkə neftin təkrar emalına üstünlük verir və xaricə neft məhsulları ixrac edir. Mütəxəssislər də düşünürlər ki, Hindistanın neft ehtiyatı yaratmağa başlaması “qara qızıl”ın qiymətinə yaxın perspektivdə müsbət təsir göstərəcək. Analitiklər əmindirlər ki, hazırda ehtiyat yaratmaq üçün əlverişli vaxtdır. “Qara qızıl”ın qiymətləri idxalçı ölkələr üçün münasib səviyyədədir və rəsmi Nyu-Dehli bundan istifadə etməyə çalışır. Doğrudur, neftin daha da ucuzlaşacağı barədə proqnozlar səslənir, amma heç bir hökumətin qiymətlətin enəcəyinə dair verilən proqnozlara istinadən gözləmə mövqeyi tutacağı da inandırıcı deyil. Bir sıra analitiklər deyirlər ki, hazırda neftin qiymətləri aşağı sərhədə yaxındır, yəni “qara qızıl”in qiyməti dəyişməyə başlasa da, ancaq bahalaşmağa doğru dəyişəcək.

Xatırladaq ki, neftun ucuzlaşması ötən ilin yayında başlamışdı. O zaman “Brent” markalı neft növünün barreli 100 dollara düşmüşdü. İndisə həmin neft növü 55 dollara satılır. Şimali Amerika neft növü olan “WTI”-nin isə 48 dollar civarında satıldığı məlumdur. Amma qiymətlərə təsir göstərəcək daha bir amil də var - o da İranla Qərb ölkələri arasında münasibətlərin normallaşmasıdır. Sanksiyaların ləğvindən sonra İranın dünya bazarlarına təqribən 1 milyon barrel neft çıxaracağı iddia olunur. Bu qədər “qara qızıl”ın satışa çıxarılmasının onsuz da izafi neftdən əziyyət çəkən bazarlara əlavə təzyiq edəcəyi güman edilir. Buna görə də, bəzi mütəxəssislərin fikrincə, Hindistan yaradacağı strateji ehtiyatlarla hələlik neft qiymətlərinə təsir göstərəcək gücə malik deyil. Amma iqtisadi potensialı normal templə böyüyən Hindistanın ehtiyat yaratmasının neft qiymətlərinin bahalaşmasına təsir edən faktorlar sırasına düşmək ehtimalı böyükdür.

Bundan başqa neft bazarının digər iri iştirakçıları da anbarlarını neftlə doldurmaqla məşğuldurlar. Məsələn, ABŞ-da neft ehtiyatı artıq 11 həftədir ardıcıl olaraq artır və artımın 1982-ci ildən bu yana ən maksimal həddə çatdığı bildirilir. Hazırda Birləşmiş Ştatların neft ehtiyatı 466,7 milyon barrel təşkil edir və neft qiymətlərinin ucuzlaşmasına təkan verən başlıca faktorlardan birinin də məhz məlum ehtiyat səviyyəsinin olduğu vurğulanır. Eyni sözləri Çin Xalq Respublikası barədə də demək olar. Çin də artıq neçə ildir strateji ehtiyat toplayır. Doğrudur, rəsmi Pekin ehtiyatlarının həcmini açıqlamır, amma “Sinopec” dövlət şirkəti nümayəndəsinin kommersiya və strateji neft ehtiyatlarının maksimal həddə çatdığını açıqladığı bildirilir. Mütəxəssislər Çinin 2013-cü ildə və cari ildə daha çox neft almağa başladığını deyirlər. Böyüyən iqtisadiyyatını enerji resursları ilə təmin etməyə məcbur olan Çinin bundan sonra da neft idxalını artıracağı düşünülür.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında