Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız son illərdə sürətlə inkişaf edib və dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib. Hazırda Azərbaycan əldə etdiyi nailiyyətlərə görə Cənubi Qafqazın lider dövləti hesab olunur. Bu isə beynəlxalq təşkilatların hesabatlarında, sosioloji mərkəzlərin vaxtaşırı keçirdiyi rəy sorğularında, eləcə də jurnallarda təqdir edilir, respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır. Məsələn, ABŞ-ın nüfuzlu eksperti Hilları Kreymer bildirib ki, geniş infrastruktur, texnoloji inkişaf və yeniliklər son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin neft kapitalını böyük məharətlə insan kapitalına çevirə bilməsi sayəsində mümkün olub.
Azərbaycanın sosial-iqtisadi uğurlarından bəhs edərkən tikinti sektorunda nəzərə çarpan müsbət dinamikanı xüsusi vurğulamaq olar. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ərzində tikinti kompleksinə yönəldilən vəsait hesabına çoxsaylı obyektlərdə inşaat işlərinin aparılması ilə yanaşı, 5 elektrik stansiyası istifadəyə verilib, regionlarda 3 min kilometr elektrik xətləri, 614 transformator, 20 yarımstansiya, 1450 kilometr qaz kəməri inşa edilib və ya əsaslı təmir olunub, 24 rayon üzrə 58 yaşayış məntəqəsi təbii qazla təmin edilib. İnformasiya və rabitə xidmətlərinin yaxşılaşdırılması məqsədilə regionlarda 26 yeni ATS istifadəyə verilib, 42 poçt şöbəsi tikilib və ya əsaslı təmir olunub.
İl ərzində regionlarda 155 məktəb, 30 tibb müəssisəsi, 11 gənclər və idman, 43 mədəniyyət və digər sosial obyektlər tikilib və ya əsaslı təmir olunub. Məcburi köçkünlər üçün 7 yeni yaşayış kompleksi salınıb, 4450 ailənin və ya 22 min məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb, əlil və şəhid ailələri üçün 5 yaşayış binası tikilib.
Hazırda ölkədə yeni yolların çəkilməsi, köhnə yol-nəqliyyat strukturunun müasir tələblərə uyğun yenidən qurulması da diqqət mərkəzində saxlanılır. İndi hansı bölgəyə, şəhər və qəsəbəyə yol çəkilirsə, həmin ərazidə yeni infrastruktur yaradılır, investisiya cəlb olunur, bu isə həyatın, sözün əsl mənasında, canlanmasıdır. Nahaq yerə demirlər ki, müasir yol dövlətin iqtisadi qüdrətini nümayiş etdirməklə yanaşı, həm də yeni həyatın başlanğıcıdır.
Prezident İlham Əliyev demişdir: “Dövlət İnvestisiya Proqramında magistral yolların çəkilişinin davamı və yeni yolların çəkilişinin başlanması mühüm yer tutur. Biz son illər ərzində bu sahədə də çox işlər görmüşük, magistral yollarımızı böyük dərəcədə bərpa edə bilmişik və yeni yollar salınıbdır. İndi bütün magistral yollarda işlər gedir və bu işlər artıq tamamlanır. Bununla bərabər, şəhərlərarası yolların çəkilişi də gedir. Biz artıq bir neçə ildir ki, kənd yollarının çəkilişi ilə çox ciddi məşğul olmağa başlamışıq. Bütün rayonlarda bu layihələr icra edilir. Bu layihələrin icrası rayonlardan gəlmiş sifarişlər, əhalidən gələn müraciətlər əsasında təşkil edilir. İlk növbədə, biz çalışmışıq ki, əhalinin ən çox məskunlaşdığı kəndlərimizi yeni yollarla təmin edək. Kəndlərarası yolların çəkilişi geniş vüsət almışdır. Bu məqsədlər üçün həm dövlət büdcəsindən, həm Prezidentin Ehtiyat Fondundan böyük həcmdə vəsait ayrılır. Çalışmalıyıq ki, yaxın illərdə bütün kənd yollarını tikək”.
Yol tikintisi respublikamızın bütün bölgələrini əhatə etməklə yanaşı, regional xarakter alıb. Belə ki, mühüm nəqliyyat və kommunikasiya layihələri Azərbaycanla bərabər, digər qonşu dövlətlərin də ərazisini əhatə edir ki, bu da bölgədə çox nəhəng infrastruktur şəbəkəsinin yaradılması deməkdir. Qədim İpək Yolunun modernləşdirilməsi, Rusiya və İran istiqamətində tranzit marşrutlarının dünya səviyyəsində yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişinin sürətləndirilməsi çoxşaxəli regional infrastruktur sisteminin yaradılmasının əyani təzahürüdür.
Ötən il ərzində 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 30 yeni körpü və yolötürücüləri tikilib və ya təmir olunub. Dövlət başçısının tapşırığına uyğun olaraq kənd yollarının tikintisi davam etdirilib, bu məqsədlərə əlavə vəsait ayrılıb, əhalisi 960 min nəfər olan 597 yaşayış məntəqəsini birləşdirən 1300 kilometr uzunluğunda kənd yollarının çəkilməsi və yenidən qurulması işləri aparılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Bizim düşünülmüş siyasətimiz, eyni zamanda, planlı addımlarımız məhz ona hesablanıb ki, bütün infrastruktur layihələri qısa müddətdə başa çatsın. Bu layihələrin icra edilməsi nəticəsində biz bütün infrastrukturumuzu yeniləşdirəcəyik. Çünki bizim infrastruktur layihələrimizin yaradılması sovet dövründən başlamışdır. Onların bir hissəsi köhnəlmiş, bir hissəsi sıradan çıxmışdır. Həyat yerində durmur, indi yeni texnologiyalar vardır, yeni ixtiralar üzə çıxıbdır. Biz elə etməliyik ki, infrastruktur sahəsində heç bir çatışmazlıq olmasın”.
Hazırda Bakı şəhəri və ətraf qəsəbələrin prospekt və küçələrinin yenidən qurulması və genişləndirilməsi prioritet məsələlərdən biridir. Bu, təsadüfi deyil. Çünki paytaxtın mürəkkəb nəqliyyat şəraiti, avtomobillərin sayının gündən-günə artması, tıxaclar yol probleminin həllini zərurətə çevirib. Avtomobillərin hərəkətinin intensiv olduğu ərazilərdə yeni salınan keçidlər, körpülər və yollar piyadaların təhlükəsiz hərəkətinə şərait yaratmaqla yanaşı, gözoxşayan dizaynı, ən müasir avadanlıqla təchizat baxımından paytaxt üçün çox mühüm yenilikdir.
Paytaxtın şimal giriş qapısında son illər yaranan tıxac problemini aradan qaldırmaq üçün ərazidə yeni yol çəkilir - Biləcəri-Xocasən avtomobil yolunun Sulutəpə-Biləcəri hissəsi genişləndirilir. Burada işlər yekunlaşandan sonra yol 8 hərəkət (4 gediş, 4 gəliş) zolağından ibarət olacaq. Uzunluğu 1,5 kilometrə çatacaq yeni yolun istifadəyə verilməsi Bakı-Sumqayıt yolunda tıxacların aradan qaldırılmasına imkan yaradacaq, həmçinin bir neçə istiqamətdə avtomobillərin rahat və təhlükəsiz hərəkətini təmin edəcək. Yenidənqurma işləri çərçivəsində Xocasən istiqamətində yeni dairə də yaradılacaq. Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri 4 zolağın hesabına həm Xocasən, həm də Bakı-Sumqayıt-Yevlax avtomobil yoluna sərbəst çıxa biləcəklər.
Son 3 il ərzində Bakıətrafı 22 qəsəbənin 420 mindən çox sakininin istifadə etdiyi 62 kilometr qəsəbələrarası yollar təmir olunub, rayon və qəsəbədaxili yollara 3 milyon kvadratmetrdən çox asfalt örtük salınıb, 41 körpü, tunel və piyada keçidi istifadəyə verilib. Bu yeniliyin, bu inkişafın başlıca səbəbi isə həyata keçirilən məqsədyönlü siyasət, onun davamlı xarakter alması və bu yöndə qəbul olunmuş dövlət proqramlarının uğurlu icrasıdır.
Dövlət başçısının imzaladığı müvafiq sərəncama əsasən, Prezidentin Etiyat Fondundan Sabunçu rayonunun Zabrat, Nardaran və Maştağa qəsəbələrindəki avtomobil yollarının tikintisi və yenidən qurulması üçün ayrılan 2 milyon manat vəsait hesabına Zabrat qəsəbəsində 14 küçədə 106 min, Nardaranda 13,5 min, Maştağada 17,5 min kvadratmetr yol tikintisi və keyfiyyətli asfaltlama işləri aparılıb.
Zabrat-Balaxanı-Mehdiabad-Xırdalan-Binəqədi, Zığ dairəsi-Beynəlxalq Aeroport, Heydər Əliyev prospekti, Əzizbəyov dairəsi- Beynəlxalq Aeroport, Azadlıq meydanı-Zığ dairəsi, Bakı dairəvi-1 və digər prospekt və küçələrdə aparılan tikinti və yenidənqurma işləri də avtomobillərin maneəsiz və təhlükəsiz hərəkətinə imkan yaradıb.
I Avropa Olimpiya oyunlarına kimi paytaxtda bir sıra yeni yollar da istifadəyə veriləcək. Bununla bağlı ən böyük layihə Heydər Əliyev prospektinə paralel çəkilən yoldur. Bu yol Yasamal rayonundakı Qələbə dairəsindən “Koroğlu” metrostansiyasına qədər uzanacaq. Hazırda bu istiqamətdə işlər yekunlaşmaq üzrədir.
Bundan başqa, magistrallarda xüsusi elektron lövhələr quraşdırılacaq. Yolların işarələnməsi, yol kənarlarına həm ingilis, həm də Azərbaycan dilində yazılı lövhələrin vurulması nəzərdə tutulur. Bu, turistlər üçün bir növ xəritə rolunu oynayacaq. Artıq turistlər otellərin yolu ilə yanaşı, istədikləri iri mərkəzlərə də rahatlıqla gedə biləcəklər.
Gündən-günə abadlaşan Bakı kəndlərinin yolları, küçələri bundan da rahat və gözəl olacaq. Çünki Prezident İlham Əliyevin sərəncamı ilə əvvəlki dövlət proqramlarının davamı olaraq “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” qəbul edilmişdir. Yeni proqramın icrası ilə əlaqədar dövlət başçısı “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda demişdir: “...Üçüncü proqramın həyata keçirilməsi nəticəsində bütün infrastruktur layihələri artıq tam şəkildə icra ediləcəkdir”.
Yuxarıda qısa sadalananlarla yanaşı, su, hava və dəmir yolu nəqliyyatının inkişafı sahəsində də Azərbaycan böyük nailiyyətlərə imza atıb. Ölkəmizdə nəqliyyat sisteminin inkişafının əsas məqsədi nəqliyyat vasitələri ilə respublika əhalisinin həyat tərzinin və iqtisadiyyatın yüksəlişini dəstəkləməkdən ibarətdir. Bu kontekstdə nəqliyyat sisteminin inkişafı məsələləri iqtisadiyyatın artım fazasına keçməsinə uyğun olaraq, dövlətin sosial-iqtisadi prioritetlərinin reallaşdırılması ilə bilavasitə bağlıdır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.