Azərbaycanı dünyanın potensial qaz ixrac edən ölkəsinə çevirmiş “Şahdəniz” yatağının xarici şirkətlərlə birgə işlənməsinə dair sazişin imzalanmasından 19 ilə yaxın vaxt ötür. Xatırladaq ki, bir neçə mərhələdə reallaşdırılması nəzərdə tutulan “Şahdəniz” layihəsi çərçivəsində tikinti-quraşdırma işlərinə isə 12 il əvvəl – 2003-cü ilin fevral ayında start verilmişdir. Birinci mərhələdə “Şahdəniz” yatağındakı zəngin qaz və kondensat ehtiyatlarının hasilatına imkan yaradan nəhəng platforma inşa olunmuş, sualtı boru kəməri çəkilmiş, Səngəçal terminalında əlavə genişləndirmə işləri həyata keçirilmişdir. Bundan əlavə, “Şahdəniz” qazının dünya bazarına ixracını təmin etmək məqsədilə Cənubi Qafqaz boru kəməri tikilib istismara verilmişdir.
Dünyanın ən zəngin qaz-kondensat yataqlarından sayılan “Şahdəniz”də quraşdırılmış unikal platformadan səkkiz ildən artıqdır ki, qaz hasil olunur. Sualtı boru kəməri ilə Səngəçal terminalına nəql olunan təbii qaz Cənubi Qafqaz ixrac kəməri vasitəsilə dünya bazarına çıxarılır. Bu isə Azərbaycanın dünyanın potensial qaz ixrac edən ölkələri sırasındakı mövqeyini getdikcə möhkəmləndirir. Göründüyü kimi, ölkəmiz bir neçə ildir ki, Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. Elə hazırda bir sıra Avropa ölkələri də enerji təhlükəsizliyinin təminatında Azərbaycan qazına daha çox ümid bəsləyirlər. Yeri gəlmişkən, ötən il Bakıda təməli qoyulan Cənub qaz dəhlizi üçün əsas mənbə məhz Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev mart ayının 17-də Türkiyənin Qars vilayətində TANAP layihəsinin təməlqoyma mərasimindəki çıxışı zamanı bu barədə demişdir: “1996-cı ildə bp ilə SOCAR arasında “Şahdəniz” qaz yatağının işlənməsinə dair kontrakt imzalandı. O zaman biz bilmirdik ki, “Şahdəniz” yatağında nə qədər qaz var. Ancaq yəqin ki, təxmin edirdik, çünki əgər belə olmasaydı, o yatağa “Şahdəniz” adı verilməzdi, yəni, dənizin şahı. Xəzər dənizinin şahı “Şahdəniz” öz adını doğrultdu. Bu gün “Şahdəniz” dünya miqyasında ən böyük qaz yataqlarından biridir və “Cənub” qaz dəhlizi üçün hazırda yeganə resurs mənbəyidir. Mən ona görə hazırda deyirəm ki, çünki əminəm, Azərbaycanın digər nəhəng qaz yataqları yaxın zamanlarda qazı hasil edəcək və beləliklə, biz “Cənub” qaz dəhlizini əlavə həcmlə təmin edəcəyik”.
Xatırladaq ki, “Şahdəniz” layihəsinin səhmdarları bp (operator - 28,8 faiz), ARDNŞ ( 16,7 faiz), Statoyl (15,5 faiz), LUKOYL (10 faiz), NİKO (10 faiz), Total (10 faiz) və TPAO (9 faiz) şirkətləridir. Bir neçə mərhələdə reallaşdırılması nəzərdə tutulan layihənin ilk mərhələsində “Şahdəniz” yatağındakı zəngin qaz və kondensat ehtiyatlarının hasilatına imkan yaradan nəhəng platforma inşa olunmuş, sualtı boru kəməri çəkilmiş, Səngəçal terminalında əlavə genişləndirmə işləri həyata keçirilmişdir. Bundan əlavə, “Şahdəniz” qazının dünya bazarına ixracını təmin etmək məqsədilə Cənubi Qafqaz boru kəməri tikilib istismara verilmişdir.
“Şahdəniz” layihəsinin reallaşdırılması istiqamətində atılan uğurlu addımların səmərəsi getdikcə artır. bp-nin yaydığı hesabata əsasən, 2014-cü ildə “Şahdəniz” layihəsi üzrə fəaliyyətlərə təqribən 0,4 milyard dollar əməliyyat və 3,9 milyard dollar əsaslı xərclər sərf olunmuşdur. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aiddir. Ötən il “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi çərçivəsində Azərbaycan (ARDNŞ-yə), Gürcüstan (GOGC şirkətinə), BTC şirkəti və Türkiyə (BOTAŞ şirkətinə) bazarları üçün qaz hasilatı davam etdirilmişdir. İl ərzində yataqdan 9,9 milyard kubmetr qaz və 2,3 milyon ton kondensat hasil edilmişdir. Bütövlükdə isə 2006-cı ilin dekabr ayında “Şahdəniz”də hasilata başlandığı vaxtdan ötən ilin sonunadək yataqdan dünya bazarlarına Cənubi Qafqaz boru kəməri vasitəsilə təqribən 57 milyard kubmetr qaz ixrac olunmuşdur. Bundan əlavə, adıçəkilən yataqdan hasil edilən 15 milyon tona yaxın kondensat isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə dünya bazarına göndərilmişdir.
2014-cü ildə “Şahdəniz” qaz hasilatı və ixracı layihəsi üzrə mövcud qurğuların texniki cəhətdən daha da optimallaşdırılması hasilat sisteminin gündəlik maksimum gücünün 27,3 milyon kubmetrdən 29,5 milyon kubmetr səviyyəsinə qaldırmağa imkan yaratmışdır. Ötən il “Şahdəniz” layihəsi çərçivəsində mövcud quyuların etibarlılığı və bütövlüyünü gücləndirən bir sıra mühüm işlər tamamlanmış, yeni hasilat quyusunun qazılmasına başlanmışdır. İl ərzində “Şahdəniz” yatağının ikinci işlənmə layihəsinin öncəqazma proqramına dəstək vermək məqsədilə “İstiqlal” və “Heydər Əliyev” qazma qurğuları vasitəsilə qazma əməliyyatları davam etdirilmişdir. Xatırladaq ki, bu iki qurğunun köməyi ilə artıq ilk qazın hasilatına hazırlıq işləri çərçivəsində yeddi hasilat quyusu qazılmışdır. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə çatmaq üçün tələb olunan bütün quyuların təhvil verilməsi istiqamətində davam edəcək. Bütövlükdə isə ikinci mərhələ çərçivəsində hasilatın artırılaraq ildə 16 milyard kubmetr həcmində planlaşdırılan ən yüksək səviyyəyə çatdırılması üçün tələb olunan quyuların qazılması məqsədilə bu iki qazma qurğusu “Şahdəniz” yatağında öz fəaliyyətini davam etdirəcək.
2014-cü ildə “Şahdəniz-2” layihəsi üzrə mühüm irəliləyiş əldə edilərək bir sıra işlərin vaxtından əvvəl tamamlanmasına, o cümlədən, tikinti sahələrinin modernləşdirilməsinə, platformaların üst modulları və dayaq bloklarının, sualtı qurğuların quraşdırılmasına başlanmasına nail olunmuşdur. Bütövlükdə isə mühəndis-layihələndirmə, tikinti və təchizat işləri üzrə təxminən 10 milyard dollar dəyərində əsas müqavilələr imzalanmışdır. Artıq Azərbaycanda bütün tikinti sahələrində işlərə başlanmışdır. Yeri gəlmişkən, ölkəmizdə bütün əsas müqavilələr üzrə tikinti işlərinə artıq 9500 nəfərədək işçi cəlb olunmuşdur ki, onların da 90 faizi Azərbaycan vətəndaşlarıdır.
2006-cı ilin dekabr ayında “Şahdəniz”də hasilata başlandığı vaxtdan cari ilin ikinci rübünün sonunadək yataqdan dünya bazarlarına Cənubi Qafqaz boru kəməri vasitəsilə təqribən 57 milyard kubmetr qaz ixrac olunmuşdur. Bundan əlavə, adıçəkilən yataqdan hasil edilən 15 milyon tona yaxın kondensat isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə dünya bazarına göndərilmişdir.
Sahildən təxminən 70 kilometr məsafədə yerləşən “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi layihəsinin planlarına körpü ilə birləşdirilmiş iki yeni hasilat platforması, iki yarımdalma qazma qurğusu vasitəsilə qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində çəkiləcək 500 kilometr uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz boru kəmərinin ixrac imkanlarının artırılması məqsədilə Azərbaycanda 48 düyməlik yeni boru kəməri, Gürcüstanda isə iki kompressor stansiyası vasitəsilə ildə 16 milyard kubmetr əlavə olunması, həmçinin Səngəçal terminalının genişləndirilməsi daxildir.
Ötən il “Şahdəniz” qazının ixracını həyata keçirən Cənubi Qafqaz boru kəməri ilə bağlı fəaliyyətlərə təqribən 50 milyon dollar əməliyyat xərcləri və 0,9 milyard dollar əsaslı xərclər sərf edilib. Xatırladaq ki, bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi çərçivəsində hasil olunan qazı əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə çatdırır. Ötən il kəmərlə ixrac olunan qazın orta gündəlik ötürücülüyü 18 milyon 286 min kubmetr təşkil etmişdir.
2014-cü ildə Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsi üzrə müqavilələrin bağlanması davam etmişdir. Bütövlükdə isə 2013-cü il dekabrın 17-də Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsi üzrə yekun investisiya qərarı qəbul edildikdən bəri layihə üzrə, demək olar ki, bütün müqavilələr imzalanmişdır. Həmin müqavilələrə Azərbaycan və Gürcüstanda boru kəmərinin tikintisi, kəmərin üzlənməsi, sözügedən layihə çərçivəsində Gürcüstandakı qurğuların tikintisi işləri və istismara verilməsi, layihənin Gürcüstandakı hissəsi üçün boru kəmərinin və qurğuların mühəndis layihələndirmə işləri və layihə idarəetmə xidmətləri, Azərbaycandakı hissəsi üçün beş çay keçidində üfüqi-maili qazma və boru kəmərinin quraşdırılması, iki çay keçidi üçün şaxta və tunelin tikintisi və boru kəmərinin quraşdırılması işləri daxildir. Kəmərin genişləndirilməsi üçün tələb olunan boruların tədarükü 2016-cı ilin əvvəllərinə qədər davam edəcək. Bütövlükdə isə 19 daşıma prosesi zamanı 40 mindən çox boru hissəsi gətiriləcək.
Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsi üzrə artıq müəyyən əsas işlər görülüb. Azərbaycanda boru kəmərinin ilk 200 kilometrlik hissəsi üçün torpaq sahələrinin alınması, qonşu Gürcüstanda 1-ci kompressor stansiyasının tikintisinə başlanması məhz bu qəbildən olan işlərdəndir. Adıçəkilən layihə üzrə fəaliyyətlər 2015-ci il ərzində davam edəcək, Azərbaycan və Gürcüstanda boru kəmərinin tikintisinə başlanılacaq.
Yeri gəlmişkən, müstəqilliyinin ötən illərində həyata keçirdiyi uğurlu neft strategiyası, bir sıra qlobal enerji layihələrinin təşəbbüskarı və fəal iştirakçısı kimi beynəlxalq aləmdə böyük nüfuz qazanmış Azərbaycan Respublikası artıq özünü zəngin qaz ölkəsi kimi də təqdim edə bilmişdir. Qeyd etdiyimiz kimi, son illər “mavi yanacağa” getdikcə artmaqda olan tələbatının ödənilməsində əsas qaz təchizatçısı kimi Azərbaycana bəslənilən ümidlər ölkəmizə qaz ehtiyatlarını dünya bazarına çıxarmaq üçün şaxələndirilmiş ixrac marşrutlarının yaradılmasına yol açmışdır. Hazırda bütün dünyanın diqqət mərkəzində olan “Şahdəniz-2” layihəsi Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni “Cənub” qaz dəhlizi açmaqla Avropa bazarlarına qaz təchizatının və enerji təhlükəsizliyinin artırılmasına mühüm töhfələr verəcək. Belə ki, 28 milyard dollar dəyərində olan bu layihə reallığa çevrildikdən sonra yatağın birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən illik 9 milyard kubmetr qazın həcmi xeyli artaraq 25 milyard kubmetrə çatdırılacaq. Bu isə “Şahdəniz”in hazırda dünyanın ən böyük qaz işlənməsi layihələrindən biri olduğunu sübut edir. İkinci mərhələ çərçivəsində hasil ediləcək ildə 16 milyard kubmetr qaz təxminən 3500 kilometr məsafəyə nəql edilərək Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçını enerji ilə təmin edəcək. İlk qazın Gürcüstan və Türkiyəyə nəqli 2018-ci ilin sonlarına nəzərdə tutulur. Avropaya isə qazın bundan təxminən bir il sonra çatdırılacağı planlaşdırılır. Dövlətimizin başçısı İlham Əliyev martın 4-də Sofiyada Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisovla keçirilən birgə mətbuat konfransında demişdir: “İyirmi ildir ki, Azərbaycan öz enerji resurslarının dünya bazarlarına müxtəlif yollarla çıxarılması ilə məşğuldur və geniş şaxələndirilmiş nəqliyyat infrastrukturuna malikdir. “Cənub” qaz dəhlizi isə, sadəcə olaraq, Avropada bu gün reallaşan ən böyük infrastruktur layihəsidir... Azərbaycanın qaz ehtiyatları həm Azərbaycan xalqının rifahına, eyni zamanda, Avropa istehlakçılarının enerji təhlükəsizliyinə xidmət göstərir. Bu gün Avropa İttifaqı sənədlərində Azərbaycan çox etibarlı və strateji tərəfdaş kimi qiymətləndirilir. Azərbaycan qazı Avropaya yaxın zamanlarda nəql edilə biləcək yeganə yeni qaz mənbəyidir. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Geniş şaxələndirilmiş infrastruktur imkan verir ki, biz qaz ixracımızı istənilən istiqamət üzrə artıraq. Bizim üçün Avropa bazarı prioritet bazardır. Azərbaycanın bu istiqamətdə təşəbbüs olaraq irəli sürdüyü layihələr Avropa qurumları tərəfindən də dəstəklənir”.
Qeyd etdiyimiz kimi, Azərbaycanın zəngin qaz ölkəsi olduğunu sübut edən “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsinə start verilmişdir. 2013-cü il dekabrın 17-də Şahdəniz konsorsiumu tərəfindən ikinci işlənmə mərhələsi üçün yekun investisiya qərarı təsdiq olunduqdan sonra “Şahdəniz” qaz hasilatı və ixracı layihəsi həlledici mərhələyə qədəm qoymuşdur. Bu qərar Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin ixrac gücünə ildə 16 milyard kubmetr əlavə olunması (Azərbaycanda 48 düyməlik yeni boru kəməri, Gürcüstanda isə iki kompressor stansiyası vasitəsilə), Türkiyə ərazisindən keçən Trans-Anadolu qaz boru kəmərinin (TANAP) və Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan Trans-Adriatik boru kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan verir. 2014-cü il sentyabrın 20-də Bakıda “Cənub” qaz dəhlizinin təməlinin qoyulması isə “Şahdəniz-2” layihəsinin həyata keçirilməsində əlamətdar bir hadisə idi. “Cənub” qaz dəhlizi “Şahdəniz” yatağından hasil ediləcək ildə 16 milyard kubmetr qazın təxminən 3500 kilometr uzunluğunda boru kəməri vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya nəql edilməsinə imkan verəcək. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: “Keçən il Cənub qaz dəhlizinin təməli qoyulmuşdur. Bu, tarixi hadisədir. Bu layihə bizim uzunmüddətli inkişafımızı daha da sürətləndirəcək. Bu layihə “Əsrin müqaviləsi”nə bərabər olan bir layihədir. Artıq bu layihəni XXI əsrin layihəsi adlandırırlar... Cənub qaz dəhlizinin müəllifi Azərbaycandır. Bu layihənin aparıcı qüvvəsi də Azərbaycandır. Cənub qaz dəhlizinin icrasında 10-a yaxın ölkə iştirak edəcək. Çünki biz bu layihəni çox böyük və geniş layihə kimi görürük, bunu əlbəttə ki, mərhələlərə bölürük. İlk növbədə, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin genişləndirilməsi, TANAP, TAP layihələri, ondan sonrakı dövrdə digər layihələr. Ona görə bu, tarixi hadisədir. Azərbaycan bu sahədə də liderlik keyfiyyətlərini göstərmişdir”.
“Şahdəniz-2” layihəsi Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. 28 milyard dollar dəyərində olan bu layihə reallığa çevrildikdən sonra yatağın birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən illik 9 milyard kubmetr qazın həcmi xeyli artaraq 25 milyard kubmetrə çatdırılacaq. Bu isə “Şahdəniz”in hazırda dünyanın ən böyük qaz işlənməsi layihələrindən biri olduğunu sübut edir.
Göründüyü kimi, Azərbaycan hasil etdiyi təbii qaz həcmlərini Avropanın getdikcə artmaqda olan enerji tələbatının təminatına yönəltməyə, bu məqsədlə nəqliyyat marşrutlarının diversifikasiyasının tərəfdarıdır. Mövcud layihələr üzrə görülən işlər, eləcə də perspektiv strukturların potensialı isə nikbin proqnozlar üçün əsas verir. Belə ki, hazırda ölkəmizin təsdiq olunmuş qaz ehtiyatları təqribən 3 milyard kubmetrə yaxındır. 2015-ci ildə ölkə üzrə qaz hasilatını laylara vurulan qaz istisna olunmaqla 20 milyard, 2025-ci ilə qədər isə 40 milyard kubmetrə çatdırmaq üçün real imkanlar mövcuddur. Bu isə Azərbaycanın regionun və Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında rolunu daha da artıracaqdır.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.