Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan ölkənin iqtisadi inkişaf strategiyası hazırda onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Keçən əsrin 90-cı illərinin ortalarından sonra Azərbaycan özünün siyasi sabitlik və iqtisadi inkişaf mərhələsinə qədəm qoydu. Böyük neft və qaz müqavilələrinin gerçəkləşməsi ölkəmizin iqtisadi inkişafının yeni istiqamətlərini müəyyənləşdirdi. Hərtərəfli inkişafa nail olmaq üçün bütün sahələrdə kompleks islahatlar aparıldı, o cümlədən infrastruktur layihələrin gerçəkləşməsinə xüsusi diqqət yetirildi.
Məlum məsələdir ki, bazar iqtisadiyyatı şəraitində yaşayan ölkələrdə həyata keçirilən hər bir layihə sırf bazar iqtisadiyyatı prinsiplərini, açıq desək, daha çox mənfəət götürülməsini nəzərdə tutur. Buna baxmayaraq bir çox inkişaf etmiş ölkələrdən fərqli olaraq Azərbaycanda belə layihələrdən götürülən mənfəət nəzərə alınmadan xalqın rifahı naminə həyata keçirilir. Məhz son illərin dövlət büdcəsinə nəzər salsaq infrastruktur layihələrin gerçəkləşməsinə ayrılan vəsaitin həcmi deyilənləri təsdiqləyir. Bütün bunlar onu göstərir ki, infrastruktur layihələrin həyata keçirilməsi ictimai həyatın bütün sahələrinin yenidən qurulması məqsədilə Azərbaycanda həyata keçirilən sosialyönümlü layihələrin tərkib hissəsidir. Haqlı olaraq ölkə Prezidenti cənab İlham Əliyev də davamlı sosial-iqtisadi inkişafın yeganə yolunu infrastrukturun yeniləşməsində, qabaqcıl texnologiyanın mənimsənilməsində görür və bu istiqamətdə əlindən gələni edir. Nəticədə ölkəmizin bütün regionları tədricən canlanmağa başlayır və hər yerdə irimiqyaslı layihələr həyata keçirilir. Kəndlərin illər boyu yığılıb qalan problemləri öz müsbət həllini tapır.
Bu məqamda bir fikri xüsusilə qeyd etmək istəyirəm. 18 may 2000-ci ildə Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti, ulu öndərimiz Heydər Əliyev, donor ölkələrin, beynəlxalq humanitar təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən “ İnkişaf problemləri və strateji istiqamətlər” mövzusunda beynəlxalq konfransda “Humanitar yardımdan inkişafa doğru” strategiyasını müəyyən etmişdir. Məhz bu istiqamətdə son illər qəbul edilmiş və uğurla həyata keçirilən iqtisadi proqramlar arasında Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarəedilməsi üzrə Dövlət Xidməti tərəfindən icra olunan Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL-in) xüsusi yeri var. Bu layihə ilkin olaraq Azərbaycan hökuməti və Dünya Bankı arasında 23 sentyabr 2004-cü ildə bağlanmış sazişə əsasən respublikanın 3 zonasında-Naxçıvan (Şərur, Ordubad, Culfa, Kəngərli, Babək, Şahbuz, Sədərək), Muğan-Salyan (Cəlilabad, Neftçala, Salyan, Saatlı, İmişli, Biləsuvar, Sabirabad), Düzən Şirvan (Hacıqabul, Kürdəmir, Zərdab, Ucar, Göyçay, Ağdaş, Yevlax) zonalarında həyata keçirilərək 2005-2008-ci illəri əhatə etmişdir.
Bu illər ərzində 3 zonada 340 layihə həyata keçirilmiş və təqribən bir milyona qədər kənd əhalisinin yaşayış səviyyəsinin daha da yaxşılaşmasına səbəb olmuşdur. Bu sadəcə rəqəm yox, hər üç zonada onlarca kəndin içməli su və suvarma suyu ilə təmin edilməsi, kənd yollarının əsaslı təmiri və bərpası, məktəb tikintisi və təmiri, elektrik sisteminin bərpası və genişləndirilməsi, kəndlərdə drenaj kanallarının təmiri və çəkilməsi və s. deməkdir. Dəfələrlə Dünya Bankının Nəzarət Missiyası layihələrin texniki icrası və onun keyfiyyətinin monitorinqini keçirmiş və icra edildiyi qeyd olunmuşdur. AzKİL-in uğurlu fəaliyyəti onun əhatə dairəsinə daxil olmayan rayon rəhbərlərinin, kənd sakinlərinin, bələdiyyələrin ciddi marağına səbəb olmuş, Azərbaycan hökumətinə, Kənd Təsərrüfatı Nazirliyinə və təmsil olunduğu Xidmətə layihənin həmin rayon və kəndlərdə də həyata keçirilməsi barədə çoxsaylı müraciətlər edilmişdir.
Məhz AzKİL-in uğurlu fəaliyyəti və əldə etdiyi nəticələr Azərbaycan hökuməti və Dünya Bankını 20 aprel 2009-cu ildə onun fəaliyyətinin uzadılması və yeni zonaların cəlb olunması bərədə “Əlavə Maliyyələşdirmə ”Sazişi bağlamağa sövq etdi. Layihənin fəaliyyət zonası Naxçıvan qalmaqla Şimal bölgəsinə (İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Qax, Balakən, Quba, Qusar, Xaçmaz) və Şimal Qərb bölgəsinə (Bərdə, Tərtər, Goranboy, Samux, Göygöl, Tovuz, Qazax, Ağstafa, Şəmkir, Daşkəsən, Gədəbəy) qədər genişləndi. Bu bölgələrdə də kənd sakinlərinin özləri tərəfindən qəbul olunan layihələr yüksək keyfiyyətlə həyata keçirildi və əsasən bələdiyyələrin, eləcə də dövlət qurumlarının balansına təhvil verildi.Yuxarıda qeyd olunduğu kimi, ildə ən azı iki dəfə Dünya Bankının AZKİL üzrə Nəzarət Missiyasının üzvləri layihənin fəaliyyətini qiymətləndirmək məqsədilə Azərbaycana səfərlər edir və hər dəfə də texniki icrada olan və təhvil verilmiş layihələrlə yaxından tanış olurlar. Onu da qeyd edim ki, həmin missiyanın tərkibinə həmişə yüksək səviyyəli beynəlxalq mütəxəssislər daxil edilir.
2010-cu ilin yayında AzKİL-in ünvanına sevindirici bir xəbər gəlmişdir. Dünya Bankının Şərqi Avropa və Mərkəzi Asiya regionları ərazisində həyata keçirilən yüzdən artıq layihənin ən layiqli 47-si müəyyənləşdirilmiş və “İnsanların həyatının yaxşılaşdırılması” müsabiqəsində qalib olan 12 layihədən biri seçilmişdir. Bu müsabiqənin məqsədi qaliblər arasından Dünya Bankından alınmış kreditlə həyata keçirilən müxtəlif layihələrin Analitik Məsləhət Tədbirlərinin təmsili və özlərinin inkişaf məqsədləri, bu və ya digər göstəricilər, öyrənilmiş mühüm dərslərə müvafiq uğurlu nətəcələr əldə edən namizədlərin seçilməsi idi.
2010-cu ilin sentyabrında Dünya Bankının vitse- prezidenti Azərbaycana səfəri zamanı “İnsanların həyatının yaxşılaşdırılması” müsabiqəsinin qalibi olmuş AzKİL-in rəhbərliyinə bu geniş miqyaslı yarışmanın mükafatını şəxsən özü təqdim etdi. Əlbəttə, bütün bunlar ölkəmizdə siyasi sabitliyin və iqtisadi inkişafın qarantı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü, qətiyyətli və reallığa söykənən fəaliyyətinin nəticəsidir. 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi də bu sahəyə xüsusi önəm verilməsi deməkdir. Yeri gəlmişkən onu da qeyd edək ki, kəndlərin hərtərəfli və uzunmüddətli inkişafına yönələn layihələr məhz Kənd Təsərrüfatı Nazirliyinin ümumi rəhbərliyi altında həyata keçirilir.
AzKİL kollektivinin ən böyük arzusu bu layihənin respublikanın bütün ərazisində fəaliyyət göstərməsi, daha böyük uğurlara imza atılması və daha çox insanı sevindirməkdir. Uzun müddət idi ki, Kənd İnvestisiya Layihəsinin uğurlu fəaliyyəti onun əhatə dairəsinə daxil olmayan rayon rəhbərlərindən, kəndlərin yerli icra və bələdiyyə strukturlarından layihə rəhbərinin, Kənd Təsərrüfatı Nazirliyinin, eləcə də Azərbaycan hökumətinin ünvanına çoxsaylı müraciətlər daxil olurdu. Onlar bu layihənin fəaliyyət dairəsinin genişləndirilməsini və müddətinin uzadılmasını xahiş edirdilər. Bütün bunları nəzərə alan ölkə rəhbərliyi və Dünya Bankı layihənin ikinci mərhələsinə dair razılıq əldə etdilər.
Dünya Bankı ilə Azərbaycan hökuməti arasında İkinci Kənd İnvestisiya Layihəsi barədə saziş bağlandı. Bütün ölkə ərazisini (işğal altındakı ərazilərdən başqa) əhatə edəcək yeni layihənin məqsədi icmayönümlü kənd infrastrukturuna çıxışı və istifadəni artırmaq, kənd yerlərində ailələrin iqtisadi fəaliyyətini gücləndirməkdir. İkinci Kənd İnvestisiya Layihəsi 2012-2017-ci illər ərzində 600-ə qədər icma layihələrini maliyyələşdirəcəkdir ki, bunun da nəticəsində regionlarda kənd təsərrüfatı məhsullarının istehsalı və məhsulun bazarlara çıxışı əhəmiyyətli dərəcədə artacaq. Bu layihədən təqribən 2 milyona yaxın kənd sakini faydalanacaq. Onu da qeyd etmək istəyirəm ki, layihə çərçivəsində kəndlərdə gəlir gətirən bir neçə pilot layihənin də həyata keçirilməsi planlaşdırılıb. Heç şübhəsiz, bu addım kəndlərin inkişafına və əhalinin maddi durumunun daha da yaxşılaşmasına öz müsbət təsirini göstərəcəkdir.
Fərman HƏSƏNOV,
İkinci Kənd İnvestisiya Layihəsinin
informasiya və əlaqələr üzrə mütəxəssisi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.