İlk iki ayın nəticələri uğurludur

Yanvar-fevral aylarında ölkədə qeyri-neft sektorunda məhsul istehsalı 5,1 faiz artmışdır

Azərbaycanda böyük uğurla həyata keçirilən düşünülmüş iqtisadi islahatlar nəticəsində   hərtərəfli və dinamik inkişaf təmin edilmişdir. Son illərdə dünyada iqtisadi və maliyyə böhranı davam etdiyi halda, Azərbaycanda makroiqtisadi  sabitlik  qorunmuş, ölkənin rəqabətqabiliyyətliliyi daha da artırılmışdır. Təsadüfi deyil ki, dünyanın ən mötəbər iqtisadi qurumı olan Davos Ümumdünya İqtisadi Forumu rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 38-ci yerə layiq görmüşdür.

Ölkə iqtisadiyyatının davamlı inkişafının təmin olunmasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında hazırlanan və böyük uğurla həyata keçirilən sosial-iqtisadi siyasət və bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rola malikdir. Məhz bunun nəticəsidir ki, son illərdə ölkədə iqtisadi artım qeyri-neft sektorunun inkişafı hesabına təmin olunmuşdur. Ötən il bu sahə üzrə artım təxminən 7 faiz olmuş, işsizliyin səviyyəsi 5 faizə enmişdir. Ölkə iqtisadiyyatına 27 milyard dollar həcmində sərmayə yatırılmış və valyuta ehtiyatlarımız 50 milyard dolları  ötmüşdür.

Azərbaycan Prezidenti cənab İlham Əliyev əldə olunan uğurlardan danışarkən demişdir: “Siz yaxşı bilirsiniz ki, dünyada neftin qiymətinin düşməsi ilə əlaqədar müəyyən gərginliklər yaşanır, o cümlədən bizim bölgədə. Azərbaycan isə sabitlik adasıdır, nümunəvi ölkədir. Ölkəmizdə istər siyasi, istərsə də  iqtisadi sabitlik təmin edilir və ediləcək. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayacaq və ildən-ilə xalqımızın rifah halı yaxşılaşacaqdır”.

Respublika Dövlət Statistika Komitəsinin 2015-ci ilin iki ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabatı da bu deyilənləri təsdiq edir. İki ay ərzində ölkədə ümumi daxili məhsul istehsalı ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 4,2 faiz artaraq 7,1 milyard manat olmuşdur. Əlavə dəyərin 36,3 faizi sənaye sahələrində, 10,4 faizi tikinti kompleksində, 15,5 faizi ticarət və pullu xidmət sahələrində, 6,7 faizi nəqliyyatda, 2,4 faizi rabitə müəssisələrində, 3,4 faizi aqrar bölmədə, 14,9 faizi digər sahələrdə yaradılmışdır. Əlavə dəyərin 66,6 faizi qeyri-neft sektorunda istehsal edilmiş və  ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 5,1 faiz artmışdır.  Neft-qaz sektorunda isə artım 3,3 faiz olmuşdur.

2015-ci ilin yanvar-fevral aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 3,7 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Mədənçıxarma bölməsində məhsul istehsalı 5,4 faiz, o cümlədən neft hasilatı 1,6 faiz, əmtəəlik qaz hasilatı isə 10,5 faiz artmışdır.

İki ay ərzində sənayenin emal bölməsində içki istehsalı 1,5 faiz, kimya sənayesi məhsulları istehsalı 20,6 faiz, rezin və plastmas məmulatların istehsalı 29,3 faiz, hazır metal məmulatların istehsalı 7,6 faiz, tikinti materialları istehsalı 24  faiz, elektrik avadanlıqlarının istehsalı 73,6 faiz artmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində məhsul istehsalı 2,3 faiz, elektrik enerjisi istehsalı isə 1,2 faiz artaraq 4,1 milyard kVt saat olmuşdur. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində isə məhsul istehsalı 10  faiz artmışdır.

Kənd təsərrüfatının inkişafını daha da sürətləndirmək,  modernləşdirmək, bu sahədə mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı reallaşdırmaq, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək  məqsədilə Prezident İlham Əliyevin 12 yanvar 2015-ci il tarixdə imzaladığı  sərəncamla  2015-ci il Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilmişdir. Həmin sərəncamda bildirilir ki, Azərbaycanda  həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılmışdır. Aqrar sektorda əsaslı dəyişikliklər baş vermiş, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşmış, normativ hüquqi baza təkmilləşdirilmişdir. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir.

Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin və institusional dəyişikliklərin müəyyənləşdirilməsi sözügedən sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin  təməlini qoymuşdur. Hazırda əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkəmizdə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində bölgələrdə müasir infrastruktur qurulur, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilir.

Hazırda aqrar bölmədə bitkiçilik məhsullarının əkininə başlanmışdır. Mart ayının 1-nə kimi 47,7 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 1031 hektar sahədə dənli və dənli paxlalılar, 11 min hektar sahədə kartof, 7,3 min hektar sahədə tərəvəz, 28,3 min hektar sahədə çoxillik otlar əkilmişdir.

Heyvandarlıq məhsullarından diri çəkidə ət istehsalı keçən ilin müvafiq dövrünə nisbətən 1,4 min ton, yaxud 1,9 faiz artaraq 72,3 min ton, süd istehsalı 11,5 min ton və ya 4,3 faiz artaraq 279,4 min ton, yumurta istehsalı 17,1 milyon ədəd, yaxud 7,1 faiz artaraq 257,6 milyon ədəd, bitkiçilik məhsullarından isə 226 ton və ya 6  faiz çox tərəvəz istehsal edilmişdir. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 3,5 faiz, heyvandarlıq məhsulları istehsalı 3,1 faiz, kənd təsərrüfatı üzrə ümumi məhsul istehsalı isə 3,1 faiz artmışdır.

Yanvar-fevral aylarında ölkənin tikinti kompleksində 1697,5 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz çox vəsaitdən istifadə edilmiş və onun 1247  milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 886,5 milyon manatı yerli mənbələrdən daxil olmuşdur.

Müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına iki ay ərzində 262,9 min kvadratmetr yaşayış evləri, növbədə 90 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisələri, 998 şagird yerlik ümumtəhsil məktəbləri, 150 yerlik məktəbəqədər təhsil müəssisələri, 140 yerlik klub və mədəniyyət evləri, Bakı şəhərində 110 kilovoltluq “Ağ şəhər-1", ”Həzi Aslanov", “Kürdəxanı” və 35 kilovoltluq 7 elektrik yarımstansiyası, Sumqayıt şəhərində Beton məmulatı zavodu və “Alyans Tekstil” tikiş fabriki, Qusar rayonunda “Park Chalet Shahdag” oteli istifadəyə verilmişdir.

Nəqliyyat kompleksində fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən iki ay ərzində 33,2 milyon ton yük və 283,8 milyon nəfər sərnişin daşınmış, 2014-cü ilin müvafiq dövrünə nisbətən yük daşınması 3,8 faiz, sərnişin daşınması 4,1 faiz artmışdır. Yük daşınması avtomobil nəqliyyatı ilə 2,6 faiz, dəmir yolu ilə 18,5 faiz, hava nəqliyyatı ilə 28  faiz, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 3,7 faiz, metro ilə 6,2 faiz, dəmir yolu ilə 2,8 faiz, hava nəqliyyatı ilə 3  faiz artmışdır.

Statistika Komitəsinin məlumatına görə, informasiya və rabitə xidmətləri müəssisələrinin əhaliyə, idarə və təşkilatlara göstərdikləri xidmətlərin həcmi də xeyli artmışdır.  Yanvar-fevral aylarında bu sahə üzrə ötən ilin müvafiq dövrünə nisbətən 10  faiz artım əldə edilmiş və onun həcmi 254,7 milyon manatdan  çox olmuşdur. 

Pərakəndə ticarət şəbəkəsindən əhaliyə 3543,8 milyon manat məbləğində istehlak malları satılmış və xidmət müəssisələri tərəfindən 1076,7 milyon manatlıq pullu xidmət göstərilmişdir. 2014-cü ilin yanvar-fevral ayları ilə müqayisədə əmtəə dövriyyəsi 8,5 faiz, pullu xidmətlərin həcmi isə 5,1 faiz artmış, ölkə sakinləri ticarət şəbəkəsindən 1775,1 milyon manatlıq qida məhsulları, içkilər və tütün məmulatı, 1768,7 milyon manatlıq qeyri-ərzaq malları almışlar.

Dövlət Gömrük Komitəsinin məlumatlarına görə 2015-ci ilin yanvar ayında ölkənin hüquqi və fiziki şəxsləri xarici dövlətlərlə 1852  milyon dollar məbləğində ticarət əməliyyatları aparmışlar. Əmtəə dövriyyəsinin 69  faizini və ya 1277,8 milyon dollarını ölkədən ixrac olunmuş mallar, 31  faizini (574,2 milyon dollarını) isə idxal məhsulları təşkil etmiş, 703,6 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. Əmtəə mübadiləsinin 9,3 faizi və ya 172,4 milyon dollarlığı MDB üzvü ölkələri ilə, 58  faizi və ya 1074,1 milyon dollarlığı Avropa İttifaqı ölkələri ilə, 32,7 faizi isə (605,5 milyon dolları) digər dövlətlərlə aparılmışdır.

Ölkəmizə idxal olunmuş malların 23,8 faizi və ya 136,8 milyon dollarlığı MDB üzvü ölkələrindən, 33,4 faizi və ya 191,9 milyon dollarlığı Avropa İttifaqı ölkələrindən, 42,8 faizi (245,5 milyon dolları) digər dövlətlərdən daxil olmuşdur. Ölkəyə gətirilmiş malların 28,7 faizini maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, 17,6 faizini azqiymətli metallar və onlardan hazırlanmış məmulatlar, 9,8 faizini ərzaq məhsulları, spirtli və spirtsiz içkilər, sirkə, tütün, 8,7 faizini quru yol nəqliyyat vasitələri, uçan aparatlar, üzən nəqliyyat vasitələri, 7  faizini kimya sənayesi məhsulları, 6,8 faizini bitki mənşəli məhsullar, 2,8 faizini plastik kütlələr, kauçuk, rezin, onlardan hazırlanan məmulatlar və s. təşkil etmişdir.

Ölkədən ixrac edilmiş malların 2,8 faizi və ya 35,6 milyon dollarlığı MDB üzvü ölkələrinə, 69  faizi və ya 882,2 milyon dollarlığı Avropa İttifaqı ölkələrinə, 28,2 faizi isə (360  milyon dolları) digər dövlətlərə göndərilmişdir. Xarici ölkələrə göndərilmiş malların içərisində mineral məhsullar üstünlük təşkil etmişdir. Bundan başqa, ölkədən bitki mənşəli məhsullar, ərzaq, kimya sənayesi məhsulları, azqiymətli metallar və onlardan hazırlanmış məmulatlar, plastik kütlələr, kauçuk, rezin, onlardan hazırlanmış məmulatlar və s. ixrac olunmuşdur.

Əmtəə mübadiləsi daha çox İtaliya, Fransa, Almaniya, Rusiya, Türkiyə, Avstriya, İspaniya, Çexiya, Tailand, Tunis və digər dövlətlərlə aparılmışdır. Sevindirici haldır ki, xaricə göndərilən qeyri-neft məhsullarının  həcmi ilbəil artmaqdadır. Yanvar ayında qeyri-neft məhsulları ixracı 124,2 milyon dollar təşkil edərək 16 faiz artmışdır. Yanvar ayında ölkəmizə 0,5 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olmuşdur.

İstehlak mallarının qiymətləri və xidmət tarifləri fevral ayında yanvar ayı ilə müqayisədə 4  faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 6,6 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,1 faiz, xidmət tarifləri isə 1,2 faiz bahalaşmışdır. 2014-cü ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-fevral aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 2  faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,7 faiz, xidmət tarifləri isə 1,4 faiz bahalaşmışdır.

Yanvar ayı ərzində muzdla işləyənlərin orta aylıq əmək haqqı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 444,4 manat təşkil etmişdir. İlin ilk iki ayı ərzində ölkə əhalisinin hər bir nəfərinin gəlirləri 3,7 faiz artaraq 618  manata çatmışdır. Gəlirlərin 75,4 faizi son istehlaka, 9,8 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 12,5 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2015-ci ilin yanvar ayında dövlət büdcəsinə 1,7 milyard manat vəsait daxil olmuş, büdcədən 1,3 milyard manat vəsait xərclənmişdir. Büdcənin gəlirləri ilə xərcləri arasında yaranmış 421,6 milyon manatlıq profisit ümumi daxili məhsulun 11,6 faizinə bərabər olmuşdur. Büdcə xərclərinin 812,8 milyon manatı iqtisadiyyatın inkişafına, 202,7 milyon manatı sosial müdafiə və sosial təminata, 38,4 milyon manatı isə təhsil və səhiyyəyə yönəldilmişdir.

2015-ci ilin fevralın 1-nə kimi ölkə əhalisinin sayı 9 milyon 662 min nəfərə çatmışdır.  Başqa sözlə, ilin əvvəlindən bəri artım 9 min olmuşdur. Cari ilin yanvar ayında13,9 min körpə dünyaya göz açmışdır. Yeni doğulanların 46,4 faizini qızlar, 53,6 faizini isə oğlanlar təşkil etmişdir.

 

Əlipənah BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında