ABŞ neft satışına olan qadağanı ləğv edəcək?

Son günlər dünya neft bazarlarında “qara qızıl”ın qiymətləri kəskin enmə və yüksəlmələr nümayiş etdirmir. Amma çox yaxın perspektivdə okeanın o tayında qəbul ediləcək qərar neft bazarlarında yenidən gərgin günlərin başlanmasına səbəb ola bilər. Söhbət ABŞ hökumətinin neft ixracarına qoyulan qadağanı aradan qaldılması ehtimalından gedir. Mütəxəssislər əmindirlər ki, Birləşmiş Ştatlar “qara qızıl”ın ölkə hüdudlarından kənarda satışına icazə verərsə, neft bazarlarında kəskin qiymət enişi qaçılmaz olacaq.

“Bloomberg” agentliyi ABŞ-ın neft şirkətlərinin bu günlərdə 1973-cü ildən etibarən “qara qızıl”ın ixracatını qadağa edən qanunun dəyişdirilməsi barədə hökumətə müraciət etdiyini yazır. Hökumətə ünvanlanmış müraciətə “ConocoPhillips”, “Marathon Oil”  və “Chesapeake Energy” kimi iri korporasiyaların da imza atdığını vurğulayan agentlik  şirkət rəhbərlərinin ABŞ Prezidenti Barak Obamanın energetika siyasəti üzrə məsləhətçisi Brayan Diza ilə və bir sıra konqresmenlərlə görüşlərində məsələyə baxışlarını açıqladıqlarını bildirir. Məlumatlarda ABŞ şirkətlərinin Birləşmiş Ştatların WTİ yüngül markalı neftinin qiymətilə Şimali Amerikanın Brent markalı neftinin dəyəri arasında müşahidə olunan kəskin fərqlə əlaqədar olaraq dünya bazarlarına çıxmaq istəyir. Hazırda bu iki markalı neft arasında  qiymət fərqi təqribən 10 dollar təşkil edir.

Mütəxəssislər iddia edirlər ki, ABŞ-da ixracata qoyulan qadağanın ləğv edilməsi dünya bazarlarına mənfi təsir göstərəcək. Hesablamalara görə, hazırda dünya bazarlarında təqribən 300 milyon barrel izafi neft var. Təklifin tələbi üstələməsi “qara qızıl”ın bahalaşmasına mane olur. Buna görə də, ABŞ şirkətlərinin dünya bazarlarına çıxmasının neft qiymətlərinin ucuzlaşmasına, WTI və Brent markalı neft növləri arasında qiymət fərqinin qısa zaman ərzində aradan qalxmasına şərait yaradacağı şübhə doğurmur. Amma belə perspektiv ABŞ-ın neft şirkətlərinə də zərbə vuracaq. Buna görə də, qiymətlərin həddindən artıq ucuzlaşmasına yol aça biləcək addımların nəticələri okeanın o tayında fəaliyyət göstərən şirkət rəhbərlərini ciddi düşündürməlidir. Doğrudur, ABŞ şirkətlərinin dünya bazarlarına çıxmasından sonra “qara qızıl”ın qiymətlərinin nə qədər dəyər itirəcəyini proqnozlaşdırmaq çətindir. Mütəxəssislər bunun bazara çıxarılacaq neftin həcmindən asılı olacağını bildirirlər.

Bununla yanaşı, bəzi mütəxəssislər deyirlər ki, ABŞ-da ­yaranmış vəziyyət yerli neft şirkətlərini yeni bazarlar axtarmağa vadar edir. Məsələ ondadır ki, Birləşmiş Ştatlarda neftin saxlanılması üçün azad istehsal obyektləri bitmək üzrədir. Hələ ötən həftənin əvvəlində “The Wall Street Journal” qəzeti ABŞ-da neft anbarlarının 70 faizinin dolu olduğunu bildirmişdi. Buna görə də, yaxın aylarda ABŞ-da neftin saxlanılması üçün fiziki olaraq istehsal obyektləri qalmayacaq. Belə olduğu halda Birləşmiş Ştatların daxili bazarında “qara neft”in qiymətləri kəskin ucuzlaşacaq, ona görə ki, hasilat davam edəcəyi təqdirdə neftin saxlanılması üçün yer tapılmayacaq. Lakin istənilən halda ABŞ neftinin dünya bazarlarına çıxması bazar iştirakçılarının hamısına mənfi təsir göstərəcək. Bazar payını itirməməsi üçün OPEK ölkələri ABŞ ilə mübarizə aparacaq. Mübarizə isə qiymət metodları vasitəsilə həyata keçiriləcək. Bəzi mütəxəssislər isə belə bir mübarizənin çox kəskin olacağını iddia edirlər.

Belə bir mübarizənin nəticələri artıq hiss olunur. Xatırladaq ki, ötən ilin noyabr ayında OPEK ölkələrinin sammitində neft hasilatının həcminin saxlanılması barədə qərar qəbul edilməsindən sonra dünya bazarlarında neft sürətlə ucuzlaşdı və hazırda “qara qızıl”ın bir barreli 50-60 dollar civarında satılır. Neftin bu qədər ucuzlaşması da ABŞ-da son vaxtlar bum yaşanan şist sənayesinə mənfi təsir göstərir. OPEK təşkilatının son addımı da məhz ABŞ-ın dünya neft bazarına çıxmasına imkan verməməyə çalışması kimi də qiymətləndirilir. Bazardakı payını ititməmək üçün OPEK üzvləri Asiya-Sakit okean regionunda yerləşən ölkələrə güzəştli qiymətlərlə neft satmağa da razılıq vermişdilər. Belə bir təzyiq altında Birləşmiş Ştatların geri çəkiləcəyi düşünülürdü. Ancaq mart ayının əvvəlində Səudiyyə Ərəbistanı hökumətinin Asiya satıcıları üçün güzəşt kampaniyasının bitdiyini açıqladı və bir çox mütəxəssis rəsmi Ər-Riyadın bu addımını ABŞ və Səudiyyə Ərəbistanı arasında gedən qiymət müharibəsinin başa çatmasını göstərən  siqnal kimi qələmə verirlər. Belə ehtimal olunur ki, Səudiyyə Ərəbistanı planlaşdırdığı bazar payını artıq əldə etdi və qiymət güzəştlərini aradan qaldırdı. Ancaq ABŞ şirkətlərinin hökumətə ünvanladığı son müraciət və rəsmi Vaşinqtonun həmin müraciətə müsbət cavab verəcəyi təqdirdə dünya neft bazarlarında yeni xoşagəlməz vəziyyət yaranacaq.

Vəziyyətin mürəkkəb olduğunu ABŞ hökuməti də anlayır. Təbii ki, istənilən dövlət yerli şirkətlərinin maraqlarını qorumalıdır, ancaq dünya bazarlarına təsir göstərmək iqtidarında olan ölkə hakimiyyətindən mühüm qərarların qəbul edilməsində daha ehtiyatlı davranmasını gözləmək də başa düşüləndir. İndi son söz rəsmi Vaşinqtonundur. Neft qiymətləri hələ ədalətli yerini tapmağa çalışır və qiymətləri aşağıya dartacaq qərarların qəbul edilməsi onsuz da ciddi sınaq dövrünü yaşayan dünya iqtisadiyyatına ciddi zərbə vura bilər. Okeanın o tayında da bu reallığı gözəl bilirlər.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında