Əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də ölkəmizin sosial-iqtisadi inkişafı davam etmiş, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sənaye potensialının gücləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli işlər görülmüş, nəticədə əhalinin rifahının yüksəlməsi davam etmişdir. Bu davamlı inkişaf ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının ölkə Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilməsi sayəsində mümkün olmuşdur.
Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyətinə dair Milli Məclisdə keçirilən hesabatında da bu barədə ətraflı danışılmışdır. Bildirilmişdir ki, dövlət başçısının rəhbərliyi altında son illərdə ardıcıl olaraq reallaşdırılan inkişaf strategiyası keçən il də uğurla davam etdirilmiş, aparılan sistemli və məqsədyönlü islahatlar yüksək sosial-iqtisadi göstəricilərlə nəticələnmişdir. İqtisadiyyatın şaxələndirilməsi və əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində görülən mühüm işlər, əldə olunan konkret nəticələr dövlət başçısının müasir çağırışlara cavab verən iqtisadi siyasətinin ən önəmli səciyyəvi xüsusiyyətləridir.
Ötən il dünya iqtisadiyyatında tənəzzülün davam etməsinə baxmayaraq, ölkəmiz yüksək makroiqtisadi göstəricilər əldə etmiş, regionda həyata keçirilən transmilli layihələrdə aparıcı rol oynamış, dövlət proqramlarını uğurla icra etmişdir. 2014-cü ildə sosial-iqtisadi və infrastruktur layihələrinin həyata keçirilməsinə yönəldilən 22 milyard manata yaxın investisiyanın 59 faizi daxili, 41 faizi isə xarici investorların payına düşmüşdür. Hesabat dövründə iqtisadiyyatın əsas göstəricisi olan ümumi daxili məhsulun həcmi 2,8 faiz artaraq 59 milyard manat səviyyəsinə çatmışdır. Əhalinin hər nəfərinə düşən əlavə dəyər 6300 manat olmuşdur. Ümumi daxili məhsulun 41,5 faizi sənayedə, qalan hissəsi tikintidə, ticarət və pullu xidmətlərdə, kənd təsərrüfatında, nəqliyyatda və digər sahələrdə əldə olunmuşdur. Onun ümumi həcmində qeyri-neft sektorunda istehsal olunan əlavə dəyər 61 faiz təşkil etmişdir ki, bu da 2013-cü ilə nisbətən 7 faiz çoxdur.
Xatırladaq ki, əsas kapitala yönəldilmiş 17,6 milyard manat məbləğində vəsaitin 66 faizdən çoxu qeyri-neft sektorunun payına düşmüşdür. Ölkə üzrə ümumi investisiyalar isə 27,7 milyard ABŞ dolları olmuşdur. Həyata keçirilən səmərəli iqtisadi və maliyyə siyasəti daxili sərmayələrlə yanaşı, 11,5 milyard dollar məbləğində xarici investisiyaların cəlb olunmasına da zəmin yaratmışdır.
Ötən il ölkənin sosial-iqtisadi inkişafı əhalinin aztəminatlı təbəqəsinin həyat səviyyəsinin yüksəldilməsinə mühüm şərait yaratmışdır. Ötən il iqtisadiyyatın əsas göstəricisi olan ümumi daxili məhsulun həcmi 2,8 faiz artaraq 59 milyard manat səviyyəsinə çatmışdır. Əhalinin hər nəfərinə düşən əlavə dəyər 6300 manat olmuşdur. Ünvanlı dövlət sosial yardımı alan şəxslərin sayı bu səbəbdən 33,7 faiz azaldılmış, eyni zamanda, bir ailəyə düşən orta aylıq sosial yardım 149 manatadək artırılmışdır. Yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 192 manat təşkil etmişdir. Qarabağ və Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərə 1453 minik avtomobili ayrılmış, 172 ailəyə yeni mənzil verilmişdir. Bütünlükdə həyata keçirilmiş tədbirlərin nəticəsidir ki, ölkə üzrə yoxsulluğun səviyyəsi azalaraq ilin sonuna 5 faizə düşmüşdür.
Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyətinə dair hesabatında, məcburi köçkünlərin sosial problemlərinin həllinə, yaşayış şəraitinin yaxşılaşdırılmasına həmişə olduğu kimi, xüsusi diqqət yetirilməsi də diqqətə çatdırılmışdır. Ötən il onlar üçün 6 yeni qəsəbə və 11 çoxmərtəbəli binadan ibarət olan yaşayış kompleksinin salınması, bununla da dörd mindən artıq məcburi köçkün ailəsinin yeni mənzillə təmin edilməsi, ümumilikdə isə məcburi köçkünlərin sosial, mənzil və məişət problemlərinin həllinə 630 milyon manatdan artıq maliyyə vəsaitinin xərclənilməsi vurğulanmışdır.
Bu gün ölkəmizdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritetlərindən olan sahibkarlığın inkişafı əhəmiyyətli rol oynayır. Dövlət başçımızın həyata keçirdiyi iqtisadi siyasət sahibkarlığın tərəqqisinin təminində, yerli istehsal və sosial infrastrukturun yaradılmasında, güzəştli kreditlərin ayrılmasında, insan kapitalı və təbii ehtiyatlardan səmərəli istifadə yolu ilə mövcud potensialın reallaşdırılmasında, yerli və xarici investorların ölkəyə, xüsusilə regionlara cəlb olunmasında yeni bir səhifə açmışdır. Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.
Hazırda Azərbaycanda ümumi daxili məhsul istehsalında artıq özəl sektorun xüsusi çəkisi aydın hiss olunur, iqtisadi artımın təminatında sahibkarlar sinifinin rol və mövqeyi davamlı şəkildə güclənir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatında və onun əsasını təşkil edən sahibkarlığın inkişafı sahəsində müşahidə edilən pozitiv meyillər özünü göstərməkdə davam edir. Bütün bunlar barədə Nazirlər Kabinetinin 2014-cü il üzrə hesabatında ətraflı danışılmışdır. Bildirilmişdir ki, iqtisadiyyatda həyata keçirilən davamlı struktur siyasəti, biznes və investisiya mühitinin sağlamlaşdırılması, dövlət dəstəyi tədbirləri sahibkarlığın inkişafına stimullaşdırıcı təsir etmişdir. Hesabat ilində yeni yaradılmış müəssisələrin sayı 16 faiz artaraq 9 mini ötmüşdür. Sahibkarlıq subyektlərinin ümumi sayı 386 minə çatmış, bölgələrdən vergi daxilolmaları əvvəlki ilə nisbətən 9,8 faiz yüksəlmişdir. Dövlət büdcəsinin vəsaitləri hesabına Sahibkarlığa Kömək Milli Fondu tərəfindən real sektorda istehsal və xidmət layihələrinin maliyyələşdirilməsi genişləndirilmişdir. Güzəştli şərtlərlə 5560 sahibkarlıq subyektinə 295 milyon manat məbləğində kredit verilmişdir. Kreditlərin 78 faizi regionlara yönəldilmiş və bunun hesabına 39 iri istehsal, emal və xidmət obyekti yaradılmışdır.
Ötən il regionların sosial-iqtisadi inkişafı üzrə 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı qəbul edilmişdir. Məlum olduğu kimi, əvvəlki proqramların icrası çərçivəsində bölgələrdə yüzlərlə istehsal, xidmət, sosial və infrastruktur obyektləri istifadəyə verilmiş, genişmiqyaslı quruculuq və abadlıq işləri aparılmışdır. Yeni proqramda bu tədbirlərin davam etdirilməsi, istehsal müəssisələrinin, iri fermer təsərrüfatlarının, sənaye parklarının yaradılması, onların infrastruktur təminatının təkmilləşdirilməsi nəzərdə tutulmuşdur. Proqramın icrasının birinci ilində regionların inkişafına bütün mənbələr hesabına 4,5 milyard manat vəsait yönəldilmişdir.
Dövlət başçısının müvafiq sərəncamı ilə 2014-cü ilin “Sənaye ili” elan edilməsi ölkənin qeyri-neft sektorunun keyfiyyətcə yeni mərhələyə keçməsinə təkan vermişdir. Bununla bağlı sənayenin şaxələndirilməsi, onun regional strukturunun təkmilləşdirilməsi istiqamətində sürətli və geniş əməli işlərə başlanılmışdır. Bunun nəticəsi olaraq, 2014-cü ildə respublikada 230-dan artıq sənaye müəssisəsi açılmışdır.
Azərbaycan Prezidentinin sərəncamı ilə “2015-2020-ci illərdə sənayenin inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramda qarşıdakı illərdə sənayenin modernləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, müasir istehsal sahələrinin yaradılması, infrastruktur təminatının yaxşılaşdırılması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Proqramın icrası həm də yeni iş yerlərinin açılmasına, regionların sosial-iqtisadi tərəqqisinə, kiçik və orta sahibkarlığın inkişafına təkan verəcəkdir.
2014-cü ildə Azərbaycanın neft sənayesi tarixinin yeni mərhələsinin əsasını qoymuş “Əsrin müqaviləsi”nin 20-ci ildönümü qeyd olunmuşdur. Bu müddətdə görülmüş işlər və əldə edilən nəticələr neft-qaz sektorunun hələ uzun illər ölkə iqtisadiyyatında mühüm yer tutacağını göstərir. Ötən il karbohidrogen resurslarının hasilatının sabitləşdirilməsi, neftin emalının dərinləşdirilməsi, müasir texnologiyaların tətbiqi yolu ilə məhsulun keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir.
2014-cü ildə yeni yaradılmış müəssisələrin sayı 16 faiz artaraq 9 mini ötmüşdür. Sahibkarlıq subyektlərinin ümumi sayı 386 minə çatmış, bölgələrdən vergi daxilolmaları əvvəlki ilə nisbətən 9,8 faiz yüksəlmişdir. Güzəştli şərtlərlə 5560 sahibkarlıq subyektinə 295 milyon manat məbləğində kredit verilmişdir. Kreditlərin 78 faizi regionlara yönəldilmiş və bunun hesabına 39 iri istehsal, emal və xidmət obyekti yaradılmışdır.
Hesabat dövründə orta aylıq əməkhaqqı 4,5 faiz, əhalinin gəlirləri 4,8 faiz, banklardakı əmanətləri 12,4 faiz artmışdır. İllik inflyasiya isə 1,4 faiz səviyyəsində saxlanılmışdır.
Azərbaycan qazının Avropa ölkələrinə nəqli üçün nəzərdə tutulan və həmin ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək Cənub qaz dəhlizinin təməli qoyulmuşdur. Bu nəhəng infrastruktur layihəsi “Şahdəniz”, “TANAP” və “TAP” layihələri ilə birgə uzun müddət ölkənin iqtisadi maraqlarına və xalqın rifahına xidmət edəcəkdir.
Prezident İlham Əliyevin tövsiyəsi ilə ölkə iqtisadiyyatının ən vacib sahəsi olan kənd təsərrüfatında istehsalın və ixracın stimullaşdırılması, məhsulun rəqabətqabiliyyətliliyinin artırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə dövlət dəstəyinin səmərəliliyinin yüksəldilməsi məqsədilə bitkiçilik və heyvandarlığın inzibati rayonlar üzrə ənənəvi sahələri tədqiq edilərək sinfi təsnifatı hazırlanmışdır. Azərbaycanın regionları üzrə ənənəvi kənd təsərrüfatı məhsullarının mövcud vəziyyəti öyrənilərək müvafiq təklif və tövsiyələr verilmiş, həmçinin, aqrar sektorun əlavə dəyərdə payının dinamikası araşdırılmış, qiymət, gəlirlər, istehsalın həcmi üzrə qiymətləndirmələr aparılmışdır.
Kənd təsərrüfatı qeyri-neft sektorunun aparıcı sahələrindəndir və bu sahənin inkişafı ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin olunması və məşğulluğu baxımından xüsusi əhəmiyyət daşıyır. Ötən il kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət qayğısı daha da gücləndirilmişdir. Lizinqə verilən texnikaların sayı əvvəlki ilin göstəricisini 37 faiz üstələmişdir. Fermerlərə texnika keçən ilə nisbətən 50 faiz, gübrə isə 30 faiz aşağı qiymətə verilmiş, buğda və çəltik səpini üçün 20 milyon manatdan artıq, yanacaq və motor yağlarına görə 52 milyon manatadək yardım göstərilmişdir. Kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisi istisna olmaqla, növbəti dəfə 5 il müddətinə bütün vergilərdən azad edilmişdir. Yerli istehsalın imkanlarının artırılması ilə əlaqədar iri fermer təsərrüfatlarının yaradılmasını nəzərdə tutan layihələrə 47 milyon manat güzəştli kreditlər ayrılmışdır.
Kənd təsərrüfatına yararlı torpaq sahələrinin genişləndirilməsi, onların su təminatı məqsədilə nəhəng infrastruktur layihələri olan Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisi başa çatdırılmış, Taxtakörpü-Ceyranbatan və Vəlvələçay-Taxtakörpü kanalları istismara verilmişdir. Qeyd olunan layihələrin icrası, aqrar sektora tətbiq edilən vergi güzəştləri, məhsuldarlığın artırılması ilə bağlı görülən kompleks tədbirlər yaxın gələcəkdə ölkənin əsas ərzaq məhsulları ilə təminatına və ixraca öz müsbət təsirini göstərəcəkdir.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi də aqrar sektorun gələcək inkişafına hesablanmış mühüm qərardır və sahənin perspektiv inkişafında yeni mərhələ olacaqdır.
Hesabat dövründə əvvəlki illərdə olduğu kimi, sosial infrastruktur ardıcıl olaraq inkişaf etdirilmiş, təhsil, səhiyyə, mədəniyyət, turizm və idman sahələrinin maddi-texniki bazası möhkəmləndirilmişdir.
Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyətinə dair hesabatından da göründüyü kimi, həyata keçirilən ardıcıl və sistemli sosial-iqtisadi islahatların nəticəsi olaraq, sabit və dinamik inkişaf edən, etibarlı tərəfdaş bir ölkə kimi Azərbaycanın nüfuzu daha da artmışdır. Dövlət başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyənləşdirilmiş hədəflər bir daha göstərir ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə irimiqyaslı tədbirlərin həyata keçirilməsi bundan sonra da ölkəmizin davamlı inkişafını, onun dünyada mövqeyinin daha da möhkəmlənməsini və xalqımızın sosial-iqtisadi vəziyyətinin davamlı olaraq yaxşılaşmasını təmin edəcəkdir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.