Azərbaycanda qeyri-neft sektorunun inkişafı prioritet vəzifələrdən biridir

Dünən “Four Seasons Hotel Baku”da “Azərbaycan investisiya mühiti: qeyri-neft sektoru real iqtisadiyyatın aparıcı sahəsidir” mövzusunda beynəlxalq konfrans keçirildi. Tədbiri giriş sözü ilə “İngiltərədə çıxan “The Ekonomist” jurnalının redaktoru Con Endryus açdı. O, konfransın ümumi məqsədləri haqqında məlumat verərək xarici ölkələrdən dəvət edilmiş iştirakçılara Azərbaycanın xarici investisiya üçün geniş imkanlar yaratdığını, eyni zamanda, müasir informasiya texnolologiyalarının tətbiqi sahəsində ciddi nailiyyətlər qazandığını və hazırda qeyri-neft sektorunun inkişafı istiqamətində ardıcıl addımlar atıldığını bildirdi.

İlk söz Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasova verildi. Nazir Azərbaycanda belə böyük və əhəmiyyətli bir tədbirin təşkilinə görə təşkilatçılara minnətdarlığını çatdırdı. Nazirin sözlərinə görə, son illərdə dünyada gedən iqtisadi proseslər, xüsusilə neftin qiymətinin sürətlə aşağı düşməsi bir çox suallar doğurur və təbii ki, bu, investorları ciddi şəkildə düşündürür. Ancaq Azərbaycan hökuməti neftin qiymətinin düşməsindən ölkə iqtisadiyyatının zərər çəkməməsi üçün illər boyu tədbirlər görüb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin sonuncu iclasında bildirib ki, neft qiymətlərinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatını sarsıtmayacaq.

Əli Abbasov qeyd etdi ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi üçün son 10 illik bir müddətdə böyük tədbirlər həyata keçirilib. Hələ bir neçə il əvvəl qəbul edilmiş “Azərbaycan-2020 - gələcəyə baxış: inkişaf strategiyası” ölkə iqtisadiyyatının neftdən asılılığını minimuma endirməyi və əsasən qeyri-neft sektorunun inkişafı qayğısına qalmağı nəzərdə tuturdu. Hazırda beynəlxalq aləmdə də bütün ölkələr neftdən asılılığı azaltmağa çalışır. Azərbaycan isə artıq bir neçə ildir ki, bu istiqamətdə fəaliyyətə başlayıb. Əsasən yüksək texnoloji inkişaf prioritet sahə elan olunub və son 5 ildə bu sahə 3,5 dəfə böyüyüb. Sahənin inkişafına 2,5 milyard dollardan artıq vəsait qoyulub. Məhz informasiya texnologiyaları sahəsində inkişafına görə Azərbaycan, beynəlxalq reytinqlərin nəticələrinə əsasən, MDB ölkələri arasında lider mövqe qazanıb.

Nazirin dediyinə görə, hazırda hədəflər 3 istiqaməti əhatə edir: 1. İnfrastrukturun inkişafı; 2. İKT-nin sosial-iqtisadi inkişafa təsiri; 3. Yeni istehsal sahələrinin açılması. Bu hədəflərə uğurla çatılması üçün ən yeni texnologiyalırın tətbiqi, genişzolaqlı internetin bütün ölkədə yayılması vacibdir və bu istiqamətdə işlər görülür. Şəhərlərin 70, kəndlərin isə 30 faiz ən müasir texnologiyalarla təmin edilməsi nəzərdə tutulur. Bundan əlavə, Azərbaycan kosmosa iki peyk buraxıb, 2017-ci ildə 3-cü peykin orbitə buraxılmasına hazırlıq görülür. Vacib cəhətlərdən biri informasiyalaşdırma, avtomatlaşdırma məsələsidir. Bu məqsədlə elektron xidmətlərə çıxışın təmin edilməsi vacibdir. Buna bütün əhalinin çıxışı təmin ediləcək. Eyni zamanda, yeni istehsal sahələrinin açılması qarşıda duran vəzifələrdəndir. 2012-ci ildə Azərbaycan 41 milyon dollarlıq mal-məhsul ixrac edib. Bu azdır və ixrac potensialının artırılması üçn işlər görülür. İxraca yönəlmiş yüksək keyfiyyətli məhsullar istehsalı nizama salınmalıdır.

Əli Abbasovun sözlərinə görə, bütün bu işlərin lazımınca həyata keçirilməsi üçün Azərbaycan hökuməti 3 sütun elan edib: bilik, şərait və kapital. Bilikli mütəxəssislər olmalıdır ki, yaxşı texnoloji məhsullar istehsal edilsin. Bunun üçün də iqtisadi baza olmalıdır. Yaxşı biznes şəraiti yaradılmalı, vergi, gömrük və s. güzəştlər tətbiq edilməlidir. Xarici investisiyaların cəlbi üçün maneələrdən biri Azərbaycan bazarının kiçik olmasıdır. Ona görə də xarici bazarlara çıxış əldə edilməlidir. Bu məqsədlə xarici investorların dəvət edilməsi nəzərdə tutulur ki, onlar Azərbaycan məhsullarını xarici bazarlara çıxarsınlar.

Təhsil naziri Mikayıl Cabbarov dünyadakı iqtisadi vəziyyətin yeni baxış tələb etdiyini bildirdi. Onun sözlərinə görə, həm iqtisadi, həm sosial, həm də bütün digər sahələrdə qarşıda duran vəzifələri həll etmək üçün kadrlar hazırlanmalıdır. Bu vəzifə isə təhsil sahəsinin üzərinə düşür. Bu mənada yaxşı kadrlar hazırlanması üçün Azərbaycanda həm dövlət kapitalından, həm də özəl kapitaldan istifadə edilir. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev təhsilin inkişafı ilə bağlı yeni strategiya qəbul edib. Ona uyğun olaraq yeni təhsil konsepsiyası həyata keçirilir. Məsələn, “Sabah” qrupları hazırlanır. Bu qruplara xüsusi qaydada seçilmiş 688 tələbə cəlb edilib. Onlar 7 ali dövlət təhsili müəssisəsində təhsillərini davam etdirirlər. Həmin müəssisələrdə akademik mühit yaradılıb, bu mühiti dünyanın aparıcı təhsil ocaqları ilə müqayisə etmək olar. Onlar, yeni zamanda, praktik hazırlıq qazanır, işəgötürənlərlə təmasda yetişirlər. Bu qrupların sayını gələn il 2 dəfə artırmaq nəzərdə tutulur. Bunlar, Prezident İlham Əliyevin dediyi kimi, “qara qızılı insan kapitalına çevirmək” istiqamətində addımlardan biridir.

Nazir əlavə etdi ki, həm də xarici ölkələrdəki nüfuzlu ali təhsil müəssisələrində azərbaycanlı tələbələrin təhsili üçün geniş şərait yaradılıb. Hazırda 900 gənc təhsilini başa vuraraq Vətənə qayıdıb və iqtisadiyyatın bu və ya digər sahəsində çalışır. Bu il daha 1300 gənc təhsilini başa vuraraq Azərbaycana gələcək və ölkə iqtisadiyyatının sürətli inkişafı üçün xidmət göstərəcək.

Bundan əlavə, Azərbaycan hökuməti xarici müəllimlərin ali məktəblərə cəlb edilməsi proqramı üzərində işləyir. Dünya şöhrətli ali təhsil müəssisələri ilə birgə layihələr həyata keçirilməsi nəzərdə tutulur. Artıq ADA Universiteti ilə Miçiqan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti ilə London Ekonomiks-in əməkdaşlığı yaradılıb. Gələcəkdə bu cür əməkdaşlıq daha da genişləndiriləcək.

Nazir qeyd etdi ki, texniki peşə təhsilinin inkişafı, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin sosial rifahının artırılması istiqamətində də ardıcıl tədbirlər görülür.

İqtisadiyyat və Sənaye nazirinin müavini Sevinc Həsənova son 10 ildə Azərbaycanın əldə etdiyi sosial-iqtisadi nailiyyətlərdən danışdı. Bildirdi ki, ölkədə inkişaf həyatın bütün sahələrini əhatə edib. Bunu beynəlxalq qiymətləndirmə təşkilatları da yüksək dəyərləndirir. Onun sözlərinə görə, əlbəttə, neft iqtisadi amil kimi həmişə birinci yeri tutur. Neft Azərbaycanın inkişafında və tanınmasında mühüm rol oynayıb. Bunu etiraf etmək lazımdır. Hətta qədim ərəb mənbələri üçüncü, dördüncü əsrlərdə Azərbaycanda neft mənbələri olduğunu qeyd ediblər. Bir əsrdən artıqdır ki, ölkə neft hasilatı ilə məşğuldur. Son illərdə isə Azərbaycanda neft sənayesinin inkişafı və qara qızılın dünya bazarlarına çıxarılması istiqamətində böyük işlər görülür. Bu sahəyə 177 milyard dollar investisiya qoyulub. Ölkənin sosial-iqtisadi inkişafı nəticəsində ölkədə işsizlik 5 faizdən də aşağı düşüb. Son 10 ildə yoxsulluq səviyyəsi 40 faizdən 5 faizə enib. Ölkənin valyuta ehtiyatları son 10 ildə 1,8 milyard dollardan 50 milyard dollara qalxıb. Məhz neft gəlirləri hesabına qeyri-neft sektorunun inkişafı üçün zəmin yaradılıb, eyni zamanda, başqa sosial tədbirlər həyata keçrilib – qaçqın və məcburi köçkünlər üçün yeni qəsəbələr salınıb, çadır şəhərcikləri ləğv edilib. Ölkənin enerji təhlükəsizliyi təmin edilib. Bakıda “Evrovision” kimi böyük beynəlxalq müsabiqə, digər beynəlxalq tədbirlər keçirilib. Azərbaycan nadir sayda olan kosmos ölkələri sırasına qoşulub. Artıq xarici ölkələrə investisiya qoymağa başlamışıq. Ölkəmizin ÜDM-i Cənubi Qfqaz ölkələrinin ümumi daxili məhsulunun 75 faizini təşkil edir.

Nazir müavini bildirdi ki, hazırda Azərbaycanda əsas diqqət neft gəlirlərindən bəhrələnməklə qeyri-neft sektorunu inkişaf etdirməkdir. Bu, “Azərbaycan -2020” strategiyasında da nəzərdə tutulub. Ölkədə makroiqtisadi sabitlik yaradılıb, mikroiqtisadi tədbirlər görülür. Yəni dövlət tərəfindən ayrı-ayrı müəssisələrin məhsuldarlığı artırmasına kömək edilir. Bunun üçün qabaqcıl beynəlxalq təcrübədən istifadə edilir. Biznes mühiti yaxşılaşdırılıb, Azərbaycanda bir neçə saat ərzində biznesə başlamaq mümkündür. Eyni zamanda, infrastruktur layihələri həyata keçrilib. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam edir. Bu yol da iqtisadiyyatın inkişafında mühüm rol oynayacaq. Ölkədə beynəlxalq hava limanları yaradılıb. Turizmin inkişafı üçün böyük işlər görülür.

Sonra “Holçim” şirkətinin Avropa regionu üzrə rəhbəri Horia Adrian, “Paşabank”ın İcra Şurasının üzvü Taleh Kazımov, Avropa Yenidənqurma və İnkişaf Bankının aparıcı iqtisadçı eksperti Dmitri Qvindadze, AzPROMO prezidenti Rüfət Məmmədov və digərləri çıxış edərək Azərbaycanın son illərdə əldə etdiyi sosial-iqtisadi uğurlardan və qeyri-neft sektorunun inkişafı üçün görülməli olan işlər haqqında məlumat verdilər.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında