Koreya hökumətinin qrantı hesabına Kürdəxanı qəsəbəsində su təchizatı sistemi yaradılmışdır

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) birgə həyata keçirdiyi “Abşeron yarımadasında su çatışmazlığı üzrə ümumi həll: Abşeron yarımadasının Kürdəxanı qəsəbəsində su təchizatı sistemlərinin yaradılması” layihəsi uğurla başa çatmışdır.

Martın 14-də Kürdəxanı qəsəbəsində yeni su təchizatı sistemlərinin istismara verilməsinə həsr olunmuş açılış mərasimi keçirilmişdir. Mərasimdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-in, KOİCA-nın vitse-prezidenti Kim İn, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

 “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov ölkə əhalisinin keyfiyyətli və fasiləsiz içməli su ilə təmin olunmasını Prezident İlham Əliyevin daim diqqətdə saxladığını xatırladaraq qeyd etmişdir ki, hazırda ölkəmizin 40-dək şəhər  və rayon mərkəzində,  həmçinin Bakıətrafı qəsəbələrdə  içməli su və kanalizasiya layihələri icra olunur. Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq 2013-cü ilin mayında Kürdəxanı qəsəbəsində yeni içməli su layihəsinin icrasına başlanılmışdır.

Layihənin 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Kürdəxanı qəsəbəsində 26250 nəfərin su təchizatının əsaslı şəkildə yaxşılaşdırılmasına hesablandığını diqqətə çatdıran natiq bildirmişdir ki, Koreya şirkətləri tərəfindən həyata keçirilən tikinti-quraşdırma işləri qısa müddətdə tam başa çatdırılmışdır. Qeyd olunmuşdur ki, layihə çərçivəsində qəsəbədə polietilen borularla 97,2 kilometr uzunluğunda içməli su xətləri çəkilmiş, 3945 ünvana birləşmə verilmiş və  bütün abunəçilər smart sayğaclarla təmin edilmişdir. Bununla da 14300 nəfər qəsəbə sakini 24 saat fasiləsiz rejimdə içməli su ilə təmin olunmuşdur.

Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-in Azərbaycan və Koreya arasında iqtisadi, siyasi və mədəni əlaqələrin yüksələn xətlə inkişaf etdiyini yüksək qiymətləndirmiş, ölkəsinin Azərbaycanda həyata keçirilən layihələrə bundan sonra da dəstək verəcəyini bildirmişdir.

Layihə haqqında məlumat verən KOİCA-nın vitse-prezidenti Kim İn təmsil etdiyi təşkilatın Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdıraraq bildirmişdir ki, Kürdəxanı qəsəbəsinin su təchizatının yaradılması üçün Koreya hökuməti Azərbaycana 26,18 milyon ABŞ dolları məbləğində yardım (qrant) ayırmışdır.  Kürdəxanı qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması layihəsinin vaxtında və keyfiyyətlə icrasını uğurlu əməkdaşlığın bariz nümunəsi kimi dəyərləndirən qonaq, həmçinin Pirşağı qəsəbəsinin yaxınlığında tikiləcək çirkab sutəmizləyici qurğunun inşasına Koreya hökuməti tərəfindən kredit ayrıldığını və artıq bu il işlərə başlanılacağını bildirmişdir.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulmasının qəsəbənin sosial-iqtisadi inkişafına töhfə verdiyini diqqətə çatdırmış, bu layihənin icrasının  Kürdəxanı qəsəbəsinin içməli su problemini birdəfəlik həll edilməsinə imkan yaratdığını bildirmişdir.

Xatırladaq ki, bu layihə çərçivəsində Kürdəxanı qəsəbəsində 1400 millimetr diametrli dəmir beton borularla 761 metr uzunluğunda mikrotunel tipli kanalizasiya kollektoru da  tikilmişdir. Növbəti mərhələdə qəsəbə yaxınlığında hər birinin tutumu 10 min kubmetr olan iki ədəd su anbarı da tikiləcək. “+41 Kürdəxanı” su anbarından Kürdəxanı qəsəbəsi ilə yanaşı, Pirşağı və digər ətraf yaşayış məntəqələri də qidalanacaqdır. Eyni zamanda, Kürdəxanı qəsəbəsində yeni kanalizasiya şəbəkəsinin yaradılması da nəzərdə tutulur. Azərbaycan hökuməti tərəfindən maliyyələşdiriləcək layihəyə uyğun olaraq, qəsəbədə 77,3 kilometrt uzunluğunda kanalizasiya şəbəkəsi və 3,8 kilometr uzunluğunda  kanalizasiya kollektorunun tikintisi nəzərdə tutulur. Kürdəxanı qəsəbəsinin tullantı suları inşasına hazırlıq görülən Pirşağı çirkab sutəmizləyici qurğusuna  ötürüləcəkdir.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında