TANAP-ın tikintisi həm Azərbaycan, həm də Türkiyə üçün böyük önəm daşıyır

Müasir dövrdə ölkələrin milli təhlükəsizliyinin ən mühüm komponentlərindən biri enerji təhlükəsizliyinin təmin edilməsidir. Çünki artıq bəşəriyyət elə dövrə qədəm qoyub ki, ilk növbədə, enerji təhlükəsizliyinə nail olmadan digər sahələrdə irəliyə getmək mümkün deyildir. Cənubi Qafqazın lider dövləti olan Azərbaycana bu baxımdan dünyanın əksər ölkələri həsəd apara bilər.

Zəngin karbohidrogen ehtiyatlarına malik olan ölkəmiz bu sərvətindən səmərəli istifadə edərək gündən-günə inkişaf edir. Artıq 24 ildir müstəqil olan Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki, zəngin karbohidrogen ehtiyatlarına malik olmaqla yanaşı, həm də özünün çox güclü energetika infrastrukturunu yaradıb. Bu da ondan xəbər verir ki, Azərbaycanda  enerji ilə təminat sahəsində hər hansı böhranın yaranması, ümumiyyətlə, mümkün deyil və məhz bu amil respublikamızın davamlı inkişafında mühüm rol oynayır.

Zəngin karbohidrogen ehtiyatlarına malik olmağımız həm də ona imkan verir ki, Azərbaycan ayrı-ayrı ölkələrin də enerji təhlükəsizliyinə töhfə versin. Enerji təhlükəsizliyi isə geosiyasi və geoiqtisadi baxımdan daha da aktuallaşdığından respublikamızın beynəlxalq münasibətlər sistemində yeri və mövqeyi də möhkəmlənməkdə davam edir. Məlumdur ki, Azərbaycanın təşəbbüsü ilə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz boru kəmərlərinin çəkilməsi və istismara verilməsindən sonra karbohidrogen ehtiyatlarının nəqli ilə bağlı regionda tamamilə yeni vəziyyət yarandı.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın enerji strategiyasının təntənəsi olaraq Xəzərin karbohidrogen ehtiyatları ilk dəfə olaraq alternativ yollarla dünya bazarlarına çıxarılmağa başladı. Beləliklə, ölkəmiz həm regional, həm də beynəlxalq səviyyədə enerji sistemində yer aldı, strateji tərəfdaşa çevrildi, dünya enerji bazarlarında öz yerini möhkəmləndirdi.

Lakin rəsmi Bakı enerji təhlükəsizliyi məsələsində bununla kifayətlənməyərək neft-qaz təchizatı marşrutlarının şaxələndirilməsi ilə bağlı yeni təşəbbüslərlə çıxış edir, səslənən mütərəqqi təklifləri dəstəkləyir, xüsusən Avropa İttifaqının enerji təhlükəsizliyinə yeni töhfə verməyə hazır olduğunu hər zaman bildirir. Odur ki, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq hazırda Azərbaycan-Avropa İttifaqı əlaqələrinin əsas tərkib hissələrindən biridir.

Cənub qaz dəhlizi layihəsi isə hazırda edilən uğurlu əməkdaşlığın göstəricisidir. Cənub qaz dəhlizi bu gün Avropa məkanında reallaşmaqda olan ən böyük infrastruktur layihəsidir. Bu layihə Azərbaycan qazının İtaliyaya qədər ötürülməsini təmin edəcək.

Bu günlərdə Bolqarıstana səfər edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan qazı Avropaya yaxın zamanlarda nəql edilə biləcək yeganə yeni qaz mənbəyidir: “Keçən ilin sentyabr ayında Bakıda Cənub qaz dəhlizinin təməli qoyulmuşdur. Bu ilin fevralında isə Bolqarıstanın energetika nazirinin iştirakı ilə Bakıda Cənub qaz dəhlizi ölkələrini təmsil edən nazirlərin birgə məşvərət şurası keçirilmişdir. Azərbaycanın qaz ehtiyatları həm Azərbaycan xalqının rifahına, eyni zamanda, Avropa istehlakçılarının enerji təhlükəsizliyinə xidmət göstərir. Bu gün Avropa İttifaqı sənədlərində Azərbaycan çox etibarlı və strateji tərəfdaş kimi qiymətləndirilir. Azərbaycan qazı Avropaya yaxın zamanlarda nəql edilə biləcək yeganə yeni qaz mənbəyidir. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Geniş şaxələndirilmiş infrastruktur imkan verir ki, biz qaz ixracımızı istənilən istiqamət üzrə artıraq. Bizim üçün Avropa bazarı prioritet bazardır. Azərbaycanın bu istiqamətdə təşəbbüs olaraq irəli sürdüyü layihələr Avropa qurumları tərəfindən də dəstəklənir”.

 Cənub qaz dəhlizi layihəsi təchizatın təhlükəsizliyi, marşrutların və mənbələrin şaxələndirilməsi, eləcə də İtaliya və Avropa bazarlarında rəqabət aparan bir sıra qaz təchizatçılarının sayının artırılmasının təmin edilməsi işinə xidmət edəcək. Bununla bağlı İqtisadi və Sosial İnkişaf  Mərkəzinin sədri, iqtisad elmləri namizədi Vüqar Bayramov söhbət zamanı dedi:-Bütövlükdə, təsdiqlənmiş neft ehtiyatı 1,5 milyard ton, qaz ehtiyatı isə 2,55 trilyon kubmetr olan Azərbaycanın etibarlı tərəfdaş imici və Avropaya çıxış imkanları ölkəmizin əhəmiyyətini daha da artırır. İndiki imkanla Azərbaycan Avropa ölkələrinin ümumi qaz tələbatını 10 ilə yaxın bir müddətə ödəmək gücünə malikdir. Lakin respublikamızın ehtiyatları bununla bitmir. Çünki mütəxəssislər hesab edirlər ki, Xəzərin Azərbaycan sektorunda kəşf edilməmiş neft-qaz ehtiyatları hələ kifayət qədərdir. Digər mühüm məqam isə Xəzər regionunun enerji resurslarını Avropa bazarlarına Rusiyadan kənar keçməklə çıxaracaq ən optimal yolun məhz Azərbaycandan keçməsidir. Bu səbəbdəndir ki, Avropa Birliyinin Azərbaycanla apardığı müzakirələrdə və həyata keçirilməsi planlaşdırılan layihələrdə respublikamız sadəcə ixracatçı kimi deyil, həmçinin tranzit ölkə olaraq iştirak edir. Azərbaycanın qaz potensialı növbəti on ildən sonra ixracın həcmini təxminən 60 milyard kubmetrə qədər artırmaq imkanı yaradır.

Qlobal enerji təhlükəsizliyi müasir dünya iqtisadiyyatında həllini gözləyən vacib problem olaraq qiymətləndirilir. Təsadüfi deyil ki, ekspertlər növbəti 20 il ərzində Avropanın təbii qaz tələbatının 2 dəfə artacağını proqnozlaşdırırlar. Artan tələbatın qarşılığında isə daxili istehsal illik 200 milyard kubmetrdən 100 milyard kubmetrə qədər azalacaq.

Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra təbii ki, karbohidrogen resurslarından ölkə maraqları naminə istifadə edilməsinə start verdi. Bu məqsədlə yeni ixrac marşrutları yaradılmalı, daha sağlam tərəfdaşlar seçilməli və dünya bazarlarına birbaşa çıxış təmin edilməli idi. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum (BTƏ) boru kəmərlərinin işə salınması Azərbaycanın qlobal enerji bazarlarında statusunu möhkəmləndirməklə yanaşı, ölkəmizin Avropa dövlətləri ilə iqtisadi əlaqələrini də gücləndirdi. Ötən müddət ərzində Azərbaycan dünya bazarlarında etibarlı tərəfdaş imici formalaşdıraraq, qlobal enerji təhlükəsizliyinə də öz töhfəsini verdi.

Qeyd edək ki, bu gün “Şahdəniz” yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir. “Şahdəniz-2” layihəsi çərçivəsində ilk qazın əldə edilməsi 2019-cı ildə gözlənilir. “Şahdəniz” qaz-kondensat yatağının ikinci mərhələsindən Azərbaycan qazının Avropaya tədarükü haqqında imzalanmış müqavilələr üzrə gəlirlərin həcmi təqribən 200 milyard dollar təşkil edəcək. Azərbaycan qazının Avropaya çatması 2020-ci ildə mümkün olacaq. “Şahdəniz-2” çərçivəsində qaz Türkiyəyə artıq 2019-cu ildə çatacaq.

Bu gün Trans-Anadolu qaz boru kəmərinin (TANAP) Türkiyənin ərazisindən keçən hissəsinin tikintisinə  başlanılır. Ölkəmiz  üçün əhəmiyyətli və strateji layihə olan TANAP ilə Avropaya 10 milyard kubmetr, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan təbii qazının nəqli nəzərdə tutulur. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi nəzərdə tutulur.

Xatırladaq ki, sözügedən layihədə artıq iştirak payları da müəyyənləşib. Belə ki, TANAP-da  58 faizi ARDNŞ-ə, 30 faizi BOTAŞ-a və 12 faizi bp-yə məxsus olacaq.

Yeri gəlmişkən,  Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində əldə olunan qazın ildə 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropa ölkələrinə satılacaq. Azərbaycan qazını Avropaya aparan yollar məhz Türkiyədən keçəcək.

Azərbaycanla Avropa arasında körpü yaratmaq rolu TANAP-ın üzərinə düşüb.  Başqa sözlə, bu kəmərin şərq ucunda dünyanın ən iri qaz yataqları, qərbində isə ən iri bazarlar dayanacaq. Beləliklə, TANAP dünyada ən mühüm strateji kəmərlərdən biri olacaq.

TANAP üzrə Azərbaycan və Türkiyə arasında hökumətlərarası sazişi 2012-ci ilin iyun ayında Prezident İlham Əliyev və o vaxt Türkiyənin Baş naziri, indi isə Prezidenti olan Rəcəb Tayyib Ərdoğan imzalayıblar. TANAP-ı yüksək dəyərləndirən Prezident İlham Əliyev deyib: “Bu layihənin təşəbbüskarı Azərbaycan olmuşdur. Ən böyük maliyyə yükünü də biz öz üzərimizə götürmüşük. Bununla bərabər, bütün riskləri, bütün texniki riskləri Azərbaycan öz üzərinə götürmüşdür. Biz demək olar ki, bölgədə icra edilən bütün layihələrin təşəbbüskarı olmuşuq. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, ondan sonra Bakı-Novorossiysk boru kəmərlərinin tikintisi və bərpası layihələrinin təşəbbüskarı olmuşuq. Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsinin təşəbbüskarı olmuşuq. TANAP layihəsinin də təşəbbüskarı məhz Azərbaycandır”.

TANAP-ı haqlı olaraq BTC-dən sonra regionda ən böyük layihə adlandırırlar. Bu kəmər ərazisindən keçdiyi Türkiyəni önəmli enerji dəhlizinə çevirəcək.

Cənub qaz dəhlizinin mühüm seqmentlərindən biri olan TANAP başlanğıcını Türkiyənin şərq sərhədində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) çıxış məntəqəsindən götürəcək. Xatırladaq ki, CQBK Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq Azərbaycanın, sonra da Gürcüstanın ərazisindən keçir, Gürcüstan-Türkiyə sərhədinə çatır.

TANAP Türkiyənin 20-dən çox iri bölgəsinin, o cümlədən Ərdəhan, Qars, Ərzurum, Gümüşhanə, Ərzincan, Ankara və Bursanın ərazisindən keçəcək. Təxminən 1900 kilometr məsafə qət edən TANAP Türkiyənin qərb sərhədində TAP-la (Transadriatik Qaz Boru Kəməri) birləşəcək. “Şahdəniz-2"dən hasil olunacaq qazın Türkiyədəki istehlakçılar üçün nəzərdə tutulan həcmi 56 düymlük boru xətti vasitəsilə Əskişəhərə nəql ediləcək, eləcə də Trakyada yerləşən ikinci çatdırılma məntəqəsinə ötürüləcək. Əskişəhərdə boru kəmərinin diametri daralaraq 48 düym olacaq.

Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi ərazisində TANAP və TAP birləşəcək. TAP şərqdə Yunanıstan və Albaniya ərazilərindən keçərək qərbə doğru Adriatik dənizinin sahilinə uzanacaq. Bu boru kəmərinin sualtı hissəsi Albaniyanın Fiyer şəhəri yaxınlığından başlayacaq və Adriatik dənizinin altından keçərək İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Bundan sonra  İtaliyanın qaz nəqletmə şəbəkəsinə qoşulacaq. Yəni bir tərəfdən Cənubi Qafqaz Boru Kəmərinə, digər tərəfdən isə TAP-a qovuşan TANAP Cənub  qaz dəhlizinin ortasında yerləşən mühüm bir hissədir.

Hazırda Türkiyə qaza olan tələbatının 15 faizə qədərini “Şahdəniz”dən aldığı mavi yanacaqla təmin edirsə, ikinci mərhələ çərçivəsində hasilata başlanandan sonra bu göstərici 25 faizədək artacaq. Odur ki, TANAP-ın tikintisinə başlanması və onun uğurla sona çatdırılması mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, tikinti zamanı minlərlə yeni iş yeri açılacaq. Kəmərin  tikilib qurtarması ilə ölkənin qaz nəqletmə infrastrukturu xeyli zənginləşəcək. Beləliklə, Türkiyə də Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli iştirakçıya çevriləcək.  TANAP həm Azərbaycan, həm də Türkiyə üçün dəyərli olan bir kəmərdir. Bu layihə iki qardaş xalqın enerji sahəsində bundan əvvəl Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, “Şahdəniz-1”-dən hasil olunan qazı daşıyan Bakı-Tbilisi-Ərzurum kəməri ilə vüsət alan, nəhəng “Petkim” kompleksi ilə davam etdirilən iqtisadi əməkdaşlıq və tərəfdaşlığını daha da möhkəmləndirəcək.  Sonda bir məqamı da xatırladaq.  Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə, qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi ilə bağlı videoçarx hazırlanıb.

Türkiyənin kütləvi informasiya vasitələrinin yaydıqları məlumata görə, videoçarxda Azərbaycan qazının TANAP-la Türkiyəyə 2018-ci ildə çatdırılacağı qeyd olunur. Bildirilir ki, ilkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin nəqletmə imkanlarının sonradan 24 milyard kubmetrə və daha sonra 31 milyard kubmetrə çatdırılması planlaşdırılır. 1850 kilometr uzunluğunda Cənub qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) boru kəmərinə qoşularaq, Yunanıstan, Albaniya və İtaliyadan keçməklə, Avropaya çatdıracaq.

Videoçarxda məlumat verilir ki, TANAP qaz boru kəməri Türkiyənin Gürcüstan ilə sərhədində Türkgözü kəndindən başlayaraq Ərdahan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhanə, Giresun, Sivas, Yozgat, Kırşəhər, Kırıkkale, Ankara, Əskişəhər, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Tekirdağ və Ədirnə olmaqla, 20 şəhər, 67 rayon və 600 kənddən keçərək qardaş ölkə ilə Yunanıstan sərhədində Ədirnənin İpsala mahalında TAP-a birləşəcək.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında