Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə birinci və ikinci dövlət proqramlarının icrası əhalinin işgüzar fəallığının artmasına, regionlarda sahibkarlığın daha da genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına səbəb olub.
Hazırda isə üçüncü regional proqram uğurla həyata keçirilir. Həmin proqramlar regionların inkişafını dövlət siyasətinin prioritet istiqaməti səviyyəsinə qaldırıb. Böyük uzaqgörənliklə müəyyənləşdirilən bu strategiyanın düzgünlüyü ötən 11 il müddətində öz bariz təsdiqini tapıb, respublikamızın şəhər və kəndlərinin siması köklü şəkildə dəyişib, əhalinin paytaxta axını səngiyərək əks proses başlanıb, rayonlarda işləməyə və yaşamağa üstünlük verənlərin sayı artıb. Hazırda hər bir ailə, hər bir vətəndaş sözügedən proqramların real nəticələrini öz gündəlik həyatında hiss etməkdədir.
Bu il yanvarın 27-də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev deyib: “Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üçüncü Dövlət Proqramı keçən il qəbul edilib... Bir il ərzində dünyada müxtəlif hadisələr baş vermişdir, müxtəlif proseslər gedib. Dünyada gərginlik artır, həm Yaxın Şərqdə, həm Avropada qanlı toqquşmalar baş verir, müharibələr davam edir. Bir sözlə, dünyada siyasi gərginlik yaşanır, maliyyə və iqtisadi böhranın yeni mərhələsi başlanıb.
Respublikamızda isə ötən il ərzində bütün işlər müsbət istiqamətdə gedib. Ölkəmizdə dayanıqlı inkişaf təmin edilib. Azərbaycan dünyada sabitlik adasıdır, inkişaf məkanıdır. Çünki Azərbaycanda xalqla iqtidar arasında birlik var, bizim bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir. Atılan bütün addımlarımız Azərbaycanın inkişafına xidmət göstərir. Ölkəmizdə ictimai, siyasi vəziyyət sabitdir, iqtisadiyyata böyük həcmdə investisiyalar qoyulur və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox önəmli tədbirlər həyata keçirilir. İnsanların rifah halı yaxşılaşır. Regionlar sürətlə inkişaf edir. Azərbaycan nəhəng enerji və nəqliyyat layihələrini reallaşdırır. Bir sözlə, Azərbaycan bu gün nəinki regionda, dünya miqyasında seçilən ölkələrdən biridir...".
Dövlətimizin başçısı yuxarıda sözügedən iclasda onu da deyib ki, 2004-cü ilin fevralında regionların sosial-iqtisadi inkişafı birinci Dövlət Proqramı qəbul olunanda bəyan etmişdim ki, 600 min iş yeri yaradılacaq. Ancaq ondan daha çox iş yeri yaradıldı. Halbuki, o vaxt böyük maliyyə resursları yox idi, valyuta ehtiyatları çox məhdud idi, iqtisadiyyat çoxşaxəli deyildi və hələ neftdən gəlirlər əldə edilmirdi. Buna baxmayaraq, düşünülən siyasət və xalqın dəstəyi nəticəsində biz birinci proqramı uğurla başa çatdırdıq və ikinci proqram qəbul edildi. Əlbəttə ki, ikinci proqramı qəbul edərkən artıq Azərbaycan dəyişmişdi. ayaqda möhkəm dayanmışdı. Gəlirlərimiz gəlməyə başlamışdı. Ona görə hələ o vaxt, yəni 2009-cu ildə demişdim ki, ikinci proqramın icrası ilə bağlı heç bir problem görmürəm. Bəli, həmin proqram da artıqlaması ilə icra edilib.
Xatırladaq ki, haqqında danışılan hər iki proqramın həyata keçirilməsi nəticəsində ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, kənd təsərrüfatı istehsalı 3,3 dəfə artıb. İnvestisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə çoxalıb, ölkədə 1 milyon 240 min yeni iş yeri yaradılıb ki, bunun da 71 faizi, yəni 882 mini regionların payına düşür.
Ötən il Azərbaycan regionlarında müsbət sosial-iqtisadi göstəricilər əldə edilib. Görülən işlər, həyata keçirilən layihələr uğurlu nəticələrlə yadda qalıb.
Prezident İlham Əliyev sözügedən dövrdə bölgələrə 23 səfər edib və həmin səfərlər çərçivəsində 120-yə qədər müxtəlif təyinatlı infrastruktur obyektlərinin, yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərinə qatılıb. Səfərlərdə ictimaiyyətlə görüşlərə xüsusi diqqət yetirib. Dövlətimizin başçısı görüşlərdə qaldırılan məsələlərin həlli məqsədilə 270 milyon manat vəsaitin ayrılması barədə 72 sərəncam imzalayıb. Bütün bunlar isə dövlət başçısının regionların inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir.
Onu da xatırladaq ki, 2014-cü ilin “Sənaye ili” elan edilməsi regionlarda sənayenin inkişafına güclü təkan verib. Bölgələrdə 105 sənaye müəssisəsinin açılması, eyni zamanda, qeyri-neft sənayesinin 9 faiz artması da bunun parlaq ifadəsidir.
Sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılır
Özəl bölmənin tərəqqisinə xüsusi əhəmiyyət verilməsi regionların inkişafına da öz müsbət təsirini göstərib. Prezident İlham Əliyev çıxışlarının birində deyib ki, sahibkarlara dəstək üçün yerli icra orqanlarının fəaliyyəti daha da gücləndirilməlidir. Özəl bölməyə diqqətin artırılması Azərbaycanın uğurlu inkişafını sürətləndirəcəkdir. Hər bir yerdə icra hakimiyyəti başçıları, vəzifəli şəxslər sahibkarlara kömək göstərməlidirlər. Onları incitməməlidirlər, işlərinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Belə hallar vardır. Buna son qoyulmalıdır. Sahibkarlığın inkişafı dövlət siyasətidir və yerlərdə icra başçıları dövlət siyasətini aparan şəxsdir və o, dövlət siyasətindən kənarda heç bir iş görə bilməz. Ona görə də bütün icra başçıları bilsinlər, sahibkarları incidən cəzalandırılacaqdır. Onlara yalnız kömək göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər.
Ölkə Prezidentinin “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq, son illərdə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, özəl sektorun genişləndirilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilib. Bu baxımdan qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi, 400-dən çox xidmətin elektron qaydada göstərilməsi, “bir pəncərə” prinsipinin tətbiqi və digər tədbirlər nəticəsində regionlarda güclü özəl sektor formalaşıb. Məhz bunun nəticəsidir ki, keçən il regionlarda 4400 müəssisə fəaliyyətə başlayıb, sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artaraq 386 minə çatıb, regionlardan vergi daxilolmaları 2013-cü ilə nisbətən ötən il 9,8 faiz artıb, xərclərini yerli gəlirlər hesabına maliyyələşdirən şəhər və rayonların sayı 6-ya çatıb. Ötən il ərzində Azərbaycan üzrə 123 min yeni iş yeri açılıb.
Aqrar məsələlərin həlli prioritet vəzifədir
Həyata keçirilən aqrar siyasəti və ərzaq təhlükəsizliyi proqramı nəticəsində son illər regionlarda iri quşçuluq, heyvandarlıq, taxılçılıq, üzümçülük təsərrüfatları, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması, emalı və satışı kompleksləri yaradılıb, bir sıra ərzaq məhsulları üzrə daxili istehsal artıb.
Regionlarda inşa edilən və ya əsaslı təmir olunan yüzlərlə su anbarı, hidroqovşaqlar, kanallar, drenaj şəbəkələri, subartezian quyuları aqrar sektorun, sahibkarlığın inkişafını sürətləndirib, yeni torpaqların dövriyyəyə cəlb edilməsinə, içməli su və enerji təchizatının daha da yaxşılaşmasına imkan yaradıb.
Dövlət dəstəyi tədbirləri, o cümlədən 19 rayonda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük komplekslərinə, 6 rayonda 7 ət kəsimi və emalı müəssisəsinə 240 milyon manat güzəştli kreditin verilməsi istehsalın artmasına, ət və ət məhsullarının idxalının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Bundan əlavə, 20 rayonda 33 intensiv bağçılıq və üzümçülük təsərrüfatına, 9 rayonda 37 istixana kompleksinə və 11 rayonda 16 meyvə-tərəvəz emalı müəssisəsinə 171 milyon manat güzəştli kreditin ayrılması nəticəsində bu məhsullara daxili tələbat ödənilib və ixrac imkanı artıb.
Dövlətimizin başçısı cənab İlham Əliyevin 2015-ci il 12 yanvar tarixli sərəncamı ilə bu ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi də ölkəmizin ərzaq təhlükəsizliyinin tam təmin olunmasını sürətləndirəcək və qarşıya qoyulmuş vəzifələrin uğurla icrasına əlverişli şərait yaradacaqdır.
Regionlarda infrastruktur təminatı yaxşılaşdırılır
Bölgələrin inkişafının mühüm amillərindən olan infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə son illər elektrik, qaz və su təchizatının yenilənməsi işləri aparılıb, nəticədə regionlarda kommunal xidmətlərin səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Bundan əlavə, su anbarları, hidroqovşaqlar, kanallar, drenaj şəbəkələri, yüzlərlə subartezian quyusu inşa və ya əsaslı təmir olunub. Bu obyektlər aqrar sektorun, sahibkarlığın inkişafını sürətləndirir, yeni torpaqların dövriyyəyə cəlb edilməsinə, içməli su və enerji təchizatının daha da yaxşılaşmasına imkan yaradır.
2014-cü ildə regionlarda 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 30 yeni körpü və yolötürücüləri tikilib və ya təmir olunub. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq kənd yollarının tikintisi davam etdirilib, əhalisi 960 min nəfər olan 597 yaşayış məntəqəsini birləşdirən 1300 kilometr uzunluğunda kənd yollarının çəkilməsi və yenidən qurulması işləri yerinə yetirilib.
Yuxarıda sadalananlarla yanaşı, ötən il 5 elektrik stansiyası işə salınıb, 3 min kilometr elektrik xətti çəkilib, 614 transformator, 20 yarımstansiya quraşdırılıb, 1450 kilometr qaz kəməri inşa edilib və ya əsaslı təmir olunub, 24 rayon üzrə 58 yaşayış məntəqəsinə təbii qaz verilib.
Sosial müdafiəyə xüsusi önəm verilir
Regionlarda əhalinin sosial müdafiəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və maddi rifah halının yaxşılaşması istiqamətində də mühüm uğurlar əldə edilib. Ölkə boyu bir sıra sosial obyektlər tikilib, təhsil, mədəniyyət, səhiyyə, idman, turizm, ekologiya sahələrində böyük irəliləyiş nəzərə çarpıb.
Ötən il informasiya və rabitə xidmətlərinin yaxşılaşdırılması məqsədilə yerlərdə 26 ATS, 42 poçt şöbəsi istifadəyə verilib. 155 məktəb, 30 tibb müəssisəsi, 11 gənclər və idman, 43 mədəniyyət və digər sosial obyektlər inşa edilib və ya əsaslı təmir olunub. Məcburi köçkünlər üçün 7 yeni yaşayış kompleksi salınıb, 4450 ailənin və ya 22 min məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Sumqayıt, Gəncə və Sabirabadda “ASAN xidmət”in fəaliyyətə başlaması əhalinin gündəlik həyatını asanlaşdırıb, indiyədək həmin mərkəzlərin xidmətindən 1,1 milyondan çox vətəndaş istifadə edib.
Görülən işlər və nəticələr deməyə əsas verir ki, son 11 ildə respublikamızda regionların inkişafı, əhalinin sosial müdafiəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və maddi rifah halının yaxşılaşması, neft gəlirlərini qeyri-neft sektoruna yönəltməklə və modern texnologiyalara əsaslanmaqla yeni və qabaqcıl sənaye sahələrinin yaradılması istiqamətində mühüm uğurlar əldə edilib. Bütün bunlar isə ondan xəbər verir ki, Azərbaycan dünyaya özünün uğurlu inkişaf modelini təqdim edə bilib və qısa zaman kəsiyində ölkəmizdə, sözün əsl mənasında, inqilabi yeniləşmə və tərəqqiyə nail olunub.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.
|
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.