Azərbaycanın zəngin qaz potensialı bu sahədə bir sıra əlavə işlərin görülməsini, qaz təsərrüfatının infrastruktur imkanlarının daha da genişləndirilməsi zərurətini yaradır. Təsadüfi deyil ki, son illər ölkə ərazisinin tamamilə qazlaşdırılması, əhalinin və iqtisadiyyatın “mavi yanacağa” olan tələbatının ödənilməsini təmin etmək məqsədilə qəbul olunmuş xüsusi proqram uğurla həyata keçirilir. Ölkənin qaz təsərrüfatının yaxın illər üçün əsas prioritetlərini müəyyənləşdirən həmin proqram çərçivəsində nəzərdə tutulmuş mühüm tədbirlərin xeyli hissəsi artıq reallığa çevrilmişdir.
Ölkəmizin qaz təsərrüfatının bugünkü uğurlu inkişafında inşaatçılar da böyük pay sahibidirlər. Son illər ölkədə neft və qaz hasilatının artırılması üçün yaradılan və bütün imkanlara cavab verən ən müasir infrastruktur obyektləri məhz bu fədakar insanların gərgin əməyinin nəticəsidir. Dövlət Neft Şirkəti “Neftqaztikinti” Trestinin ayrı-ayrı əmək kollektivləri kimi 2 saylı tikinti quraşdırma idarəsinin inşaatçıları da ölkənin neft-qaz sənayesinin inkişafına mühüm töhfələr verirlər. Təsadüfi deyil ki, son illər uğurlu fəaliyyəti, dövlət sifarişlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi sahəsindəki çoxsaylı nailiyyətləri ilə seçilən kollektivə yüksək etimad göstərilir, dənizdə və quruda bir sıra vacib tikinti-quraşdırma işlərinin, neft-qaz sənayesi üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən layihələrin icrası məhz bu idarəyə həvalə olunur.
Bu baxımdan ötən ili də kollektiv üçün uğurlu hesab etmək olar. Belə ki, 2014-cü ildə bir sıra dövlət əhəmiyyətli obyektlərin tikintisini müvəffəqiyyətlə başa çatdıran inşaatçılar etimadı layiqincə doğrultmuş, magistral qaz kəmərlərinin, qaz anbarlarının, kompressor stansiyalarının və digər obyektlərin tikintisi və təmiri ilə bağlı dövlət sifarişlərini vaxtında və keyfiyyətlə yerinə yetirməyə müvəffəq olmuşlar. Bu baxımdan “Qazıməmməd-Qazax magistral qaz kəmərinin yenidən qurulması” layihəsini xüsusi qeyd etmək olar. Xatırladaq ki, həmin kəmərin 210 kilometrlik hissəsinin 1020 millimetrlik borularla dəyişdirilib yenidən qurulması işləri 2 saylı tikinti-quraşdırma idarəsinin hazırda quruda həyata keçirdiyi ən iri infrastruktur layihəsidir. Layihənin məqsədi magistral qaz kəməri vasitəsilə Şirvan düzünün yamaclarından başlayaraq Böyük Qafqaz sıra dağlarının cənub yamaclarına qədər yerləşən ərazilərdə qazın itkisiz və fasiləsiz ötürülməsini təmin etməkdən ibarətdir. 2013-cü ilin noyabr ayında başlanmış layihə çərçivəsində boruların qaynaq olunması üçün “Neftqaztikinti” Tresti tərəfindən alınmış müasir avtomat və yarımavtomat qaynaq aparatlarından istifadə edilmişdir ki, bu da iş vaxtına qənaət olunmasına, layihənin icrasının sürətləndirilməsinə və qaynaq işlərinin keyfiyyətlə aparılmasına imkan yaratmışdır. Bundan əlavə, tikintinin birinci mərhələsinə daxil olan 114-138 kilometrlik yenidən qurulmuş hissə layihənin parametrlərinə uyğun möhkəmliyə və kipliyə görə sınaqdan keçirilmişdir. Obyektin cari ilin dekabr ayında təhbil verilməsi nəzərdə tutulur. Bundan əlavə, ötən il idarənin kollektivi Qazıməmməd-Qazax magistral qaz kəmərinin ikinci xəttinin 270-273,5 kilometrlik hissəsinin əsaslı təmirini də uğurla başa çatdırmışdır.
Son illər istehlakçıların payız-qış mövsümündə “mavi yanacaq”la fasiləsiz təminatına nail olunması ölkənin qaz təsərrüfatının qarşısında duran mühüm vəzifələrdəndir. Bu məqsədlə yeraltı qaz anbarları genişləndirilir, infrastruktur əsaslı şəkildə yeniləşdirilir. 2 saylı tikinti-quraşdırma idarəsinin kollektivi bu sahədə də yaxından iştirak edir. Ötən il inşaatçılar “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Qaradağ yeraltı qaz anbarında qazpaylama məntəqəsinin genişləndirilməsi” layihəsinin icrası istiqamətində xeyli iş görmüşlər. Hazırda layihə çərçivəsində nəzərdə tutulmuş işlər uğurla davam etdirilir. Bundan əlavə, ötən il kollektivin səyi ilə Qaradağ yeraltı qaz anbarında bir sıra təmir və yenidənqurma işləri həyata keçirilmişdir.
Azərbaycanda qaz tədarükünün artırılmasına mühüm töhfələr verəcək “Ümid” yatağının neft və qaz hasilatının nəqli sisteminin layihələndirilməsi obyekti isə 2 saylı tikinti-quraşdırma idarəsinin son illərdə dəniz akvatoriyasında həyata keçirdiyi ən iri layihədir. “SOCAR-Ümid” MMC-nin sifariş etdiyi bu layihə “Ümid” yatağından hasil olunan qazın və mayenin N. Nərimanov adına NQÇİ-nin istismar etdiyi 82 saylı stasionar dəniz özülünə fasiləsiz nəql olunmasını təmin etmək məqsədi daşıyır. Layihəyə əsasən, “Ümid-1" platformasından 82 saylı özülədək iki boru kəmərinin çəkilməsi nəzərdə tutulur. Dəyəri 45 milyon manat təşkil edən layihə çərçivəsində nəzərdə tutulmuş ümumi uzunluğu 36 kilometr olan boru kəmərlərinin çəkilişini uğurla başa çatdıran inşaatçılar obyekti 2014-cü ilin sonlarında təhvil vermişlər. Hazırda inşaatçılar ”Ümid" yatağında neft və qaz hasilatının nəqli sisteminin layihələndirilməsi sahəsində tikinti işlərini sürətlə davam etdirirlər. Ötən il isə idarənin kollektivi “Ümid” yatağının 1 saylı stasionar dəniz özülündə bir sıra zəruri qurğu və avadanlıqların inşası ilə bağlı sifarişləri də vaxtında və keyfiyytlə yerinə yetirmişlər.
İdarənin kollektivi ötən il iri layihələrin icrası ilə yanaşı, bir sıra digər obyektlərin təmiri və tikintisi, eləcə də stasionar dəniz özüllərində və meydançalarda abadlaşdırma işləri ilə bağlı sifarişləri də vaxtında və keyfiyyətlə yerinə yetirməyə müvəffəq olmuşdur. “Səngəçal-dəniz”—"Xarə-Zirə" adası yatağında quyuların istismar olunması üçün sualtı kommunikasiyanın yaradılması, N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi 447 və 620 saylı məntəqələrə qədər sualtı qaz və neft, eləcə də “Abşeronneft” NQÇİ-nin “Darvin bankası” yatağında hasil olunan mayenin və qazın sahilə nəql edilməsi üçün xətlərin çəkilişi bu qəbildən olan mühüm işlərdəndir. Bundan əlavə, il ərzində “N.Nərimanov adına NQÇİ-nin Daşgil—AzQEZ arası 700 millimetrlik, ”Bulla dəniz" yatagından Daşgil neft yığım məntəqəsinə gələn 426 millimetrlik qaz xəttinin, həmçinin Mingəçevir qazpaylayıcı stansiyasından “Mingəçevir” İstilik Elektrik Stansiyasına gedən daşıyıcı qaz kəmərinin təmiri ilə bağlı sifarişlər də vaxtında əməl olunmuşdur.
İdarənin rəisi Elxan Salmanov dedi :
— Son illər Dövlət Neft Şirkətinin, eləcə də “Neftqaztikinti”Trestinin rəhbərlikləri tərəfindən kollektivimizə yüksək etimad göstərilir, bir sıra iri layihələrin icrası bizə həvalə olunur. Bu etimadı doğrultmaq isə idarəmizin bütün işçilərindən xüsusi məsuliyyət tələb edir. Bundan əlavə, həyata keçirdiyimiz tikinti-quraşdırma işlərinə rəhbərlik tərəfindən göstərilən diqqət, eləcə də dövlət qayğısı kollektivin məsuliyyətini birə beş artırır. Yeri gəlmişkən, möhtərəm Prezidentimiz İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransında ölkə ərazisinin maksimum qazlaşdırılması ilə bağlı konkret tapşırıq və tövsiyələr verdi. Bu da qarşıya yeni vəzifələr qoyur. Kollektivimiz ölkəmizin neft-qaz sənayesinin infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlı dövlət sifarişlərinin vaxtında və keyfiyyətlə yerinə yetirlməsi istiqamətində səylərini bundan sonra da artıracaq...
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.