Naftalan: kurort şəhəri yeni inkişaf mərhələsində

 Naftalan Şəhər İcra Hakimiyyətinin illik hesabat konfransında ötən ilin sosial- iqtisadi yekunları, bu ilin başlıca hədəfləri geniş təhlil olundu, konkret vəzifələr müəyyənləşdirildi. Məruzə və çıxışlarda  bildirildi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən regional inkişaf proqramları ölkənin digər bölgələri kimi, Naftalan şəhərini də sürətli inkişaf və hərtərəfli yeniləşmə yoluna çıxarmışdır. Ötən dövrdə bir sıra problemlər uğurla aradan qaldırılmış, sakinlərin zəruri ehtiyaclarının ödənilməsi qaydaya salınmış , ümumi rifah yüksəlmişdir.

Hesabat məruzəsi ilə çıxış edən edən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov qeyd etdi ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri- neft sektorunun inkişaf etdirilməsi sahəsində dövlət siyasəti çərçivəsində  nəzərdə tutulmuş tədbirlərin ardıcıl icrası  həyatın bütün sahələrində yüksəlişi təmin etmişdir. Ötən il ölkəmizin hər yerində olduğu kimi, müalicəvi əhəmiyyətinə görə dünyada əvəzi olmayan Naftalan nefti ilə məşhur Naftalan şəhərinin də hərtərəfli inkişafı üçün böyük işlər görülmüşdür. Növbəti regional inkişaf proqramında nəzərdə tutulmuş tədbirlər uğurla davam etdirilir.

2014-cü ilin oktyabr ayının 17-də Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şəhərə səfəri yeni obyektlərin açılışı ilə əlamətdar olmuş, sakinlərin yaddaşında silinməz izlər buraxmışdır. Həmin gün  beynəlxalq səviyyəli  264 yerlik “Qarabağ SPA and Resort” otel kompleksinin açılışı olmuşdur. Hazırda bu oteldə 100 nəfərə yaxın vətəndaş  daimi işlə təmin olunmuşdur.  Digər mühüm cəhət burada çalışanların böyük əksəriyyətinin yerli sakinlər olmasıdır. Dövlət başçısı və xanımı “Naftalan Hotel by Rixos” otelinin yeni korpusunda yaradılan şəraitlə də tanış olmuşlar.

Artıq  bir gündə 2000 nəfərə yaxın  turist qəbul etmək gücü olan Naftalan şəhərinə  gələn yerli və xarici qonaqların sayı son illərlə müqayisədə 5-6 dəfə artaraq 15 mini keçmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Naftalanın keçmiş şöhrəti sürətlə bərpa edilir. Naftalan vaxtilə ümumittifaq turizm mərkəzi idi. Bu gün  onu beynəlxalq turizm mərkəzinə çeviririk. 

ŞİH başçısı bildirdi ki, 2014-cü ilin yekun statistik göstəricilərinə nəzər salsaq, görərik ki, hesabat dövründə qarşıya qoyulmuş vəzifələr uğurla icra olunmuşdur. Şəhər üzrə  ümumi məhsul buraxılışı  12814,3 min manata, iqtisadiyyatın aparıcı sahəsi olan sənaye istehsalı ötən illə müqayisədə 13,6 faiz artaraq 1709,6 min manata çatmışdır.  Tikinti-quruculuq işlərinin həcmi isə 5405,9 min manat təşkil etmişdir. 263,4 min manatlıq nəqliyyat xidməti göstərilmişdir. Əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan  pullu xidmətlərin həcmi 18,8 faiz artaraq 13502,1  min manat, pərakəndə əmtəə dövriyyəsinin həcmi 15464,2 min manat olmuşdur. Orta aylıq əmək haqqı isə 2013-cü illə müqayisədə 10,7 faiz artaraq  282 manata yüksəlmişdir.

Məruzəçi daha sonra məlumat verdi ki,  ötən il şəhərdə yeni avtovağzal–otel kompleksinin tikintisinə başlanılmışdır. Polis şöbəsinin və Naftalan  Bələdiyyəsinin  yeni inzibati binalarında isə tikinti işləri davam etdirilmişdir. Hazırda mövcud zibil poliqonu təmizlik işləri aparılmaqla genişləndirilir. Bu dövrdə 6 kilometr uzunluğunda Naftalan-Qaşaltı Qaraqoyunlu  avtomobil yolu əsaslı təmir olunmuş, yeni bardürlər düzülmüş, suötürücülər tikilmişdir.

Əhaliyə göstərilən su və kanalizasiya xidmətinin daha da yaxşılaşdırılması məqsədilə şəhərin su  təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin tikintisi işləri 2014-cü ildə də   davam etdirilmişdir. Hər birinin tutumu 3000 kubmetr olan iki su anbarının inşası başa çatdırılmışdır. Şəhərdaxili istismar müddəti ötmüş köhnə su xətlərinin yenisi ilə əvəz edilməsi tam başa çatdırılmışdır.

Ötən il Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndlərində  hər hektara  26 sentner olmaqla, ümumilikdə  589,8 ton məhsul istehsal olunmuşdur. 134  kənd təsərrüfatı  istehsalçısına əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə 10,552 min manat məbləğində yardım verilmişdir.

Dövlət proqramına uyğun olaraq, şəhərdə istilik, qaz təchizatının yaxşılaşdırılması sahələrində işlər tam başa çatdırılmışdır. Binadaxili telefon kabellərinin zirzəmidən keçirilməklə yenisi ilə əvəzlənməsinə və şəhərdaxili hava rabitə xətlərinin kabel kanalizasiya quyuları ilə çəkilişinə başlanılmışdır. İl ərzində isə 25000-ə yaxın ağac və dekorativ  gül kolları əkilmişdir.

Təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişaf etdirilməsi, mövcud problemlərin aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsindən söz açan ŞİH başçısı bildirdi ki, son dövrdə məktəblərin maddi-texniki bazası xeyli gücləndirilmişdir. Keçən tədris ilində məzunların 40 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş, onlardan   17 nəfəri tələbə adını qazanmışdır. Ötən il əhalinin sağlamlığının qorunması və göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün bir sıra zəruri tədbirlər görülmüşdür. Şəhərin mədəni həyatı da zənginləşmişdir. Aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində  müəyyən işlər görülmüşdür.  Əhalinin Sosial Müdafiəsi Mərkəzi  121 ailəyə  ünvanlı  dövlət sosial  yardım  təyin etmiş, bir ailəyə düşən məbləğ 118 manat təşkil etmişdir.  11 Çernobıl  əlilinə  müalicə üçün, 20 imkansız əlilə birdəfəlik maddi  yardım və müxtəlif kateqoriyalı 4 əlilə minik  avtomobili verilmişdir. Mərkəzin sosial məişət  xidməti sektoru tərəfindən 47 nəfər tənha ahıl və  əlil vətəndaşa sosial xidmət göstərilmişdir. Şəhər məşğulluq mərkəzi ilə birgə əmək yarmarkaları təşkil olunmuşdur. 222 işaxtaran qeydə alınmış, bunun 200 nəfəri işlə təmin edilmişdir. Onlardan 97 nəfəri qadındır. Şəhərdə  aparılan tikinti işlərində 580 nəfər müvəqqəti işə cəlb olunmuşdur. 5 nəfərə işsizlik statusu təyin olunmuşdur.

Məruzə və çıxışlarda bildirildi ki,  bu il qarşıda daha mühüm işlər durur. 2014-2018- ci illəri əhatə edən yeni Dövlət Proqramında da Naftalan şəhəri üzrə bir çox mühüm tədbirlər nəzərdə tutulub.  Bunlar aşağıdakılardan ibarətdir:

Şəhərdə tullantıların təkrar emalı müəssisəsinin yaradılması; turizm sahəsinin inkişafı; rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması; əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində müvafiq işlərin davam etdirilməsi, o cümlədən Naftalan Şəhər Əlillərin Regional Bərpa Mərkəzinin bərpa-gücləndirilməsi və əsaslı təmiri; mədəniyyət, idman-sağlamlıq obyektlərinin əsaslı təmiri və tikintisi; uşaq yaradıcılıq mərkəzi və körpələr evi-uşaq bağçasının tikintisi; abadlıq-quruculuq işlərinin davam etdirilməsi və s. Artıq bəzi tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Dövlət Proqramında Naftalan üzrə nəzərdə tutulmuş bu tədbirlərin həyata keçirilməsi  kurort- sağlamlıq şəhərinin növbəti mərhələdə inkişafını təmin edəcəkdir. 

Azərbaycan Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov ölkənin regional inkişaf strategiyasının önəmli məsələlərindən danışdı, naftalanlılara yeni uğurlar arzuladı.

Konfransda naftalanlıların belə bir məramı hamılıqla təsdiqləndi ki, dövlət başçısı İlham Əliyevin  sərəncam və tapşırıqlarına uyğun olaraq, dünyanın unikal şəhərlərindən biri olan Naftalanın yüksək səviyyəli sanatoriya-kurort mərkəzinə çevrilməsi ilə bağlı işlər bundan sonra da ardıcıl və yüksək sürətlə davam etdiriləcək, bütün qüvvə və imkanlar şəhərin davamlı sosial-iqtisadi inkişafına səfərbər ediləcək.

Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında