Şamaxı haqqında çox yazılıb. Hər dəfə bu qədim yurda yolum düşəndə nədənsə qəribə hisslər keçirirəm. Azərbaycan ədəbiyyatına böyük şəxsiyyətlər vermiş qədim Şirvan torpağında görülən işlər haqqında bu gün qürur hissi ilə danışmaq olar.
Təsadüfi deyildir ki, 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda bu barədə ətraflı söhbət getdi. Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Ağayev bildirdi ki, 2014-cü il Şamaxı üçün unudulmaz olub. Belə ki, bu dövrün ən mühüm hadisəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin may ayının 14-də rayona səfər etməsidir. Həmin səfər çərçivəsində dövlətimizin başçısı Şamaxı rayonunun Şərədil kəndində yüksək səviyyədə müasir standartlara uyğun inşa olunmuş beşulduzlu “Şamaxı Palace Platinum By Rixos” otelinin açılış mərasimində iştirak etmişdir. Bu otel təkcə Şamaxı rayonu üçün deyil, bölgə üçün də əhəmiyyətli turizm obyektidir. Mükəmməl infrastruktura malik olan otel kompleksindəki şərait böyük turizm potensialına malik olan Şamaxıda turistlərin yüksək səviyyədə qəbulu üçün geniş imkanlar açacaqdır.
Bildiyimiz kimi, turizm sənayesi artıq dünyada ən gəlirli və perspektivli sahəyə çevrilmişdir. Ötən il ərzində Sagyan kəndi ərazisində “Sakit göl” istirahət mərkəzi istifadəyə verilmişdir. Pirqulu zonasında isə müasir standartlara cavab verəcək yeni turizm obyektləri tikilir. Hazırda rayonda 1002 yerləşmə yeri olan 26 mehmanxana və mehmanxana tipli obyektlər qeydə alınmışdır. Təsadüfi deyil ki, son illərdə Şamaxıya gələn turistlərin sayı sürətlə artmışdır. Belə ki, 2014-cü ildə qonaqların sayı 85252 nəfər olmuşdur ki, onların da, 14464 nəfəri əcnəbi turistlərdir.
Daha sonra natiq qeyd etmişdir ki, tarixi şəhər olan Şamaxının abadlaşdırılması və yenidən qurulması, sosial problemlərin həlli uğurla davam etdirilmişdir. Şamaxı şəhərinin mərkəzində yerləşən, uzun müddətdir ki, baxımsızlıq nəticəsində yararsız hala düşmüş “Soyqırımı” abidəsi yenidən qurularaq əsaslı təmir edilmişdir. Abidənin ətrafında yerləşən bütün fərdi yaşayış evlərinin dam örtükləri yenisi ilə əvəz edilmiş, fasad hissələri aqlay daşla üzlənmiş, pəncərə blokları yenisi ilə əvəz edilmiş və evlərin giriş qapıları rənglənmişdir. Ərazidə olan bütün hasarlar dekorativ üslubda üzlənmişdir. Həmin ərazidə piyadalar üçün səkilər çəkilmiş, asfalt-beton örtüyü vurulmuş və işıqlandırma sistemi quraşdırılmışdır. Abidənin ətrafında 600 kvadratmetr yeni yaşıllıq zolağı salınmış, həmişəyaşıl bəzək kolları və dekorativ ağaclar əkilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş şamaxılıların uyuduğu Şəhidlər xiyabanının əsaslı təmiri və yenidən qurulması işləri başa çatdırılmışdır. Məzarların ətrafı mərmərlə üzlənmış, şəhidlərin adları və soyadları mərmər lövhədə yazılmış, abidə xüsusi memarlıq üslubunda mərmər və şəbəkə ilə üzlənilmişdir. Ərazinin tam yenidən işıqlandırılması işləri həyata keçirilmişdir. Şəhidlər xiyabanının ərazisi böyük parka çevrilərək 3 hektara çatdırılmış, burada 5000 kvadratmetrə qədər yaşıllıq zolağı salınmış və 800-dək qədər yeni ağac əkilmişdir.
Şəhərin N.Nərimanov küçəsində xeyli abadlıq işləri görülmüşdür. Belə ki 400 metr məsafədə yaşıllıq zolaqları salınmış səkilərə asfalt-beton örtüyü vurulmuşdur. Hazırda işlər davam etdirilir. Rayon icra hakimiyyətinin qarşısında yerləşən parkda əsaslı təmir işləri aparılmışdır. Əraziyə 900 kvadratmetr üzlük daş döşənmiş və 800 kvadratmetr yeni yaşıllıq zolağı salınmış, kollar və ağaclar əkilmiş, işıqlandırma sistemi çəkilmişdir.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar 2014-cü il ərzində şəhərin küçələrinin abadlaşdırılması və yenidən qurulması xüsusi diqqət mərkəzində saxlanılmışdır. Belə ki, şəhərin Azadlıq, A.Əhmədov, B.Əzizov, S.Bəhlulzadə, C.Məmmədquluzadə, F.Baxşiyev, A.Gəraybəyli, H.Z.Şirvani, Y.Kələntərli, A.Səhhət və digər küçələrinə ümumilikdə 56000 kvadratmetr asfalt-beton örtüyü vurulmuşdur. Bundan əlavə 13 kilometrlik Şamaxı-Çuxuryurd-Qızmeydan avtomobil yolunun tikintisi başa çatdırılmış, 53 kilometrlik Şamaxı-Padarçöl yolunun əsaslı təmir və yenidənqurma işləri davam etdirilmişdir. Altı min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən 11 kilometrlik Şamaxı-Göylər-Quşçu avtomobil yolunun tikintisi üzrə müvafiq sənədlər aidiyyəti qurumlara təqdim olunmuş və bu tədbirin həyata keçirilməsi “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na salınmışdır.
Şamaxı şəhərinin küçələrinin işıqlandırılması məqsədilə il ərzində xeyli iş görülmüşdür. Belə ki, şəhərin Bakı istiqamətindəki giriş hissəsindən şəhərin Ağsu istiqamətində yerləşən gənclər parkına qədər ümumilikdə 208 ədəd yeni işıqlandırma dirəkləri quraşdırılmışdır. Şəhərin S.Ə.Şirvani küçəsində müasir, xüsusi dizayna uyğun yanacaqdoldurma məntəqəsi tikilib istifadəyə verilmişdir.
2014-cü ildə büdcənin mədaxili 21 milyon 632 min manata qarşı 21 milyon 711 min manat və ya 100,4 faiz icra olunmuşdur. O cümlədən rayon ərazisindən büdcəyə nəzərdə tutulduğundan 79,2 min manat cox vəsait daxil olmuşdur.
Məlum olduğu kimi, Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda ölkə Prezidenti 2015-ci ili “Kənd təsərrüfatı” ili elan etmişdir. Şamaxı əsasən aqrar rayon olduğuna görə iqtisadiyyatında kənd təsərrüfatı sahəsi mühüm yer tutur. Bu baxımdan heyvandarlıq da rayon iqtisadiyyatında aparıcı sahələrdən birini təşkil edir. İcra hakimiyyətinin başçısı kənd təsərrüfatı sahəsində qazanılan uğurlara da toxunmuşdur. Ötən ilin sonunadək rayonda qara malın sayı 37911, qoyun-keçilərin sayı 190570, quşların sayı isə 270014 başa çatdırılmışdır. 2013-cü illə müqayisədə müvafiq olaraq qara malın sayı 301 baş artmışdır. Həmin dövrdə ət istehsalı 4843,7, süd istehsalı 23011, yun istehsalı 375,4 ton və yumurta istehsalı 16 milyon ədəd olmuşdur.
Rayonda sahibkarlığın inkişaf etdirilməsi, dövlət tərəfindən bu sahəyə hərtərəfli dəstəyin göstərilməsi xüsusi diqqət mərkəzində olmuşdur. 2014-cü ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına Şamaxı rayonu üzrə 68 sahibkara 4,8 milyon manat güzəştli kreditlər verilmişdir.
Nəticədə sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı artaraq 1800 nəfərə çatdırılmış, rayon üzrə 1069 daimi iş yeri açılmışdır.
Ötən müddət ərzində əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə rayonda sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi, onlara ünvanlı sosial yardımın verilməsi daim diqqət mərkəzində saxlanılmışdır. 2014-cü ildə rayon üzrə 1291 ailənin 5770 nəfər üzvünə 167,3 min manat ünvanlı sosial yardım verilmişdir. İl ərzində aztəminatlı təbəqələrə, əlil və şəhid ailələrinə daxili imkanlar hesabına kömək olunmuş, pensiya və müavinətlər əhaliyə vaxtında çatdırılmışdır. 2014-cü ildə 5 nəfər Qarabağ müharibəsi əlili və 1 nəfər şəhid ailəsi rayon icra hakimiyyətində güzəştli mənzil növbəsinə götürülmüşdür.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə 2013-cü ildə Şamaxı şəhərində tikintisinə başlanılmış Qarabağ müharibəsində əlil və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının tikintisi 2014-cü ildə davam etdirilmişdir. Binanın bu il istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə rayonun qəsəbə və kəndlərində bu kateqoriyadan olan insanlara dövlət tərəfindən fərdi mənzillərin tikintisi üçün də torpaq sahələri ayrılmışdır.
Məruzəçi hesabatında işıq və qaz təsərrüfatında olan vəziyyətə də geniş yer ayırmış, bu sahədə görülən işləri sadalamaqla konkret məsələlərdən danışmışdır. O, eyni zamanda, Şamaxı təhsilinin uğurlarından da söhbət açmışdır.
Təhsilin maddi-texniki bazası möhkəmləndirilmiş, onun infrastrukturu yenilənmişdir. Belə ki, Nüyüdü, Dəmirçi, Əngəxaran tam orta məktəblərində cari təmir işləri görülmüş, Uşaq Gənclər idman məktəbi isə əsaslı təmir olunmuşdur. Hesabat ilində 380 şagird yerlik Mədrəsə qəsəbə tam orta və 80 şagird yerlik Şərədil kənd ümumi orta məktəblərinin tikintisinə başlanılmış, Göylər 1 saylı kənd tam orta məktəbin tikintisi Dövlət Proqramına daxil edilmişdir. 2014-cü ildə rayonda Heydər Əliyev Fondunun təşəbbüsü ilə S.Ə.Şirvani küçəsində 100 yerlik 5 saylı, Şəhriyar qəsəbəsinin ərazisində 100 yerlik 4 saylı uşaq bağçalarının tikintisinə başlanmış, Mədrəsə qəsəbə körpələr evi-uşaq bağçasının əsaslı təmir işləri davam etdirilmişdir. 2013-2014-cü tədris ilində 544 nəfər məzundan 191 nəfəri ali məktəblərə daxil olmuşdur ki, bu da ötən illə müqaisədə 5 faiz artıqdır.
Asif Ağayev vurğulamışdır ki, bu gün Şamaxı gənclərinin əldə etdiyi uğurlar sevindiricidir, hər bir kəs bundan qürur hissi duyur.
Məruzə ətrafında müzakirələrdə çıxış edənlər də 2014-cü ilin Şamaxı üçün uğurlu olduğunu qeyd etmişlər. Bildirmişlər ki, bu uğurlar şamaxılıları yeni qələbələr qazanmağa ruhlandırır və qarşıda daha böyük vəzifələr durur.
Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev çıxış etmişdir.
Yığıncaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
İlqar MUSAOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.