Son illər dünyada gedən iqtisadi proseslərin, nəhəng enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısına çevrilmiş Azərbaycan Respublikasının beynəlxalq aləmə inteqrasiyası getdikcə sürətlənir, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatındakı rolu əhəmiyyətli dərəcədə artır. Ötən il dünyanın bir sıra nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanda gedən inkişaf prosesini yüksək qiymətləndirmiş, ölkəmizin kredit reytinqini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışlar. Belə ki, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 38-ci yerdədir. Heç şübhəsiz, dünya miqyasında ilk 40 ölkə sırasına daxil olmaq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatların, düşünülmüş və bitkin siyasətin nəticəsidir.
Azərbaycanın dinamik sosial-iqtisadi tərəqqisi 2014-cü ildə də davam etmiş, ölkəmiz dünyanın inkişaf etməkdə olan dövlətlərinin sırasındakı mövqeyini bir qədər də möhkəmləndirmişdir. Ən əsası isə son 11 ildə makroiqtisadi mühit göstəricisinə görə dünya ölkələri arasında 8-ci yerdə qərarlaşan Azərbaycan planetimizin ən yaxşı inkişaf potensialı və inkişaf siyasətinə malik olan dövlətləri sırasına qoşulmuşdur. Sevindirici haldır ki, Azərbaycan bu gün dünya birliyinə dinamik inkişaf edən, yüksək orta gəlirli ölkə kimi təqdim olunur.
Ölkəmizin iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun ilbəil artmasında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının müstəsna əhəmiyyəti olmuşdur. “Əsrin müqaviləsi” çərçivəsində ilkin neftin çıxarılması Azərbaycanda neft hasilatının sürətli inkişafına təkan verməklə yanaşı, ölkəmizin siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə imkan yaratmışdır. Ötən müddətdə neft strategiyası çərçivəsində həyata keçirilmiş tədbirlər, mühüm infrastruktur layihələrinin reallaşdırılması ölkəmizin dinamik sosial-iqtisadi inkişafı üçün möhkəm zəmin yaratmışdır. Eyni zamanda, özünün zəngin karbohidrogen ehtiyatlarından düzgün, səmərəli şəkildə istifadə edən Azərbaycan Respublikası regionun ən sabit və dinamik inkişaf edən ölkəsinə çevrilmişdir.
2014-cü il Azərbaycanın neft strategiyası üçün bir sıra əlamətdar hadisələrlə zəngin olmuşdur. Bu baxımdan ölkəmizin neft sənayesinə böyük həcmli investisiyaların qoyulması və müasir texnologiyaların tətbiqinin nəticəsi olan “Qərbi Çıraq” platformasının istismara verilməsini qeyd etmək olar. Məlum olduğu kimi, yanvarın 28-də “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun tammiqyaslı işlənməsi proqramı çərçivəsində inşa olunmuş yeni unikal platformadan ilkin neftin hasilatına başlanmışdır. Heç şübhəsiz, bu əlamətdar hadisə müasir neft tariximizin növbəti uğuru kimi qiymətləndirilməlidir. Məlumat üçün bildiririk ki, “Qərbi Çıraq” platforması dənizin 170 metr dərinliyində quraşdırılmışdır və onun layihə gücü gündəlik 25 min ton xam neft və təxminən 8 milyon kubmetr qaz hasil etmək potensialına malikdir. Bu platformadan ildə təxminən 8,2 milyon ton neft və 2,8 milyard kubmetr qaz hasil ediləcəkdir. Hasilata başlamış və yeni texnologiyalar üzərində inşa edilmiş bu platforma gələcəkdə hələ uzun illər boyunca dünya səviyyəli qurğu kimi Azərbaycanda neft hasilatının həcminin sabit səviyyədə saxlanılmasını təmin edəcəkdir. Adıçəkilən platformadan hasilat il ərzində digər öncəqazma quyuları işə düşdükcə artacaq. Bundan əlavə, sentyabr ayının 20-də “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ili tamam olmuşdur. Bununla bağlı Bakıda keçirilmiş təntənəli mərasimdə xalqımızın ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarına bir daha nəzər salınmış, əldə olunmuş nailiyyətlər barədə ətraflı söhbət açılmışdır. Həmin tədbirdə çıxış edən Prezident İlham Əliyev demişdir: “1994-cü il Azərbaycanın yeni enerji strategiyasının başlanğıc ili idi. Hökumətimiz ilə dünyanın əsas neft şirkətləri konsorsiumu arasında müqavilə imzalandı. 1994-cü ildə imzalanan müqavilə dərhal “Əsrin müqaviləsi” adını aldı. Bu, sərmayələrin həcmi və resurs əsası kimi götürülən “Azəri-Çıraq-Günəşli” yatağının dünyadakı ən böyük neft yataqlarından biri olması faktı ilə bağlı idi. İyirmi ildən çoxdur ki, həmin yataq işlənilir və ölkəmizdə neft hasilatının əsas özəyi hesab olunur. Buna görə də 1994-cü il enerji strategiyasının başlanğıc ili oldu. Beləliklə, Xəzər dənizi ilk dəfə olaraq xarici sərmayələr üçün açıq elan edildi".
2014 -cü ildə BTC vasitəsilə ixrac olunmuş təqribən 34,8 milyon ton (262 milyon barrel) xam neft Türkiyənin Ceyhan limanından 362 tankerlə dünya bazarına göndərilmişdir. Bütövlükdə isə 1768 kilometr uzunluğunda olan BTC boru kəməri ilə 2006-cı ilin iyun ayından indiyədək təxminən 2,1 milyard barrel və ya 280 milyon ton xam neft ixrac olunmuşdur.
2010 -cu ildə Azərbaycanda 50,7 milyon ton neft çıxarılmışdır ki, bu da ölkəmizin neft sənayesinin tarixində rekord göstərici hesab olunur. Bütövlükdə isə 1997-ci ildən ötən dövr ərzində “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan təqribən 376 milyon ton neft və 100 milyard kubmetrə yaxın səmt qazı hasil edilmişdir.
2014 -cü ildə Azərbaycan Respublikasının Dövlət Neft Fonduna neft və qazın satışından 12 milyard 343,8 milyon manat vəsait daxil olmuşdur.
Xatırladaq ki, “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində ölkə üzrə neft hasilatı təqribən 5 dəfəyə yaxın artaraq 1997-ci ildəki 9 milyon tondan 2014-cü ildə 41,9 milyon tona çatmışdır. Ölkəmizdə ən yüksək illik neft hasilatı isə 2010-cu ildə qeydə alınmışdır. Belə ki, həmin il Azərbaycanda 50,7 milyon ton neft çıxarılmışdır ki, bu da ölkəmizin neft sənayesinin tarixində rekord göstərici hesab olunur. Bütövlükdə isə ötən illər ərzində “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan təqribən 376 milyon ton neft və 100 milyard kubmetrə yaxın səmt qazı hasil edilmişdir.
Ötən il “Əsrin müqaviləsi” çərçivəsində neft hasilatı da uğurla davam etdirilmişdir. bp şirkətinin 2014-cü il üçün yaydığı hesabata əsasən, il ərzində “Azəri-Çıraq-Günəşli” layihəsinin əməliyyat xərclərinə təqribən 1 milyard dollar, əsaslı xərclərinə isə 2,3 milyard dollar vəsait sərf olunmuşdur. “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda il ərzində hasilat sabit şəkildə davam etmiş, istismarda olan altı platformadan gündə orta hesabla 638 min barrel neft çıxarılmışdır. Bütövlükdə isə müqavilə sahəsindən illik neft hasilatının səviyyəsi 233 milyon barrel və ya 31,5 milyon ton təşkil etmişdir. Gündəlik hasilatın 61 min 900 barreli “Çıraq”, 156 min 500 barreli “Mərkəzi Azəri”, 149 min 300 barreli, “Qərbi Azəri”, 74 min 200 barreli “Şərqi Azəri”, 145 min 900 barreli “Dərinsulu Günəşli”, 50 min 200 barreli isə “Qərbi Çıraq” platformalarının payına düşmüşdür. Hazırda konsorsium iştirakçıları tərəfindən müqavilə sahəsində 84 quyudan neft hasilat olunur. Daha 39 quyudan isə texniki məqsədlər üçün istifadə edilir.
“Azəri-Çıraq-Günəşli” layihəsinin illik iş proqramının bir hissəsi olaraq oktyabrın 31-dən noyabrın 27-dək “Mərkəzi Azəri” platformasında planlaşdırılmış profilaktik işlər həyata keçirilmişdir. bp-dən verilən məlumata görə, bütün bu işlər platformalardakı qurğu və avadanlıqların indiyədək layihə üzrə əldə olunmuş ümumi yüksək səmərəliliyini təmin etməyin mühüm hissəsidir.
2014-cü ildə “Əsrin müqaviləsi” çərçivəsində qazma və tamamlama əməliyyatları da uğula davam etdirilmiş, müqavilə sahəsində 14 neft və 4 suvurma quyusu qazılaraq istismara verilmişdir. Bundan əlavə, ötən il qazılmış daha bir quyudan şlamların yenidən laylara vurulması üçün istifadə olunacaq.
Cari ilin əvvəlindən “Dərinsulu Günəşli” platformasından hasil edilən səmt qazının 28 düyməlik sualtı qaz kəməri vasitəsilə birbaşa Səngəçal terminalına göndərilməsi davam etmişdir. Xatırladaq ki, “Azəri” yatağındakı üç platformadan səmt qazı yataqdaxili sualtı boru kəmərləri vasitəsilə “Mərkəzi Azəri” kompressor və suvurma platformasına göndərilmiş, oradan qazın bir hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuş, qalan hissəsi isə Səngəçal terminalına nəql edilərək ölkənin daxili istifadəsi üçün Dövlət Neft Şirkətinə təhvil verilmişdir. Hazırda “Mərkəzi Azəri” platformasından altı quyudan laya qaz vurma əməliyyatları davam edir.
Bundan əlavə, yenicə istismara verilmiş “Qərbi Çıraq” platformasından hasil edilən səmt qazının da bir hissəsi Səngəçal terminalına göndərilmişdir. “Çıraq” platformasında hasil edilən səmt qazının müəyyən hissəsi isə mövcud 16 düyməlik sualtı qaz boru kəməri vasitəsilə ARDNŞ-in “Neft Daşları”ndakı kompressor stansiyasına göndərilmişdir. İl ərzində qazın məşəldə yandırılmasını azaltmaq məqsədilə buxarlanan qazlar kompressoru və boru kəməri üçün nəzərdə tutulmuş təkmilləşdirmə işləri də uğurla başa çatdırılmışdır. Bu da “Çıraq” platformasında məşəldə yandırılan qazın həcminin xeyli azalmasına imkan vermişdir. 2014-cü ildə Dövlət Neft Şirkətinə gündə orta hesabla 7,55 milyon kubmetr, ümumilkdə isə il üçün 2,76 milyard kubmetr səmt qazı verilmişdir.
“Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi də uğurla davam etdirilmişdir. Məlumat üçün bildiririk ki, terminalın texniki emal sistemlərinin gücü gün ərzində 1,2 milyon barrel nefti qəbul edib ixraca yönəltməyə imkan verir. 2014-cü ildə Səngəçal terminalından 298,5 milyon barreldən artıq neft ixrac olunmuşdur. Xam neftin 260 milyon barreldən artıq hissəsi Bakı-Tbilisi-Ceyhan, təqribən 31,4 milyon barreli Bakı-Supsa ixrac boru kəmərləri, 5,3 milyon barreli isə dəmir yolu vasitəsilə daşınmışdır. Bundan əlavə, il ərzində Azərbaycandan dünya bazarına 1,84 milyon barrel kondensat ixrac olunmuşdur.
Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasında xüsusi yer tutan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin istismara verilməsindən doqquz ilə yaxın vaxt ötür. Əvvəlki dövrlərdə olduğu kimi, 2014-cü ildə də uğurlu fəaliyyətini davam etdirən bu kəmərlə bağlı əsaslı xərclərə 0,1 milyard dollar, əməliyyat xərclərinə isə 0,2 milyard dollar vəsat yönəldilmişdir. Hazırda kəmərin gündəlik ötürmə gücü 1,2 milyon barrel təşkil edir. 2014-cü ildə BTC vasitəsilə ixrac olunmuş təqribən 34,8 milyon ton (262 milyon barrel) xam neft Türkiyənin Ceyhan limanından 362 tankerlə dünya bazarına göndərilmişdir. Bütövlükdə isə 1768 kilometr uzunluğunda olan BTC boru kəməri ilə 2006-cı ilin iyun ayından indiyədək təxminən 2,1 milyard barrel və ya 280 milyon ton xam neft ixrac olunmuşdur. Həmin neft həcmləri Ceyhanda 2793 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir. Yeri gəlmişkən, avqust ayında BTC səhmdarları Türkiyənin Ceyhan terminalından 2 milyardıncı barrel nefti yola salmışlar.
Hazırda BTC boru kəməri Azərbaycandan, əsasən, “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur. 2014-cü ilin fevral ayında Azərbaycan Respublikası Dövlət Neft şirkətinin əməliyyatçısı olduğu şimal marşrutu ixrac boru kəmərinin axın istiqaməti də dəyişdirilmişdir. Bu, bp ilə ARDNŞ-in bu boru kəməri boyunca bir neçə obyektin yenidən işə salınması üçün birgə səylərinin nəticəsində mümkün olmuşdur. Müvafiq kommersiya razılaşmalarının əldə edilməsi nəticəsində Şimal ixrac boru kəmərindən neft həcmlərinin BTC vasitəsilə ixracına imkan yaranmışdır.
Yeri gəlmişkən, artıq 15-ci ildir ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları “mənfəət nefti”ndən gəlir əldə edirlər. Məlum olduğu kimi, 1999-cu ilin dekabrın 29-da Azərbaycanın “mənfəət nefti” ilk dəfə olaraq xarici bazarlara çıxarılmışdır. Cari ilin yanvar ayının 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən təqribən 200 milyon tona qədər “mənfəət nefti” satılmışdır. Bunun da hesabına ölkəmiz təqribən 110 milyard dollar gəlir əldə etmişdir. 2014-cü ildə isə Azərbaycan Respublikasının Dövlət Neft Fonduna neft və qazın satışından 12 milyard 319,8 milyon manat vəsait daxil olmuşdur. Son illər mənfəət neftindən əldə edilən gəlirlər hesabına ölkə iqtisadiyyatının şaxələndirilməsi və bir sıra infrastruktur layihələrinin reallaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Göründüyü kimi, neft strategiyası Azərbaycanın ixrac potensialını getdikcə artırır. Neft və qazın satışından əldə olunan gəlirlər isə ölkəmizin iqtisadi qüdrətinin daha da artmasına və xalqımızın həyat səviyyəsinin yaxşılaşmasına geniş imkanlar yaradır.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.