Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının həyata keçirilməsi Suraxanıda abadlıq-quruculuq işlərinin sürətlənməsinə, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşmasına əlverişli şərait yaratmışdır. Bu, adıçəkilən rayonda ötən il əldə edilən göstəricilərdə də özünü qabarıq büruzə vermişdir. Belə ki, hesabat dövründə sənaye məhsulunun istehsalı 386,3 milyon manat təşkil etmiş, 206,9 milyon manat həcmində tikinti-quraşdırma işləri görülmüş, nəqliyyatda 14,5 milyon manatlıq xidmətlər göstərilmiş, əsas kapitala 102,5 milyon manatlıq investisiya yönəldilmiş, orta aylıq əmək haqqı 569,7 manata çatmış, daimi olmaqla 3546 yeni iş yeri açılmışdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın uğurlu icrası da rayonun simasının dəyişməsinə və tərəqqisinə öz müsbət təsirini göstərmişdir. Həmin sənəddə Suraxanı üzrə 51 tədbir nəzərdə tutulmuş, başa çatdırılan və başlanılan tədbirlər isə proqramın 42,6 faizini təşkil etmişdir.
Sözügedən proqrama əsasən, yararsız vəziyyətdə olan 84 nömrəli tam orta məktəbin yerində 960 şagird yerlik müasir məktəb binası tikilərək, ən müasir avadanlıqla təchiz olunmuşdur. Ötən il sentyabrın 13-də - yeni dərs ili ərəfəsində Prezident
İlham Əliyev bu tədris müəssisəsinin açılışında iştirak etmişdir.
Hesabat dövründə rayonda “Gənclər evi” istifadəyə verilmiş, 282, 87, 118 nömrəli məktəblərdə, 114 nömrəli tədris müəssisəsinin isə ibtidai siniflər üçün korpusunda əsaslı təmir işləri görülmüş, 118 nömrəli məktəb üçün 500 şagird yerlik əlavə tədris korpusu, yeməkxana, idman və akt zalları, 104 nömrəli məktəb üçün 600 şagird yerlik əlavə tədris korpusu inşa edilmiş, 140 nömrəli məktəb binasının bərpa-gücləndirilmə işləri aparılmış, 5 nömrəli və Qasım Qasımov adına uşaq bağçaları əsaslı təmir olunmuşdur.
Yuxarıda sadalananlarla yanaşı, Zığ qəsəbəsinin İdris Süleymanov küçəsində və Hövsan-Türkan yolu yaxınlığındakı yeni yaşayış massivində ATS, Zığ qəsəbəsində Nəqliyyatda Baş Polis İdarəsi üçün yeni bina tikilmiş, Yeni Suraxanıda mini-futbol meydançası əsaslı təmir olunmuşdur. Eyni zamanda, 146 nömrəli məktəb üçün əlavə tədris korpusunun, idman və akt zalının, Əmircan və Qaraçuxurda idman zalının, Yeni Günəşlinin “D” yaşayış sahəsində şahmat məktəbinin, yanğından mühafizə bölməsinin, Əmircan qəsəbəsində 100 yerlik uşaq bağçasının, Yeni Günəşlinin “V” yaşayış sahəsində idman meydançasının tikintisi davam etdirilmişdir.
“Sənaye ili” çərçivəsində Qaraçuxur və Hövsan qəsəbələrində Transformator zavodunun yeni korpuslarının tikintisi, Bülbülə qəsəbəsində “Bakı Toxuculuq” ASC-nin binasının yenidənqurulması davam etdirilmiş, Prezident İlham Əliyevin iştirakı ilə Suraxanı Günəş Elektrik Stansiyasının açılışı olmuşdur.
Ötən il rayonda 265,8 min kvadratmetr asfalt örtüyü salınmış, 280 ədəd işıq dirəyi və 560 ədəd çilçıraq quraşdırılmış, Zığ-Hövsan-Qala avtomobil yolunun yenidənqurulması layihəsi hazırlanmışdır.
Kommunal xidmət müəssisələrinin uğurlu fəaliyyəti
Hesabat dövründə aidiyyəti qurumlar tərəfindən 17875 metr yeni su xətti çəkilmiş, 1155 metr su xətti dəyişdirilmişdir. Bununla da fasiləsiz su ilə təchiz olunan sakinlərin sayı 83,7 min nəfərə çatmışdır.
Ötən il rayonda 5 transformator məntəqəsi quraşdırılmış, 8-i daha güclüsü ilə əvəz olunmuş, 30,2 min metr kabel xətti, 10,5 min metr naqil çəkilmiş, 32,1 min metr SİP kabel xətləri yenidən qurulmuşdur. Bunlarla yanaşı, 3,2 min metr yeni qaz xətti çəkilmiş, 1673 ədəd mexaniki qaz sayğacı “Smart-kart” tipli elektron qaz sayğacı ilə əvəzlənmiş, 1952 yeni abonent təbii qazla təmin olunmuş, 4965 metr istilik xətti dəyişdirilmiş, qazanxanalarda yeni istilik kameraları quraşdırılmışdır.
Qaraçuxur qəsəbəsinin Hacınski küçəsindəki 100, 101 nömrəli binaların həyətində yeni qazanxana tikilmişdir. Görülmüş tədbirlər nəticəsində istiliklə təchiz olunan binaların sayı 322-yə (97,5 faiz) çatdırılmışdır.
Mənzil-kommunal idarələri tərəfindən yaşayış binalarının 42 min kvadratmetr dam örtüyü təmir edilmiş, 21 ünvanda yeni məişət tullantısı meydançaları tikilmiş və konteynerlər qoyulmuşdur.
Birinci Avropa Oyunlarına ciddi hazırlıq gedir
Ölkəmiz birinci Avropa Oyunları ərəfəsindədir. Azərbaycan bir neçə aydan sonra bu möhtəşəm tədbirə ev sahibliyi edəcək. Suraxanıda da bu Oyunlara ciddi hazırlıq işləri görülür. Bununla bağlı bəzi məqamlara nəzər salaq. Cari il fevralın 3-də respublika Prezidenti cənab İlham Əliyev və Mehriban xanım Əliyeva Zığ qəsəbəsində birinci Avropa Oyunları üçün nəzərdə tutulan avtobus deposu və təlim mərkəzində aparılan inşaat işləri ilə tanış olmuşlar.
Tikintinin sürətlə aparıldığı bu ərazidən əvvəllər neftlə çirklənmiş torpaqların və məişət tullantılarının atılma məntəqəsi kimi istifadə edilmişdir. Ötən ilin sentyabr ayından isə 16 hektar ərazidə abadlıq və yenidənqurma işləri görülmüş, torpaq qatı təmizlənmişdir. Burada sürücülər üçün təlim mərkəzi, praktiki təlimlər üçün beynəlxalq standartlara cavab verən yollar salınmışdır. Həmin yollarda xüsusi döngələr və maneələrin yaradılması, müxtəlif yol şəraitini imitasiya edən avadanlığın quraşdırılması nəzərdə tutulur. Mərkəzdə minik və yük avtomobilləri, iritutumlu avtobuslar və motosiklet sürücüləri üçün təlimlərin keçirilməsi də planlaşdırılır.
Onu da deyək ki, birinci Avropa Oyunlarının məşəlini alovlandırmaq üçün od rayonda yerləşən “Atəşgah Məbədi” Dövlət Tarix Memarlıq Qoruğundan götürüləcək. Bununla əlaqədar Səttar Bəhlulzadə, İlqar Məmmədov, Şahin Məhərrəmov və Xanlar Ələkbərov küçələrində yaşayış və qeyri-yaşayış obyektlərinin fasadlarının yenidən qurulması işləri cari ilin aprel ayına qədər başa çatacaqdır.
Ekoloji durum yaxşılaşır
Hesabat ilində rayonun ekoloji durumunun sağlamlaşdırılması diqqət mərkəzində saxlanılmış, neftlə çirklənmiş torpaqlarda görülmüş tədbirlər nəticəsində ümumi sahəsi 2,3 hektar olan müxtəlif ölçülü 24 gölməçə qurudulmuş, sahələrdə texniki rekultivasiya işi aparılaraq 12,14 hektar torpaq sahəsi müvafiq qaydada bərpa edilmiş, 28 ədəd quyunun işçi meydançası və quyuətrafı ərazilər neft tullantılarından təmizlənmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin “Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafızəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında” ötən il imzaladığı sərəncama əsasən, hazırda gölün mühafizəsi təmin olunmuş, bura məişət tullantılarının atılmasının qarşısı alınmışdır. Layihə çərçivəsində çirklənmə mənbələrinin, istismara yararsız neft quyularının və digər qurğuların ləğv edilməsi, gölün səviyyəsini saxlamaq üçün çirkab suların təmizlənərək bura axıdılması, dib çöküntülərinin zərərsizləşdirilməsi işlərinin aparılması nəzərdə tutulur. Hazırda gölün müfəssəl layihəsinin hazırlanması üçün beynəlxalq məsləhətçi şirkətlərin işə cəlb olunması ilə bağlı tədbirlər görülür.
Rayonda yerləşən Bülbülə gölünün də təmizlənməsi, ətrafında park və istirahət guşəsinin salınması nəzərdə tutulmuş və artıq bu istiqamətdə tədbirlər həyata keçirilir.
Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən birgə icra edilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində Zığ qəsəbəsində, “Dədə Qorqud” adlandırılan yaşayış sahəsinə yaxın ərazidə tullantıxananın təmizlənməsi rayonda ekoloji şəraitin daha da yaxşılaşmasına öz müsbət təsirini göstərmişdir.
Suraxanıda yaşıllıq zolaqlarının yaradılması, ağac əkilməsi işləri də daim diqqət mərkəzində saxlanılır. Hesabat dövründə rayon ərazisində 8 min, o cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçən ilin noyabr ayında başlayan birinci “Ümumrespublika yaşıllaşdırma marafonu” çərçivəsində 4,7 min ədəd ağac əkilmiş, 3 min kvadratmetr yaşıl zolaq salınmışdır.
Ötən il ərzində mövcud parkların yenidənqurulmasına, nümunəvi məhəllələrin yaradılmasına xüsusi önəm verilmişdir. Faktlara nəzər salaq. Bu dövrdə rayonda 9 abad məhəllə salınmış, Əmircandakı Bakıxanov adına parkda əsaslı təmir və yenidənqurma işləri aparılmış, adıçəkilən görkəmli şəxsiyyətin yeni büstü ucaldılmış, Bülbülədə “Şəhid bulağı” kompleksi yenidən qurulmuş, ətrafı abadlaşdırılmışdır.
Qaraçuxurda “Veteranlar xiyabanı”nın, “Vətən şəhidlərini unutmur” xatirə kompleksinin, Bülbülədə Böyük Vətən müharibəsində həlak olan qəsəbə sakinlərinin xatirəsinə ucaldılan abidənin ətrafında səliqə-sahman yaradılmışdır. Əmircanda Milli Qəhrəman Albert Aqarunovun büstü, Xalq rəssamı Səttar Bəhlulzadənin isə ev-muzeyi təmir edilmişdir.
Qaraçuxurda Neftçilər parkının yenidən qurulması və Yeni Günəşlidə yeni parkın salınması işləri davam etdirilmiş, Əmircanda Tofiq Bayram adına parkın yenidən qurulması layihəsi hazırlanaraq işə başlanılmışdır.
Suraxanı və Laçın rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Yeni Günəşli “Q” yaşayış sahəsində Laçından olan məcburi köçkünlərin məskunlaşdığı binaların həyətində “Mərasim evi” tikilərək istifadəyə verilmiş və zəruri avadanlıqla təchiz edilmişdir.
Hazırda Əmircanda Vladimir Balandin, Neftçi, Malik Mustafayev, Hövsanda Oqtay Şabanov, İlqar Əhlimanov, Hafiz Quliyev və Elman Qasımov küçələrində yaşayış və qeyri-yaşayış obyektlərinin fasadlarının yenidənqurulması işləri davam etdirilir.
Heydər Əliyev Mərkəzi ideoloji məkana çevrilmişdir
Suraxanı rayonu Heydər Əliyev Mərkəzinə ziyarətə gələnlər ulu öndərin zəngin irsi ilə tanış olmaq, əyani vəsaitlərdən istifadə etmək imkanı qazanırlar. Sakinlər, yerli və xarici qonaqlar, Milli Məclisin deputatları Mərkəzin fəaliyyəti ilə böyük maraqla tanış olurlar.
İndiyədək Mərkəzə gələn xarici qonaqlar sırasında UNESCO-nun keçmiş Baş katibi Koişiro Matsuuranı, Slovakiyanın keçmış prezidenti Rudolf Şusteri, Avropa parlamentinin üzvü, Estoniya parlamentinin 1-ci vitse-spikeri Kristina Oyulandı, Latviyanın Ətraf mühitin mühafizəsi və regional inkişaf naziri Raymonds Veyonisi, Estoniya parlamentinin deputatı, Estoniya - Azərbaycan parlament qrupunun rəhbəri Eldar Əfəndiyevi, “Uralsib” maliyyə korporasiyasının direktorlar şurasının sədri Nikolay Svetkovu, Estoniyanın Tallin şəhər dumasının sədri Tomas Vitsutu, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assambleyasının plenar sessiyasında iştirak etmək üçün Azərbaycana gəlmiş nümayəndələri qeyd etmək olar.
Bu ilin əvvəlinədək Mərkəzin fəaliyyəti ilə 52 minə yaxın yerli və xarici ziyarətçi tanış olmuş, Elektron kitabxananın xidmətindən isə 14 mindən artıq istifadəçi faydalanmışdır.
Mərkəzdə 2014-cü ildə 24 ümumrayon tədbiri, Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə 11-ci sinif şagirdlərinə 11 açıq dərs, 9-11-ci sinif şagirdlərinə 9 açıq dərs, 21 nikah mərasimi keçirilmişdir.
Mərkəzdə ötən ilin sentyabr ayından yeni layihəyə start verilmişdir. Belə ki, 1-ci sinif şagirdləri həftənin bir günü Mərkəzlə tanış olurlar. Gənc Heydərçilər cərgəsinə qoşulmaq üçün ilk addımlarını atan şagirdlər ulu öndərin həyat və fəaliyyətini əks etdirən çoxsaylı eksponatlarla tanışlıqdan sonra ümummilli liderin həyatından bəhs edən filmə baxırlar.
Sosial məsələlərin həlli prioritet vəzifədir
Rayon icra hakimiyyəti ölkədə davamlı olaraq həyata keçirilən sosial məzmunlu siyasətə uyğun olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsini daim nəzarətdə saxlayır. Hesabat dövründə Suraxanıda 739 ailəyə yeni sosial müavinət, 2077 ailəyə ünvanlı sosial yardım təyin edilmiş, 123 nəfər sanator-kurort müalicəsinə, istirahət mərkəzlərinə göndərilmiş, 27366 nəfər təqaüdçüyə 54,9 milyon manat pensiya ödənilmişdir. Rayon məşğulluq mərkəzində 510 nəfər işlə təmin olunmuş, 114 nəfərə işsiz statusu verilmiş, 125 nəfərə işsizlik müavinəti təyin edilmiş, 44 nəfər isə peşə hazırlıq kurslarına göndərilmişdir. Ötən il keçirilmiş əmək yarmarkalarında 45 müəssisə 878 vakansiya ilə iştirak etmiş, həmin yarmarkalarda 105 nəfər işlə təmin olunmuşdur.
Rayonda məskunlaşan məcburi köçkün ailələrinin, Qarabağ müharibəsi əlillərinin, Böyük Vətən müharibəsi iştirakçılarının, ahıl və tənha sakinlərin sosial-məişət problemlərinin həllinə də qayğı ilə yanaşılmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cu il fevralın 17-dən mayın 1-dək butun ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı rayonda böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Tibbi müayinənin yüksək səviyyədə təşkili məqsədilə icra hakimiyyəti başcısının 10 fevral 2014-cu il tarixli sərəncamı əsasında komissiya yaradılmışdır. Bununla əlaqədar cədvəl tərtib olunmuş, 5 xəstəxana, 3 poliklinika və 1 ambulatoriyada əhalinin pulsuz tibbi müayinəsi reallaşdırılmışdır.
Suraxanının 210182 nəfər əhalisinin və rayonda məskunlaşmış 20125 nəfər məcburi köçkunun tibbi müayinəyə cəlb olunması nəzərdə tutulmuş, onlardan 187 min 708 nəfəri tibbi muayinədən kecmişdir. Bu da rayon əhalisinin 81,5 faizini təşkil edir. Aşkarlanmış xəstəliklər nəticəsində 4 min 224 nəfər vətəndaş ambulator, 391 nəfər isə stasionar müalicəyə qəbul olunmuşdur.
Vətəndaşların pulsuz tibbi müayinədən keçirilməsinə cari ilin fevral ayından yenidən başlanılmışdır.
Tədbirlər, əlamətdar günlər...
Rayon icra hakimiyyətinin digər dövlət orqanları ilə birgə ötən il keçirdiyi əlamətdar günlər, tibb, təhsil və dövlət qulluqçuları işçilərinin peşə bayramları, Milli Qəhrəman Albert Aqarunovun anadan olmasının 45 illiyi, Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi, tatar xalqının “Sabantuy” bayramı, “Tarixin canlı səhifələri” adlı festival, yeni kitabların təqdimatı və digər tədbirlər maraqla qarşılanmışdır.
Keçən ilin noyabr ayında Azərbaycan Prezidentinin tapşırığı ilə “Ölkəmizi tanıyaq” devizi altında reallaşdırılan ekskursiya turlarında məktəblilər böyük həvəslə iştirak etmişlər. Bu layihə şagirdlərin hərtərəfli inkişafına, dünyagörüşlərinin daha da zənginləşməsinə, vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmalarına müsbət təsir göstərmişdir. Tur çərçivəsində 90 məktəbli Şəki, Qax və Zaqatalanın görməli yerlərilə, tarixi abidələr və muzeylərlə tanış olmuşdur.
İcra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon idarəsinin, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Suraxanıdakı Heydər Əliyev parkında çağırışyaşlı gənclərin hərbi xidmətə yola salınması münasibətilə tədbirlər də diqqət çəkmişdir.
Təhsilə qayğı gələcəyə qayğıdır
Rayon üzrə ötən tədris ilində 1847 nəfər tam orta təhsil haqqında attestat almış, onlardan 1558 nəfəri ali məktəblərə sənəd vermiş və 983 nəfəri (63 faizi) tələbə adını qazanmış, abituriyentlərdən 68 nəfəri 600-dən yuxarı, 20 nəfəri isə 650-dən yuxarı bal toplamışdır.
Rayonda gənclərin hərtərəfli inkişafına xüsusi diqqət yetirilir, onların ictimai fəallığının artmasına kömək göstərilir. Xatırladaq ki, əhalisinin 32,5 faizini gənclər təşkil edən Suraxanıda hesabat dövründə Dövlət gənclər və idman siyasətinin həyata keçirilməsi ilə bağlı 151 tədbir reallaşdırılmış, Əmircanda “Qarabağ” futbol klubunun yeni stadionunun tikintisi davam etdirilmiş, Bülbülədə “İgid” güləş idman klubu fəaliyyətə başlamışdır. “Cəsurlar” hərbi idman və turizm oyunlarının rayon mərhələsində 34 məktəb komandası olmaqla 272 məktəbli, “Şahin” hərbi-idman oyununun məktəbdaxili yarışlarında isə 4810 şagird iştirak etmişdir.
Vətəndaş müraciətləri diqqət mərkəzindədir
Hesabat dövründə rayonda vətəndaşların müraciətlərinə, onların problemlərinin həllinə həssaslıqla yanaşılmışdır. Belə ki, müntəzəm yeniləşən internet saytı, elektron poçt ünvanı, “Qaynar xətt” telefonu kimi mütərəqqi əlaqə və informasiya vasitələrindən, yerlərdə quraşdırılmış “Şikayət və təkliflər” səyyar poçt qutularından geniş istifadə edilmiş, elektron poçt ünvanına daxil olmuş əsasən sual və təklif xarakterli 181 elektron məktub cavablandırılmışdır. Elektron qaydada müraciət imkanlarının yaradılması vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin olunmasında, süründürməçiliyin, korrupsiya və vəzifədən sui-istifadə hallarının aradan qaldırılmasında mühüm rol oynamışdır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tövsiyəsinə uyğun olaraq vətəndaş müraciətlərinə qeydiyyat-nəzarət vərəqələrinin açılması prosesinin təkmilləşdirilməsi və sürətləndirilməsi məqsədilə 2009-cu ildən rayon icra hakimiyyətində tətbiq olunan “Elektron icraçı” Avtomatlaşdırılmış İdarəetmə Sistemi proqramında bir sıra dəyişikliklər aparılmış, daxil olan və göndərilən korrespondensiyanın proqrama işlənilməsi davam etdirilmişdir.
Rayon icra hakimiyyəti başçısının qəbuluna hər gün yazılış aparılmış, hər həftənin bazar ertəsi günü qəbul keçirilmişdir. Hesabat dövründə başçı tərəfindən 1072 nəfər vətəndaş qəbul olunmuşdur.
Sakinlərlə səyyar görüş-qəbulların keçirilməsi də diqqət mərkəzində saxlanılmış, başçının ümumilikdə 3180 nəfər sakinin iştirakı ilə keçirilmiş 42 səyyar görüş-qəbulunda qaldırılan məsələlərə və təkliflərə əsasən, aidiyyəti idarə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, icrasına nəzarət edilmişdir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.