2014-cü ildə dünya iqtisadiyyatında qeydə alınan mürəkkəb proseslərə, qlobal maliyyə böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı davam etmiş, sosial-iqtisadi tərəqqinin əsas göstəricisi sayılan ümumi daxili məhsul istehsalında 2,8 faizlik artım qeydə alınmışdır. Bununla yanaşı, neft və qazın satışından əldə olunmuş gəlirlər hesabına iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən zəruri tədbirlər müsbət nəticələr vermiş, ölkədə qeyri-neft sektoru 7 faizədək artmışdır.
Bütövlükdə isə iqtisadi və maliyyə böhranının başlandığı 2008-ci ildən indiyədək milli iqtisadiyyatımız 27 faiz, qeyri-neft sektoru isə 55 faiz artmışdır. Son on bir il ərzində isə Azərbaycanda ümumi daxili məhsul istehsalı 3,4 dəfə artmışdır ki, bu da dünya miqyasında rekord göstəricidir. Bundan əlavə, on bir il ərzində Azərbaycanda sənaye istehsalı 2,7 dəfə artmış, ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulmuş, valyuta ehtiyatlarımız 50 milyard dolları keçmişdir. Göründüyü kimi, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyat keçirilən iqtisadi islahatlar, uğurlu neft strategiyası və ölkənin gələcək inkişafı üçün yaradılmış potensial qlobal iqtisadi çağırışlara adekvat cavab verə bilmişdir.
Milli iqtisadiyyatımız 2014-cü ildə də mövqeyini qoruyub saxlamış, ixracın həcmi idxalı 2,6 dəfə üstələmişdir. Xatırladaq ki, son illər ərzində ilk dəfə olaraq idxal təxminən 20 faizədək azalmışdır ki, bu da ölkənin özünütəminat səviyyəsinin yüksəlməsinin bariz nümunəsidir. Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları ümumi daxili məhsulun 70 faizini təşkil edir. Bu göstərici üzrə ölkəmiz dünyada ilk iyirmilikdəki yerini qoruyur.
Heç şübhəsiz, 2008-ci ildən baş qaldıran qlobal maliyyə böhranı dünya üzrə iqtisadi artımın bərpasını xeyli dərəcədə zəiflətmişdir. Elə 2014-cü ildə bu artımın cəmi 3,3 faiz təşkil etməsi də buna əyani sübutdur.
Məlum olduğu kimi, mövcud qloballaşma şəraitində iqtisadi artımın bərpasında problemlər istər inkişaf etmiş ölkələr, istərsə də inkişaf etməkdə olan ölkələr üçün xarakterikdir. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən il bir sıra ölkələrdə müəyyən xarici və daxili amillərin təsiri altında valyuta böhranları baş vermiş, nəticədə bir sıra milli valyutalar məcburi olaraq ciddi devalivasiyaya uğramışdır. Rus rublunun 80 faiz, qazax təngəsinin 19 faiz, türkmən manatının 22 faiz, belarus rublunun 17 faiz, Ukrayna qrivnasının 90 faiz, türk lirəsinin isə 8 faiz ucuzlaşması da bunu sübut edir. Eyni zamanda, qlobal iqtisadi aktivliyin dünya ticarətinə və əmtəə bazarlarına ciddi təsiri nəticəsində ötən il bir sıra əmtəə qiymətləri aşağı düşmüş, o cümlədən enerji daşıyıcılarının qiyməti iki dəfə ucuzlaşmışdır. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev demişdir: “Heç kəsə sirr deyil ki, 2015-ci il dünya iqtisadiyyatı üçün çox ağır il olacaqdır. 2014-cü ilin sonlarında müşahidə olunan proseslər, təbii ki, 2015-ci ildə də davam edəcək. Dünyada mövcud olan qeyri-sabit iqtisadi vəziyyət hələ bir müddət davam edəcəkdir. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, əlbəttə ki, təbii resurslarla zəngin ölkələr üçün bir sınaq olacaqdır”.
2015-ci ilin ilk aylarında bu kimi proseslərin davam etməsi fonunda dünya iqtisadiyyatının bir parçası olan Azərbaycan da müəyyən çağırışlarla üzləşmişdir. Yanvarın 27-də Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransındakı çıxışı zamanı dövlət başçısı İlham Əliyev dünya bazarında neftin qiymətinin düşməsinin istər-istəməz bizim gəlirlərimizə təsir göstərəcəyini və bununla əlaqədar əvvəlki illərdə olduğu kimi, valyuta ehtiyatlarımızı artıra bilməyəcəyimizi bəyan edərək israfçılığa yol verilməməsini, investisiya proqramına ancaq prioritet məsələlərin salınmasını bildirmişdir.
Ölkənin dayanıqlı iqtisadi inkişafının qorunmasında pul-kredit siyasətinin mühüm rolu vardır. Son illər manatın məzənnəsinin sabit saxlanması, milli valyutamızın xarici valyutalara nisbətən getdikcə möhkəmlənməsi ölkədə inflyasiyanın cilovlanmasına imkan yaradırdısa, ixrac potensialı üçün bir o qədər də müsbət hal sayılmırdı. Nəzərə alsaq ki, perspektivdə Azərbaycan iqtisadiyyatının ixracyönümlü iqtisadiyyat kimi inkişafı nəzərdə tutulur. Əksər ekspertlər də bu məsələdə manatın məzənnəsinin önəmli rolunu qeyd edirdilər.
Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 2015-ci il fevralın 21-də 1 ABŞ dollarının rəsmi məzənnəsinin 1,05 manat səviyyəsində müəyyən edilməsi ilə bağlı qərar qəbul etmişdir. Eyni zamanda, Mərkəzi Bank bu qərarın milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edildiyi barədə açıqlama yaymışdır. Bankın yaydığı bəyanatda, həmçinin manatın məzənnəsinin korreksiyasının Azərbaycanın xarici ticarət tərəfdaşı olan əksər ölkələrin milli valyutalarının son dövrlərdə xeyli dərəcədə ucuzlaşmasının milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərini neytrallaşdırmağa yönəldiyi bildirildi.
Həmin andan etibarən də ölkədə qiymətlərin kəskin şəkildə bahaşması ilə bağlı fikirlər dolaşmağa başladı. Hətta bəzi işbazlar yaranmış şəraitdən istifadə edərək qiymətləri süni şəkildə artırmağa, ən yaxşı halda isə bəzi malların satışını dayandırmağa cəhd göstərdilər. Elə əhali arasında da manatın məzənnəsinin 33,5 faiz ucuzlaşması və dolların bahalaşması fonunda ölkədə inflyasiyanın artacağı ilə bağlı ehtimallar güclənməyə başladı. Belə bir şəraitdə əhalinin xüsusilə ərzaq məhsullarının bahalaşacağı ilə bağlı narahatlığı xeyli gücləndi. Lakin bütün bunlara baxmayaraq, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirlərini daha da gücləndirdiyi və nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcəyi bildirildikdən sonra əhali arasında yaranmış təşviş bir qədər səngidi.
Azərbaycan Milli Məclisinin fevralın 24-də keçirilən iclasında Mərkəzi Bankın manatla bağlı verdiyi son qərar da müzakirə mövzularından olub. Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, milli valyutanın məzənnəsi bütün hallarda dəyərdən düşməliydi: “Dünyada müəyyən proseslər baş verir, xüsusən də neftin qiyməti düşür. Mərkəzi Bank hər il 2 və 2,5 milyard dollar intervensiya edirdi. Ekspertlər haqlı olaraq deyirdilər ki, bu, uzun müddət davam edə bilməz, valyuta ehtiyatları tükənə bilər. Mərkəzi Bankın intervensiya etdiyi həcm Ermənistanın büdcəsinə bərabərdir. Azərbaycan son 10 ildə böyük inkişaf yolu keçib. Bu, düzgün pul kredit siyasəti nəticəsində olub. İstəməzdim ki indi bu siyasətə kölgə düşsün. Çünki Mərkəzi Bankın intervensiyası 10 il ərzində Azərbaycan iqtisadiyyatının inkişafına sosial inkişafda dinamizmin artmasına səbəb olub”.
Z.Səmədzadə, həmçinin diqqəti manatın devalvasiyası səbəbindən qiymət artımı ilə bağlı məsələlərin həllinin vacibliyinə yönəldərək deyib: “Amma bu, antiböhran tədbirləri deyil, sadəcə, qiymət artımının qarşısının alınmasına yönəlmiş addımlardır. Azərbaycanda 500-dək kiçik-orta müəssisə yaradılacaq, manatın devalvasiyası isə ixrac potensialının artmasına kömək edəcək. Vaxt olub ki, Azərbaycan dörd rəqəmli inflyasiyadan bir rəqəmli inflyasiyaya keçidi təmin edib. Ümid edirəm ki, Azərbaycan indi də bu vəziyyətdən uğurla çıxa biləcək”.
Yeri gəlmişkən, manatın ucuzlaşmasından əsasən işbazlar faydalanmaq niyyətindədirlər. Ölkəmizdə əhali tərəfindən ən çox istifadə olunan məhsulların istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri işbazlardan fərqli olaraq sui-istifadə hallarının doğru olmadığını düşünür.
Məsələn, Azərbaycanın iqtisadiyyatının əksər sektorlarında təmsil olunan “Azersun Holdinq”dən bildirilib ki, şirkətlər qrupu tərəfindən qiymət artımı ilə bağlı heç bir qərar qəbul etməyib. Holdinqdən bəyan edilib ki, bu istiqamətdə işbazlara heç bir halda imkan yaradılmayacaq. “Azersun Holdinq”in ictimaiyyətlə əlaqələr və sosial layihələr şöbəsinin müdiri Afiq Səfərov bildirib ki, hazırda holdinq tərəfindən bu məsələ ilə bağlı xüsusi komissiya yaradılıb, müvafiq dövlət qurumları ilə müzakirələr aparılır.
Ölkənin ən iri un istehsalçılarından olan “Karat Holdinq” MMC-də də qiymət artımı ehtimalı ilə bağlı əhalinin narahatlığına heç bir əsas görmürlər. “Karat Holdinq”in baş direktoru Saleh Qasımov bildirib ki, indi və yaxın gələcəkdə unun bahalaşmasından söhbət gedə bilməz: Ölkəmizin un istehsalı ilə məşğul olan sözügedən qurum tərəfindən unun satışı ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb. Başqa sözlə, burda hər hansı bir spekulyasiya, qiymət oynatmaqdan söhbət gedə bilməz.
Azərbaycanın ən iri ərzaq məhsullarının satışı üzrə əsas marketlər şəbəkələrindən biri “Rahat market” vəziyyətdən istifadə etməyən şəbəkələrdəndir. Adıçəkilən şəbəkənin Marketinq Departamentinin müdiri Kənan Şirinov deyib ki, son günlərdə qiymət siyasətində dəyişiklik olmayıb və hazırda bütün malların satışı əvvəlki qiymətlər əsasında həyata keçirilir. Onun dediyinə görə, hətta 24 saatlıq iş rejimində çalışan mağazalarda məhsul çeşidi ilə bağlı heç bir problem yoxdur. İndi əsas məqsəd qiymət artımına yol verməməkdən ibarətdir. Qiyməti artırmayanlar arasında ölkənin iri sement istehsalçıları da var. Belə ki, sement zavodlarının istehsal etdiyi məhsullar da bahalaşma müşahidə edilmir. Elektronika və məişət cihazlarının satışı ilə məşğul olan bəzi obyektlərdə qiymət artımına rast gəlinsə də, bu sahədə fəaliyyət göstərən əksər sahibkarlıq subyektlərində qiymətlər stabil qalıb.
Lakin buna baxmayaraq, hazırda bu sahədə bəzi neqativ hallara rast gəlinir. Məsələn, dünən gün ərzində paytaxtın əksər mağazalarında siqaretin əvvəlki günlərə nisbətən xeyli bahalaşmasının şahidi olduq. Yeri gəlmişkən, süni qiymət artımına yol verən ərksər ticarət şəbəkələrinin satışa çıxardıqları malların, əsasən, dolların manata olan əvvəlki məzənnəsi dövründə anbarlara yığıldıqlarına baxmayaraq, bahalaşma başadüşülən deyil. Buna baxmayaraq, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkədə süni qiymət artımının qarşısının alınması istiqamətində tədbirləri getdikcə gücləndirir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib ki, burada məqsəd manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar olaraq istehlak bazarında baş verə biləcək sui-istifadə hallarına və süni qiymət artımına yol verilməməsidir. Sui-istifadə hallarına yol verənlər isə cəzalandırılacaq.
Ölkədə həyata keçirilən yeni məzənnə siyasətinə toxunan Milli Məclisin sədri Oqtay Əsədov parlamentin dünənki iclasında bu məsələyə münasibətini bildirərkən deyib: “Hazırda dünyada ciddi proseslər gedir. Həmçinin nəzərə alsaq ki, Azərbaycan müharibə vəziyyətindədir, bu məsələdə xüsusi ajiotaj yaratmağa ehtiyac yoxdur. Amma o da doğrudur ki, bəzi mağaza, supermarket sahibləri süni qiymət artımı yaratmağa çalışırlar. Bu yolverilməzdir. Çünki satılan məhsulların 70 faizi ölkədə istehsal olunur. Həm də mağazalarda satılan mallar manatın devalvasiyasından öncə gətirilib, qiymətləri niyə qaldırırlar?.” Manatın dollara nisbətdə ucuzlaşmasının doğurduğu narahatlıqlardan biri də vətəndaşların ölkənin müxtəlif banklarından götürdükləri kreditlərin hansı formada qaytarılması ilə bağlıdır. Əhalinin bank əmanətləri əsasən xarici valyutada olduğuna görə, bu sahədə də elə bir ciddi problem nəzərə çarpmır. Mərkəzi Bankın İdarə Heyətinin sədri manatın dollara nisbətdə kursunun dəyişəcəyini bəyan etdikdən sonrakı bir həftə ərzində əhalinin əksər hissəsi banklardakı əmanətlərin xarici valyutaya konvertasiyasını həyata keçirdi. Hökumət əhalinin əziyyət çəkməməsi üçün hamıya əlverişli şərait yaradıb. Kreditlərin əksəriyyəti manatla verildiyinə görə, kredit alan şəxslər də hər hansı problemlə üzləşməyiblər. Bu vəziyyət, həmçinin istehlak mallarını kreditlə alan şəxslərə də aiddir. Bu fikir ekspertlər tərəfindən də təsdiqlənir. Onlar bildirirlər ki, kredit götürülən zaman müqavilədə başqa hallar nəzərdə tutulmayıbsa, bankın müştəriləri elə o valyuta ilə də geri ödəyəcəklər.
Xatırladaq ki, manatın ucuzlaşdırılmasından sonra vətəndaşlar arasında yaranan narahatlıqlardan biri də banklardan dollarla alınan kreditlərlə bağlı olub. Parlamentin dünən keçirilən iclasında məsələyə münasibət bildirən Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki, əhalinin banklardakı vəsaitinə ziyan dəyməsi barədə deyilənlər yalandır. Onun fikrincə, son bir-iki ay ərzində banklar tərəfindən vətəndaşların həmin pulları dəyişdirilib. Mərkəzi Bank manatın devalvasiyasının qarşısının alınması üçün addımlar atıb, bundan sonra da atacaq.
Yeri gəlmişkən, Mərkəzi Bank tərəfindən valyuta qanunvericiliyinə, o cümlədən valyuta bazarında nağd alqı-satqı məzənnələrinin müəyyənləşdirilməsi zamanı mövcud tələblərə riayət olunması daim diqqət mərkəzində saxlanılır. Son dövrlərdə nağd xarici valyutanın alqı-satqı əməliyyatlarının həcminin artması səbəbindən nəzarət tədbirlərini daha da intensivləşdirən Mərkəzi Bank 23 fevral 2015-ci il tarixdə aparılmış monitorinqlər zamanı 6 bankın 10 valyuta mübadilə şöbəsi tərəfindən mövcud tələblərin gözlənilməməsi halı aşkarladığı üçün həmin şöbələrə verilmiş icazələri ləğv etmişdir. Bununla bağlı yayılmış bəyanatda bildirilir ki, Mərkəzi Bank tərəfindən bundan sonra da valyuta qanunvericiliyinə, xüsusilə də valyuta bazarında nağd alqı-satqı əməliyyatlarının tələblərinə tam riayət olunması istiqamətində operativ nəzarət davam etdiriləcək, hər hansı hüquqi pozuntu hallarına qarşı müvafiq tədbirlər görüləcəkdir.
Manatın dollarla müqayisədə dəyərdən düşməsi sosial ödənişlərin verilməsində hər hansı problem yaratmayacaq. Elə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov da dünən keçirilən mətbuat konfransında deyib ki, milli valyutanın kursunun endirilməsi büdcəyə daxilolmaların artmasına səbəb olacaq ki, belə bir şəraitdə heç bir çətinlikdən danışmağa dəyməz. Onun sözlərinə görə, ölkədə bütün sosial ödənişlər tam vaxtında yerinə yetirilib və bundan sonra da yerinə yetiriləcək, bu zaman hər hansı bir gecikmə ola bilməz.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.