Manatın məzənnəsinin dəyişdirilməsində əsas məqsəd qeyri-neft sektorunda ixrac potensialını artırmaqdır

Son illər dünyanın bir çox ölkələrində böhran yaşanması, iqtisadi artımın olmaması, tənəzzül meyillərinin nəzərə çarpması heç kəsə sirr deyil. Azərbaycanın sosial-iqtisadi həyatında isə inkişaf, tərəqqi göz önündədir. Faktlara nəzər salaq: Təkcə ötən il ümumi daxili məhsul istehsalının həcmi ölkə üzrə 2,8 faiz artaraq 59 milyard manata çatmışdır. Əlavə dəyərin 41,5 faizi sənaye, 12,5 faizi tikinti, 5,3 faizi kənd təsərrüfatı, 4,5 faizi nəqliyyat, 9,9 faizi ticarət və pullu xidmət, 1,8 faizi rabitə, 17 faizi digər sahələrdə istehsal edilmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi 6264,1 manat (7985,9 ABŞ dolları) olmuşdur. ÜDM-də qeyri-neft sektorunun artım səviyyəsi isə 7 faiz təşkil etmişdir.

Ekspertlər Azərbaycanda   2015-ci ildə də yüksək sosial-iqtisadi göstəricilər əldə ediləcəyini bildirirlər. Mütəxəssislərin proqnozlarına görə, bu il iqtisadi artım 5,8 faiz, 2016-cı ildə 4,8 faiz və 2017-ci ildə isə 6 faiz səviyyəsində olacaq. Eyni zamanda, 2015-ci ildə neft sektorunda 2,1 faizlik artım, 2016-cı ildə 3,2 faizlik azalma, 2017-ci ildə isə 1,5 faizlik artım gözlənilir. Qeyri-neft sektoru üzrə isə iqtisadi artım 2015-ci ildə 8,1 faiz, 2016-cı ildə 8,6 faiz, 2017-ci ildə isə 7,8 faiz səviyyəsində proqnozlaşdırılır.

Ötən il olduğu kimi, 2015-ci ildə də ölkə əhalisinin sosial şəraitinin daha da yaxşılaşdırılması diqqət mərkəzində saxlanılacaqdır.  Bu, Azərbaycan Prezidenti İlham Əliyevin 22 dekabr 2014-cü il tarixli  “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Qanunun tətbiqi barədə imzaladığı  fərmanda da öz ifadəsini tapmışdır.  Xatırladaq ki, “Büdcə sistemi haqqında” Qanuna, habelə respublikanın 2015-2018-ci illəri əhatə edən sosial-iqtisadi inkişaf konsepsiyasına uyğun olaraq hazırlanan 2015-ci ilin dövlət büdcəsi son illərin dövlət büdcələri kimi sosial mahiyyət daşıması ilə daha çox diqqət çəkir.

Son illər Azərbaycanın beynəlxalq kreditor mövqeyi də yüksəlmişdir. Beynəlxalq iqtisadi və maliyyə böhranının başlandığı 2008-ci ildən bəri milli iqtisadiyyatımız təxminən 27 faiz, o cümlədən qeyri-neft sektoru 55 faiz artmışdır.

2014-cü ildə Azərbaycan bank sektorunun sabitliyi təmin olunmuş, bank sistemi iqtisadi artım və şaxələnmə proseslərini dəstəkləmişdir. Azərbaycan maliyyə sisteminin 90 faizini təşkil edən bank sektoru risklərə qarşı maliyyə immunitetini daha da gücləndirmiş, bankların kapitallaşdırılması davam etdirilmişdir. 2012-ci ildə bankların minimum kapitalının artırılması və onların əlavə kapitallaşması haqqında qərarın qəbulundan sonra onların məcmu kapitalı təxminən 2 dəfə artmışdır. Qlobal maliyyə turbulentliyi şəraitində yüksək kapitallaşma bu gün bank sektorunun maliyyə sabitliyinin əsas dayağıdır. Bank aktivlərinin qeyri-neft ümumi daxili məhsuluna nisbətinin son 10 ildə 2,4 dəfə artması iqtisadiyyatın maliyyə dəyərinin təxminən 78 faizə çatmasına səbəb olmuşdur.

Nazirlət Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasında   dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi  gəlirlərə mənfi təsir edən amil kimi qeyd olunmuşdur. Eyni zamanda,  iqtisadiyyatın şaxələndirilməsi, institusional islahatlar və səmərəli idarəetmə üsullarının tətbiqi manatın məzənnəsinin sabitliyinə xidmət göstərəcəyi  vurğulanmışdır.

Heç kəsə sirr deyil ki, istənilən siyasət makroiqtisadi sabitlik və onunla dialektik əlaqədə olan siyasi sabitlik üzərində qurulur. Buna görə cari ildə bank sektorunun   qorunması, real sektorun inkişafında bankların rolunun gücləndirilməsi, faiz dərəcələrinin aşağı salınması qarşıda duran vəzifələr kimi müəyyən edilmişdir.

Hazırda Mərkəzi Bank tərəfindən məzənnə siyasətinin dəyişdirilməsini şərh edən mütəxəssislər bildirirlər ki,  neftin ucuzlaşması əsasən neft sektoruna təsir edir. Bu il üçün Azərbaycanın dövlət büdcəsində neftin baza qiyməti 90 dollar səviyyəsində götürülmüşdür. Hazırda isə neftin 1 barelinin qiyməti 50-60 dollar səviyyəsindədir. Lakin Azərbaycanın strateji valyuta ehtiyatları nəzərə alınarsa və fiskal siyasətlə bağlı zəruri tədbirlər görülərsə, qısa müddətdə iqtisadi artım qorunub saxlanıla bilər.  Ekspertlərin fikrincə, milli valyutamızın dollar və avroya nisbətdə çox bahalaşması ölkəmizin ixrac potensialı üçün müsbət hal deyil və mənfi nəticələrə gətirib çıxara bilər. Ölkədə makroiqtisadi sabitliyin qorunması, həmçinin əhalinin sosial müdafiəsi baxımından indiki halda milli valyutamızın avroya ekvivalentliyinin təmin edilməsi, yəni 1 manatın 1 avro səviyyəsində saxlanılması daha məqbul və daha praqmatik yanaşma olardı. Bu məsələyə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın birinci ilinin yekunlarına həsr olunmuş konfransda da toxunulmuşdur. Bildirilmişdir ki, bir manat bir avro səviyyəsində qalarsa, makroiqtisadi vəziyyət təmin ediləcək. Eyni zamanda, bu, insanların gündəlik həyatına ancaq müsbət təsir göstərəcək. Eyni zamanda, bizim ixracımız üçün heç bir problem yaranmamalıdır. Çünki Azərbaycan iqtisadiyyatı bundan sonra ixracyönümlü iqtisadiyyat kimi inkişaf etməlidir... Ona görə ixracın inkişafı, təşviqi indi gündəlikdə duran məsələlərdir. Manatın məzənnəsi isə burada önəmli rol oynayır. Ona görə müvafiq qurumlar, hökumət, Mərkəzi Bank bu məsələlərə diqqətlə yanaşmalıdırlar ki, manat həddindən artıq bahalaşmasın.

Mərkəzi Bankın İdarə Heyəti  2015-ci il fevralın 16-dan etibarən məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar qəbul etmişdir. Mərkəzi Bankdan verilən məlumata görə, məzənnə siyasətinin ABŞ dolları və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab olunmuşdur. Bu zaman müəyyənləşdirilmiş  dəhliz çərçivəsində valyuta bazarında Mərkəzi Bankın iştirakı davam edəcək. Tətbiq olunan yeni əməliyyat çərçivəsi iqtisadi subyektlərin tədricən adaptasiyasına şərait yaratmaqla, eyni zamanda, məzənnə siyasətinin çevikliyini və makroiqtisadi effektivliyini reallaşdıracaq.

Ekspertlər Mərkəzi Bankın idarə heyətinin qərarını düzgün və zamanında qəbul olunmuş qərar kimi qiymətləndirirlər. Bildirirlər ki, bunun müsbət tərəfləri ondan ibarətdir ki, əvvəla, manatın kursu yalnız dolların kursundan asılı olmayacaq və bu, manatın kursunun müəyyənləşdirilməsinə və şaxələndirilməsinə imkan verəcək. İkincisi, məzənnə siyasəti diversifikasiya olunacaq. Nəzərə alınsa ki, Azərbaycan iqtisadiyyatının 60 faizi avrozonaya aid ölkələrin payına düşür, onda bu, Azərbaycanın avrozonaya daxil olan ölkələrə ixrac etdiyi məhsulların rəqabətliliyinə  imkan yaradacaq. Nəticədə ölkəmizin Avrozonaya ixracının yüksəlməsi və qeyri-neft sektorunda ixrac potensialının artması sürətlənəcək.

Azərbaycan iqtisadiyyatının strukturu, dövlət rezervlərinin həcmi, ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasət manatın məzənnəsində kəskin azalmaların olmayacağından xəbər verir. Bütün hallarda Azərbaycan üçün qeyri-neft sektorunun inkişafı olduqca vacibdir. İkili valyuta səbətindən istifadə edilməsi respublikamızda istehsal olunan qeyri-neft məhsullarının xarici bazarda, xüsusən də avrozonada daha çox ixrac imkanlarının yaranmasına səbəb olacaq.

İqtisadiyyat və Sənaye Nazirliyi Mərkəzi Bankın İdarə Heyətinin valyuta məzənnələrində dəyişikliklər edilməsi ilə bağlı qərarı ilə əlaqədar məlumatında  bildirilir ki, adıçəkilən nazirlik  yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirləri daha da gücləndirilib və nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Hazırda ticarət obyektlərində elə bir ciddi qiymət artımı müşahidə olunmur, dövlət orqanları bu vəziyyətə nəzarət edir. Əslində, qiymət artımına elə bir obyektiv əsas da yoxdur, çünki əksər ərzaq məhsulları respublikamızda istehsal olunur, buna görə də bahalaşma mümkün deyil. Belə vəziyyət bazarlarda da  müşahidə olunur.

Əhalinin bank əmanətləri əsasən xarici valyutada olduğuna görə, bu sahədə də elə bir ciddi problem nəzərə çarpmır. Mərkəzi Bankın İdarə Heyətinin sədri manatın dollara nisbətdə kursunun dəyişəcəyini bəyan etdikdən sonrakı bir həftə ərzində əhalinin əksər hissəsi banklardakı əmanətlərin xarici valyutaya konvertasiyasını həyata keçirdi. Hökumət əhalinin əziyyət çəkməməsi üçün hamıya əlverişli şərait yaradıb. Kreditlərin əksəriyyəti manatla verildiyinə görə, kredit alan şəxslər də hər hansı problemlə üzləşməyiblər. Bu vəziyyət həmçinin istehlak mallarını kreditlə alan şəxslərə də aiddir. Bu fikir ekspertlər tərəfindən də təsdiqlənir. Onlar bildirirlər ki, kredit götürülən zaman müqavilədə başqa hallar nəzərdə tutulmayıbsa, bankın müştəriləri elə o valyuta ilə də ödəyəcəklər. Qeyd edək ki, manatın ucuzlaşdırılmasından sonra vətəndaşlar arasında yaranan narahatlıqlardan biri də banklardan dollarla alınan kreditlərlə bağlı olub. Vətəndaşlar bu dəyişikliyi dövlətin büdcəni qorumaq, öz öhdəliklərini tam şəkildə yerinə yetirmək üçün zəruri addım kimi qiymətləndirir və mövcud qərara anlaşıqla yanaşırlar. Onlar bilirlər ki, digər neft istehsalçısı olan ölkələrdə daha mürəkkəb və problemli vəziyyət mövcuddur. Bir çox dövlətlərdə hökumət ciddi qiymət artımı və inflyasiyanın kəskin yüksəlməsinin qarşısını almaqda acizdir. Azərbaycanda isə hökumətin düşünülmüş  siyasəti nəticəsində sözügedən problem yoxdur.

Milli valyutamızın dollara nisbətdə dəyərinin ucuzlaşması  milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etməyə xidmət göstərir.

V. BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında