Energetika bazarı 2035-ci ilədək necə dəyişəcək?

“British Petroleum”(BP) şirkətinin mütəxəssisləri düşünürlər ki, Rusiya Federasiyası 2035-ci ildə dünyanın böyük enerjidaşıyıcıları satan ölkəyə çevriləcək. Amma neft və qaz istehsalında lider ABŞ və Səudiyyə Ərəbistanı olacaq. Enerjidaşıyıcıların böyük hissəsinin Asiya regionuna yönələcəyini proqnozlaşdıran BP şirkəti sıxılmış qazın boru kəməri vasitəsilə nəql olunacaq təbii qazla müqayisədə daha mühüm rol oynayacağını iddia edir.

BP şirkəti hazırladığı yeni hesabatda Rusiya Federasiyasının dünyada iri neft və qaz ixracatçısı olacağını bildirir. Şirkətin proqnozlarına görə, şimal qonşumuzun dünyanın energetika məhsulları bazarında payı 4 faizə bərabər olacaq. Bununla yanaşı, Rusiyada 2035-ci ildə enerji istehsalında azalma müşahidə ediləcəyi də proqnozlaşdırılır. BP-nin hesabatında Rusiyanın neft və qaz istehsalında ABŞ və Səudiyyə Ərəbistanına uduzacağı da iddia olunur. Həmin ildə Rusiyanın ixrac edəcəyi “qara qızıl”ın 712 milyon ton təşkil edəcəyi güman edilir. Rusiya mütəxəssislərinin fikrincə, neft istehsalının artmasına indiki vergi manevrləri də imkan verir. Bununla yanaşı, analitiklər Rusiyada tətbiq edilən vergi manevrlərinin yaxın gələcəkdə indiki formada davam edəcəyinə zəmanət vermirlər. Mütəxəssislər belə ehtimal edirlər ki, Rusiya daxili bazarına hər hansı bir təhlükə hiss edəcəyi təqdirdə ixracata məhdudiyyət tətbiq edə bilər.

BP-nin proqnozlarına görə, Rusiya Federasiyasında maye enerjidaşıyıcılarının gündəlik hasilatı 11 milyon barrel təşkil edəcək. Qeyd etmək yerinə düşərdi ki, hazırda bu rəqəm 10,9 milyon barrelə bərabərdir təşkil edir. BP-nin mütəxəssisləri düşünürlər ki, bu məsələdə Rusiya ABŞ və Səudiyyə Ərəbistanına uduzacaq. Əslində ABŞ və Səudiyyə Ərəbistanı hazırda hasilat sahəsində Rusiyanı üstələyir. Ötən il ABŞ və Səudiyyə Ərəbistanında gündəlik hasilatın müvafiq olaraq 11,8 milyon və 11,6 milyon barrel təşkil etdiyi bildirilir. Yeri gəlmişkən, Beynəlxalq Energetika Agentliyi(BEA) bu günlərdə verdiyi açıqlamada Rusiyada gündəlik hasilatın 2020-ci ildə 10,3 milyon barrelə düşəcəyini qeyd etmişdi. Birləşmiş Ştatlarda isə əksinə, şist nefti sayəsində hasilatın 13,9 milyon barrelə çatacağı proqnozlaşdırılır. BP-nin hesablamalarına əsasən, Rusiyada şist neftinin hasilatına 2020-ci ildən tez başlamayacaqlar. 2035-ci ildə şimal qonşumuzun hasil edəcəyi şist neftinin həcminin bütün hasilatın təqribən 5 faizinə bərabər olacağı gözlənilir.

Rusiyalı mütəxəssislər deyirlər ki, Qərbi Sibir yataqlarının tükənməsinə rəğmən perspektivdə məhz bu region ölkənin mühüm hasilat mənbəyi olaraq qalacaq. Analitiklərin sözlərinə görə, hazırda Qərbi Sibir yataqlarında hasilatın azalması müşahidə olunur, bununla belə, yeni layihələrə başlamaqdansa, köhnə layihələrin səmərəliliyini artırmaqla gözlənilən effekti əldə etmək mümkündür. Bununla belə, rusiyalı mütəxəssislər yeni yataqların işlənilməsinin qaçılmaz zərurət olduğunu da etiraf edirlər. Hədəf kimi Qərbi Sibir regionu və Arktika şelf göstərilir. Amma analitiklər düşünürlər ki, yeni yataqların istismarında gözlənilən nəticəni əldə etmək üçün Rusiyada hasilatla bağlı gəlir vergisinə görə tutulan məbləğ dəyişdirilməlidir. BP proqnoz verir ki, təbii qazın hasilatında da Rusiya ABŞ-ın arxasınca addımlayacaq. Belə ki, 2035-ci ildə şimal qonşumuzda “mavi yanacağ”ın hasilatı 779 milyard kubmetr olacaq. Bundan əlavə, Birləşmiş Ştatlardan fərqli olaraq, Rusiyada hasilat ənənəvi yataqlarda aparılacaq. Britaniya şirkətinin hesabatında həmçinin qeyd olunur ki, təbii qaz Rusiyanın yanacaq-energetika balansında əsas rol oynayacaq.

BP-nin hesabatında enerji axınının Asiya regionuna doğru istiqamətlənəcəyi də proqnozlaşdırılır. Şirkətin mütəxəssisləri hesab edirlər ki, Asiyada inamlı iqtisadi artımın fonunda ABŞ-da neft və təbii qaz hasilatının artması, Birləşmiş Ştatlarda və Avropada enerji səmərəliyininin yüksəlməsi nəticəsində enerji axını istiqamətini tədricən Qərbdən Şərqə doğru dəyişəcək. BP sıxılmış təbii qazın da dünya bazarında mühüm rol oynacağını proqnozlaşdırır. Hesabatda yazılır ki, təbii qazla ticarətdə əsas artım sıxılmış qazın hesabına olacaq. Belə ki, sıxılmış qaz istehsalı növbəti on il ərzində yüksək templə artacaq. Bu isə o deməkdir ki, 2035-ci ildə sıxılmış qaz “mavi yanacaq” bazarında boru kəməri vasitəsilə nəql edilən təbii qazı arxa plana çəkəcək. BP proqnozlaşdırır ki,  Şimali Amerikada şist qazının hasilatında artımın davam etməsi regionu təbii qaz ixracatçısına çevirəcək. ABŞ və Kanadadan “mavi yanacağ”ın daşınması da sıxılmış vəziyyətdə olacaq.

Səbuhi Məmmədov,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında