İlləri uğurla başa vurması ilə öyünə bilən rayonlarımızdan biri də Biləsuvardır. Bu baxımdan biləsuvarlıların həyatında 2014-cü il xüsusilə yaddaqalan olub. Yekunlara dair hesabat iclasında nailiyyətlərə nəzər salınıb və qarşıda duran vəzifələr müəyyənləşdirilib. Hesabat iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular. Sonra rayonun sosial-iqtisadi, mədəni və aqrar sahədəki inkişafını əks etdirən sərgiyə baxış keçirildi, aparılan abadlıq və quruculuq işlərindən bəhs edən film nümayiş etdirildi.
Yığıncaqda geniş məruzə ilə çıxış edən icra hakimiyyətinin başçısı Mahir Quliyev 2014-cü ildə rayonun sosial-iqtisadi inkişafından danışdı, abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verdi. O bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu sosial-iqtisadi siyasətin nəticəsində ölkəmizin dinamik inkişafı təmin edilmiş, regionlar sürətlə abadlaşdırılmışdır. Biləsuvarda da tərəqqi meylləri davam etdirilmişdir.
Belə ki, ötən il ümumi məhsul buraxılışının həcmi 198,7 milyon manat olmuşdur. Ümumi həcmdə kənd təsərrüfatının payı 97,3 milyon manatdır. Ticarətdə bu rəqəm 51,4 milyon, tikintidə 31,1 milyon, sənayedə 15,8 milyon, nəqliyyatda 2,7 milyon manatdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur. Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 2041 manat, orta aylıq əməkhaqqı isə 281 manata bərabərdir.
Regional inkişaf Dövlət Proqramının icrasına uyğun olaraq ötən il rayonda tikinti, abadlıq və quruculuq işləri genişlənmişdir. 640 şagird yerlik Xırmandalı kənd 2 saylı, 450 şagird yerlik Aşağı Cürəli kənd, 220 şagird yerlik Amankənd kənd tam orta məktəbləri üçün yeni binalar tikilmiş, 1176 şagird yerlik Ağalıkənd kənd tam orta məktəbinin binası isə əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Bütün məktəblər yeni inventar və avadanlıqla təchiz olunmuşdur. Ümumiyyətlə, son illər rayonda 13 yeni məktəb binası tikilmiş, 6 məktəb yüksək səviyyədə əsaslı təmir olunmuşdur.
Şəhərdə iki uşaq bağçasının tikintisi başa çatdırılmışdır. Heydər Əliyev küçəsində yol genişləndirilmiş, yolkənarı hasarlar tikilmiş, kommersiya obyektləri aqlay daşları ilə üzlənmiş, səkilərə üzlük plitələr döşənmiş və müasir üslublu işıqlandırma sistemi quraşdırılmışdır. Həmin ərazidə 1,2 km uzunluğunda küçədə yeni asfalt-beton örtük salınmışdır. Şəhərin içməli su təchizatının yenidən qurulması başa çatdırılıb, kanalizasiya sisteminin tikintisi isə davam etdirilir.
Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsinin inzibati binasının, Səmədabad kəndində Heydər Əliyev parkının, Kənd Təsərrüfatı Nazirliyi rayon şöbəsinin inzibati binasının tikintiləri və rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri həyata keçirilir.
Məruzəçi qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2013-cü il tarixli sərəncamı ilə 13 min nəfər əhalinin yaşadığı, 6 yaşayış məntəqəsini birləşdirən 16 kilometr uzunluğunda Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun tikintisi başa çatdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 7 sentyabr 2013-cü il tarixli sərəncamı ilə 10 min nəfər əhalinin yaşadığı, 3 yaşayış məntəqəsini birləşdirən 6 kilometrlik Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun torpaq yatağı, yol əsası, süni suötürücü qurğuların tikintisi sona yetmişdir, uzunluğu 81 metr, eni 15metr olan 3 aşırımlı körpünün tikintisində isə son tamamlama işləri aparılır. Ələt-Astara magistral avtomobil yolunda təmir işləri aparılmışdır.
İl ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 113 sahibkarlıq subyektinə 1,4 milyon manatlıq kredit verilmişdir. İl ərzində rayonda 1445 yeni iş yerləri açılmışdır. Aqrar bölmədə məhsul istehsalının həcmi artmış, kəndlilərin həyat səviyyəsi xeyli yaxşılaşmışdır. Ölkə başçısının aqrar sahənin inkişafına, ərzaq təhlükəsizliyinin təmin edilməsinə göstərdiyi ciddi diqqətin nəticəsidir ki, 2015-ci il respublikamızda ”Kənd təsərrüfatı ili" elan edilmişdir. Ötən il rayonun əkin sahəsindən 28646 ton buğda, 34966 ton arpa istehsal olunmuşdur. Heyvandarlığın inkişafı sahəsində də irəliləyişlər əldə olunmuşdur. İribuynuzlu mal-qaranın sayı 40,3 min başa, davarın sayı 138 min başa çatdırılmışdır. Biləsuvar əhalisi özünün heyvandarlıq məhsullarına olan tələbatını tam ödəyir.
“Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Prezident sərəncamı ilə bu səhiyyə ocağında geniş həcmli işlər aparılır. Bundan əlavə, son illərdə rayonun 6 kəndində müasir tələblərə cavab verən yeni tibb müəssisələri tikilib istifadəyə verilmişdir.
Ötən il vətəndaş müraciətlərinə baxılması sahəsində işin təkmilləşdirilməsi istiqamətində bir sıra ardıcıl tədbirlər həyata keçirilmişdir. Yerlərdə keçirilən səyyar görüşlərdə qaldırılan məsələlərin icrasında operativlik artırılmış, daxil olan ərizə və şikayətlərin vaxtında və qanuna müvafiq şəkildə icrası təmin edilmişdir. Eyni zamanda inzibati ərazi nümayəndəliklərini əhatə edən operativ idarəetmə mərkəzləri vasitəsilə yerlərə operativ nəzarət gücləndirilmişdir.Görülmüş işlər nəticəsində ərizə və şikayətlər azalmışdır.
Mahir Quliyev hesabat məruzəsinin sonunda inamla bildirdi ki, biləsuvarlılar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutaraq 2015-ci ili də layiqli nəticələrlə başa vurmaqdan ötrü böyük əzmlə çalışacaqlar.
Məruzə ətrafında müzakirələrdə təhsli şöbəsinin müdiri Balaqardaş Kazımov, suvarma sistemləri idarəsinin rəisi Ədalət Babayev, səhiyyə şöbəsinin müdiri Şamil Cəfərov, gənclər və idman idarəsinin rəisi Aqşin Bağırov, Biləsuvar şəhər icra nümayəndəsi Qabil Xammədov, Aqroservis idarəsinin müdiri İman Mehrəliyev, “Biləsuvar Aqro” MMC-nin nümayəndəsi Vüqar Mirzəyev iştirak etdilər, 2014-cü ildə görülmüş işlərdən danışdılar, təklif və rəylərini söylədilər.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Habil Əzənmədov çıxış edərək respublikamızın bütün sahələrində gedən inkişafdan, Biləsuvarın respublikanın digər bölgələri kimi dinamik tərəqqi etməsindən ətraflı danışdı. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi üçün xüsusi diqqət yetiriləsi məsələləri önə çəkdi.
Sonda iclas iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlandı.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.