Azərbaycanda manatın uzunmüddətli zəifləməsi üçün heç bir əsas yoxdur. Bu barədə fikir bildirən ekspertlərin qənaətincə, manatın uzunmüddətli zəifləməsi iki halda baş verə bilər. Birincisi, əgər ölkənin ödəmə balansında davamlı defisit yaranarsa və ikincisi, bu şəraitdə ehtiyat problemi ilə üzləşilərsə, təbii ki, ciddi narahatlıq yaşana bilər. Halbuki hazırda respublikamızda ümumdaxili məhsulun 70 faizinə yaxın bir həddə valyuta ehtiyatları var.
Ümumiyyətlə, qlobal səviyyədə gedən proseslərə reaksiya vermək üçün Azərbaycanda məzənnə siyasətinə dəyişiklik edilməli idi. Çünki bu gün avro dollara qarşı davamlı şəkildə ucuzlaşır. Manatın məzənnəsi isə sərt şəkildə dollara bağlandığına görə bu ötürücülük manata da təsir edir.
Ekspertlər bildirirlər ki, bu gün manatın məzənnəsi ölkəmizin əsas ticarət tərəfdaşlarına qarşı “üzən rejim”dədir. Başqa sözlə, respublikamız bütün dünyada olduğu kimi, dollara bağlıdır. Dollar isə digər məzənnələrə qarşı “sərbəst rejim”dədir. Həm də unudulmamalıdır ki, Avrozona Azərbaycanın əsas tərəfdaşlarından biridir. Belə halda isə ölkəmizin iqtisadi perspektivlərini düşünmək mühüm şərtdir. Bu cür şəraitdə manatın dollardan tam asılılığını aradan qaldırmaq üçün Azərbaycan Mərkəzi Bankı “avronu səbətdə bərpa edib”. Əlbəttə, bu məsələdə əhalinin maraqları nəzərə alınıb. Mütəxəssislər xatırladırlar ki, Azərbaycanda “bivalyutalı səbət” 2008-2011-ci illəri əhatə edən dövrdə də tətbiq olunub və bu, Mərkəzi Banka daha çevik məzənnə siyasəti həyata keçirmək imkanı verib. Lakin bir həqiqət də var ki, o zaman neftin qiyməti çox yüksək səviyyədə olduğu üçün Azərbaycanın ödəmə balansının yüksək profisitliyi şəraitində balansdan irəli gələn manatın məzənnəsinin möhkəmlənməsinə böyük bir təzyiq yaranmışdı. Digər tərəfdən isə əhəmiyyətli dərəcədə avro da dollara qarşı bahalaşırdı. Hər iki amil manatın məzənnəsini möhkəmləndirməyə doğru aparırdı. Əgər Mərkəzi Bank o dövrdə “bivalyutalı səbət”də avrodan imtina etməsəydi, bu gün daha möhkəm manat məzənnəsi ilə üz-üzə olardıq. Bunun üstün tərəfləri də var və bu, etiraf edilməlidir. Başqa sözlə, belə vəziyyət inflyasiyanın aşağı düşməsinə müsbət təsir göstərir. Lakin məsələnin mənfi tərəfi də danılmazdır. Bu da ixracatçıların mənafeyinin qorunması və iqtisadiyyatın diversifikasiyasına mənfi təsirlə bağlıdır.
Bu gün Azərbaycanda kəskin devalvasiyanın aparılması üçün də heç bir əsas yoxdur. Təbii ki, kəskin devalvasiyanın həyata keçirilməsi ölkədəki iqtisadi agentlərin, sahibkarların, əmanətçilərin (banklara manatla əmanət yatıranların) mənafelərinə zidd olardı. Başqa ölkələrdən fərqli olaraq Azərbaycanda bu addımın atılması iqtisadi-maliyyə cəhətdən məqsədəuyğun sayılmayıb. Ümumiyyətlə, bu məsələ barədə hansısa bir addım atmağa, tədbir görməyə ehtiyac da olmayıb. Əsas məqsəd Azərbaycanda iqtisadi artımı stimullaşdırmaq, ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, ixracı stimullaşdırmaq olub. Azərbaycan hökuməti hazırda bu istiqamətdə düşünülmüş siyasət aparır. Çevik məzənnə siyasəti isə bunun tərkib hissəsidir.
Ekspertlərin fikrincə, çevik məzənnə siyasəti idxalı bahalaşdıra bilər. Lakin bu gün Azərbaycanın ərzaq məhsulları üzrə idxaldan asılılığı çox aşağıdır. Məhz buna görə də Azərbaycana inflyasiya idxalı gözlənilmir. Ərzaq məhsullarında bahalaşmanın heç bir iqtisadi əsası yoxdur. Bütün bunlarla yanaşı, ölkəmizdə artıq iki aydır dollarlaşma prosesi gedir və bu proses davam edəcək. Burada isə təəccüblü heç nə yoxdur. Bu, psixoloji və xarici amillərlə, qonşu ölkələrdə gedən proseslərlə bağlı olan məsələdir. Məsələn, Qazaxıstanda dollarlaşma 70 faizi üstələyib. Bunun əsas səbəbi kəskin devalvasiyadır və əhali tərəfindən öz milli valyutalarına olan marağın itirilməsidir.
Ötən il Azərbaycanda inflyasiya 1,4 faiz səviyyəsində nəzərə çarpıb. Cari ildə də ölkədə inflyasiya birrəqəmli həddə olacaq. Hökumət bütün vasitələrdən istifadə etməklə bunu reallaşdırmaq iqtidarındadır.
Burada bir məqamı da xatırlatmaq istərdik. Azərbaycan Respublikası Mərkəzi Bankının 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir ki, cari ildə səlahiyyətləri çərçivəsində qiymət sabitliyinin təmin edilməsi Mərkəzi Bankın pul siyasətinin əsas məqsədini təşkil edəcəkdir. Son qlobal və daxili iqtisadi meyilləri nəzərə alaraq, orta müddətli perspektivdə inflyasiyanın aşağı səviyyədə qalması gözlənilir.
Pul siyasətinin həm inflyasiya, həm də deflyasiya risklərinə çevik reaksiyası təmin ediləcəkdir. Bu reaksiyanın xarakteri və miqyası inflyasiyaya təsir göstərən tələb və təklif amillərindən asılı olaraq dəyişəcəkdir. Bununla yanaşı, Mərkəzi Bank müxtəlif qiymət indekslərinin təhlilinə və inflyasiyanın proqnozdan kənarlaşması risklərinin hərtərəfli qiymətləndirilməsinə xüsusi diqqət yetirəcəkdir.
İnflyasiya təzyiqlərinin müvəqqəti və uzun müddətli amillərini fərqləndirmək üçün baza inflyasiyanın dinamikası daim izlənəcəkdir. Pul siyasətinin adekvat reaksiyasının formalaşmasında Mərkəzi Bank iqtisadi tsikl modelinin nəticələrini də nəzərə alacaqdır.
Mərkəzi Bank bu il məzənnə siyasətini həyata keçirərkən makroiqtisadi sabitliyin təmin edilməsi, maliyyə sabitliyinin və qeyri-neft iqtisadiyyatının rəqabət qabiliyyətinin qorunması kimi hədəfləri əsas götürəcəkdir. Manatın sabit məzənnəsi aşağı təkrəqəmli inflyasiya hədəfinə nail olunmasında, sosial rifahın və investisiya aktivliyinin qorunmasında mühüm rol oynayır. Bunu nəzərə alaraq, 2015-ci ildə manatın məzənnəsinin sabitliyi mühüm prioritetdir.
Məzənnə rejimi əsasən dəyişməz saxlanacaq, ABŞ dolları/manat məzənnəsinin hədəflənməsi bu il də məzənnə siyasətinin əməliyyat çərçivəsini təşkil edəcəkdir. Eyni zamanda, ikitərəfli məzənnə ilə yanaşı, manatın nominal və real effektiv məzənnələri monitorinq ediləcəkdir.
Pul bazarındakı vəziyyətdən asılı olaraq Mərkəzi Bank tərəfindən likvidliyin tənzimlənməsi, o cümlədən inyeksiya əməliyyatlarından istifadə diqqətdə saxlanılacaqdır. Bazar əməliyyatları pul siyasəti məqsədləri ilə yanaşı, bank sistemində sabitliyin qorunması, maliyyə vasitəçiliyinin stimullaşdırılması və ödənişlərin vaxtlı-vaxtında həyata keçirilməsinə xidmət edəcəkdir. Klassik alətlərlə bərabər, qeyri-ənənəvi pul siyasəti alətlərindən də zəruri hallarda istifadə edilməsi təmin olunacaq, o cümlədən banklar vasitəsilə biznesin kreditləşdirilməsi alətləri inkişaf etdiriləcəkdir.
İndi isə son günlər kommersiya banklarında əmanətlərini xarici valyutaya çevirmək istəyən əmanətçilərin rastlaşdıqları çətinliklə bağlı bir məqama da toxunmaq istərdik. Hazırda Azərbaycan əhalisinin banklarda 7 milyard manat ekvivalentində əmanəti var. Bunun yarısı milli valyutada, yarısı isə xarici valyutadadır. Son iki ayda respublikada müəyyən dollarlaşma prosesinin getməsi də faktdır. Bu, cəmi 4 faiz artımdır. Mərkəzi Bankın rəhbərliyi də kommersiya banklarına tövsiyə və göstəriş vermişdir ki, manatda olan əmanətlərini xarici valyutaya çevirmək istəyən əmanətçilərə heç bir maneə törətmədən hər cür şərait yaradılsın. Başqa sözlə, istənilən vətəndaşın bunu etməyə tam hüququ var...
Valyuta mübadiləsi məntəqələrindəki yaranmış vəziyyətə gəldikdə mütəxəssislərin fikrincə, hazırda nağd valyutaya tələbat artıb. Mərkəzi Bank tərəfindən bütün bankların nağd valyuta ilə tam təmin olunmasında heç bir problem yoxdur. Valyutanın hansı formada saxlanılması əhalinin şəxsi seçimidir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, manatın məzənnəsi makroiqtisadi və maliyyə sabitliyinin, xüsusilə də sosial sabitliyin vacib amilidir. Sabit məzənnə əhalinin gəlirlərinin, yığımlarının dəyərdən düşməsinin qarşısını alır və bu, korporativ və maliyyə sektorunda sabitliyin təmin olunmasının çox mühüm şərtidir. Bir sıra beynəlxalq agentliklər də bir müddət bundan əvvəl manatı Müstəqil Dövlətlər Birliyi və Şərqi Avropa məkanında ən sabit və etibarlı valyuta kimi tanımış və onun çox müsbət perspektivlərini qeyd etmişlər. Ötən il qonşu ölkələrdə, bölgədə gedən mürəkkəb proseslərlə bağlı yaranmış psixoloji təzyiqlərə baxmayaraq, vaxtında görülmüş tədbirlər nəticəsində manatın məzənnəsi sabit saxlanılmışdır. Bunun üçün Mərkəzi Bank valyuta bazarının həm nağd, həm də qeyri-nağd seqmentlərində çevik tənzimləmə tədbirləri görmüşdür.
Bu gün bank sektoruna inam daha da güclənmişdir. Əhalinin əmanətləri 11 faiz artaraq 7 milyard səviyyəsini keçmişdir. Adambaşına əmanətlərin məbləği təxminən 1000 ABŞ dollarına yaxındır. Müqayisə üçün xatırladaq ki, 10 il bundan əvvəl bu göstərici cəmi 50 dollar təşkil edirdi. 2014-cü ildə isə əmanətlər üzrə əhalinin faiz gəlirləri yarım milyard manatı ötüb keçmişdir və bank sektoru bu istiqamətdə mühüm sosial rol oynamağa başlamışdır.
Azərbaycanda manatın sabitliyinin qorunması üçün bütün imkanlar var. Aparılan hesablamalar da göstərir ki, manatın sabitliyi iqtisadi sabitliyin əsas amilidir. Bu, ulu öndər Heydər Əliyev irsinin, strategiyasının çox mühüm tərkib hissəsidir. Yəni istənilən siyasət makroiqtisadi sabitlik və onunla dialektik əlaqədə olan siyasi sabitlik üzərində qurulur. Buna görə cari ildə də manatın sabitliyinin təmini Azərbaycan hökuməti üçün mühüm vəzifələrdən biridir və bu vəzifənin reallaşmasının təmin ediləcəyi şübhəsizdir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.