Azərbaycan iqtisadi sahədə qazandığı uğurlarla dünya ölkələri arasında mövqeyini daha da möhkəmləndirmişdir

Bu, Ümumdünya İqtisadi Forumunun hesabatında da öz ifadəsini tapmışdır
Ulu öndər Heydər Əliyevin dövlətçiliyin, demokratik cəmiyyətin və yeni iqtisadi sistemin yaranmasını şərtləndirən siyasi kursunun Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsinin məntiqi nəticəsi olaraq hazırda Azərbaycan iqtisadi sahədə qazandığı uğurlarla dünya ölkələri arasında mövqeyini daha da möhkəmləndirmişdir. Bu, eyni zamanda ümummilli liderimiz tərəfindən əsası qoyulan iqtisadi siyasətin Azərbaycan modelinin mövcud iqtisadi münasibətlər müstəvisində alternativsizliyini təsdiqləyir.
Məhz bunun nəticəsidir ki, son illər Azərbaycan sosial-iqtisadi sahələrdə bir sıra uğurlar əldə etmiş, neft sahəsinin, qeyri-neft sektorunun davamlı inkişafına nail olunmuşdur. Birinci və ikinci regional inkişaf proqramlarının, habelə digər mühüm sənədlərdə nəzərdə tutulmuş tədbirlərin yüksək səviyyədə reallaşdırılması nəticəsində yeni iş yerlərinin yaradılması, sosial infrastrukturun yaxşılaşdırılması, iqtisadiyyata investisiya qoyuluşunun artırılması, yoxsulluğun azaldılması və s. məsələlər öz müsbət həllini tapmışdır.
Bütün bu uğurlar beynəlxalq reytinq agentliklərinin, digər tanınmış qurumların məlumatlarında, hesabatlarında da öz ifadəsini tapır. Məsələn, Ümumdünya İqtisadi Forumu tərəfindən hazırlanmış ən son hesabatda Azərbaycan infrastruktur, səhiyyə və təhsilin keyfiyyəti, makroiqtisadi vəziyyət və maliyə bazarının inkişafına görə MDB ölkələri arasında birinci yerdə qərarlaşmışdır.
Xatırladaq ki, Ümumdünya İqtisadi Forumunun ölkəmizlə bağlı reytinq göstəricisi Azərbaycan iqtisadiyyatının dinamik xarakter daşıdığının təzahürüdür. Bu uğur eyni zamanda artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuş ölkəmizin yeni mərhələdə inkişafın miqyasının genişlənəcəyini şərtləndirir.
Heç kəsə sirr deyil ki, Azərbaycan iqtisadi sahədə keçid dövrünə hədsiz çətinliklərlə, problemlərlə başlamışdır... Yaxın tarixi keçmişi yaxşı xatırlayırıq. SSRİ dağıldıqdan sonra Azərbaycan iqtisadiyyatında böhranlı vəziyyət yaranmışdı. Ölkə həyatının bütün sahələrini bürümüş tənəzzülün qarşısı yalnız xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra alındı. Yalnız bundan sonra ölkədə siyasi sabitlik bərqərar olmuş, atəşkəs əldə edilmiş, 1994-cü ildə ilk neft sazişi imzalanmış, irimiqyaslı iqtisadi islahatlara başlanılmışdır. Nəticədə iqtisadiyyata cəlb olunan investisiyaların məbləği ildən-ilə artmış, maliyyə vəziyyəti sabitləşmiş, dinamik iqtisadi artım təmin edilmiş, bütün sahələrdə əhəmiyyətli nailiyyətlər qazanılmışdır. Belə ki, 1995-2003-cü illərdə ümumi daxili məhsul (ÜDM) 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi və o cümlədən ixrac 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq real əmək haqqı təxminən 5,6 dəfə artmış, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirilmiş, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi məbləği 20 milyard ABŞ dollarını keçmişdir. Beləliklə, keçid dövrünün ilk illərində uğurlu strategiya sayəsində ölkənin maliyyə imkanlarının genişlənməsi inkişafın yeni mərhələsinə - sıçrayışlı sosial-iqtisadi inkişafa qədəm qoyulmasını təmin etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, konservativ xarici borclanma strategiyası həyata keçirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifah göstəriciləri davamlı olaraq yaxşılaşmışdır.
Formalaşdırılmış və beynəlxalq standartlara cavab verən qanunvericilik bazası sürətli iqtisadi inkişafı dəstəkləmiş, konkret proqramlar vasitəsilə əsas sosial-iqtisadi inkişaf məqsədlərinə nail olunmuşdur. Ümumilikdə, müxtəlif sahələr üzrə 100-dən çox konsepsiya, dövlət proqramı və digər irimiqyaslı sənədlər qəbul edilmiş və Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla icra olunur. Sahibkarlıq iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilmiş, özəl sektorun ÜDM-də xüsusi çəkisi 85 faizə çatmışdır.
Son dövrlərdə dünyada gedən qlobal proseslər ölkəmizin dayanıqlığını və onun regional güc mərkəzi kimi formalaşdığını bir daha sübut etmişdir. Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi bu ilin ötən aylarında da davam etmişdir. İlin ötən 7 ayında ÜDM istehsalı 3,5 faiz artaraq 23,2 milyard manata çatmışdır. Azərbaycanın uğurları nüfuzlu jurnallarda, beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır. Yazının əvvəlində haqqında söhbət açdığımız Ümumdünya İqtisadi Forumunun hesabatı da bunun bariz nümunəsidir.
Yaxud, başqa bir fakt. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan "Doing Business- 2010" hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilmişdir. 2009-2010-cu illər üçün hazırlanmış "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan 18 pillə irəliləyərək, 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlmişdir. Bütövlükdə, Azərbaycan iqtisadiyyatının gələcək inkişafı ilə bağlı beynəlxalq təşkilatların proqnozları nikbindir. Təsadüfi deyildir ki, bu ilin əvvəlində Standard and Poors beynəlxalq reytinq agentliyi ölkə iqtisadiyyatının hazırkı durumunu "stabildən" "pozitivə" yüksəltmişdir. Beləliklə, iqtisadiyyatımızın bugünkü vəziyyəti keçid proqramının əsas məqsədlərinə həm forma, həm də məzmun etibarilə nail olunduğunu və keçid dövrünün başa çatdığını təsdiq edir.
Mütəxəssislərin fikrincə, sosial-iqtisadi inkişafın yeni mərhələsində qarşıda duran əsas vəzifə makroiqtisadi sabitliyin qorunub saxlanılması olmalıdır. Ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin daha da gücləndirilməsi üçün sistemli tədbirlər davam etdirilməlidir. Eyni zamanda, iqtisadi artımın keyfiyyətinin prioritetliyi də təmin edilməlidir. Bu məqsədlə iqtisadiyyatın şaxələndirilməsi genişləndirilməklə neft sektorundan asılılıq minimuma endiriləcək, innovativ iqtisadiyyata keçid təmin ediləcək, aqrar sektorun inkişafında intensiv üsullara üstünlük veriləcək və iqtisadiyyatın klasterlər üzrə inkişafına nail olunacaqdır.
Növbəti illərdə də sosial-iqtisadi siyasətin ana xəttini əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi təşkil edəcəkdir. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli, praqmatik, düşünülmüş siyasəti, dönməz iradəsi, idarəçilik məharəti və ölkəmizin iqtisadi potensialı qarşıya qoyulmuş hədəflərə nail olunmasını təmin edəcəkdir.
Ümumiyyətlə, 2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi siyasətin nəticəsi olaraq Azərbaycanın bütün sahələrində sıçrayışlı inkişaf əldə edilmişdir. Bu inkişaf istehsalın və investisiyaların məbləğinə, büdcə imkanlarının genişlənməsinə, əhalinin maddi rifah halının yaxşılaşmasına əhəmiyyətli təsir göstərmişdir. Ölkənin artan maliyyə potensialı sayəsində iqtisadiyyata kredit qoyuluşlarının məbləği əhəmiyyətli dərəcədə genişlənmişdir.
Regional inkişaf proqramlarının və infrastruktur layihələrin uğurla həyata keçirilməsi sayəsində ölkənin iqtisadi inkişafı üçün güclü baza formalaşmışdır. Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin nəticəsi - makroiqtisadi sabitlik, ÜDM-in istehsalında əldə olunmuş sabit artım tempi, bank, maliyyə və digər sahələrin inkişafıdır. SSRİ dağılan zaman heç bir bazar institutuna, heç bir sahibkara, heç bir özəl müəssisəyə malik olmayan Azərbaycanda bu gün ÜDM-in 85 faizi özəl sektorda istehsal olunur, tam bazar prinsiplərinə uyğun qanunvericilik, hüquqi-normativ baza və təsisatlar mövcuddur.
Mütəxəssislər bildirirlər ki, keçid dövründən sonra dayanıqlı inkişaf, iqtisadi artım və daimi modernləşmə dövrü başlayır. Bu dövrdə ölkənin gələcək inkişafı çoxşaxəli, dinamik, müasir innovasiyalara arxalanan iqtisadiyyatla, xüsusilə onun qeyri-neft sektoru ilə bağlıdır. Qeyri-neft sektorunu inkişaf etdirərkən bu sektorda ənənəvi sahələr ilə bərabər yeni iqtisadi sahələrin, xüsusilə də idxalı əvəzləyən və ixrac yönümlü sahələrin yaradılması istiqamətində mühüm addımlar atılır.
Əlverişli biznes mühitinin inkişafı, eyni zamanda, müasir təhsil almış və xarici təcrübəni ölkədə tətbiq etməyə qadir olan ixtisaslı kadrların hazırlanmasını tələb edir. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Dövlət Neft Fondunun vəsaiti hesabına xaricdə təhsili maliyyələşdirilmiş tələbələrin sayı hazırda 500 nəfərə yaxınlaşır. Xaricdə təhsil almış Azərbaycan gənclərinin təcrübəsindən təkcə dövlət sektorunda deyil, eləcə də özəl sektorda istifadə edilməsi ölkəmizdə müasir biznes mühitinin formalaşmasına və müasir idarəetmə üsullarının geniş tətbiqinə şərait yaradır və yaradacaqdır.{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında