Azərbaycanın artıq dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə əməkdaşlığı, neft sənayesinin müasir tələblərə uyğun infrastrukturunun yaranması ulu öndər Heydər Əliyevin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində mümkün olmuşdur.
Respublikamızda müasir diplomatik, hüquqi və dünyəvi dövlət quruculuğunda, vətəndaş cəmiyyətinin formalaşmasında, elmin, təhsilin, mədəniyyətin inkişafında, eləcə də ölkəmizin neft sənayesində neft amilindən məharətlə istifadə olunması nəticəsində iqtisadiyyatımızın inkişafında, beynəlxalq əlaqələrin, Avropa və dünya ölkələri ilə münasibətlərin təşəkkülündə ulu öndərin xidmətləri misilsizdir. Ümummilli lider Heydər Əliyevin beynəlxalq aləmdə apardığı bu siyasət nəticəsində müstəqil Azərbaycanın neft diplomatiyasının fəal mövqeyi formalaşmışdır.
Müstəqilliyimizin ilk illərində ölkəmizin parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasi və iqtisadi islahatlarla Azərbaycanda ictimai-siyasi vəziyyət sabitləşmiş, dövlətin iqtisadi, siyasi və hərbi qüdrəti artmışdır. Məhz dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizin davamlı iqtisadi inkişafı təmin edilmiş, bütün sahələrdə müsbət dəyişikliklər baş vermiş, iqtisadi inkişafın Azərbaycan modeli yaradılmışdır.
Dünya iqtisadiyyatına uğurla inteqrasiya, ölkə daxilində iqtisadi liberallaşma, kredit reytinqimizin artması, iqtisadiyyatımızın rəqabət qabiliyyətliliyinin yüksək mövqedə olması, büdcəmizin və valyuta ehtiyatlarımızın ildən-ilə çoxalması 1993-cü ildən etibarən Heydər Əliyev tərəfindən yeni prinsiplər əsasında qurulan iqtisadi strategiyanın töhfələridir.
Bu gün “Cənub” qaz dəhlizi layihəsinin reallaşmasının əsasında da məhz ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi neft strategiyasının uğurla həyata keçirilməsi və Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi dayanır.
Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda “Cənub” qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə etdiyi çıxışında bu barədə demişdir: “Cənub” qaz dəhlizi layihəsi Azərbaycanda son 20 il ərzində tərəfdaşlarımızla apardığımız işə əsaslanır. 1996-cı ildə Azərbaycanla bp-nin rəhbərlik etdiyi xarici şirkətlər konsorsiumu arasında “Şahdəniz” yatağına dair saziş imzalandı. “Şahdəniz” qaz yatağı Cənub qaz dəhlizi üçün ən mühüm resurs bazasıdır. 1997-ci ildə “Çıraq” platformasında ilk neft hasil edildi. Bu, ola bilsin ki, neft sənayesi tarixində rekord idi. Yəni, müqavilənin imzalanması ilə ilk neftin hasil edilməsi arasında vaxt fərqi cəmi üç il oldu. 1999-cu ildə Xəzər dənizi ilə Qara dənizi birləşdirən Bakı-Supsa boru kəməri çəkilmişdir. Beləliklə, Azərbaycan nefti Gürcüstanın Qara dənizdəki Supsa limanına nəql edilməyə başlandı. Bu, şaxələndirilmənin vacib elementi idi. İlk dəfə olaraq Qara dənizlə Xəzər dənizi xam nefti nəql edən boru kəməri ilə birləşdi. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri istismara verildi. Xəzər və Aralıq dənizləri ilk dəfə olaraq boru kəməri ilə birləşdi. 2007-ci ildə Bakı, Tbilisi və Türkiyənin Ərzurum şəhərini birləşdirən Cənubi Qafqaz qaz kəməri çəkildi".
Xatırladaq ki, Cənubi Qafqaz qaz kəmərinin çəkilməsi qarşıya qoyulan vəzifənin yalnız bir hissəsi idi. Nəhəng “Şahdəniz” yatağından və Azərbaycanın digər qaz yataqlarından təbii qazı beynəlxalq bazara nəql edəcək “Cənub” qaz dəhlizinin çəkilməsi də diqqət mərkəzində saxlanılırdı. Məhz elə buna görə də 2011-ci ildə Prezident İlham Əliyevlə Avropa Komissiyasının sədri Barrozu arasında Bakıda “Cənub” qaz dəhlizi haqqında Birgə Bəyannamə imzalandı. Bu sənəddə Azərbaycan “Cənub” qaz dəhlizinə əsas töhfə verən və həyata keçirən ölkə kimi göstərilirdi.
2012-ci ildə TransAnadolu - TANAP qaz boru kəmərinin tikintisi ilə əlaqədar Azərbaycan ilə Türkiyə arasında saziş imzalandı. Bu saziş “Cənub” qaz dəhlizinin həyata keçirilməsində mühüm rol oynadı. Çünki Azərbaycan qazının nəql edilməsində əsas olacaq layihənin uzun illər ərzində müzakirəsi zamanı Azərbaycan tərəfindən TANAP layihəsi təqdim edildi, dərhal da bütün tərəfdaşların güclü dəstəyi qazanıldı. Bir sözlə, TANAP “Cənub” qaz dəhlizinin həyata keçirilməsində mühüm yer tutdu.
Artıq TANAP-ın praktiki həyata keçirilməsinə başlanıb. Yeri gəlmişkən, 2013-cü ildə TransAdriatik boru kəməri Avropaya əsas ixrac marşrutu kimi seçildi və 2014-cü il sentyabrın 20-də isə “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi Bakıda keçirildi. Bu, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasından düz 20 il sonra reallaşdı...
“Cənub” qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə bir sıra mühüm faktlar da açıqlanmışdır. Qeyd edilmişdir ki, “Cənub” qaz dəhlizi üçün ehtiyat bazası bp-nin əməliyyatçı olduğu “Şahdəniz” yatağıdır. Bununla yanaşı, “Abşeron”, “Ümid” və digər yataqlar da sözügedən qaz dəhlizi layihəsinə birmənalı olaraq töhfə verəcəkdir. Ümumiyyətlə, hesablamalara əsasən, Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,5 trilyon kubmetrdən çoxdur. Eyni zamanda, bu gün Azərbaycanın proqnozlaşdırılan rəqəmləri üstələyən daha çox hasilatı və ixracı olacağı da istisna deyil.
“Cənub” qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir mühüm məqama da toxunmuşdur. Dövlət başçısı bildirmişdir ki, adı çəkilən qaz dəhlizi həm də istehlakçı və tranzit ölkələr üçün enerji təhlükəsizliyidir. Çünki bu gün enerji təhlükəsizliyinə istənilən ölkənin milli təhlükəsizliyindən ayrı baxıla bilməz.
Bu günAzərbaycan şaxələndirmədə öz fəal rolunu oynayır. Şaxələndirmə haqqında danışanda yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsi nəzərdə tutulur. Marşrutların da şaxələndirilməsi vacibdir, lakin mənbə eyni olanda vəziyyət çox dəyişmir. Mənbələrin şaxələndirilməsi vacibdir. Bu halda, Xəzər dənizində çıxan qaz - Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün yeganə yeni qaz mənbəyi olacaq.
Xatırladaq ki, sözügedən infrastruktur layihəsinin nəzərdə tutulduğu kimi, 2019-cu ildə reallaşması nəzərdə tutulur.
“Cənub” qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə, diqqətçəkən bir məqam da xatırladılmışdır. Bildirilmişdir ki, “Cənub” qaz dəhlizi bu layihəyə qoşulan ölkələrin gələcək iqtisadi inkişafı, eyni zamanda, Avropanın enerji təhlükəsizliyi üçün də vacibdir. Artıq Azərbaycanın əməkdaşlığının bəzi nümunələri mövcuddur. Belə ki, 2014-cü il sentyabrın 19-da Azərbaycan və Bolqarıstan prezidentləri tərəfindən Birgə Bəyannamə imzalanmış və bu sənəddə Azərbaycan tərəfindən Bolqarıstanın, eləcə də bu ölkənin qaz şəbəkəsi vasitəsilə Avropa bazarlarına gedən boru kəmərlərinin Azərbaycan qazı ilə təchiz olunmasının önəmi öz əksini tapmışdır. Bolqarıstan tərəfi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Bulgargas” arasında 2013-cü ilin sentyabrında imzalanmış və 2020-ci ildən başlayaraq 1 milyard kubmetr qazın Bolqarıstana çatdırılmasını nəzərdə tutan müqavilənin əhəmiyyətini xüsusi vurğulamışdır. Ötən il dekabrın 19-da Azərbaycan Respublikası və Albaniya Respublikası hökumətləri arasında qazla bağlı baş planın işlənib hazırlanması sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Tərəflər Cənub-Şərqi Avropa regionu və ümumilikdə Avropa İttifaqı üçün strateji maraq doğuran TransAnadolu, TransAdriatik, İonAdriatik boru xətlərinin əhəmiyyətini qeyd etmişlər.
Yuxarıda qeyd edilənləri yekunlaşdırıb, mütəxəssislərin fikirlərinə əsasən, deyə bilərik ki, “Cənub” qaz dəhlizi Avropa istehlakçılarına yeni təchizat marşrutu ilə yeni qazı nəql edəcək birinci əsas layihədir. Bu gün Avropa İttifaqında aparılan hesablamalara görə, istifadə olunan qazın 66 faizi, neftin isə 90 faizi idxal edilir. Gələcəkdə isə Avropa İttifaqına idxal edilən qazın həcmi 84 faiz, neftin həcmi isə 94 faiz olacaq.
İdxal edilən neft və qazın əsas hissəsi üç ölkədən- Rusiya, Norveç və Əlcəzairdən daxil olur. Lakin Ukraynadakı hazırkı böhran vəziyyəti daha da mürəkkəbləşdirib. Ona görə də şaxələndirmə əvvəlkindən daha çox genişləndirilməlidir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.