Cənub qaz dəhlizi layihəsinin reallaşması strateji baxımdan mühüm önəm daşıyır

Prezident İlham Əliyevin təşəbbüsü ilə Cənub qaz dəhlizi layihəsinin reallaşması strateji baxımdan dünya və region ölkələri üçün böyük əhəmiyyət kəsb edir. Ölkəmizin həyata keçirdiyi enerji layihələri regional əməkdaşlıqla yanaşı, beynəlxalq əməkdaşlığa da geniş imkanlar açır və bütün tərəfdaşların həmin layihələrdən bəhrələnmələrinə müsbət təsir göstərir.

Cənub qaz dəhlizi layihəsinin reallaşdırılmasında regionda bütün iri layihələrin təşəbbüskarı olan Azərbaycanın siyasi iradəsi əsas əhəmiyyətli rol oynamış, yeni marşrut da, ilk növbədə, qaz tədarükləri mənbələrini şaxələndirməyə, yeni alternativ marşrutlar açmağa böyük imkanlar yaratmışdır. Prezident İlham Əliyev layihənin strateji əhəmiyyətini yüksək qiymətləndirərək, eyni zamanda, enerji sahəsindəki əməkdaşlığı daha da dərinləşdirəcəyini əsas tutaraq Cənub qaz dəhlizi layihəsinin reallaşdırılması  üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının yaradılması təşəbbüsünü irəli sürmüşdür. Azərbaycan Respublikası Prezidenti tərəfindən Məşvərət Şurasının işinin təşkili ilə bağlı məsələlərin icrası Azərbaycan Respublikasının Energetika Nazirliyinə tapşırılmışdır.

Məşvərət Şurasının bu ilin fevralın 12-də Bakıda keçirilən iclasında Cənub qaz dəhlizi layihəsinin icrası, idarə olunması, mövcud vəziyyəti ilə bağlı konkret tövsiyələr verilib. İclasda sözügedən layihənin iştirakçısı olan ölkələrin - Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya və Bolqarıstanın enerji nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətləri, Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti, Beynəlxalq Maliyyə Korporasiyasının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “bp-Azərbaycan” şirkəti, Trans Anadolu Boru Kəməri (TANAP), Trans-Adriatik Boru Kəməri (TAP) şirkətlərinin və digər beynəlxalq qurumların rəsmi nümayəndələri iştirak edirdilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə nitq söyləmişdir. Dövlətimizin başçısı Bakıda bu görüşün keçirilməsi təşəbbüsünə verdikləri dəstəyə görə iştirakçı ölkələrin rəhbərlərinə təşəkkürünü bildirmiş, layihənin mühüm əhəmiyyətini vurğulamışdır. Prezident İlham Əliyev, eyni zamanda, görüş zamanı aparılan müzakirələrin, fikir mübadiləsinin layihənin uğurla həyata keçirilməsinə töhfə verəcəyinə əminliyini bildirmişdir.

Dövlətimizin başçısı nitqində ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ilə bağlı müstəqilliyin ilk illərindən başlayaraq ötən müddətdə reallaşdırılan tədbirləri və layihələri ətraflı xarakterizə etmişdir. Dövlətimizin başçısı  2011-ci ildə Avropa Komissiyasının ovaxtkı sədri Joze Manuel Barrozu ilə Cənub qaz dəhlizi haqqında birgə bəyannamə imzaladıqlarını, həmin sənəddə Azərbaycanın “Cənub” qaz dəhlizinə əsas töhfə verən və həyata keçirən ölkə olduğunun əksini tapdığını demişdir. Azərbaycan Prezidenti TANAP və TAP layihələrinin Cənub qaz dəhlizinin həyata keçirilməsi istiqamətində mühüm mərhələ olduğunu vurğulamışdır. “Əsrin müqaviləsi”nin imzalanmasından 20 il sonra - 2014-cü il sentyabrın 20-də Cənub qaz dəhlizinin təməlinin qoyulduğunu diqqətə çatdırmışdır.

Prezident İlham Əliyev ötən illərdə neft-qaz layihələri ilə əlaqədar qazanılan uğurlarda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bp arasında sıx əməkdaşlığın mühüm rol oynadığını qeyd etmişdir. Dövlətimizin başçısı vurğulamışdır ki, bp-nin əməliyyatçısı olduğu “Şahdəniz” yatağı Cənub qaz dəhlizi üçün əsas resurs mənbəyidir. Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatının 2,5 trilyon kubmetrdən çox olduğunu deyən Prezident İlham Əliyev Cənub qaz dəhlizinin reallaşdırılması ilə bağlı hasilatçı, tranzit və istehlakçı ölkələr arasında səyləri əlaqələndirməyin vacibliyini diqqətə çatdıraraq demişdir: “- Enerji resurslarının şaxələndirilməsi hazırda beynəlxalq təşkilatların əsas arenasında müzakirə olunan məsələdir. Azərbaycan şaxələndirmədə öz rolunu oynayır. Şaxələndirmə haqqında danışanda biz yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsini nəzərdə tuturuq. Marşrutların da şaxələndirilməsi vacibdir, lakin mənbə eyni olanda vəziyyət çox dəyişmir. Mənbələrin şaxələndirilməsi vacibdir. Bu halda, Xəzər dənizində çıxan qaz - Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün yeganə yeni qaz mənbəyi olacaq. Əlbəttə ki, bu, tamamilə başqa vəziyyət yaradır”.

Prezident İlham Əliyev layihənin həyata keçirilməsi üçün nəzərdə tutulan bütün məsələlərin müsbət həllini tapacağına və layihənin vaxtında icra olunacağına əminliyini bildirmiş, Cənub qaz dəhlizi Məşvərət Şurasına işinə uğurlar arzulamışdır.

Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini Maroş Şefçoviç Avropa İttifaqında enerji birliyinin qurulması ilə məşğul olduğunu və gündəlikdə duran layihə ilə bağlı müzakirələrin siyasi baxımdan daha yüksək səviyyəyə qaldırıldığını xatırlatmışdır. O, Avropanın enerji təhlükəsizliyi üçün mənbələrin və resursların şaxələndirilməsində maraqlı olduğunu diqqətə çatdırmışdır. Maroş Şefçoviçin fikrincə, aparılan hesablamalara görə, Avropa İttifaqının idxal etdiyi qazın həcminin gələcəkdə 84 faiz, neft idxalının isə 94 faiz təşkil edəcəkdir. O, eyni zamanda, Avropa İttifaqının üzvü olan bütün ölkələrin bundan sonra da enerji təhlükəsizliyi, Avropa enerji sisteminə real inteqrasiya istiqamətində ardıcıl addımların atılacağını bildirmişdir.

Yeri gəlmişkən, Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini Maroş Şevçoviçin maraqlı bir fikrini də diqqətə çatdırmaq istərdik. Onun bildirdiyinə görə, hazırda Cənub qaz dəhlizi Avropa üçün prioritet təşkil edir. Bu layihəyə cəlb edilən hər bir ölkə sözügedən dəhlizin təhlükəsizliyini təmin etməlidir.

Maroş Şefçoviçin sözlərinə görə, Cənub qaz dəhlizi böyük, kompleksli, mürəkkəb layihədir, bütün ölkələr və şirkətlər onun reallaşdırılmasında sıx əməkdaşlıq etməlidirlər. Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini, eyni zamanda, əlavə edib ki, layihə texniki cəhətdən 10 milyard kubmetr qaz tədarük etmək iqtidarındadır, lakin bu göstəricini 20 milyard kubmetrədək artırmaq olar. Çünki “Şahdəniz” yatağının geniş imkanları var.

M.Şefçoviç qeyd etmişdir ki, Türkmənistan da Avropa İttifaqına qaz tədarük etmək istəyir. Lakin Türkmənistandan Azərbaycana qaz nəqli məsələsini həll etmək lazımdır. Bu, həll edilməli olan texniki və hüquqi məsələləri nəzərdə tutur.

Yeri gəlmişkən, burada mühüm bir məqamı da xatırlatmaq istərdik. Cənub qaz dəhlizi layihəsində iştirak edən ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclasında iştirak etmək üçün Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hoxstayn keçirdiyi mətbuat konfransında demişdir ki, bu, Azərbaycan hakimiyyətinin təşəbbüsü ilə ərsəyə gələn layihədir və ABŞ bunu yüksək qiymətləndirir.

Azərbaycana bir neçə ay bundan öncə də səfər etdiyini xatırladan A.Hoxstayn vurğulamışdır ki, Bakıya gəlməkdə məqsədimiz dəhlizin reallaşdırılmasında hansı irəliləyişlərə nail ola biləcəyimizi, hansı tədbirləri həyata keçirə biləcəyimizi müzakirə etmək idi. Bu dəhliz Avropanın enerji təhlükəsizliyi baxımından çox böyük önəm daşıyır. Dünyada baş verən son hadisələr də onu göstərir ki, Avropanın enerji təhlükəsizliyinin saxlanması, qorunması və gücləndirilməsi çox əhəmiyyətli mövzuya çevrilmişdir. Buna görə də biz Azərbaycandayıq və belə bir görüşə qatılmışıq. Düşünürəm ki, bu, bir daha ABŞ-la Azərbaycan arasında olan güclü əlaqələrin əyani təzahürüdür. ABŞ-la Azərbaycan müxtəlif səpkidə əməkdaşlıq edirlər, enerji sahəsində əməkdaşlıq isə onlardan biridir...”.

V. BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında