Dünən paytaxtın Nərimanov rayonunda 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş hesabat yığıncağı keçirildi.
Tədbir iştirakçıları, öncə ümummilli lider Heydər Əliyevin rayon icra hakimiyyətinin inzibati binasının foyesindəki büstü önünə tər gül dəstələri qoyaraq ulu öndərin əziz xatirəsini ehtiramla yad etdilər.
Hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev geniş məruzə ilə çıxış edərək cari ilin yanvar ayının 10-da Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin söylədiyi proqram xarakterli nitqinin bəzi məqamlarına toxundu, dövlət başçısının qarşıya qoyduğu mühüm vəzifələrdən söhbət açdı.
A.Fərzəliyev ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün mühüm tədbirlərin həyata keçirildiyini və bu işlərin hazırda da uğurla davam etdirildiyini diqqtə çatdırdı. Qeyd olundu ki, 2014-cü ilin yekunlarına görə, rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilmiş və bu müddət ərzində xidmətlər də daxil olmaqla 2 milyard 632,4 milyon manatlıq məhsul istehsal olunmuş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 35 faiz artım əldə edilmişdir. İstehlakçılara 2 milyard 626,8 milyon manatlıq və ya bütün sənaye məhsulunun 99,8 faizi qədər sənaye məhsulu göndərilmiş, istehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisi 84,7 faiz təşkil etmişdir. 2014-cü ildə rayonda bütün maliyyə mənbələri hesabına əsas kapitala 600,2 milyon manat investisiya qoyulduğunu diqqətə çatdıran natiq qeyd etdi ki, il ərzində tikinti təşkilatları tərəfindən öz gücləri ilə yerinə yetirilmiş işlərin həcmi 705,5 milyon manat təşkil etmiş, bu sahədə çalışanların sayı 10721 nəfərə çatmışdır. Ötən il əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan pullu xidmətlərin həcmi 321,8 milyon manat təşkil etmişdir. Hesabat ilində rayonun ticarət sahəsi də xeyli inkişaf etmiş, pərakəndə əmtəə dövriyyəsinin həcmi 1 milyard 204 milyon manat olmaqla 25,2 faiz, əhaliyə göstərilən ictimai iaşə xidmətlərinin həcmi isə 123,5 milyon manat olmaqla 47,5 faiz artmışdır. İl ərzində əhaliyə 84,5 milyon manatlıq nəqliyyat və 333,4 milyon manatlıq rabitə xidmətləri göstərilmişdir ki, bu da əvvəlki ilə nisbətən çoxdur. 2014-cü ildə rayonda yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 4206 daimi iş yerləri yaradılmışdır.
Natiq bildirdi ki, Nərimanov rayonunun sosial-iqtisadi inkişafına xüsusi diqqət və qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2014-cü ildə bir neçə dəfə bu rayonda olmuş, ölkəmizin ən iri səhiyyə müəssisəsi olan Bakı Sağlamlıq Mərkəzinin, Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun, yenidən qurulmuş Ziya Bünyadov prospektinin, eləcə də Koroğlu Rəhimov küçəsində yeni salınan istirahət parkının və yeraltı avtomobil dayanacağının açılışlarında iştirak etmiş, Akademik Həsən Əliyev küçəsi ilə Z.Bünyadov prospekti—Bakı Olimpiya Stadionu avtomobil yolunun birinci hissəsində həyata keçirilən tikinti işləri, Birinci Avropa Oyunlarına hazırlıqla bağlı Bakı Olimpiya Stadionunun ətraf ərazilərində, mərkəzi küçə və prospektlərdə görülən abadlıq və quruculuq işləri, yol və nəqliyyat infrastrukturunun yaradılması istiqamətində görülən işlərlə tanış olmuşdur. Bununla yanaşı, rayon ərazisində həyata keçirilən digər yenidənqurma və abadlıq işləri barədə məlumat verən A. Fərzəliyev, həmçinin ötən il kommunal sahədə görülən işlərdən, eləcə də əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində reallaşdırılan tədbirlərdən söhbət açdı.
Məruzə ətrafında çıxış edən digər natiqlər ötən rayonda geniş vüsət alan abadlıq-quruculuq işləri barədə fikirlərini bildirərək sakinlərin problemlərinin həlli istiqamətində görülən işlərdən məmnunluq ifadə etdilər. Onlar dövlətimizin başçısının rəhbərliyi altında ölkə həyatının bütün sahələrində əldə edilmiş nailiyyətləri diqqətə çatdırmaqla yanaşı, Nərimanov rayonunda hesabat ilində görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini bildirdilər.
Hesabat yğığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev və Milli Məclisin deputatı Rasim Musabəyov çıxış edərək 2014-cü ildə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının uğurlu nəticələrindən söhbət açdılar, hesabat ilində Nərimanov rayonunda görülən işləri yüksək qiymətləndirdilər.
Tədbirə yekun vuran A.Fərzəliyev Nərimanov rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərin uğurla davam etdirildiyini diqqətə çatdırdı, cari ildə nəzərdə tutulmuş bütün tədbirlərin vaxtında və yüksək səviyyədə yerinə yetiriləcəyinə əminliyini bildirdi.
Sonda rayonun sosial-iqtisadi və ictimai-mədəni həyatında fərqlənən şəxslərə rayon icra hakimiyyətinin fəxri fərmanları və hədiyyələr təqdim olundu.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.