Şəki: aqrar istiqamətli sənaye zonalarının yaradılması məqsədi ilə uğurlu addımlar atılır

2014-cü ildə Şəkinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda rayonun qazandığı nailiyyətlər barədə çoxsaylı fakt və rəqəmlər eşitdik. Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov hesabat məruzəsində qeyd etdi ki, ötən il rayonda istehsalın əsas sahələrində ilkin hesablamalara görə, 274 milyon 227 min manatlıq məhsul buraxılıb. Pərakəndə əmtəə dövriyyəsi 266 milyon 176 min manat olub ki, bu da 2013-cü ilin müvafiq dövrünə nisbətən 8 faiz çoxdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 64 milyon 5 min manat olub. İl ərzində rayonda 2090 yeni iş yeri açılıb. Ümumiyyətlə, 2003- cü ilin oktyabrından indiyədək rayonda 14287 yeni iş yeri açılıb ki, bunun da 96,6 faizi daimi iş yerləridir.

Ötən il Şəkidə iqtisadi və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına yönəldilmiş investisiyanın həcmi 38 milyon 965 min manat olub. İstifadə edilmiş investisiyanın 84,6 faizi dövlət, 15,4 faizi isə qeyri-dövlət mülkiyyətinin payına düşür. Əsas kapitala yönəldilmiş investisiyanın 28 milyon 780 min manatı və ya 87,3 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.

İcra başçısı xatırlatdı ki, 2014-cü il ölkəmizdə “ Sənaye ili ” elan edilmişdi və Nazirlər Kabinetinin 2014-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan yığıncağında çıxış edən Prezident hər bir rayonda sənaye zonalarının yaradılmasının vacibliyini xüsusi vurğulayıb və bu göstərişin icrasını tələb edib. Həmin məsələ Şəki üçün də xarakterikdir. Çünki rayonda inkişaf etdirilməsi nəzərdə tutulan sahələrdən biri də ipəkçilik sənayesidir. Bu məqsədlə hazırlanmış tədbirlər planının başlıca məqsədlərindən biri ötən əsrin 70-ci illərində respublikada müvəffəqiyyətlə inkişaf edən və 14 min nəfərdən çox adamın hasilə gətirdiyi 1,5-2 min ton yaş barama göstəricilərinə çatmaq, müasir avadanlıq və texnologiyaların köməyi ilə daha çox istehsala nail olmaqdır.

On il ərzində həyata keçirilməsi nəzərdə tutulan ipəkçiliyin inkişafına dəstək proqramı çərçivəsində bu sahənin inkişafına 50 milyon manatdan çox sərmayə qoyuluşu planlaşdırılır. Nəticədə Şəkidə 2 min daimi, 8 min mövsümü iş yeri yaradılacaq. Hesab edirəm ki,layihənin həyata keçirilməsi nəticəsində nəinki, Şəkidə, ümumilikdə respublikamızda ipəkçilik sənayesinin inkişafında yeni mərhələ başlayacaq. Bundan başqa, rayonda aqrar sektorun inkişaf etdirilməsi məqsədilə hind toyuğu əti və hind toyuğu məhsullarının istehsalı istiqamətində də önəmli bir layihənin həyata keçirilməsinə başlanılb. Layihənin həyata keçirilməsi nəticəsində Şəkidə 500-ə qədər daimi iş yerləri açılacaq və rayonun infrastrukturuna və tikinti sahəsinə milyonlarla manat sərmayə qoyulacaqdır.

Ötən il rayonda ən müasir texnologiyalar əsasında yeni yaradılan “Sünbül” çörək zavodunda ilkin məhsul istehsalına başlanılıb. Təməli 2013-cü ilin martında qoyulan bu müəssisədə Çex Respublikası, Almaniya və İtaliyadan gətirilmiş ən müasir çörəkbişirmə avadanlığı quraşdırılıb. Gündəlik layihə gücü 30 ton olan zavodda hələlik gün ərzində istehsal gücü 14 ton olan birinci xətt istismara verilib. İlkin mərhələdə zavodda iki çeşiddə – sosial, yəni zavod çörəyi və lavaş istehsal olunur. Yaxın günlərdə quraşdırılacaq ikinci xəttin gündəlik istehsal gücü isə 16 ton olacaqdır. Yeni xətt istismara verildikdən sonra zavodda çovdar çörəyi və digər çeşiddə çörək məmulatlarının istehsalına da başlanılacaqdır. Bütün bu layihələrdə özəl sektorun üzərinə böyük vəzifələr düşür. Ona görə də ötən il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şəki rayonu üzrə 47 sahibkara 791 min manat güzəştli kredit verilib.

Ötən illərdə olduğu kimi, 2014-cü ildə də məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin daha da genişləndirilməsi diqqət mərkəzində saxlanılıb, taxılçılığın, heyvandarlığın, meyvəçiliyin, üzümçülüyün inkişafı üçün bir sıra tədbirlər həyata keçirilib. Rayonda yenidənqurma , tikinti - quraşdırma işləri davam etdirilib, şəhərin 15 küçəsində abadlıq , 17 küçəsində isə əsaslı təmir işləri aparılıb, Lütfəli Abdullayev küçəsi ilə M.Ə. Rəsulzadə prospektinin kəsişməsində kiçik bağ salınıb və Xalq artisti, görkəmli gülüş ustası Lütfəli Abdullayevin büstü qoyulub. Şin və Baş Şabalıd kənd tam orta məktəbləri üçün dövlət vəsaiti hesabına inşa edilmiş 280 və 120 şagird yerlik yeni məktəb binaları və Şəki şəhər təhsil şöbəsinin yeni inzibati binası istifadəyə verilib.

Hazırda rayonun Göybulaq, Baş Göynük, Qaratorpaq və Qoxmuq kəndlərində yeni məktəb binalarının tikintisi davam etdirilir. Bu məktəblərin də cari tədris ilinin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sifarişi ilə Şəki rayonunun Baş Göynük kəndi ərazisində respublikanın şimal-qərb bölgəsində ilk dəfə alternativ enerji ilə işləyəcək çoxfunksiyalı idman zalı tikilir. Ümumi sahəsi 1645 kvadratmetr olan, üçmərtəbəli binada inzibati və məşq otaqları, habelə çoxfunksiyalı idman zalı yerləşəcək. İdman zalında mini futbol, voleybol, basketbol, həndbol, güləş, atletika və digər yarışların keçirilməsi üçün hər cür şərait yaradılacaqdır. Heydər Əliyev Fondunun dəstəyi ilə Şəkidə əhalinin daha sıx məskunlaşdığı ərazilərdə hər biri 100 yerlik 3 uşaq bağçasının tikintisinə başlanıb.

Təhsil sistemində tədrisin, təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkili daim diqqət mərkəzində saxlanılıb. Ümumtəhsil məktəblərini bitirmiş 1682 məzundan 1130 nəfəri ali məktəbə daxil olmaq üçün sənəd verib, onlardan 682 nəfəri tələbə adını qazanıb. Məzunlardan 135 nəfəri 500-dən, 40 nəfəri isə 600 baldan yuxarı toplayıb. Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2014- cü il tarixli sərəncamına əsasən, Şəki şəhər 7, 8 və 18 saylı məktəblər “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi elan edilib.

Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilib. Turizm infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülüb, müasir tipli istirahət mərkəzləri, yeni otellər istifadəyə verilib.

Azərbaycanda səfərdə olan Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın prezidenti Qustava Araoz Şəkidə olarkən ölkəmizdə tarixi abidələrin qorunmasına və bərpasına göstərilən dövlət qayğısını yüksək qiymətləndirib.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlərə mayın 10-da Gül bayramı ilə yekun vurulub. Prezident İlham Əliyevin tapşırığına əsasən 2014-cü il avqustun 1-dən sentyabrın 6-dək respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə tur -aksiya keçirilib . Ekskursiya turları

3 istiqamətdə - Gəncə-Göygöl-Şəmkir, İsmayıllı-Qəbələ-Şəki və Quba-Qusar-Xaçmaz marşrutları üzrə reallaşdırılıb. Bir il ərzində Şəkidə 4 beynəlxalq festival keçirilib , bu festivallara 20 -yə yaxın xarici ölkədən 200 nəfərdən çox iştirakçı qatılıb.

Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 20-də Şəki şəhərində ilk dəfə Beynəlxalq ənənəvi şirniyyat festivalı keçirilmişdi. Festivalda Türkiyə, Rusiya, Monqolustan, Gürcüstan, Qırğızıstan, Koreya Respublikası, həmçinin Azərbaycanın 23 şəhər və rayonlarından gəlmiş qənnadıçıların əvvəlcədən hazırladıqları şirniyyat məhsulları nümayiş etdirilib və həmin məhsulların sərgisi təşkil olunub.

Bütün bunlar barədə ətraflı danışan icra hakimiyyətinin başçısı Elxan Usubov əmin olduğunu bildirdi ki, Şəki ictimaiyyəti 2015-ci ildə də dövlətin və dövlət başçısının qarşıya qoyduğu vəzifələrin öhdəsindən layiqincə gələcək. Yığıncağın işində Milli Məclisin deputatları Cavanşir Feyziyev, Əli Məsimli və Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev iştirak və çıxış etdilər.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında