Azərbaycan: sabitlik adası, inkişaf məkanı

Ölkədə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni bir modeli — Azərbaycan modeli formalaşmışdır

Son dövrlər dünya iqtisadiyyatında arzuolunmaz proseslər baş verir: bunun səbəbləri müxtəlifdir və təkcə iqtisadi amillərlə izah oluna bilməz. Bu, bir reallıq və dünyanı təhdid edən ciddi təhlükədir. Müasir qloballaşma dövründə böhranın domino effekti ilə hamıya təsir edə biləcəyi ehtimalı heç də az deyil. Ona görə də böhran yaxalamamış profilaktik, preventiv tədbirlər görülməlidir.

Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa çatdıraraq, yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Respublikamız bu prosesdə hansısa dövlətin təcrübəsini heç də olduğu kimi tətbiq etməmiş, milli xüsusiyyətləri, siyasi və iqtisadi özəllikləri, sosial-demoqrafik amilləri nəzərə almışdır. Ölkəmizin davamlı inkişafı və tərəqqisi yolunda əldə olunan nailiyyətlər xalqın və dövlətin təminatlı gələcəyinə etibarlı zəmin yaratmışdır. Bu il yanvarın 22-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Regionların transformasiyası: Avrasiya” mövzusunda sessiyadakı çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir:   “Transformasiyadan danışarkən, hansı ki, Azərbaycan bu barədə çox narahatdır, bir az keçmişə, 1991-ci ilə — müstəqilliyimizin ilk illərinə qayıtmalıyıq. Biz o zaman müstəqil dövlət qurmaq öhdəliyi götürmüşdük. Eyni zamanda, bazar iqtisadiyyatı prinsipləri əsasında modern iqtisadiyyat qurmalı idik. Transformasiya bizim üçün siyasi sistemin transformasiyası idi, çünki müstəqillikdən əvvəl bizdə belə bir imkan yox idi. Həmçinin, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid olmalı idi. Mən belə hesab edirəm ki, 23 illik müstəqillik dövrü açıq qapı siyasətini yürüdən, sərmayələri cəlb edən və bugünkü əsas çağırışları aradan qaldıran ölkənin əldə etdiyi nailiyyətləri baxımından çox maraqlı dövr hesab edilə bilər”.

Uğurla həyata keçirilən dövlət siyasətinin nəticəsi olaraq, Azərbaycan qısa zaman ərzində demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkana, beynəlxalq birliyin layiqli üzvünə, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkəyə çevrilib. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasətin Prezident İlham Əliyev tərəfindən böyük əzm və məharətlə davam etdirilməsi ölkəmizdə bir neçə onilliyə bərabər yüksəlişi təmin etmişdir.

Azərbaycanın bugünkü müasir, modern və demokratik yüksəlişinin əsasları vaxtilə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə müəyyən edilmiş, konturları cızılmışdır. Ulu öndərin əsasını qoyduğu bu siyasətin layiqincə reallaşması, Prezident İlham Əliyevin əzmkarlığı, qətiyyəti, xarizması, yüksək siyasi və liderlik kefiyyətləri ilə həyata vəsiqə alması, ölkəmizdə qlobal siyasi və iqtisadi çağırışlara düzgün adekvat münasibətin ortaya qoyulması dünya nizamında yeni Azərbaycanı reallığa çevirmişdir. Regionda və dünyada baş verən hadisələri düzgün qiymətləndirən, geosiyasi dəyişikliklərin gedişini xalqın maraqları çərçivəsinə yönəldən, bu məqsədlə praqmatik, rasional qərarlar qəbul etməyi bacaran, proseslərin inkişaf axarını qabaqlayan Prezident İlham Əliyev ölkəmizin dinamik inkişafına nail olmaqla yanaşı, dünya birliyində mövqelərini də xeyli dərəcədə gücləndirməyə nail olmuşdur. Bunun nəticəsidir ki, indi beynəlxalq birlik Azərbaycanın çox mühüm və ciddi regional gücə çevrildiyini həm dərk, həm də etiraf edir. Yerləşdiyi bölgənin lideri olan Azərbaycanın iradəsindən kənar Cənubi Qafqaz regionunda hansısa transmilli layihənin reallaşmasından söhbət belə gedə bilməz. Məhz Azərbaycanın təşəbbüsü, iştirakı və söz sahibliyi ilə həyata keçirilən layihələr bölgənin iqtisadi mənzərəsində son illərdə çox mühüm dəyişikliklərə, yüksəlişə yol açmışdır.

Arxada qoyduğumuz 2014-cü ilin hər bir sahə üzrə yekunları da Azərbaycanın möhtəşəm uğurlarından, o cümlədən sosial-iqtisadi nailiyyətlərini davam etdirməsindən, dünyada artan nüfuzundan, regional iqtisadi məsələlərin həllində əvəzolunmaz iştirakından xəbər verir. Bu dövrün də ən səciyyəvi cəhətlərindən biri müxtəlif sahələrin inkişafı üçün konkret hədəf və məqsədlərin, onlara nail olunma yollarının dəqiq müəyyən edilməsi olmuşdur. Xüsusən, ötən ilin iqtisadi yekunları Azərbaycanın getdikcə daha qüdrətli bir ölkəyə çevrildiyini göstərir. Bunu şərtləndirən əsas amil ölkə iqtisadiyyatında artımın olmasıdır. Elə bu məqam da Azərbaycanda iqtisadi inkişafın hər hansı bir sahə üzrə deyil, kompleks xarakter daşıdığını yenidən bariz şəkildə təsdiq edir. Ən mühüm cəhət isə ondan ibarətdir ki, ötən ilin yekunları ölkə rəhbərliyinin qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirdiyi siyasətin özünü tam doğrultduğunu konkret faktlar əsasında meydana çıxarır. Çünki hesabat dövrü ərzində qeyri-neft sahəsinin inkişaf səviyyəsi əhəmiyyətli dərəcədə yenə yüksəlmişdir. Bütün bunlar Azərbaycanın seçdiyi inkişaf yolunun tam düzgün olduğunu, zamanın tələblərinə cavab verdiyini, ölkənin qazandığı uğurların miqyasının daha da genişlənməsinə xidmət etdiyini, iqtisadi islahatların düzgün aparıldığını göstərir. Bütün bu məsələlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ətraflı müzakirə edilmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qarşıya qoyulan bütün vəzifələr uğurla icra edilmişdir: “Keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edilmişdir. 2014-cü il də ölkəmiz üçün uğurlu il kimi tarixdə qalacaqdır. Düz bir il bundan əvvəl biz keçən ildə görüləcək işlərlə bağlı geniş fikir mübadiləsi aparmışdıq, qarşıya mühüm vəzifələr qoyulmuşdu və il ərzində çox gərgin iş aparılmışdır. Keçən il dünyada və bölgədə müxtəlif proseslər gedirdi. Gərginlik, demək olar ki, böyük dərəcədə artmışdır. Ancaq Azərbaycan öz sürətli inkişaf tempini saxlaya bilmişdir. Ölkəmizin təhlükəsizliyi təmin edilmişdir, iqtisadi və sosial proqramlar icra olunmuşdur. Azərbaycan xalqı 2014-cü ildə də təhlükəsizlik şəraitində yaşamışdır”.

Hələ 2008-ci ildən başlanan beynəlxalq maliyyə-iqtisadi böhranı nəticəsində bəzi ölkələrdə minlərlə insan iş yerini itirməli oldu, bəzi ölkələrdə makroiqtisadi göstəricilər sürətlə aşağı düşdü, bəzi dövlətlər isə özünün valyuta ehtiyatları ilə vidalaşmalı oldu. Böhran Azərbaycana da təsirsiz ötüşmədi. Lakin səmərəli antiböhran tədbirlərinin nəticəsində onun mənfi təsirlərini minimuma endirmək mümkün oldu. Prezident İlham Əliyevin tapşırığı və göstərişləri ilə həyata keçirilmiş qabaqlayıcı tədbirlər və əvvəlki illərdə yaradılmış möhkəm maliyyə-iqtisadi potensial nəticəsində ölkəmizdə böhranın mənfi təsirləri dərindən hiss olunmadı və Azərbaycan qlobal böhrandan minimum itki ilə çıxdı. Beləliklə, dünyanın ən inkişaf etmiş ölkələri ciddi iqtisadi sarsıntılara məruz qaldıqları halda, Azərbaycanda sosial-iqtisadi inkişafın davamlılığı təmin edildi, onun mənfi xarici təsirlərə müqavimət qabiliyyəti sınaqdan uğurla çıxdı. Ən əsası isə odur ki, aparıcı ölkələr 2008-ci ildən bəri böhranla üzləşdikləri problemlərini həll etdiyi bir vaxtda, Azərbaycan hər il dayanıqlı inkişafa yönəlmiş strateji vəzifələri tam olaraq həyata keçirir və bunun nəticəsi olaraq, makroiqtisadi dayanıqlıq göstəricilərinə görə dünyada öncül yerlərdə qərarlaşmışdır.

2014-cü ildə bütün dünyada iqtisadi proseslərin dəyişkən qlobal konyunktur şəraitində davam edəcəyi gözlənilirdi. Düzdür, ötən il qlobal miqyasda dünya iqtisadiyyatında artım baş vermiş, lakin bu, müxtəlif regionlar üzrə qeyri-bərabər getmişdir. Bəzi ölkələrdə, xüsusilə avrozonada borc probleminin hələ də qalması, makroiqtisadi siyasətin stimullaşdırıcı imkanlarının tükənməsi iqtisadi artımı məhdudlaşdırmışdır. İnkişaf etməkdə olan ölkələrdə də iqtisadi artım perspektivləri zəifləmişdir. Yaranmış yeni meyilləri nəzərə alaraq, Beynəlxalq Valyuta Fondu da bəzi ölkələr üzrə iqtisadi artım proqnozlarını aşağı salmışdır.

Bəli, ötən il dünyada müxtəlif proseslər getmişdir. Təbii ki, bunlardan biri də illər öncə dünyada baş qaldıran iqtisadi və maliyyə böhranı hələ tam səngiməmiş xam neftin qiymətinin aşağı düşməsinin yaratdığı beynəlxalq gərginlikdir. Son aylarda dünyada neftin qiymətində baş verən dəyişikliklər bəzi ölkələrdə yeni iqtisadi böhranın baş qaldırmasına, maliyyə çatışmazlığına, milli valyutanın dəyərdən düşməsinə, qiymətlərin artımına səbəb olmuşdur. Təbii ki, bu kimi iqtisadi sarsıntılar qonşuluğumuzda olan bir sıra ölkələrdə yaşansa da, Azərbaycan bu risklərdən uzaqdır. Vaxtında qabaqlayıcı tədbirlərin görülməsi, düzgün iqtisadi siyasətin yeridilməsi Azərbaycanın iqtisadi böhrandan uğurla çıxmasını şərtləndirən əsas səbəblərdir. Ötən illərdə Azərbaycanda iqtisadi inkişafın kifayət qədər maliyyələşdirilməsi, neft gəlirlərini başlıca sosial-iqtisadi problemlərin həllinə yönəltməklə yanaşı, ölkənin çox yüksək yığım səviyyəsi, yaradılan strateji valyuta ehtiyatları neftin qiymətindəki dəyişikliklərdən asılı olmayaraq inkişaf tempini saxlamağa imkan vermişdir. Nazirlər Kabinetinin iclasında bu məsələyə toxunan Prezident İlham Əliyev demişdir: “Dünyada neftin qiyməti kəskin şəkildə — 2 dəfədən çox aşağı düşmüşdür. Əlbəttə ki, bu, bizim gəlirlərimizə mənfi təsir edəcək. Ancaq buna baxmayaraq, iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində görülən və bundan sonra görüləcək işlər, institusional islahatlar və daha da səmərəli idarəetmə üsullarının tətbiq edilməsi nəticəsində əminəm ki, Azərbaycan bu vəziyyətdən də şərəflə çıxacaq, manatın məzənnəsi sabit olaraq qalacaq, iqtisadi inkişaf təmin ediləcəkdir”.

Konkret araşdırmalar göstərir ki, Azərbaycan dövləti dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə bağlı yaranacaq itkilərini örtmək üçün kifayət qədər valyuta ehtiyatlarına və inkişaf imkanlarına malikdir. Ən əsası isə odur ki, neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar dövlətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər Azərbaycanda öz bəhrəsini verir. Belə ki, beynəlxalq gərginlik fonunda Azərbaycanda inflyasiyanın səviyyəsinin 1,4 faiz təşkil etməsi, manatın məzənnəsinin sabit qalması insanların rifah halının yaxşılaşmasına xidmət göstərir, alıcılıq qabiliyyəti artır.

Məlum olduğu kimi, ötən il bir sıra ölkələrdə müəyyən xarici və daxili amillərin təsiri altında milli valyutaların böhranı baş vermişdir. Nəticədə bir sıra milli valyutalar məcburi olaraq ciddi devalvasiyaya uğramışdır. Rus rublu 80 faiz, qazax təngəsi 19 faiz, türkmən manatı 22 faiz, Belarus rublu 17 faiz, Ukrayna qrivnası 90 faiz, türk lirəsi 8 faiz ucuzlaşmışdır. Təbii ki, milli valyutanın məzənnəsinin sabitliyi hər bir ölkədə makroiqtisadi və maliyyə sabitliyinin, xüsusilə də sosial sabitliyin vacib amilidir. Sabit məzənnə əhalinin gəlirlərinin, yığımlarının dəyərdən düşməsinin qarşısını alır, korporativ və maliyyə sektorunda sabitliyin təmin olunmasının çox mühüm amilidir. Bu mənada, 2014-cü ildə qonşu ölkələrdə gedən mürəkkəb proseslərlə bağlı yaranmış psixoloji təzyiqlərə baxmayaraq, vaxtında görülmüş tədbirlər nəticəsində manatın məzənnəsinin sabit saxlanılması ölkəmizdə aparılan uğurlu iqtisadi siyasətin göstəricisidir.

Statistik məlumatlara görə, 2014-cü il üzrə dövlət büdcəsinin mədaxili 18400,5 milyon manat, xərcləri 18699,3 milyon manat olmuşdur. Başqa sözlə, dövlət büdcəsinin mədaxili 18384 milyon manat proqnoza qarşı 18400,5 milyon manat və ya 0,1 faiz çox olmuşdur. Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 7113,6 milyon manat vəsaitin daxil olması təmin edilib ki, bu da ötən illə müqayisədə 449,6 milyon manat və yaxud 6,7 faiz çoxdur. Həmin vəsaitin 60,5 faizi və yaxud 4306,6 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2013-cü ilə nisbətən 539,7 milyon manat və yaxud 14,3 faiz çoxdur.

2014-cü ildə dövlət büdcəsinin xərcləri 93,2 faiz və yaxud 18699,3 milyon manat icra edilmişdir. Dövlət büdcəsi xərclərinin 24 faizi və yaxud 4485,8 milyon manatı sosial təyinatlı tədbirlərin maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da 2013-cü illə müqayisədə 403,9 milyon manat və yaxud 9,9 faiz çoxdur.

Funksional təsnifata uyğun olaraq, 2014-cü ildə 2013-cü illə müqayisədə sosial müdafiə və sosial təminat xərclərinə 12,6 faiz (220,8 milyon manat), iqtisadi fəaliyyətlə bağlı xərclərə 10,9 faiz (30,1 milyon manat), təhsil xərclərinə 8,2 faiz (117,6 milyon manat), səhiyyə xərclərinə 7,5 faiz (46,4 milyon manat), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərclərinə 6,9 faiz (19,1 milyon manat), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərclərinə 5,2 faiz (54,3 milyon manat), mənzil və kommunal təsərrüfatı xərclərinə 4,7 faiz (18,8 milyon manat), kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 3,5 faiz (17 milyon manat), müdafiə xərclərinə 2,1 faiz (31,1 milyon manat) çox vəsait yönəldilmişdir.

Ötən il dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 6259 milyon manat vəsait yönəldilmiş,  bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 33,5 faiz olmuşdur.

2014-cü ilin sosial-iqtisadi yekunlarına dair  Dövlət Statistika Komitəsinin  açıqladığı hesabatda bildirilir ki, iqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan ümumi daxili məhsul istehsalı 2014-cü il ərzində ötən illə müqayisədə 2,8 faiz artaraq, 59 milyard manata çatmışdır. Əlavə dəyərin 41,5 faizi sənaye sahələrində, 12,5 faizi tikinti kompleksində, 5,3 faizi kənd təsərrüfatında, 4,5 faizi nəqliyyatda, 9,9 faizi ticarət və pullu ticarət sahələrində, 1,8 faizi rabitədə, 17 faizi digər sahələrdə istehsal olunmuşdur. Bu dövr əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi 6264,1 manat (7985,9 ABŞ dolları) olmuşdur. ÜDM-də qeyri-neft sektorunun artım səviyyəsi isə 7 faiz təşkil etmişdir.

Keçən il Azərbaycanda 31,9 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Bu məhsulun 69,6 faizi mədənçıxarma, 24 faizi emal, 5,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrinin payına düşür. Ötən il sənayenin neft sektorunda məhsul istehsalı 2,4 faiz azalsa da, qeyri-neft sektorunda 6,9 faiz artım qeydə alınmışdır. Yeri gəlmişkən qeyd edək ki, hesabat dövründə ölkə üzrə 41,9 milyon ton xam neft, 18,7 milyard kubmetr əmtəəlik qaz hasil olunmuşdur.

Emal bölməsinə gəldikdə isə  vurğulamaq lazımdır ki, burada əksər sahələr üzrə artım müşahidə edilmişdir. Məsələn, il ərzində qida məhsulları istehsalı 1,4, içki istehsalı 8,1, geyim istehsalı 59,9, toxuculuq sənayesi məhsulları istehsalı 1,9, kimya sənayesi məhsulları istehsalı 32, tikinti materialları istehsalı 22,2, hazır metal məmulatları istehsalı 6,2, metallurgiya sənayesi məhsulları istehsalı 11, elektrik avadanlıqları istehsalı 12,1, avtomobil və qoşqu istehsalı 58,2, zərgərlik, musiqi, idman və tibb avadanlıqları istehsalı 80,9 faiz artmışdır. Dövlət Statistika Komitəsinin  hesabatında o da bildirilir ki, 2014-cü ildə ölkənin elektrik stansiyalarında 2013-cü ildəkindən 6,3 faiz çox — 21,9 milyard kilovatsaat elektrik enerjisi istehsal olunmuşdur.

2014-cü ildə iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17,6 milyard manat vəsait yönəldilmiş, 13,3 milyard manatlıq tikinti-quraşdırma işləri görülmüşdür. 2013-cü illə müqayisədə tikinti-quraşdırma işlərinin aparılmasına sərf edilmiş vəsait 11,8 faiz artmışdır. Bu dövr məhsul istehsalı obyektlərinin inşasına investisiyanın 63,9 faizi yönəldilmişdir. Onu da qeyd edək ki, əsas kapitala yönəldilən vəsaitin 72,3 faizini daxili investisiyalar təşkil etmişdir və onların hesabına il ərzində ölkənin bütün regionlarında çoxsaylı mühüm obyektlər istifadəyə verilmişdir. Bu sırada ümumi sahəsi 1978,3 min kvadratmetr olan yaşayış evləri, 29230 şagirdlik ümumtəhsil məktəbləri, növbədə 251 nəfərin qəbulu üçün nəzərdə tutulmuş ambulator-poliklinika müəssisəsi, 280 çarpayılıq xəstəxana, 1332 yerlik məktəbəqədər təhsil müəssisəsi, 294 yerlik klub, Bakı şəhərində “Norm” sement zavodu, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yeni gəmi inşası zavodu, Milli Konservatoriyanın yeni inzibati kompleksi, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalı, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları, Respublika İdman, Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binası, Suraxanı Günəş Elektrik Stansiyası, Sağlamlıq Mərkəzi, Milli Gimnastika Kompleksi, müxtəlif səviyyəli yol qovşaqları, Naxçıvan MR-də “Arpaçay-2” Su-Elektrik Stansiyası, su anbarı və sutəmizləyici qurğular kompleksi, Gənclər Mərkəzi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalı kombinatı, yağ fabriki, mis emalı zavodu, Gəncədə metaltökmə və fasiləsiz yayma zavodu, təzyiqlə emal və boyama zavodu, Şirvan şəhərində Kür çayı üzərində körpü, Ağdaş rayonunda yem və meyvə emalı zavodları, “Ağdaş” elektrik yarımstansiyası, Beyləqanda şahmat məktəbi və şəhər stadionu, Füzuli rayonunda tikiş fabriki, Göygöl rayonunda Olimpiya İdman Kompleksi və Gənclər Mərkəzi, Qəbələdə “Tufan” dağ-xizək yay-qış kompleksinin birinci mərhələsi, “Qafqaz Yengicə Termal Hotel və SPA” hotel-kompleksi, Şamaxıda “Şamaxı Palace Platinum By Rixos” hoteli, Şəmkirdə çörək zavodu, Şəmkirçay üzərində su anbarı, SES...kimi obyektləri misal gətirmək olar.

Bu qədər obyektin istifadəyə verilməsi, sözsüz ki, həm də əhalinin yeni iş yerləri ilə təmin edilməsi deməkdir. Yeni iş yerləri isə əhalinin qazanc mənbəyidir. Söz düşmüşkən qeyd edək ki, ötən il 2013-cü illə müqayisədə əhalinin gəlirləri 4,8 faiz artaraq 39,4 milyard manata, orta hesabla onun hər nəfərinə düşən məbləği 3,5 faiz çoxalaraq 4180,5 manata çatmışdır. Son məlumata görə, sənayedə orta aylıq əməkhaqqı 709,5, tikinti kompleksində 626,7, nəqliyyatda 538, informasiya və rabitə sahəsində 733,5 manatdır.

2014-cü ildə ölkə üzrə 501 kilometr avtomobil yolu yenidən qurulmuş və əsaslı təmir olunmuşdur. Bunun 242 kilometri respublika əhəmiyyətli, 259 kilometri isə yerli əhəmiyyətli yollardır.

Regionlarda, ümumilikdə 452,5 kilometr avtomobil yolları əsaslı təmir olunmuşdur. Avtomobil yolları üzərində 32 körpü, 1 piyada keçidi tikilmiş, 3 körpü isə təmir edilmişdir. Ötən il Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi, Qəbələ-Ağdaş, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar avtomobil yollarının əsaslı bərpa işləri, həmçinin Cəlilabad-Yardımlı, İsmayıllı-Lahıc, Qusar-Ənik-Ləzə, Xocasən-Lökbatan, Şəki-Qax və digər yerli əhəmiyyətli avtomobil yollarında yenidənqurma və əsaslı təmir işləri də aparılmışdır.

Beynəlxalq kreditlər hesabına Yenikənd-Salyan, Salyan-Şorsulu avtomobil yollarının və Kür çayı üzərində körpü keçidinin tikintisi, Muğanlı-Yevlax avtomobil yolunun yenidən qurulması, Hacıqabul-Kürdəmir, Kürdəmir-Yevlax, Yevlax-Gəncə və Bakı-Şamaxı avtomobil yollarının 4 zolağa genişləndirilməsi işləri davam etdirilmişdir.

Bakı şəhərində 55 kilometr yol inşa olunmuş və yenidən qurulmuşdur. Heydər Əliyev prospektində “Şəfa” stadionunun qarşısında yol qovşağında, “Koroğlu” qovşağı ilə keçmiş “Qələbə dairəsi”ni birbaşa birləşdirən, uzunluğu 9 kilometr olan Ziya Bünyadov prospektində 5 yol qovşağı da daxil olmaqla tikinti, yenidənqurma və əsaslı təmir işləri başa çatdırılaraq istismara verilmişdir. Eyni zamanda, uzunluğu 22 kilometr olan Qala-Pirallahı avtomobil yolunun 15 kilometrlik hissəsində tikinti işləri tamamlanmışdır.

Bilgəh-Pirşağı-Novxanı-Sumqayıt yeni avtomobil yolunun tikintisi, Heydər Əliyev prospektində isə 3 piyada keçidinin inşası davam etdirilmişdir. Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel Həsən Əliyev küçəsinin sonundan Olimpiya stadionuna qədər yeni avtomobil yolunda tikinti işləri aparılmışdır.

Ümumilikdə,  ötən il respublikanın nəqliyyat-yol kompleksinə yönəldilmiş investisiyaların həcmi 2,1 milyard manat təşkil etmişdir.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans bütün regionların davamlı inkişaf etdiyini və qarşıya qoyulan vəzifələrin uğurla gerçəkləşdiyini sübuta yetirmişdir. İnfrastrukturun yeniləşdirilməsi insanların firavan və rahat yaşayışı, sahibkarlığın dinamik inkişafı məsələləri ilə yanaşı, bu gün həm də ölkənin milli təhlükəsizliyi ilə bağlı məsələdir. Həyata keçirilən şaxələndirmə tədbirləri, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun dinamik inkişafı davam etmişdir. İl ərzində regionlarda 155 məktəb, 30 səhiyyə, 11 gənclər və idman, 43 mədəniyyət müəssisələri və digər sosial obyektlər tikilmiş və ya əsaslı təmir olunmuşdur. Məcburi köçkünlər üçün 7 yeni yaşayış kompleksi istifadəyə verilmiş, 4450 ailənin və ya 22 min məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılmış, əlil və şəhid ailələri üçün 5 yaşayış binası tikilmişdir.

Bazar iqtisadiyyatı prinsipləri bir sıra liberal xüsusiyyətləri ilə yanaşı, əhalinin sosial müdafiəsi institutunun yaradılması kimi sosial yönümlü tədbirləri də özündə ehtiva edir. Bu mənada, bazar iqtisadiyyatı və əhalinin sosial müdafiəsi bir-biri ilə üzvi şəkildə bağlıdır. Sosial müdafiə sistemi, ilk növbədə, hər bir insanın konstitusion hüquqlarının müdafiəsini nəzərdə tutur. Onun vasitəsilə həm də əhalinin əmlak sahəsində mövcud olan bərabərsizliyinin müəyyən dərəcədə aradan qaldırılmasını, vətəndaşların bütün təbəqələri üçün eyni başlanğıc şərtlərini təmin edən sosial ədalət prinsipləri reallaşır. Üçüncü dövlət proqramının qəbul edilməsindən ötən bir ildə görülən müsbət işlər bölgələrin davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün kompleks tədbirlər müəyyənləşdirməklə yanaşı, iş adamlarının fəaliyyətinə də yaxşı imkanlar açmışdır. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 5560 sahibkara 50 faizi qaytarılmış vəsait hesabına olmaqla, 295 milyon manat güzəştli kredit verilmiş və 12500-dən çox yeni iş yerinin açılması imkanı yaradılmışdır. 78 faizi regionlara yönəldilmiş bu güzəştli kreditlər hesabına 2014-cü ildə 39 iri istehsal, emal və infrastruktur müəssisəsi istifadəyə verilmişdir. Bu il isə daha

81 müəssisənin istifadəyə veriləcəyi gözlənilir.

Ayaz ORUCOV,
Milli Məclisin deputatı,
iqtisad üzrə elmlər doktoru

(ardı var)

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında