2014-cü ildə “Azərbaycanın əfsanələr paytaxtı” seçilmiş Qəbələ böyük xariqələr ünvanına çevrilib

Ötən ilin sosial-iqtisadi inkişafının yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağının iştirakçıları əvvəlcə ümummilli liderin şəhər mərkəzindəki abidəsi önünə gül dəstələri qoydular. Sonra Heydər Əliyev Konqres Mərkəzinin foyesində rayonun sosial-iqtisadi inkişafını əks etdirən stendlər və istehsal  olunan yerli məhsulların sərgisi nümayiş etdirildi.

Konqres Mərkəzində keçirilən iclasda Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, millət vəkili  Fəttah Heydərov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev, rayonun idarə, təşkilat, müəssisə rəhbərləri, icra nümayəndələri və yerli özünüidarəetmə orqanlarının sədrləri iştirak edirdilər.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin hesabat  məruzəsində qeyd edildi ki, ötən il rayonun  ictimai həyatında baş verən əsas əlamətdar hadisə  Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 2014-cü il yanvarın 3-də və sentyabrın 22-də Qəbələyə səfərləri olub. Səfərlər zamanı dövlət başçısı sosial və iqtisadi xarakterli bir sıra mühüm obyektlərin açılışında iştirak edib, inşaat işləri aparılan tikintilərdə işlərin gedişi ilə maraqlanıb. Görülmüş işlər barədə fikirlərini bildirən ölkə başçısı  rayon ictimaiyyəti qarşısında  yeni vəzifələr qoyub.

Qeyd edildi ki, ötən müddət ərzində rayonda iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 239 milyon 304 min manatlıq məhsul istehsal edilib. Xidmət təşkilatları  qarşıya qoyulmuş vəzifələrin öhdəsindən lazımınca gəliblər. Əhalinin elektrik enerjisi, təbii qaz, poçt, rabitə və digər kommunal xidmətləri ilə təminatının daha da yaxşılaşdırılması məqsədilə bu sahələr daim diqqət mərkəzində saxlanılıb.

 Azərbaycan hökuməti və Dünya Bankının maliyyə dəstəyi  əsasında Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində 1-ci mərhələ üzrə işlər tamamlanıb, 2-ci mərhələ üzrə isə tikinti işləri davam etdirilib.  “Qaraçay”, “Duruca” su mənbələrində yerləşən  anbarlar lil və qumdan təmizlənib, cari təmir işləri görülüb. Şəhərin küçələrində aparılan abadlıq işləri ilə əlaqədar mövcud su təchizatı  və  kanalizasiya xətlərində müxtəlif diametrli  borular dəyişdirilib, təmir-bərpa işləri aparılıb. Hərbi şəhərcikdə, qaçqın şəhərçiyində, Aydınqışlaq kəndində və beşmərtəbəli yaşayış binalarının qarşısındakı artezian quyularında nasoslar dəyişdirilib, Elçin Kərimov küçəsində bir ədəd subartezian quyusu qazılıb...

Rayonun yaşayış məntəqələrinin sel sularından qorunması, daşqın və selə qarşı mübarizə məqsədilə 1115 min kubmetr çay məcrası daş və qumdan təmizlənib, 320 kubmetr qabion bəndi vurulub, 6326  kubmetr daş-beton bənd və kənd təsərrüfatının suvarma kanalları cari təmir edilib. İstifadəçilərdən 15,8 min manat su haqqı yığılaraq tapşırığa 100 faiz əməl edilib.

Qeyd olundu ki, 2014-cü ildə Mirzəbəyli-Çuxur Qəbələ-Dizaxlı-Çarxana avtomobil yolunda əsaslı təmir, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının “N” saylı alayında, qida şəhərciyində, kartof soyuducu anbarında, Çuxur Qəbələ kəndindəki Arxeoloji Araşdırmaların Tədqiqatı Mərkəzinin inzibati binasında, Qafqaz-Yengicə Termal Otel və SPA obyektində, 80 şagird yerlik Yengicə kənd orta məktəbinin, 220 şagird yerlik Zirik kənd orta məktəbinin və Qəbələ şəhərindəki 5 nömrəli tam orta məktəbin binalarında tikinti işləri başa çatdırılıb.

Hazırda Qəbələ Futbol Akademiyası və stadionlar kompleksində, Dəmiraparan çayı üzərindəki 10 aşırımlı, 324 metrlik beton körpüdə, “Aquapark” istirahət mərkəzində, “Tufandağ” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinə daxil olan xizəkçilik mərkəzi və “Tufangöl” otelində, “Qrand siti” otelində, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin, rayon məhkəməsinin və prokurorluğun inzibati binalarında, Savalan kəndindəki “Raftinq” Mərkəzində, Laza sərhəd zastavasında, Nohur gölü ərazisindəki otellər kompleksində, Gömrük Akademiyasının, YAP Qəbələ rayon təşkilatının, “ASAN xidmət”in rayon filialının, kənd təsərrüfatı idarəsinin inzibati binalarında, atıcılıq və atçılıq idman mərkəzlərində tikinti-quraşdırma işləri davam etdirilir.

Bundan başqa, ilboyu  Qəbələ şəhərində abadlıq işləri davam etdirilib,  Həzi Aslanov və Sahil küçələrində yenidənqurma işləri başa çatdırılıb. Hazırda Seyid Əzim Şirvani və İsmət Qayıbov küçələrində tikinti-abadlıq işləri həyata keçirilir. Eləcə də, Zarağan kəndindəki hərbi şəhərciyin 11 binasının və şəhərin beşmərtəbəli yaşayış binalarının istilik, su-kanalizasiya sistemi, dam örtüyü və fasadı əsaslı təmir edilib.

 Rayon rəhbərinin hesabat məruzəsində  qeyd edildi  ki,   2015-ci ildə Qəbələ peşə məktəbinin yeni binasının, rayon mərkəzi xəstəxanasının, Azərbaycan Dillər Universitetinin Qəbələ filialının, Yengicə su anbarının, Turizm Akademiyasının, Qəbələ şəhərində hər biri 100 yerlik 2 uşaq bağçasının, 1 nömrəli uşaq bağçasının yeni binasının və Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun tikintisinə başlanılması nəzərdə tutulur.

Rayonda təhsil sistemi daim diqqət mərkəzində saxlanılır. Təhsil müəssisələri 2013-2014-cü dərs ilini də yüksək nəticələrlə başa vurub. On birinci sinfi bitirən 1381  şagirddən 810 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd verib, onlardan 534 nəfəri ali məktəbə qəbul edilib. Bu da əvvəlki illə müqayisədə 38 nəfər çoxdur. Ali məktəbə qəbul olunanların 131 nəfəri 500-dən yuxarı, 27 nəfəri isə 600-dən yuxarı bal toplayıb.

Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilib. Şəhər 5 saylı tam orta, Zirik və Yengicə kənd ümumi orta məktəblərinin tikintisi başa çatdırılıb. Böyük Pirəli kənd tam orta məktəbi əsaslı təmir olunub. Təhsil sisteminin informasiyalaşdırılması sahəsindəki işlər 2014-cü il  ərzində də davam etdirilib, məktəblərdə kompüterlərin sayı 570-ə çatdırılıb. Bununla da, hər

20 şagirdə bir kompüter düşməsi haqqında Dövlət Proqramı Qəbələ məktəblərində artıq həyata keçirilib.  17 məktəb internet şəbəkəsinə qoşulub, 5 tam orta məktəbin, o cümlədən təhsil şöbəsinin xüsusi saytı açılıb.

Ulu öndərin irsinin  öyrənilməsi ilə  əlaqədar  Heydər Əliyev Mərkəzində  təşkil olunan  tədris kursları  yüksək fəallıq  və işgüzar diskussiya  şəraitində  keçirilib.  2014-2015-ci tədris ilində  də  bu dərslər  böyük  fəallıq  və həvəslə davam etdirilir.

Qəbələ Rayon  Mədəniyyət və Turizm  Şöbəsində  də  2014-cü   il ərzində   tarixi hadisələrin, yubileylərin və əlamətdar günlərin    qeyd  olunması  istiqamətində  xeyli işlər görülüb, yaradıcı kollektivlər respublika tədbirlərində iştirak ediblər. 2013-cü ildə Qəbələnin MDB ölkələrinin “Mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar rayonda silsilə tədbirlər keçirilib və yekunda təntənəli bağlanış mərasimi təşkil olunub. Tədbirdə MDB ölkələrinin mədəniyyət və incəsənət xadimləri, bir sıra ölkələrin Azərbaycandakı səfirləri, rayon ictimaiyyətinin nümayəndələri və digər nüfuzlu qonaqlar iştirak ediblər. Mədəniyyət Mərkəzində Azərbaycan və rus kinematoqrafçılarının filmləri nümayiş etdirilib.

Bundan başqa, rayonda ənənəvi VI Qəbələ Beynəlxalq Musiqi Festivalı keçirilib. Festivalda ABŞ, Cənubi Afrika, Ukrayna,  İsrail, Avstriya, Kanada, Koreya,  Rusiya, Türkiyənin dünya şöhrətli  musiqiçiləri, Vyana Akademik Orkestri, İohannesburq Simfonik Orkestri, “Kiyev solistləri” Milli Kamera Ansamblı, Tel-Əviv balet qrupu, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış etmişlər. Festival çərçivəsində tamaşaçılara caz və muğam axşamları da təqdim olunub. Dağıstan Respublikasında keçirilən  ənənəvi “Tsamauri” II Beynəlxalq Mədəniyyət Festivalında Azərbaycanı “Aşıqlar” qrupu və Qəbələ rayonunun mədəniyyət işçiləri təmsil ediblər.

2014-cü ildə rayonda II Qəbələ mürəbbə festivalı keçirilib. Festivalda 21 rayonun şirniyyat ustaları iştirak ediblər. “Qəbələ guşəsi”nin təşkilinə görə rayon Azərbaycan Respublikası Milli Kulinariya Mərkəzi tərəfindən qızıl medala layiq görülüb.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtları”  proqramına uyğun olaraq nazirliyin 31 mart 2014-cü il tarixli 169 nömrəli əmri ilə Qəbələ 2014-cü ildə “Azərbaycanın əfsanələr paytaxtı” seçilmişdi.  Şəki şəhərində keçirilmiş IX Çövkən Milli Oyunları Festivalında Qəbələ Rayon Mədəniyyət və Turizm Şöbəsinin komandası “Yaylıq” milli oyununda birinci yeri tutduğuna görə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin fəxri diplomuna və pul mükafatına layiq görülüb.

Səbuhi Abdullayev qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin sərəncamına əsasən, 2015-ci il  respublikamızda “Kənd təsərrüfatı ili” elan edilib. Sərəncamın icrası ilə əlaqədar Qəbələdə kənd təsərrüfatının dinamik inkişafı üçün yeni emal müəssisələrinin, iri fermer təsərrüfatlarının yaradılması, idarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sisteminin tətbiqi mühüm vəzifə kimi qarşıya qoyulub. Yeni ilin ilk ayından bu istiqamətdə işlər sürətləndirilib.

Ölkə ərazisində mövcud olan tolerantlıq və çoxmədəniyyətlilik kimi dəyərlər Qəbələdə də öz layiqli əksini tapır. Rayonda yaşayan etnik xalqlar  öz adət-ənənələrinin, milli mədəniyyətlərinin, dillərinin qorunması, inkişaf etdirilməsi istiqamətində fəal mövqe nümayiş etdirir, bir-birinə bərabərhüquqlu vətəndaş kimi, qarşılıqlı hörmət münasibəti bəsləyirlər. Həyata keçirilən abadlıq-quruculuq işləri milli azlıqların yaşadıqları qəsəbə və kəndləri də əhatə edir və  onların bu işlərdən bəhrələnməsini təmin edir.

Həm rayon rəhbərinin hesabat məruzəsində, həm də məruzə ətrafındakı çıxışlarda xüsusi olaraq vurğulandı ki, qəbələlilər həmişə olduğu kimi, Vətənimizə, dövlətimizə, xalqımıza sədaqətlə xidmət edəcək, 2015-ci ili də uğurlu nailiyyətlərlə başa vuracaqlar.

Sonda Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov çıxış edərək əldə olunmuş uğurlardan söz açıb. 2014-cü ildə Qəbələdə görülən işlər və bu işlərin yerinə yetirilməsi ilə bağlı rayon icra hakimiyyətinin, idarə, təşkilat və müəssisələrin yorulmaz fəaliyyətini yüksək qiymətləndirildiyini qeyd edən millət vəkili 2015-ci ildə qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün bütün qəbələlilərə cansağlığı, firəvanlıq və əminamanlıq arzulayıb.

 Tədbirdə Qəbələ ictimaiyyəti nümayəndələri adından Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə müraciət qəbul edilib və rayonun sosial-iqtisadi inkişafında xidmətləri olan bir qrup vətəndaşa qiymətli hədiyyələr, fəxri fərmanlar verilib.

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında