Lənkəranda ötən ilə yekun vuruldu

Rayonun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının

Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin ötən ilin yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr Lənkəran ŞİH başçısı yanında Şuranın geniş tərkibdə iclasında müzakirə olunub. 

İclasdan əvvəl rayon rəsmiləri və qonaqlar Heydər Əliyev Xatirə parkına gələrək ümummilli liderin abidəsini ziyarət etdilər, önünə gül dəstələri qoydular.

Sonra iştirakçılar Heydər Əliyev Mərkəzinin foyesində Lənkəranda istehsal olunmuş kənd təsərrüfatı və sənaye məhsullarından ibarət sərgi ilə tanış oldular.

Şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşovun ilin yekunları və perspektiv vəzifələr mövzusunda məruzəsi dinlənildi. Natiq qeyd etdi ki, 2014-cü ildə ölkə iqtisadiyyatında davam etmiş artım Lənkəran rayonunun da  sosial-iqtisadi inkişafının sürətlənməsinə müsbət təsir göstərib. Rayonda bütün sahələr üzrə yüksək nəticələr əldə olunub.

2014-cü ilin Azərbaycanda “Sənaye ili” elan olunması ilə əlaqədar iş adamlarına rayonun iqtisadi tələbatına uyğun istehsal və emal sahələrinin yaradılması üçün lazımi şərait yaradılıb. Artıq şəhərdə ən müasir texnologiya ilə işləyən 1 çörək zavodu, 1 yem fabriki tikilərək istifadəyə verilib. Hazırda daha 2 çörək zavodunun və Lənkəran Mexanikləşdirmə MMC-də yeni istehsalat sexlərinin tikintisi davam etdirilir. Bu müəssisələr fəaliyyətə başladıqdan sonra burada 420 nəfərin işlə təmin olunması nəzərdə tutulub.

Lənkəran şəhərinin abadlaşdırılması ilə bağlı dövlət vəsaiti hesabına şəhərin giriş qapısı sayılan Ürgə, Göyşaban kəndləri ərazisində, Beynəlxalq Hava limanına gedən yolda, Akademik Zərifə Əliyeva, M. Nəsirli, F. Məmmədov, Ş. Axundov, P. Təhməzov, Koroğlu, Mirmustafaxan, İ.Səmədzadə küçələrində, H.Aslanov xiyabanında, Bakı-Astara magistral yolunun Beynəlxalq Hava limanına yaxın hissəsində müasir yol kənarı ornamentli divarlar hörülərək ağ laylarla üzlənib, səkilərə tamet və bardürlər düzülüb, müasir küçə işıqlandırıcıları quraşdırılıb.

Şəhərin Qala Xiyabanında sıradan çıxmış travert laylar dəyişdirilib, eyni zamanda “Xocalı soyqırımı” abidə-kompleksi və parkı əsaslı təmir edilib, Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyev adına mədəniyyət və istirahət parkı əsaslı şəkildə yenidən qurularaq əraziyə tamet döşənib, yan daşları düzülüb, divarlara ağ laylar vurulub, şəbəkəli guşələr quraşdırılıb. Əsgər Əliyev adına parkda pərdəli fəvvarə inşa edilib, qəhrəmanın yeni büstü qoyulub, 60 ədəd müasir işıqlandırıcıl quraşdırılıb, yaşıllıq zolaqları salınmaqla 3 mindən çox gül və bəzək ağacları əkilib. Ümumilikdə küçə, bağ və parklarda divarlara 13250 kv/m ağ lay vurulub, 300-dən artıq yeni işıq dirəkləri quraşdırılıb.

Bundan əlavə, icra hakimiyyətinin daxili imkanları hesabına şəhər Mədəniyyət Mərkəzində başlanmış əsaslı təmir və yenidənqurma işləri vaxtında tam sona çatdırılıb. Hesabat ilində rayonda təhsil, səhiyyə, mədəniyyət və turizm sahəsində də müəyyən işlər görülüb.

Ötən il rayonda təhsilin maddi-texniki bazasının yaxşılaşdırılması üzrə tədbirlər həyata keçirilib.     Fərəhli haldır ki, ötən il ölkədə tikilən 50 məktəbdən 11-i Lənkəranın payına düşüb, rayonda daha 1 məktəb isə əsaslı təmir olunub. 

Məruzəçi rayonun Daşdalığjar, Tütəpeştə və Qurunba kəndlərində 180 şagird yerlik, Tükəvilə və Bəliton kəndlərində 220 şagird yerlik, Separadi kəndində 480 şagird yerlik, Şağlaser, Xanbulan və Yuxarı Nüvədi kəndlərində 360 şagird yerlik, şəhər 8 nömrəli məktəb üçün 360 şagird yerlik tikilən yaraşıqlı məktəb binalarının inşa edilməsini cənab Prezident İlham Əliyevin rayona göstərdiyi davamlı diqqət və qayğının bəhrəsi kimi dəyərləndirərək dedi ki, bu qayğı rayonun pedaqoji ictimaiyyəti ilə bərabər, valideynləri, şagirdləri, hər bir lənkəranlını hədsiz sevindirir.  Hazırda Darquba kəndində 180 şagird yerlik tam orta məktəbi üçün tikilən binada  tamamlama işləri aparılır. Bunlarla yanaşı, şəhərdə 120 yerlik uşaq bağçasının tikintisi də tam başa çatdırılıb.

Taleh Qaraşov daha sonra şəhərdaxili və kənd yollarında aparılan tikinti, abadlıq və yenidənqurma işlərindən, yeni yol layihələrindən bəhs etdi, rayonda iqtisadi və sosial sferanın inkişafı, sənayedə, kənd təsərrüfatında, səhiyyə və mədəniyyət müəssisələrində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verdi.

İcra başçısı məruzədə həmçinin ayrı-ayrı sahələrdə qazanılmış uğurlarla yanaşı, yol verilmiş nöqsanları da sadaladı, əlaqədar idarə, müəssisə və təşkilat rəhbərlərinə ciddi tapşırıqlar verdi, sonda 2015-ci ildə qarşıda duran vəzifələrdən danışdı.

Məruzə ətrafında müzakirələrdə şəhər təhsil şöbəsinin müdiri Şəhanə Əhmədova, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi, tibb elmləri namizədi Ağabala Kəlbiyev, “Yaşıl Çay” fermer təsərrüfatının rəhbəri Araz Yaqubov, Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsinin rəisi Allahyar Salayev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Lənkəran rayon şöbəsinin sədri Əbülfət Əliyev, Lənkəran Dövlət Universitetinin I kurs magistura tələbəsi Emin Həmidli, rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov və başqaları çıxış etdilər. Onlar 2014-cü ildə görülmüş işlər barədə məlumat verdilər, uğurları təqdir etdilər və qarşıda duran vəzifələrdən danışaraq, təklif və rəylərini söylədilər.

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli çıxışında respublikamızda, o cümlədən rayonda aparılan genişmiqyaslı tikinti-abadlıq işlərindən danışdı, Lənkəranın hazırda intibah dövrünü yaşadığını diqqətə çatdırdı, şəhərdə, qəsəbə və kəndlərdə həyata keçirilən işləri yüksək qiymətləndirdi.

Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov ölkədə bütün sahələrdə gedən dinamik inkişafdan, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin uğurla həyata keçirilməsindən ətraflı bəhs etdi, sonra respublikanın digər bölgələrinə nisbətən Lənkəranın daha dinamik inkişaf etdiyini vurğulayaraq şəhərdə aparılan tikinti, quruculuq və abadlıq işlərindən razılığını bildirdi.   

Şura iclasında müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul olundu.

Sonda iclas iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Müraciət ünvanlandı.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında