Bu gün Azərbaycanda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi elm və texnologiyaların inkişafını şərtləndirən, iqtisadiyyatın davamlı tərəqqisinə yönələn və cəmiyyətin hər bir üzvünün rifahına xidmət edən dövlət siyasəti həyata keçirilir. Bu siyasətin tərkib hissəsi kimi, son illər rabitə və yüksək texnologiyalar sahəsi, o cümlədən poçt sektoru dinamik inkişaf etdirilmişdir.
Ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi, son illər rabitə sahəsində aparılan islahatlar poçt sektorunun da inkişafına güclü təkan vermişdir. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində “Azərpoçt” MMC 2014-cü il üzrə təyin olunmuş tarif gəliri proqnozunu ötən il dekabrın 6-da– rabitə və yüksək texnologiyaları sahəsində çalışan işçilərin peşə bayramı ərəfəsində yerinə yetirmişdir.
Qazanılmış uğurlarda Rabitə və yuksək texnologiyalar naziri Əli Abbasovun poçt sahəsinə göstərdiyi diqqət və qayğını xüsusi olaraq qeyd etmək istərdik. Bunun nəticəsi olaraq “Azərpoçt” MMC ötən il 31 milyon manat tarif gəliri əldə etmişdir ki, bu da nəzərdə tutulan proqnozdan 4 milyon 343 min manat (16,3 faiz), ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 15,2 faiz çoxdur. 2013-cü ildə cəmi 13 poçt filialı mənfəətlə fəaliyyət göstərirdisə, 2014-cü ilin yekunlarına görə artıq onların sayı 25-ə çatmışdır. Ötən il ərzində poçt sektorunda əldə olunan gəlirlərin həcmi əvvəlki illərlə müqayisədə 10,2 faiz artmışdır.
2014-cü ildə “Azərpoçt” MMC tərəfindən göstərilən ənənəvi poçt xidmətlərinin natural həcmlərində artım müşahidə olunmuşdur. Belə ki, il ərzində MMC şəbəkəsində qəbul edilmiş daxili sadə və sifarişli məktub korrespondensiyasının sayı 6893230 ədəd (əvvəlki illə müqayisədə 11,5 faiz çox), beynəlxalq sadə məktub və banderolların sayı isə 167137 ədəd (əvvəlki illə müqayisədə 1,9 faiz çox) təşkil etmişdir.
Ümumdünya Poçt İttifaqının (ÜPİ) təklifi, “Posteurop”un dəstəyi, RYTN-nin razılığı və “Azərpoçt” MMC-nin dəvəti ilə 2014-cü il noyabrın 22-dən dekabrın 2-dək “Azərpoçt” MMC-nin poçt müəssisələrində poçt xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə dəstək məqsədilə ÜPİ-nin xüsusi layihəsinin tətbiqi ilə əlaqədar olaraq “Posteurop”un 6 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olmuş və ətraflı monitorinq aparmışlar. Proqrama uyğun olaraq, nümayəndə heyəti “Azərpoçt”un mütəxəssisləri ilə ətraflı görüş keçirdikdən sonra 3 gün ərzində MMC-nin müxtəlif filiallarında monitorinqlər aparmışlar. Monitorinqin nəticələri mütəxəssislərin iştirakı ilə ətraflı müzakirə olunmuş, nəticələrlə bağlı hesabat xarakterli təqdimat mərasimi keçirilmişdir. Burada istismar və keyfiyyətin daha da yaxşılaşdırılması barədə təkliflər tövsiyə olunmuşdur. Son təkliflər paketi əsasında “Azərpoçt” MMC tərəfindən geniş tədbirlər planı tərtib edilərək növbəti bir il yarım ərzində həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Ötən il bütün ölkə üzrə poçt şöbələrinin xidmət ərazilərində olan kəndlərin və bu kəndlərdə yaşayan əhalinin sayı rayonların yerli statistika idarələri ilə birgə yenidən dəqiqləşdirilmiş, o cümlədən poçt qutularının dislokasiyası inventarlaşdırılmış və müvafiq məlumat hazırlanmışdır. Bakı şəhərindəki PŞ-lərin xidmət ərazilərinin dəqiqləşdirilməsi və xəritələrin hazırlanması ilə əlaqədar müvafiq işlər görülmüşdür. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzinin Ünvan Reyestri şöbəsinin nümayəndələri ilə birgə Bakı şəhərinin poçt şöbələrinin, həmçinin respublika tabeli şəhərlərdəki poçt şöbələrinin xidməti ərazilərinin rəqəmsal sərhəd xəritələri üçün ünvanlar hazırlanmış və bu işlərin digər rayonlarda da həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Bakı şəhərinin Binəqədi, Nizami və Nərimanov rayonları üzrə yeni ünvanlar tabeli poçt şöbələrinin kompüterlərinə daxil edilmək üçün elektron variantda müvafiq poçt filillarına göndərilmişdir. Eyni zamanda, bu məlumatın AKİS-ə işlənməsi üçün MMC-nin informasiya texnologiyaları şöbəsinə müvafiq məlumatlar elektron variantda verilmişdir. Yaxın vaxtlarda bu işlər başa çatdırılacaqdır. Görülən bu tədbir Bakı şəhərində poçt şöbələrinin yeni ünvan sisteminə keçidini təmin edəcəkdir.
Hazırda Bakı şəhərinin mərkəzi küçələrində, sakinlərin gur və gəlişli-gedişli yerlərində vətəndaşların məktub göndərmələri üçün müasir üslubda hazırlanmış, yüksək dizayna malik yeni poçt qutularının quraşdırılması həyata keçirilir.
Ötən il Dövlət Gömrük Komitəsi tərəfindən ölkəyə daxil olan beynəlxalq poçt göndərişlərinə tətbiq olunan ödənişlərin poçt şöbələri tərəfindən Hökumət Ödəniş Portalında (HÖP) qəbulu məsələsi öz həllini tapmışdır. Belə ki, “Beynəlxalq poçt göndərişləri ilə göndərilən mallar üzrə yaranmış gömrük borcu üzrə ödənişlərin poçt rabitəsi operatorları tərəfindən gömrük orqanlarının hesabına köçürülməsi Qaydası” Dövlət Gömrük Komitəsi ilə birgə hazırlanaraq təsdiqlənmişdir.
“Azərpoçt” MMC-nin maliyyə xidmətlərindən əldə etdiyi gəlirlər əvvəlki illə müqayisədə 57 faiz (2,8 mln manat) artmışdır. Həmin xidmətlərdən gəlirlərin artmasına təsir göstərən səbəblərdən biri MMC-nin tabeçiliyində olan poçt filiallarının müvafiq lisenziyası olan poçt şöbələrində beynəlxalq pul köçürmə sistemləri (“Contact”, “Caspian Money Transfer”, “Zolotaya Korona”) üzərindən əməliyyatların həcminin artmasıdır. 2014-cü il ərzində AKİS-də respublika üzrə 1 759 253 ədəd pul köçürməsi qəbul edilmişdir.
“Azərpoçt” MMC tərəfindən 2014-cü il ərzində əməkhaqqı layihəsi çərçivəsində 8000 ədəddən çox “MasterCard” loqolu beynəlxalq ödəniş kartı emissiya edilərək, müştərilərə təqdim edilmişdir. MMC-yə məxsus ödəniş kartları ilə aparılan əməliyyatların həcmi 24 milyon manatı keçmişdir. Bununla yanaşı, MMC 15 ədəd ATM və 106 ədəd POS terminal vasitəsilə ekvayer fəaliyyətini həyata keçirir.
“Azərpoçt” MMC-nin investisiya proqnozuna uyğun olaraq il ərzində RYTN-nin vəsaiti hesabına 17 ədəd inzibati və 19 ədəd PŞ binalarının əsaslı təmiri, Qobustan PF-nin yeni inzibati və 15 ədəd PŞ binalarının isə tikinti işləri başa çatdırılmışdır. Hazırda 1 ədəd poçt filialının inzibati və 8 ədəd PŞ binası təmir və 7 ədəd PŞ binasında tikinti işləri aparılır.
İl ərzində “Maliyyə Xidmətlərinin İnkişafı” layihəsi üzrə nəzərdə tutulmuş “Azərpoçt” MMC-nin 1132 poçt şöbəsinin mərkəzi serverə qoşulması məqsədilə zəruri texniki tədbirlərin görülməsi davam etdirilmişdir. Hazırda MMC-nin ümumilikdə 956 poçt şöbəsi (o cümlədən, Bakı şəhəri üzrə 138, rayonlar üzrə 818) və 40 poçt agentliyinin vahid şəbəkəyə qoşulması təmin edilmişdir. Bunlardan 70 ədəd kənd poçt şöbəsinin “Azercell Telekom” MMC-nin 3G xidmətinə və 128 ədəd kənd poçt şöbəsinin isə “Aztelekom” İB-nin xDSL şəbəkəsi üzərindən “Azərpoçt” MMC-nin mərkəzi serverinə qoşulması təmin olunmuşdur. PŞ-lərin “Azərpoçt” MMC-nin kompüter şəbəkəsinə çıxışı “Azdatacom” şəbəkəsi vasitəsilə təmin edilir.
Bakı şəhəri 2 saylı PF üçün yeni tikilən inzibati binaya Müştəri xidmətləri şöbəsi köçürülərək ona yeni poçt indeksi (AZ1017) verilmiş, 6 saylı PŞ-nin fəaliyyəti isə yenidən bərpa olunmuşdur. Cari ilin mart-aprel aylarında Masallı və Lerik rayonunun poçt şöbəsi olmayan Şatroba kənd sakinlərinə “Azərpoçt” MMC-nin yeni xidməti olan səyyar poçt avtomobili vasitəsilə poçt və maliyyə xidmətləri göstərilmişdir.
“Azərpoçt” MMC-nin müəssisələri texniki avadanlıq və istismar materialları ilə mütəmadi olaraq təmin edilmişdir. “Azərpoçt” MMC-nin Şirvan Regional Poçt Filialının Avropa standartlarına uyğun olaraq tamamilə yenidən qurulmuş Müştəri xidmətləri şöbəsi vətəndaşların istifadəsinə verilmişdir. Şöbənin təntənəli açılış mərasimində Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov da iştirak etmişdir. Yeni yaradılan xidmət mərkəzinin bütün dünyada regionlar üzrə fəaliyyət göstərən poçt müəssisələri sırasında analoqu yoxdur. Hətta, bu xidmət mərkəzi istənilən paytaxtın mərkəzi poçtları ilə rəqabət apararaq onları üstələyə bilər.
Ən yüksək tələblər səviyyəsində tamamilə yenidən qurulan Müştəri xidmətləri şöbəsində müştərilərə yüksək səviyyədə ən müxtəlif çeşidli poçt və maliyyə xidmətlərinin göstərilməsi, o cümlədən məktub, bağlama və teleqramların, poçt pul köçürmələrinin qəbulu və çatdırılması, poçt markalarının satışı, sürətli poçt xidmətləri, dövrü mətbuatın abunəsi və çatdırılması, kommunal xidmət haqlarının yığılması, beynəlxalq sürətli pul köçürmələri, telefon danışıq və abunə haqlarının ödənilməsi xidmətlərinin həyata keçirilməsi ilə yanaşı, bank və maliyyə xidmətlərinin göstərilməsi üçün şərait yaradılmışdır.
Hazırda ölkədaxili elektron kommersiya bazarının inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Belə ki, RYTN tərəfindən İKT-nin inkişaf fondunun qrant vəsaiti hesabına ölkəmizdə dünya standarlarına uyğun güclü elektron kommersiya platformasının yaradıması ilə bağlı yeni layihə həyata keçirilir. Layihəyə əsasən bu platformada sifariş olunan malların Azərpoçt MMC şəbəkəsi vasitəsilə müştərilərə çatdırılması nəzərdə tutulur. Yaxın aylarda reallaşacağı gözlənilən bu layihənin işə düşməsi ölkəmizdə elektron kommersiyanın inkişafına güclü təkan verməklə, ölkə daxilində vətəndaşlarımıza İnternet üzərindən alış-veriş etmələrinə əlverişli şərait yaradacaqdır. Gələcəkdə bu platforma vasitəsilə Azərbaycanda istehsal olunan mal və məhsulların “Azərpoçt” MMC şəbəkəsi ilə ölkə xaricinə pərakəndə ixracı da nəzərdə tutulmuşdur.
Azərbaycanda poçt bazarı ölkə qanunvericiliyinə əsasən tam liberallaşmış və bu da respublika ərazisində RYTN-in lisenziyası əsasında 40-dan çox özəl poçt şirkətinin fəaliyyəti üçün əlverişli şərait yaratmışdır. Rəqabət mühitində fəaliyyət göstərən Azərpoçt mövcud bazarı əldə saxlamaq və onu genişləndirmək üçün xidmətlərin keyfiyyətini ön plana çəkmişdir. Bunun nəticəsi olaraq 2014-cü ilin yekunlarına əsasən “Azərpoçt” MMC sürətli poçt xidməti sahəsində yüksək keyfiyyət göstəricilərinə görə ÜPİ-nin EMS Kooperativinin qızıl səviyyəli sertifikatına səkkizinci dəfə layiq görülmüşdür. Digər bir qızıl səviyyəli sertifikatı isə Azərbaycan Poçtu ÜPİ-nin “Ünvanlanma standartı” (S42 standartı) sahəsində tələbləri yerinə yetirdiyinə görə əldə etmişdir. Hər iki sertifikatın cari ilin aprel ayında İsveçrənin Bern şəhərində keçiriləcək ÜPİ Poçt İstismarı Şurasının iclasında təqdim ediləcəyi gözlənilir.
Son illərdə Azərbaycanda poçt xidmətlərinin dinamik inkişafı və əldə edilmiş yüksək nailiyyətlər ÜPİ rəhbərliyinin ölkəmizə ciddi maraq göstərməsinə səbəb olmuşdur. ÜPİ Beynəlxalq Bürosunun baş direktoru Bişar Hüseyn öz çıxışında Azərbaycan poçtunun ÜPİ-nin ən yaxın tərəfdaş olduğunu bildirmiş və digər poçt müdiriyyətlərinə poçt-maliyyə xidmətləri sahəsində Azərbaycanın təcrübəsindən bəhrələnməyi tövsiyə etmişdir.
Vüqar ƏFƏNDİYEV,
Yeni Azərbaycan Partiyası
Səbail rayon “Azərpoçt” ərazi təşkilatının sədri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.