“Azərsu” Açıq Səhmdar Cəmiyyətində içməli su təchizatı və kanalizasiya sektorunda 2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirmişdir ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət ölkəmizin sosial-iqtisadi inkişafına yeni-yeni töhfələr vermişdir. Qeyd olunmuşdur ki, qlobal iqtisadi böhranın təsirlərinə baxmayaraq, 2014-cü ildə Azərbaycan iqtisadiyyatı dinamik inkişaf etmiş, yeni infrastruktur layihələri həyata keçirilmiş, əhalinin sosial rifahı daha da yaxşılaşmışdır.
Dövlət başçısının diqqət və qayğısı nəticəsində infrastruktur sahələrində, o cümlədən su təchizatı və kanalizasiya sektorunda mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdıran natiq Prezident İlham Əliyevin əhalinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı qarşıya qoyduğu prioritet vəzifənin icrası ilə bağlı 2014-cü ildə “Azərsu” ASC tərəfindən geniş tikinti quraşdırma işlərinin həyata keçirildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, ötən il Saatlı və Sabirabad şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanmış Kür sutəmizləyici qurğuları – Saatlı-Sabirabad magistral su xəttinin tikintisi başa çatdırılmış, həmçinin yeni mənbələrdən Gəncə, Beyləqan şəhərlərinə içməli suyun verilməsi təmin edilmişdir. Bununla yanaşı, il ərzində beynəlxalq maliyyə qurumları ilə birgə layihələrin icrası sürətləndirilmiş, Göyçay və Ağdaş şəhərlərində su və kanalizasiya şəbəkələri yaradılmış, Gədəbəy və Astara şəhərlərində yeni layihənin icrasına başlanılmışdır.
“Azərsu” ASC-nin sədri bildirmişdir ki, il ərzində istehlakçılara 285 milyon kubmetr içməli su verilmiş, 184 milyon kubmetr tullantı sularının axıdılması xidmətləri göstərilmiş, ölkə üzrə 1185 kilometr içməli su, 325 kilometr kanalizasiya xətləri çəkilmiş, 39 ədəd su anbarı tikilmiş, 10 ədəd artezian və subartezian quyuları qazılmış, 146 minə qədər sayğac quraşdırılmışdır. Bununla da, ölkə üzrə sayğaclaşma səviyyəsi 57 faizə yüksəlmişdir. Ötən il görülmüş tədbirlər nəticəsində 259 min nəfər fasiləsiz içməli su ilə təmin olunmuş, 156 min nəfər isə ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su almışdır. Bununla da, il ərzində abunəçilərin sayı 113 min artaraq 1 milyon 322 minə çatmışdır. Hesabat dövründə ümumi tutumu 753 min kubmetr olan 44 mərkəzi və 338 məhəllədaxili su anbarı, 551 kilometr uzunluğunda kanalizasiya kollektoru və xətləri yuyularaq təmizlənmişdir.
Sonra “Azərsu” ASC sədrinin iqtisadi məsələlər üzrə müavini Mahir Məmmədov, işlər idarəsinin rəisi Möhsün Quliyev, “Sumqayıt Sukanal” İdarəsinin rəisi Ədalət Bağırov, “Mingəçevir Sukanal” İdarəsinin rəisi Mustafa Kərimov və Səbail Rayon Sukanal İdarəsinin rəisi Rauf Osmanov çıxış edərək, müvafiq sahələr üzrə 2014-cü ildə görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat vermişlər.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov iclasa yekun vuraraq, 2015-ci ildə görüləcək işlər və qarşıda duran vəzifələr barədə tapşırıqlarını vermişdir. Cari ildə Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlərin davam etdiriləcəyini deyən səhmdar səmiyyətin beynəlxalq layihələr çərçivəsində bir sıra rayonlarda işlərə başlanılacağını diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, 2015-ci ildə Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun, su sayğaclarının təmiri və sınağı laboratoriyasının, Təlim-Tədris Mərkəzinin fəaliyyətə başlaması planlaşdırılır.
Tədbirdə su itkilərinin azaldılması məqsədilə abunəçilərlə işin təkmilləşdirilməsi, içməli sudan qeyri-qanuni istifadə hallarının azaldılması, istismar, yığım səviyyəsinin yüksəldilməsi sahəsində tədbirlərin davam etdirilməsi barədə ciddi tapşırıqlar verilmişdir. Qeyd olunmuşdur ki, müştəri informasiya sistemlərinin yaradılması istiqamətində işlər müsbət nəticələr verir və bu sistemin tətbiqi digər rayonlarda da həyata keçiriləcəkdir.
2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar xidmət təşkilatı kimi “Azərsu” ASC-nin də üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayan “Azərsu” ASC-nin sədri bildirmişdir ki, ölkəmizə xaricdən xeyli sayda idmançı və turistin gələcəyi nəzərə alınaraq idman yarışlarının təşkil olunacağı yerlərdə, turizm və iaşə obyektlərində içməli su və kanalizasiya sistemlərinin normal fəaliyyətinin təmin olunması diqqətdə saxlanılacaq.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.