Son illər dünyada davam edən böhran proseslərinə baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik qorunur, iqtisadiyyatın rəqabət qabiliyyəti getdikcə artır, nəzərdə tutulmuş bütün sosial proqramlar uğurla yerinə yetirilir. Ölkəmizin davamlı inkişafının təmin olunmasında, heç şübhəsiz, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi siyasət, o cümlədən, bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rol oynayır.
Məhz bunun nəticəsidir ki, son beş ildə iqtisadiyyatın artımı, əsasən, qeyri-neft sektorunun inkişafı hesabına təmin olunmuş, ümumi daxili məhsulda bu sektorun xüsusi çəkisi 47 faizdən 59 faizə çatmışdır. Rəsmi statistika və makroiqtisadi göstəricilərə əsasən isə son on bir ildə ölkədə qeyri-neft sektorunda 2,5 dəfədən çox artım qeydə alınmışdır. Heç şübhəsiz, qeyri-neft sektorunun inkişafında neft gəlirləri hesabına iqtisadiyyatın şaxələndirilməsi istiqamətində reallaşdırılan tədbirlərin mühüm rolu olmuşdur.
İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına zəmin yaratmaq üçün dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamlar və təsdiq etdiyi inkişaf proqramları əsasında kiçik və orta sahibkarlığın dəstəklənməsinə, bu fəaliyyətlə məşğul olanlara güzəştli kreditlərin ayrılmasına, kənd təsərrüfatına subsidiyaların yönəldilməsinə, ölkə ərazisində nəqliyyat-kommunikasiya infrastrukturunun yenidən qurulmasına milyardlarla dollar həcmində vəsait xərclənmişdir. Bütün bunlar iqtisadiyyatın qeyri-neft sektorunda böyük canlanmaya səbəb olmuşdur. Hazırda Azərbaycanda istehsal edilən qeyri-neft məhsulları, o cümlədən elektrik maşınları və avadanlıqları, onların hissələri, kimya sənayesi məhsulları, tikinti materialları, hazır toxuculuq məmulatları və s. müxtəlif bölgələrə ixrac edilir.
Göründüyü kimi, keçid iqtisadiyyatını uğurla başa çatdıran Azərbaycan öz təbii resurslarından məqsədli şəkildə istifadə edərək iqtisadiyyatını uğurla şaxələndirə və onun neftdən asılılığını minimuma endirə bilmişdir. Bu strategiya nəticəsində ölkədə tikinti, turizm, kənd təsərrüfatı, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları sektorlarında davamlı artım tendensiyası davam edir. Məhz bu tendensiyanın nəticəsidir ki, son on bir ildə ölkəmizdə 1 milyon 360 min iş yeri yaradılmışdır ki, bunun da böyük hissəsi qeyri-neft sektorunun payına düşür.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə iqtisadiyyatın qeyri-neft sektoru 7 faiz artmış, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 56,6 faizdən 60 faizədək yüksəlmişdir. Ölkə iqtisadiyyatının şaxələndirilməsinin uğurlu nəticələrindən sayılan qeyri-neft sektorunun dinamik inkişafını müsbət amil kimi dəyərləndirən Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: “Baxmayaraq ki, ilin sonunda neftin qiyməti kəskin şəkildə aşağı düşmüşdür, Azərbaycanda iqtisadiyyat 3 faizə yaxın artmışdır. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır. Bu da son illər ərzində görülən işlərin bariz nümunəsidir, aparılan siyasətimizin təzahürüdür. Qeyri-neft sektoru gələcəkdə Azərbaycanın iqtisadi inkişafını daha da böyük həcmdə təmin edəcəkdir. Qeyri-neft sektorunun inkişafı bizə imkan verir ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin və iqtisadiyyatımızın dayanıqlı inkişafı təmin edilsin”.
2014-cü ildə ölkə sənayesinin qeyri-neft bölməsində 6,9 faizlik artım qeydə alınmışdır. Prezident İlham Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafının prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdiyi ərzaq təhlükəsizliyi ilə bağlı tapşırıqların ardıcıl şəkildə yerinə yetirilməsinin nəticəsidir ki, ötən il qeyri-neft sektorunun mühüm səhələrindən sayılan qida məhsulları 1,4 faiz, içki istehsalı isə 8,1 faiz artmışdır. Qida məhsulları və içki istehsalı ilə məşğul olan müəssisələr tərəfindən il ərzində 2,7 milyard manatlıq məhsul istehsal edilmişdir. Bununla yanaşı, qeyri-neft sektorunun digər mühüm sahələrindən sayılan toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı ilə məşğul olan müəssisələr tərəfindən hesabat ilində 97,5 milyon manatlıq, kimya sənayesi üzrə 325,2 milyon manatlıq, tikinti materialları üzrə 458,3 milyon manatlıq, metallurgiya sənayesi üzrə 413,1 milyon manatlıq, maşın və avadanlıqların istehsalı sahələrində isə 401,7 milyon manatlıq məhsul istehsal olunmuşdur.
Ötən il qeyri-neft sənayesinin digər mühüm sahəsi olan elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən 1,8 milyard manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir ki, bu da əvvəlki illə müqayisədə 6 faizlik artım deməkdir. Qeyri-neft sənayesinin su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində isə məhsul istehsalı və xidmətlərin səviyyəsi əvvəlki ilə nisbətən 7 faiz artaraq 231,8 milyon manat təşkil etmişdir.
Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin “Sənaye ili” elan edilməsi və bununla bağlı təsdiq edilmiş tədbirlər planının icrası qeyri-neft sənayesinin inkişafına yeni impuls vermişdir. Belə ki, 2014-cü ildə ölkədə 230-dan çox sənaye müəssisəsi açılmış, mövcud sənaye müəssisələrinin istehsal gücləri genişləndirilmişdir. Hazırda ölkənin regionlarında qeyri-neft sənayesinin inkişaf etdirilməsi üçün güclü potensial yaradılır. Yanvarın 27-də regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda ölkə Prezidenti İlham Əliyev bu barədə demişdir: “Keçən il Azərbaycanda ”Sənaye ili" elan edilmişdir. Bu, bizim siyasətimizi göstərir. Çünki sənayeləşmə Azərbaycanda uğurla aparılır. Sənayeləşmə aparılmasaydı, biz həmişə neft amilindən asılı vəziyyətdə olacaqdıq. Mənim göstərişimlə indi hər bir rayonda sənaye zonası yaradılmalıdır. Artıq yaxın zamanlarda bu proses də başlayacaq".
Yeri gəlmişkən, ötən ilin sonlarında Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”, heç şübhəsiz, qarşıdakı illərdə qeyri-neft sənayesinin sürətli inkişafına təkan verəcəkdir.
Azərbaycanda kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələr hesab edilir. Beynəlxalq maliyyə institutları Azərbaycanda kənd təsərrüfatı və turizmin əhəmiyyətini xüsusi qeyd edirlər. Hazırda ölkənin məşğul əhalisinin 44 faizə yaxını məhz kənd təsərrüfatında çalışır. Bu səbəbdən Azərbaycanda kənd təsərrüfatının inkişafına yönələn ardıcıl dövlət proqramlarının icrası, bir sıra islahatların və yeni texnologiyaların cəlb edilməsi sürətlənir. Təsadüfi deyil ki, üçüncü regional inkişaf proqramının icrasının ilk ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev demişdir:"...Kənd təsərrüfatının inkişafı prioritet məsələdir. Bu, sosial, iqtisadi sahədir, qeyri-neft sektorunun inkişafı üçün dəstəkdir".
Son üç ildə Azərbaycanda kənd təssərüfatının ümumi məhsulunun artım tempi orta hesabla 2,5 faiz təşkil etmişdir. İndi ölkə iqtisadiyyatının vacib sahəsi sayılan kənd təsərrüfatının inkişaf etdirilməsi üçün konkret işlər görülür, mühüm dövlət proqramları qəbul edilərək icraya yönəldilir. Məhz bunun nəticəsidir ki, 2014-cü ildə ölkənin aqrar bölməsi üzrə 5 milyard 225,8 milyon manat məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 2,6 faiz çoxdur. Bununla belə, Azərbaycanda kənd təsərrüfatının potensialı olduqca yüksəkdir və bu imkanlardan istifadə edilməsi istiqamətində dövlət tərəfindən təsirli tədbirlər görülür. Həmin tədbirlərin nəticəsi olaraq son illərdə 19 rayonda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük komplekslərinə, 6 rayonda 7 ət kəsimi və emalı müəssisəsinə 240 milyon manat güzəştli kredit verilmiş, bu da istehsalın artmasına, ət və ət məhsullarının idxalının əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuşdur.
Bundan əlavə, 20 rayonda 33 intensiv bağçılıq və üzümçülük təsərrüfatlarına, 9 rayonda 37 istixana kompleksinə və 11 rayonda 16 meyvə-tərəvəz emalı müəssisələrinə 171 milyon manat güzəştli kreditlərin verilməsi daxili tələbatın yerli istehsal hesabına ödənilməsi ilə yanaşı, bu məhsulların ixracına da imkan yaratmışdır. Prezident İlham Əliyevin sərəncamı ilə 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunması isə onu deməyə əsas verir ki, yaxın illərdə kənd təsərrüfatı sahəsində mövcud potensialın hərəkətə gətirilməsi istiqamətində mühüm işlər həyata keçiriləcək ki, bu da ölkəmizin qeyri-neft sektorunun inkişafına təkan verəcək.
Qeyd etdiyimiz kimi, ölkəmizdə qeyri-neft sektorunun prioritet sahələrindən biri də turizmdir. Adıçəkilən sahə gəlir gətirmək baxımından olduqca cəlbedicidir. Məhz buna görədir ki, son illər ölkəmizin mövcud turizm potensialının tam hərəkətə gətirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir, Bakıda, eləcə də regionlarda müasir turizm obyektləri tikilib istifadəyə verilir, bu sahədə xidmətlərin səviyyəsi getdikcə yaxşılaşdırılır. Ötən il, həmçinin nəqliyyat, informasiya və rabitə sahələrində də əhəmiyyətli dərəcədə artım baş vermişdir ki, bu da qeyri-neft sektorunun inkişafına dəyərli töhfə hesab edilməlidir. Ölkənin turizm imkanlarından tam istifadə ÜDM-nin artımına gətirib çıxaracaq. Belə ki, Azərbaycanın zəngin turizm potensialına malik olması və ölkədə turizm infrastrukturunun son illər sürətli inkişafı qeyri-neft sektorunun bu istiqaməti üzrə ölkəyə böyük gəlirlər vəd edir.
Son illər Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişaf etdirilməsi sahəsində də əhəmiyyətli tədbirlər həyata keçirilir. Elə Prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü ilin ölkəmizdə “İKT ili” elan olunması da bunu sübut edir. 2014-cü ildə Azərbaycanda 225,9 milyon manatlıq kompüter, elektron və elektrik avadanlıqları istehsal edilmişdir. Yeri gəlmişkən, son iki ildə Azərbaycanın süni peyklərinin orbitə çıxarılması ölkəmizin İKT sahəsində əldə etdiyi son dərəcə mühüm nailiyyət kimi dəyərləndirilir.
Azərbaycanın gələcək iqtisadi tərəqqisi, xüsusən də qeyri-neft sektorunun inkişafı özəl bölmənin fəaliyyətindən çox asılıdır. Son illər Azərbaycanda yaradılmış əlverişli biznes mühiti, özəl sektora dövlət dəstəyinin getdikcə artırılması ölkədə sahibkarlığın sürətli inkişafına səbəb olub. “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanına uyğun olaraq ötən il ölkədə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən prosedurların sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əsassız müdaxilələrin qarşısının alınması və digər istiqamətlər üzrə işlər davam etdirilib. Eyni zamanda, 2014-cü ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5560 sahibkara 295 milyon manat güzəştli kredit verilib. Həmin layihələr üzrə ölkədə 12500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Bütövlükdə isə fond tərəfindən maliyyələşdirilmiş güzəştli kreditlər hesabına 2014-cü ildə 39 iri istehsal, emal və infrastruktur müəssisəsi istifadəyə verilib. 2015-ci ildə isə daha 81 müəssisənin istifadəyə veriləcəyi gözlənilir.
Ölkəmizin davamlı sosial-iqtisadi inkişafının təmin olunmasında, makroiqtisadi sabitliyin qorunmasında, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin prioritet istiqamətlərindən olan regionların inkişafı strategiyasının müstəsna əhəmiyyəti var. 2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına səbəb olmuşdur. Bu baxımdan ötən il “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində mühüm işlər görülmüş, bir sıra uğurlu layihələr həyata keçirilmiş, regionların inkişafına bütün mənbələr hesabına 4,5 milyard manat vəsait yönəldilmişdir. Yeri gəlmişkən, ötən il “Sənaye ili” çərçivəsində regionlarda 105 sənaye müəssisəsi açılmış, 14 rayonda gündəlik istehsal gücü 820 ton olan 28 müasir çörək zavodunun inşasına 50 milyon manat güzəştli kredit ayrılmışdır. Ötən il həmin zavodlardan 22-si istifadəyə verilmişdir.
Göründüyü kimi, Azərbaycanın qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlətimizin iqtisadi siyasətinin prioritet istiqaməti kimi getdikcə aktuallıq kəsb edir. Ölkəmizin sosial-iqtisadi inkişafı fonunda adıçəkilən bölmənin ÜDM-də xüsusi çəkisinin artması 2015-ci ildə də davam edəcək. İqtisadçı ekspertlərin proqnozlarına görə, dövlətin iqtisadi siyasətinin aparıcı trendinə müvafiq olaraq bu il ÜDM-in artımı onun tərkibində neft sektorunun payının mütləq və nisbi mənada azalması və müvafiq olaraq qeyri-neft sektorunun istehsal həcminin artması şəraitində baş verəcək.
Cari ildə qeyri-neft sektorunun artım sürətinin 10 faizdən artıq olacağı gözlənilir. Bu inkişaf tendensiyası növbəti illərdə də davam edəcək. Belə ki, qeyri-neft sektorunun ÜDM-də payı 2012-ci ildəki 52,7 faizdən 2017-ci ildə 72,4 faizə yüksələcək. Bu dövr ərzində dövlət büdcəsinin gəlirlərinin formalaşmasında neft sektorunun payı nəzərəçarpacaq dərəcədə aşağı enəcək ki, bu da iqtisadiyyatımızın neftdən asılılığının ildən-ilə azaldığını göstərməklə iqtisadiyyatın şaxələndirilməsi hesabına qeyri-neft sektorunun dinamik inkişaf etdirilməsi sahəsində həyata keçirilən genişmiqyaslı fəaliyyətin nəticəsi kimi qiymətləndirilə bilər.
Son on ildə əmtəə ixracı 12,5 dəfə, xidmətlərin ixracı isə10 dəfə artmışdır. İxracda neft və neft məhsullarının yüksək paya malik olması Azərbaycan iqtisadiyyatının formalaşmış ənənəvi strukturu ilə bağlıdır. Bununla belə, son illər ixracın strukturunda neft sektorunun payı azalmağa başlamışdır. Belə ki, 2011-ci ildə ixracda neft sektorunun payı 95,3 faiz, 2012-ci ildə 94,1 2013-cü ildə 92,4 faiz olmuşdusa, ötən ildə bu göstərici 90,1 faiz təşkil etmişdir. İqtisadçı ekspertlərin qənaətinə görə, bu tendensiya qarşıdakı illərdə də davam edərək 2017-ci ildə 81 faiz həcmində olacaq. Əvəzində isə ölkəmizdən dünya bazarlarına çıxarılacaq qeyri-neft məhsullarının həcmi artacaq. Bu da Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinin məntiqi nəticəsi olan qeyri-neft sektorunun inkişafı hesabına mümkün olacaq.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.