Azərbaycanın bugünkü uğurları mükəmməl sosial-iqtisadi strategiyanın məntiqi nəticəsidir

Azərbaycan Prezidenti  cənab İlham Əliyev  ölkəmizin bugünkü inkişafını təmin etmək,  xoşbəxt gələcəyini qurmaq yolunda göstərdiyi xidmətlərinə görə xalqımızın  dərin rəğbət və məhəbbətini qazanıb. Son on bir  ildə dövlət başçısının həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb.

Müasir dünyada dövləti lazımi səviyyədə idarə etmək, geosiyasi təlatümlərdən, iqtisadi böhranlardan çıxarmaq üçün çox yüksək səriştə və siyasi iradə lazımdır. Azərbaycan xalqı üçün tarixi bir şansdır ki, hazırda  ölkəmizə İlham Əliyev kimi dərin zəkaya, analitik təfəkkür tərzinə malik olan, dünyada gedən siyasi və iqtisadi prosesləri yaxşı bilən siyasətçi və dövlət xadimi rəhbərlik edir. Dövlət başçısı  İlham Əliyev öz Vətənini,  xalqını sevən, azərbaycançılıq amalını qəlbində daşıyan bir rəhbərdir.

Prezident İlham Əliyevin  rəhbərliyi ilə son on bir ildə Azərbaycanda əldə edilən sosial-iqtisadi  uğurların əsasında dahi Heydər Əliyevin siyasi kursu dayanır. Dövlət başçımız ölkəyə rəhbərliyə başladığı 2003-cü ilin oktyabrından daim ulu öndərin siyasi kursuna sədaqətini nümayiş etdirib, xalqın etimadını əməli fəaliyyəti ilə doğruldub. Xalqımız və müstəqil dövlətimiz üçün alternativsiz olan bu siyasi kurs dövlət başçısının uğurlu fəaliyyətinin başlıca amili sayılır.

Xatırlatmaq yerinə düşər ki, möhtərəm İlham Əliyev hakimiyyət sükanı arxasına keçərkən bu siyasəti dönmədən davam etdirəcəyini bəyan etmişdi: “Azərbaycan xalqına vəd etmişəm ki, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm, çünki o, yeganə düzgün siyasətdir. Bu siyasət ona gətirib çıxartdı ki, Azərbaycan xaos, hərc-mərclik, vətəndaş müharibəsi vəziyyətindən quruculuq və tərəqqi, sülh və sabitlik mərhələsinə keçdi. Mən ondan çox şeyi öyrənmişəm və onun təcrübəsini, məsələlərə baxışını öyrənməklə hələ çox şeyi əxz edəcəyəm. Hər hansı bir qərar qəbul etməzdən əvvəl düşünürəm ki, bu vəziyyətdə Heydər Əliyev necə hərəkət edərdi. Çalışıram ki, mənə inanan, mənə səs verən adamlar məndən razı qalsınlar. Prezident üçün ən yüksək mükafat onun ideyalarına inamdır, bunsuz işləmək çox çətindir, ona görə də mən çalışacağam ki, Heydər Əliyevin bütün prinsipləri həyatda öz təcəssümünü tapmaqda davam etsin”.

Hazırda iqtisadiyyatın dinamik  inkişafı,  görünməmiş yüksəliş, tərəqqi   Azərbaycanın şəhər və kəndlərinin simasını dəyişir,  insanların həyat tərzini yeniləşdirir. Geniş miqyaslı dövlət proqramları həyata keçirilir,   xalqımızı düşündürən sosial-iqtisadi problemlər həll edilir. İstehsal və sosial infrastruktur obyektləri yaradılır, yeni iş yerləri açılır. Təhsilə, elmə, mədəniyyətə, səhiyyəyə, idmana dövlət qayğısı artır. Aqrar sahədə müsbət dinamika davamlı xarakter alır.

Ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası sürətlənir. Azərbaycanın Qafqaz bölgəsində lider mövqelərinin möhkəmlənməsi, Avropanın enerji təhlükəsizliyi sistemində mühüm yer tutması onun dünya birliyində nüfuzunu artırır. Dövlətimizin beynəlxalq mövqelərinin daha da güclənməsi ölkəmizin inkişafı yolunda ən böyük maneə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri və normaları, xüsusən onların arasında təməl prinsipi olan dövlətlərin ərazi bütövlüyü əsasında sülh yolu ilə həll edilməsinə yeni imkanlar açır.

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının birinci ilinin yekunlarına həsr olunmuş konfransda bütün bunlar barədə ətraflı bəhs edildi. Bir iş adamı kimi iştirak etdiyim həmin konfransda  ölkə Prezidenti cənab  İlham Əliyev nitqində xüsusi vurğuladı ki, 2004-cü ildə əgər birinci proqram qəbul edilməsəydi, bugünkü Azərbaycan reallıqları tam fərqli ola bilərdi. Regionların inkişafı, sahibkarlara verilən dəstək, qeyri-neft sektorunun inkişafı, idxaldan asılılığın azaldılması, ixrac potensialının yaradılması son illərin uğurlarıdır.

Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafına yönəldilmiş üçüncü dövlət proqramının bir ili artıq arxada qalıb. Bu bir ilin yekunları göstərir ki, 2004-cü ildən - birinci proqram qəbul ediləndən ölkənin bütün şəhər və rayonlarının tarazlı şəkildə inkişafı üçün başlanan işlər uğurla davam etdirilir.

2004-2008-ci, 2009-2013-cü illəri əhatə edən proqramların yerinə yetirildiyi zaman, eləcə də 2014-2018-ci illər üçün nəzərdə tutulan cari proqramın icrasından ötən dövr ərzində ölkəmiz tanınmaz dərəcədə dəyişib, inkişaf edib. Bu, həm onun iqtisadi qüdrətinə, həm vətəndaşlarının güzəranına, həm də şəhərlərin, rayon mərkəzlərinin, kənd və qəsəbələrin gündən-günə gözəlləşən simasına aiddir. Prezident İlham Əliyev konfransdakı nitqində bununla bağlı dedi: “Bizim atılan bütün addımlarımız Azərbaycanın inkişafına xidmət edir. Ölkəmizdə ictimai, siyasi vəziyyət sabitdir, iqtisadiyyata böyük həcmdə investisiyalar qoyulur və iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atılır. Yəni, bu gün Azərbaycan nəinki regionda, dünya miqyasında seçilən ölkələrdən biridir və dünyada bizə olan maraq artır. Bu yaxınlarda Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyim çoxsaylı görüşlər, orada səslənən fikirlər bunu bir daha göstərir və Azərbaycanın inkişaf modelini yüksək qiymətləndirirlər”.

Sözügedən konfransda həmçinin xatırladıldı ki, Azərbaycan dövləti hərtərəfli düşünülmüş, məqsədyönlü iqtisadi siyasət həyata keçirir. Məhz bunun nəticəsidir ki, son 11 il Azərbaycanın sürətli və hərtərəfli inkişafı, iqtisadiyyatın rəqabət qabiliyyətinin artması, ölkənin enerji, ərzaq, nəqliyyat və ekoloji təhlükəsizliyinin möhkəmləndirilməsi, beynəlxalq nüfuzunun yüksəlməsi, əhalinin rifahının davamlı olaraq yaxşılaşması dövrü kimi tariximizə daxil olub. Bu uğurların əsasında Prezident İlham Əliyevin müasir çağırışlara cavab verən, məqsədyönlü və praqmatik siyasəti durur.

Ölkəmizin davamlı sosial-iqtisadi inkişafının təmin olunmasında, makroiqtisadi sabitliyin qorunmasında, dünya iqtisadi böhranının mənfi təsirinin qarşısının alınmasında dövlət başçısının böyük uzaqgörənliklə apardığı iqtisadiyyatın şaxələndirilməsi siyasətinin, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan regionların inkişafı strategiyasının müstəsna əhəmiyyəti vardır.

2004-cü ildən indiyədək uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına səbəb olur, bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyən edilmiş məqsədlərə nail olunmasına əhəmiyyətli töhfəsini verir.

Regionların inkişafı ilə bağlı əldə edilən uğurların bir səbəbi də odur ki, cənab İlham Əliyev bölgələrdə reallaşdırılan bütün layihələrin icrasını daim diqqət mərkəzində saxlayır, verdiyi tapşırıqların yerinə yetirilməsinə nəzarət edir, zəruri tədbirlər həyata keçirir.

Möhtərəm Prezidentin 2014-cü il ərzində bölgələrə 23 səfəri çərçivəsində 120-yə qədər müxtəlif təyinatlı infrastruktur obyektinin açılış və təməlqoyma mərasimlərində iştirakı, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olmağı, eləcə də ictimaiyyətlə keçirdiyi görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə əlavə olaraq 270 milyon manat vəsaitin ayrılması barədə imzaladığı 72 sərəncam regionların inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir.

Rahat, abad yol olmadan heç bir bölgənin inkişafından söhbət gedə bilməz. Keçən il ərzində 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolunun, 30 yeni körpünün və yolötürücülərinin tikilməsi, yaxud təmir edilməsi regionların sosial-iqtisadi inkişafına yönəldilən tədbirlərdəndir. Eləcə də kənd yollarının tikintisi davam etdirilib. Təkcə 2014-cü ildə dövlət başçısının 43 sərəncamına əsasən, bu məqsədlə əlavə vəsaitlər ayrılıb. Əhalisi 960 min nəfər olan 597 yaşayış məntəqəsini birləşdirən 1300 kilometr uzunluğunda kənd yollarının çəkilməsi və yenidən qurulması işləri aparılıb. Son 11 ildə isə ümumilikdə 10 min kilometr yol çəkilib. 340 körpü və tunel tikilib.

Konfransda yuxarıda qeyd etdiklərimlə yanaşı, eyni zamanda, Azərbaycanın hər bir bölgəsinin son dövrlərdə tikinti meydançasını xatırlatması və ölkədə həyata keçirilən mühüm layihələrin yerli şirkətlər tərəfindən uğurla reallaşdırılması da xatırladıldı.  Bildirildi  ki,  quruculuq siyasəti, sabitlik və inkişaf müasir Azərbaycanın simasıdır. Bütün bunlar  ölkəmizin gücünü daha da möhkəmləndirir. On bir illik inkişaf mərhələsi xalqımızın tarixində və taleyində mühüm nailiyyətlərlə müşayiət olunub. Bu illərdə hər bir azərbaycanlının ən ümdə arzuları reallaşıb. Beləliklə, dünyada söz və nüfuz sahibinə çevrilən Azərbaycan öz iqtisadi inkişaf tempi ilə indi dünyanın diqqət mərkəzindədir. Beynəlxalq miqyasda iqtisadi və siyasi güc mərkəzinə çevrilən Azərbaycanın iştirakı olmadan bu gün regionda irimiqyaslı layihələri həyata keçirmək sadəcə mümkün deyildir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən müddət ərzində regionlarda infrastrukturun yenidən qurulması və inkişafı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilib. Bu, Azərbaycanın öz iqtisadiyyatını sadəcə neft amili üzərində qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləyib.

İqtisadiyyatın şaxələndirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişafı davam edib. Prezident İlham Əliyev konfransda  bununla bağlı dedi: “Bu gün Azərbaycan iqtisadiyyatı artıq çoxşaxəlidir. Məhz buna görə iki-üç il bundan əvvəl dünyada neftin qiymətləri kəskin şəkildə aşağı düşəndə biz böyük çətinliklərlə üzləşməmişdik. Hətta o illərdə dünyada neftin qiyməti 4-5 dəfə aşağı düşmüşdü, Azərbaycan iqtisadiyyatı 8-9 dəfə artmışdı. Nəyin hesabına, məhz qeyri-neft sektorunun inkişafı hesabına. Bu, bizim siyasətimizdir və gələcək illərdə çalışacağıq ki, qeyri-neft sektorunun inkişafına daha da güclü təkan verək. Deyə bilərəm ki, bunu etmək üçün dövlət proqramları həlledici rol oynayır. 2004-cü ildən bugünə qədər artıq  üçüncü dövlət proqramı icra edilir. Eyni zamanda, xarici investorların Azərbaycana olan marağı və qoyulan investisiyalar da az rol oynamır”.

Son on bir  ildə ölkə  biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilib. Regional proqramların icrası müddətində qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi, 400-dən çox xidmətin elektron qaydada göstərilməsi,  “bir pəncərə” prinsipinin tətbiqi və digər  tədbirlər  nəticəsində regionlarda güclü özəl sektor formalaşıb. Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına  19 mindən çox sahibkarın ümumi dəyəri 2 milyard manat olan layihələrinin maliyyələşməsinə 1,2 milyard manat güzəştli kredit verilib və bu layihələr hesabına 110 minədək yeni iş yeri yaradılıb. Kreditlərin 78 faizi, açılan iş yerlərinin isə 81 faizi regionların payına düşür.

Dövlətimizin  başçısı cənab İlham Əliyevin uğurla reallaşdırdığı inkişaf strategiyası artıq özünün növbəti - üçüncü mərhələsi ərəfəsindədir. 2013-2023-cü illəri əhatə edəcək bu mərhələdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması və əhalinin yüksək gəlirli topluma çevrilməsi, qeyri-neft sektorunun, özəl bölmənin, sahibkarlığın  hərtərəfli inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə artırılması, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə yeni strategiyanın hazırlanması, ən müasir texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi, elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu, hüquqi dövlətçilik prinsiplərinin, insan hüquq və azadlıqlarının tam bərqərar edilməsi - Prezident İlham Əliyevin qarşıya qoyduğu başlıca hədəflərdir.

Son bir neçə ildə Azərbaycanın gələcək inkişafı üçün əvəzolunmaz layihələr - su elektrik stansiyaları ilə birlikdə Taxtakörpü və Şəmkirçay su anbarlarının, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının, baş Muğan-Mil kollektorunun tikintisi başa çatdırılıb. 2014-2018-ci illər üçün nəzərdə tutulan sosial-iqtisadi inkişaf proqramında ölkənin 3 şəhərində və 50 rayonunda çoxsaylı meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi planlaşdırılıb. Keçən ildən başlayaraq bu istiqamətdə artıq bir sıra işlər görülür. Şimal zonasının 6 çayından Samur-Abşeron kanalına əlavə 320 milyon kubmetr su verilməsi üçün tikinti işləri gedir. Respublikanın digər bölgələrində də bu sahədə müvafiq tədbir görülür. Dövlət su təsərrüfatının inkişafına milyardlarla manat vəsait yönəldir. Üçüncü proqram çərçivəsində də bu işlər davam etdirilir. “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” açıq səhmdar cəmiyyətləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən genişmiqyaslı layihələr həyata keçirilir. Konfransda deyildiyi kimi: “Çaylar boyunca yerləşən kəndlərdə modul tipli təmizləyici qurğular quraşdırılır. Bu məqsədlə Prezidentin Ehtiyat Fondundan vəsait ayrılmışdır. Artezian quyularının qazılması bu il davam etdiriləcək. Bu məqsədlə də Prezidentin Ehtiyat Fondundan vəsait ayrılmışdır. Bu il üç yüzdən çox artezian quyusu qazılacaqdır. Bu sahə daim diqqət mərkəzindədir”.

2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi regionların inkişafına yönəldilmiş üçüncü proqramda nəzərdə tutulan işlərin daha uğurlu icrasına dəstək verəcək və ərzaq təhlükəsizliyinin daxili istehsal hesabına təmin olunmasında mühüm rol oynayacaq. Əminliklə demək olar ki, bu il də bütün bölgələrdə genişmiqyaslı işlər görüləcək, Azərbaycan kəndi daha da inkişaf edəcək.

Bu gün Azərbaycanda sosial-iqtisadi inkişafı sürətləndirən mühüm amillərdən biri qarşıya qoyulan hər bir hədəfin reallaşdırılması üçün konkret fəaliyyət proqramlarının işlənib hazırlanmasıdır. Bu baxımdan ölkə regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasının əhəmiyyətini xüsusi qiymətləndirmək lazımdır. Çünki keçid dövrünə xas bir sıra köklü problemlərin həlli prosesinə məhz bu fərmanlarla start verilib, nəticədə qısa zaman ərzində ölkə iqtisadiyyatında mütərəqqi inkişaf meyilləri nəzərə çarpıb. Bu çərçivədə atılan ardıcıl addımlar Azərbaycanda işsizlik probleminin aradan qaldırılması, regionların tarazlı inkişafı, qeyri-neft sektoruna diqqətin artırılması, sahibkarlığın inkişafı, yeni iş yerlərinin açılması istiqamətində konkret nəticələrlə müşayiət olunub.

Məhərrəm ŞƏFİYEV,
Bərdə “Çörək” ASC-nin  idarə heyətinin sədri,
iqtisadiyyat üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında