Vergi ödəyicilərinin hüquqları və qanuni mənafeləri qorunur

Vergilər Nazirliyinin Hüquq Baş İdarəsinin rəisi Samirə Musayeva müxbirimizlə söhbətində demişdir ki, vergi sisteminin təkmilləşdirilməsi və bu sahədə aparılan köklü islahatların daha da sürətləndirilməsi məqsədilə vergi münasibətlərinin tənzimlənməsi sahəsində vahid və təkmil qanunvericilik bazasının yaradılması üçün Vergi Məcəlləsi 2000-ci ildə qəbul edilərək, 2001-ci il yanvar ayının 1-dən qüvvəyə minmişdir.

Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edən Vergi Məcəlləsi müstəqil Azərbaycanın həyatında yeni tarixi bir hadisə olaraq vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış mühüm addımlardan biri olmuşdur.

Samirə Musayeva həmçinin bildirmişdir ki, yeni ictimai münasibətlərin yaranması, aparılmış çoxsaylı islahatlar, insan hüquq və azadlıqlarının müdafiəsinin prioritetliyi, vergi sisteminin modernləşdirilməsi, vergi hüquq normalarının beynəlxalq standartlara uyğunlaşdırılması prosesinin sürətləndirilməsi məqsədi ilə Vergi Məcəlləsinə ötən dövr ərzində 45 qanunla bir sıra mütərəqqi dəyişikliklər edilmişdir. Qeyd edilən dəyişikliklərin əksəriyyəti vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına və vergi inzibatçılığının təkmilləşdirilməsinə yönəlmişdir. Qanunvericilik aktlarında vergi ödəyicilərinin hüquqlarının qorunması ilə bağlı maddələrin əks olunması Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər zamanı da diqqətdən yayınmamışdır. Sonuncu bu cür dəyişiklikdən biri də bu yaxınlarda əmlak və yol vergisi ilə bağlı Məcəlləyə edilmiş dəyişiklikdir ki, bu dəyişiklikdən sonra vergi ödəyicilərinin hüquqi vəziyyəti yaxşılaşdırılmış və vergilərin hesablanması mexanizmi təkmilləşdirilərək, daha da asanlaşdırılmışdır. Əmlak vergisinin binaların inventar dəyərinə əsasən hesablanma qaydası ləğv edilmiş, fiziki şəxlərin əmlak vergisi onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə müəyyən edilmiş müvafiq dərəcələr tətbiq olunmaqla hesablanmaya başlanmışdır.

Vergilər Nazirliyinin Hüquq Baş İdarəsinin rəisinin  sözlərinə görə, digər mühüm bir dəyişiklik yol vergisi ilə bağlı olmuşdur. Məlum olduğu kimi, 2015-ci ilədək illik yol vergisini fiziki şəxslər avtonəqliyyat vasitələri texniki baxışdan keçirilən zaman onların mühərrikinin həcminə görə, hüquqi şəxslər isə balanslarında olan avtonəqliyyat vasitələrinə görə vergi orqanlarına müvafiq bəyannamə təqdim etməklə dövlət büdcəsinə ödəyirdilər. Bu zaman hüquqi və fiziki şəxslər tərəfindən istismara yararsız avtonəqliyyat vasitələrinə görə də onların avtomobil yollarından istifadə edib-etməmələrindən asılı olmayaraq yol vergisi ödənilirdi. Bu dəyişikliklə ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən və idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinin topdansatış qiymətinə 2 qəpik əlavə edilməklə yol vergisi tətbiq olunmuşdur. Bundan əlavə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq Tarif Şurasının qəbul etdiyi qərara əsasən avtomobil benzininin, dizel yanacağın və maye qazın topdansatış qiyməti 2 qəpik aşağı salınmışdır. Artıq yol vergisinin bəyannaməsini bütün avtomobil sahibləri deyil, yalnız Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər təqdim edəcəklər. Ümumiyyətlə, Azərbaycan Respublikasının Kontitusiyasının insan hüquq və azadlıqlarına verdiyi önəmin nəticəsidir ki, 221 maddədən ibarət olan Vergi Məcəlləsinin 100-dən artıq maddəsi vergi ödəyicilərinin hüquqlarının qorunması və onların qanuni maraqlarının təmin olunması ilə bağlıdır.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında