Müasirlik, gözəllik, abadlıq...

Söhbət “Yeni Ağdaş”dan, bu müasirliyi, gözəlliyi, abadlığı yaradanlardan gedir

Biz bu yazı üzərində işləyərkən şəhərsalma mütəxəssisləri, bu sahədə çalışan mühəndis və alimlərlə görüşüb söhbət etdik, bəzi məqamları aydınlaşdırmağa, dəqiqləşdirməyə çalışdıq. Məsələ burasındadır ki, quruculuq və abadlıq işləri üçün ya yeni boş sahələr ayrılır, ya da çoxdan tikilmiş binalarda, küçə və səkilərdə bərpa və yenidənqurma işləri aparılır. Əlbəttə, hər iki halda vəsait ayrılır, vaxt və zəhmət sərf olunur. Buna, necə deyərlər, sözümüz yoxdur və hər iki hal təqdir olunmalıdır.

Ancaq, gəlin, səmimiyyətlə etiraf edək ki, müasir şəhərsalma baxımından yeni sahələrdə salınan şəhər və məhəllələr, tikilən evlər, küçələr, park və xiyabanlar tarixiliyi, milli elementləri qoruyub saxlamaq şərtilə daha gözəl, daha müasir və orijinal olur. Həqiqətən də, o yerlərdə ki, iki maşın yan-yana güclə keçir, darısqal, yöndəmsiz küçə və səkilərdə adamın ürəyi sıxılır, orada hansı abadlıq və yenidənqurma işləri aparılır-aparılsın, hər halda vəziyyət arzuolunan səviyyəyə çatmayacaq.

Bu sözləri deyərkən gözlərimiz önündən “Yeni Ağdaş” keçir. İndi yerli sakinlər də, elə qonaqlar da buranı belə adlandırırlar. Haqlıdırlar. Bəli, doğrudan da, “Yeni Ağdaş” gözəldir, müasirdir, genişdir. İstər binaların arxitekturası, istər küçə və səkilərin genişliyi, istərsə də park və xiyabanların, bulaq və fəvvarələrin dizaynı baxımından.

“Yeni Ağdaş”ın tarixi, necə deyərlər, çox deyil. Cəmi 2 il bundan əvvəl Ağdaş şəhərinin ərazisinin daha da genişləndirilməsi barədə xüsusi sənəd qəbul olundu. Onu da əlavə edək ki, belə bir sənədə böyük ehtiyac vardı. Ona görə də rayon sakinləri ölkə başçısının bu diqqət və qayğısını sonsuz minnətdarlıq duyğuları ilə qarşıladılar. Yeri gəlmişkən, belə bir faktı da xatırlatmaq yerinə düşər ki, “Yeni Ağdaş”ın tikintisi, sözün əsl mənasında, ümumrayon hərəkatına çevrildi. Bütün qüvvə və səylər hərəkətə gətirildi, əlavə imkan və ehtiyat mənbələri işə salındı. Təsadüfi deyildir ki, tikinti-abadlıq işləri nəzərdə tutulmuş vaxtda başa çatdırıldı.

2014-cü il may ayının 1-də isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ağdaşa tarixi səfər etmişdir. Səfər çərçivəsində ölkə başçısı ən əvvəl şəhərin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin yeni ucaldılmış abidəsini ziyarət etmişdir. Dövlət başçısı Heydər Əliyev Mərkəzinin, Ağdaş Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Ləki dəmir yolu vağzalının yeni binalarının, meyvə və yem emalı zavodlarının, Ləki - Pirəzə - Xınaxlı avtomobil yolunun, 220 kilovoltluq “Ağdaş” elektrik yarımstansiyasının açılışında iştirak etmiş, Heydər Parkında aparılan yenidənqurma işləri ilə tanış olmuş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Ağdaşlılar bu gün də ölkə Prezidentinin tarixi səfərinin, keçirilən unudulmaz görüş və söhbətlərin təsiri altında yaşayır və işləyirlər. Görülüb başa çatdırılmış işlərə verilən yüksək qiymət, daha böyük hədəflər üçün göstəriş və tövsiyələr rayonda bütün sahələrdə sürətli inkişafa geniş yol açmış, adamların sabaha olan inam və ümidlərini daha da artırmışdır. Onu da əlavə edək ki, inkişaf və yüksəliş təkcə Ağdaş şəhərini əhatə etmir. Tikinti-quruculuq və abadlıq işləri rayonun bütün yaşayış məntəqələrində, özü də ardıcıl və sistemli aparılır. Ağdaşda müşahidə etdiyimiz daha bir vacib məsələ barədə: burada iqtisadi, sosial və mədəni məsələlərin həllinə kompleks münasibət bəslənilir, qarşılıqlı əlaqə, fikir və təcrübə mübadiləsi əsas götürülür.

Belə yerdə hərtərəfli inkişaf və yüksəlişi əks etdirən rəqəmlərsiz, fakt və göstəricisiz keçinmək mümkün deyil. Belə ki, həyata keçirilən kompleks tədbirlər nəticəsində ötən il rayonda 219,4 milyon manatlıq məhsul istehsal olunmuş, o cümlədən sənaye məhsulunun həcmi 2,8 faiz, tikinti-quraşdırma işlərinin həcmi 6,4 faiz artmışdır. Bütün maliyyə mənbələri hesabına əsas kapitala 71 milyon manatlıq investisiya qoyulmuşdur. 2014-cü ilin əvvəlindən 520-si daimi olmaqla 2025 yeni iş yeri açılmışdır.

Uğurlu iqtisadi siyasət nəticəsində gəlirlər artmış, bu da rayon büdcəsindən maliyyələşən tədbirlərin genişləndirilməsinə səbəb olmuşdur. Belə bir dinamika xüsusilə fərəh doğurur ki, 2014-cü il üçün rayon büdcəsi 21 milyon 671 min manat təsdiq edilmişdir ki, bu da əvvəlki ildən 1 milyon 519 min manat çoxdur. Müqayisə olunan dövrdə rayon büdcəsinin mədaxil hissəsi 8,5 faiz çox icra olunmuşdur.

Bu fakt və rəqəmlərdən də göründüyü kimi, Ağdaşda inkişaf və yüksəliş dönməz xarakter almış, bütün sahələri əhatə etmişdir. Ən əsası isə, daha sürətli sosial-iqtisadi inkişafa nail olmaq üçün geniş tədbirlər planı işlənib həyata keçirilir, mühüm strateji hədəflər dəqiq müəyyənləşdirilir.

Məlumdur ki, Ağdaş ənənəvi kənd təsərrüfatı rayonudur. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı sahəsində aqrar sektorun inkişafının xüsusi əhəmiyyəti vardır. Məsələn, ötən il 23556 ton taxıl, 37487,5 ton tərəvəz, 5863,5 ton qarğıdalı, 7277,6 ton bostan məhsulları, 1049,5 ton çəltik istehsal olunmuşdur ki, bu da əvvəlki illərlə müqayisədə xeyli çoxdur. Heyvandarlığın inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması diqqət mərkəzində olmuşdur. Bunu rəqəmlərdən də aydın görmək mümkündür. Belə ki, qaramal 1836 baş, xırda buynuzlular 1790 baş artmışdır. Ət 291,2 ton, süd 2411,7 ton, yumurta 370 min ədəd, yun isə 6,7 ton çoxalmışdır. Rayonun Ərəbocaq kəndində 1200 başlıq müasir tipli heyvandarlıq kompleksi və 80 başlıq at yetişdirmə məntəqəsi istifadəyə verilmişdir. 1000 hektar sahədə biyan yetişdirilməsi və istehsalı müəssisəsinin yaradılmasına başlanılmışdır. Bakı şəhərində təşkil edilmiş kənd təsərrüfatı məhsulları satış-yarmarkalarına 128 tondan çox müxtəlif kənd təsərrüfatı məhsulları göndərilmişdir. “Aqrotexservis”in Ağdaş filialına 9 ədəd müxtəlif markalı taxılbiçən kombayn alınmışdır.

Tikinti-quruculuq və abadlıq işləri eyni sürət və keyfiyyətlə davam etdirilmişdir. Yeni iş yerlərinin yaradılması və əhalinin kommunal xidmətlərlə normal təmin olunması sahəsində məqsədyönlü tədbirlər işlənib həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ağdaşa tarixi səfəri zamanı rayonda həyata keçirilmiş tədbirlərə və görülmüş işlərə yüksək qiymət verərək demişdir: “Ağdaş rayonunda böyük işlər görülmüşdür. Rayonda sosial infrastrukturun yaradılması, məktəblərin inşası, qazlaşdırma və kənd yollarının tikintisi layihələri icra edilir. Yəni insanların normal yaşaması üçün bütün şərait yaradılır və Ağdaş şəhəri də gözəlləşir, abadlaşır. Ağdaşın yeni tikilən inzibati mərkəzində işlər böyük səliqə ilə, zövqlə görülmüşdür”.

Ağdaşlılar yaxşı işlədikləri kimi, yaxşı da istirahət etməyi, mənalı və məzmumlu şəkildə dincəlməyi sevirlər. Bu cəhətdən 7 hektar sahəni əhatə edən Heydər Parkında aparılan bərpa və yenidənqurma işləri xüsusilə maraq doğurur. Burada 2 süni göl, 11 fəvvarə, müasir işıqlandırma sistemi, müxtəlif attraksionlar, karusellər, ana və uşaq istirahət mərkəzi, gənclər kafesi, mini avtodrom, atıcılıq mərkəzi yaradılmış, oturacaqlar qoyulmuşdur. Parkın ərazisinin yaşıllaşdırılması məqsədilə ağac və dekorativ gül kolları əkilmiş, qazon salınmış, iki yerdə artezian qazılmışdır.

Son illərdə ölkəmizin elektroenergetika sahəsi üzrə enerji təchizatının dayanıqlığı və təhlükəsizliyi prinsiplərinin təmin edilməsi sahəsində ardıcıl dövlət proqramları qəbul edilmişdir. Bu mənada Ağdaş regional elektrik yarımstansiyasının istifadəyə verilməsi vacib strateji əhəmiyyətə malik olan layihələrdən biridir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən, 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə əlaqədar rayonda Almaniyanın “Siemens” şirkətinin texnologiyası əsasında qurulan Ağdaş yem emalı fabrikində il ərzində 150-250 min ton toyuq və mal yeminin istehsal olunması planlaşdırılmışdır. Yeni istifadəyə verilən Ağdaş meyvə emalı zavodu ilkin mərhələdə il ərzində 200 tona yaxın quru meyvənin emal edilməsinə imkan verəcəkdir. Rayonda sahibkarlığa göstərilən dövlət qayğısı nəticəsində yeni ticarət mərkəzi yaradılmışdır.

Təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin fəaliyyəti daim diqqət mərkəzində saxlanılmış, sahənin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, intizam və tələbkarlıq gücləndirilmişdir. Nəticədə, son illər yeni binalar, yardımçı otaqlar tikilib istifadəyə verilmiş, əsaslı təmir və bərpa işləri aparılmışdır. Hazırda Aralbir və Tofiqi kəndlərində 220 yerlik, Qarağan - Şıxlar və Qülbəndə kəndlərinin hər birində 180 yerlik, Ərəbşəki kəndində isə 80 yerlik məktəb binalarının tikintisində işlər davam edir.

 

Əldə edilmiş konkret nəticələr, real addımlar və aydın hədəflər göz qabağındadır. Biz burda əhalinin vacib sosial ehtiyacları, xüsusilə elektrik enerjisi, təbii qaz və içməli su təminatı, insan amili, vətəndaşların qəbulu, onların ərizə, şikayət və məktublarına vaxtında və həssaslıqla baxılması, bir sözlə, təşkilat - idarəetmə sahəsində qazanılmış müsbət təcrübə, tətbiq edilən yeni və maraqlı formalar barədə geniş danışmadıq. Təhlil və müşahidələr göstərir ki, son illər Ağdaş rayonunda iqtisadi, sosial və mədəni sahələrdə əldə edilmiş böyük uğurların əsasında məhz bu amillər - yerlərdə işin düzgün təşkili, möhkəm və ardıcıl icra intizamı, ciddi tələbkarlıq dayanır. Müşahidə olunan və rəğbət doğuran cəhətdir ki, ilk gündən bütün sahələri əhatə edən inkişaf və yüksəliş, tikinti-quruculuq və abadlıq işlərinin sürəti azalmır. Bu isə aydın məsələdir ki, adamlarda həvəs və rəğbət hissi yaradır, yeni-yeni təşəbbüslər meydana çıxır, qarşılıqlı inam və etibarı daha da artırır.

Əlbəttə, müasir idarəetmə, iş üslub və metodları köhnə stereotipləri qətiyyətlə rədd edir, yeni yanaşma, müasir forma, daha çox elmi münasibət tələb edir. Rəhbər işçi insanları inandırmağı, onları səfərbər etməyi, öz ardınca aparmağı bacarmalıdır. Biz Ağdaşda bunun əyani nümunəsini və konkret nəticələrini gördük.

İqtisadi, sosial və mədəni həyatın ayrı-ayrı sahələrindən gətirdiyimiz, son illərin əsaslı inkişaf və yüksəlişini əks etdirən fakt və rəqəmlər bir daha sübut edir ki, Ağdaş uğurlu yol üstədir. Əldə olunmuş uğurlar ağdaşlıları əsla arxayınlaşdırmır. İndi bütün sahələrdə əlavə imkan və ehtiyat mənbələri müəyyən olunur. Yeni-yeni təşəbbüslər meydana çıxır, bütün qüvvə və səylər daha böyük hədəflər uğrunda səfərbər olunur. Rayonda yaradıcı, təşəbbüskar ab-hava, sağlam mənəvi-psixoloji mühit mövcuddur.

Göründüyü kimi, ölkə Prezidenti İlham Əliyevin bütün bölgələrə, o cümlədən Ağdaş rayonuna gündəlik diqqət və qayğısı, bu istiqamətdə imzaladığı fərman və sərəncamları, məsləhət, göstəriş və tövsiyələri bütün sahələrdə əsaslı yüksəlişə yol açmış, inkişaf ardıcıl və sistemli xarakter almışdır. Rayona sonuncu səfərimiz zamanı görüşdüyümüz, söhbət etdiyimiz ağsaqqallar, ziyalılar, gənclər bu diqqət və qayğı üçün, ilk növbədə, ölkə Prezidentinə sonsuz minnətdarlıqlarını bildirdilər, aparılan qətiyyətli, uzaqgörən daxili və xarici siyasət xəttini ürəkdən bəyəndiklərini və müdafiə etdiklərini bəyan etdilər.

Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında