Səbail – paytaxtın yeniləşən və gözəlləşən rayonu

Paytaxtın mərkəzi ərazisi olan Səbail rayonunda 2014-cü ildə sosial-iqtisadi inkişaf istiqamətində nəzərəçarpacaq müsbət dəyişikliklər baş vermişdir. İlin yekunlarına görə, sənaye müəssisələri üzrə 20 milyard 617,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründə olduğundan 0,3 faiz çox məhsul istehsal edilmişdir. Nəqliyyatda 514,3 milyon manatlıq və ya əvvəlki ilə nisbətən 1,3 faiz çox, rabitədə 206,9 milyon manatlıq və ya ötən illə müqayisədə 1,4 faiz çox xidmətlər göstərilmişdir.

Səbail Rayon İcra Hakimiyyətinin böyük iclas salonunda keçirilən illik hesabat konfransında paytaxtın qədim və mərkəzi rayonunun ötənilki sosial-iqtisadi inkişafının yekunları, bu il qarşıda duran işlər müzakirə olunmuş, konkret hədəflər müəyyənləşdirilmişdir.

Toplantı iştirakçılarını səmimi salamlayan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ötən il Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda və rayonda  sosial-iqtisadi inkişaf sahəsində önəmli naliyyətlər əldə olunduğunu vurğulayaraq, yeniləşmə və hərtərəfli tərəqqi prosesinin artan sürətlə davam etdiyini, artıq 1 ayı arxada qalmış 2015-ci ilin də yeni uğurlara meydan olacağını bildirmişdir.

Ölkənin və rayonun öyünclü tarixə çevrilən daha bir ilinin ən mühüm hadisə və faktlarını əks etdirən videoxronikanın nümayişindən sonra rayon rəhbəri Asif Əsgərov Səbail RİH-in  birillik fəaliyyərini əhatə edən geniş hesabatın əsas məqamlarını konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. Natiq Səbail ərazisində görülmüş irimiqyaslı quruculuq işlərini təhlil etmiş, növbəti məsul vəzifələrdən və ortaya çıxan problemlərin aradan qaldırılması yollarından danışmışdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən il ölkədə əldə olunmuş nailiyyətlər və bu il nəzərdə tutulmuş işlər barədə məlumat vermişdir.

Konfrans iştirakçılarına qabaqcadan paylanan “Səbail” bülleteninin xüsusi nömrəsində dərc olunmuş RİH- in geniş hesabatı, məsul şəxslərin və sakinlərin rəy, arzu, təklifləri hesabat ətrafında müzakirələrin işgüzarlığına və səmərəliyinə şərait yaratmışdır. Rayonyn ayrı-ayrı qurumlarının, xidmət təşkilatlarının rəhbərləri və təmsilçiləri kollektivlərdə qazanılmış uğurlar barədə məlumat vermişlər.

 1 saylı şəhər poliklinikasının baş həkimi Kübra Cabbarova, 189-190 saylı orta məktəbin direktoru Ceyran Kuliyeva, DSMF Səbail rayon şöbəsinin rəisi Şakir Nuriyev, 29 saylı Səbail dairə seçki komissiyasının sədri Cahangir Məmmədov, MKTB-nin rəisi Elbrus Əhmədov, Enerji TSİ-nin rəisi Abdulla Əliyev, Qaz İİ-nin rəisi Sadıx Rəhimov və başqaları çıxış etmiş, Bakının tarixi hissəsi olan Səbail rayonunun yeni simasını müəyyən edən əzəmətli quruculuq prosesinin yeni hüdudlarından, əhalinin zəruri ehtiyaclarının ödənilməsi və rifahının yüksəldilməsi ilə bağlı layihələrdən də söhbət açmışlar.

Müzakirələrdə Səbail RİH-in rayon ərazisində quruculuq- abadlıq tədbirlərini və normal həyatı təmin edən genişmiqyaslı, təşəbbüskar  fəaliyyəti qənaətbəxş hesab edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan müraciətdə ölkənin və rayonun hərtərəfli inkişafını təmin edən uğurlu daxili və xarici siyasətə görə səbaillilərin dövlət başçısına dərin minnətdarlığı və 2015-ci ili də nailiyyətlərlə əlamətdar etmək əzmi ifadə olunmuşdur.

Konfransın sonunda, son illərin ənənəsinə uyğun olaraq,  idman qələbələri, təhsil uğurları ilə ölkədə seçilmiş  və yubiliyar səbaillilərə RİH-in mükafat və qiymətli hədiyyələri təqdim olunmuşdur. Milli Məclisin deputatları Ziyad Səmədzadə, Fuad Muradov, Dövlət Bayrağı Meydanı İdarəsinin rəisi Rəşad Məmmədov hesabat konfransında iştirak etmişlər. 

İl ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 5 milyard 642,3 milyon manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,8 faiz soxdur. Tikinti- quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi isə 3272,8 milyon manat olmuşdur. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 63,3 faiz çoxdur. Pərakəndə ticarət şəbəkəsində əhaliyə 294,5 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 20,3 faiz çox istehlak malları satılmış, 105,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 28,9 faiz çox iaşə xidmətləri göstərilmişdir.

Səbail rayonunda çalışan işçilərin sayı 112140 nəfər, orta aylıq əmək haqqının məbləği isə 974 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 3 faiz çoxdur. 2014-cü ildə rayonda, hamısı daimi olmaqla, 1837 yeni iş yeri açılmışdır. Ümumiyyətlə isə 2003-cü ilin oktyabrından indiyədək rayonda 44163 yeni iş yeri açılmışdır. Bunun da 43295-i daimidir.

2014-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə Səbail rayonunda yeni inşa olunmuş Azərbaycan Xalça Muzeyi, Bakı Oksford məktəbinin yeni binası, Dənizkənarı Milli Parkın yeni bulvar hissəsində müasir attraksion-panoram, “Şirvanşahlar Sarayı” Kompleksində yeni yaradılmış muzey ekspozisiyası istifadəyə verilmişdir.

Rayonda aparılan abadlıq-quruculuq işlərinə Heydər Əliyev Fondunun, onun prezidenti, ölkənin birinci xanımı, millət vəkili  Mehriban Əliyevanın himayədarlığı xüsusi qeyd olunmalıdır. Ötən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə Badamdar qəsəbəsində yerləşən “Könül” körpələr evi-uşaq bağçası yenidən qurulmuş, 90 yerlik yeni əlavə korpus tikilmiş, bütün lazımi avadanlıq və ləvazimatlarla təmin olunmuşdur.

“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Səbail rayonu ilə bağlı proqrama daxil edilmiş 24 bənd üzrə tədbirlərin həyata keçirilməsi üçün bütün qüvvələr səfərbər olunmuş, bu istiqamətdə müvafiq işlər aparılır.

Bütün bunlarla yanaşı, keçən il rayonda müvafiq dövlət proqramının icrası ilə bağlı 109 saylı 35 kilovoltluq yeni yarımstansiyanın tikintisi başa çatdırılmış, Bibiheybət Mədəniyyət evi və qəsəbə kitabxanası, 2 saylı şəhər poliklinikası və “Turac” uşaq bağçası əsaslı təmir olunmuşdur.

Badamdar qəsəbəsində yeni su anbarlarının, ikimərtəbəli yeni idman kompleksinin və otel binasının tikintisi davam etdirilir. Su İdmanı Sarayı yaxınlığında, Bibiheybət yolunun başlanğıcında hərəkətin intensivliyi nəzərə alınaraq, yeni yeraltı keçid inşa olunur, sarayın ətrafı abadlaşdırılır.

Badamdar qəsəbəsində Sahib İbrahimxəlilov, Əziz Nəzərov və Gənclər küçələrindəki 168 ailənin yaşadığı 4 yaşayış binasının fasadları və həyətləri də təmir olunmuşdur. Badamdar şossesində 2,2 kilometr məsafədə yolun 3 metrəyədək genişləndirilməsi, təmiri və asfaltlaşdırılması ilə bağlı işlər, həmçinin burada yerləşən obyektlərin fasadında və istinad divarında möhkəmləndirmə- bərpa işləri davam etdirilir.

Hazırda rayonda Su İdmanı Sarayının, “Alov qüllələri” kompleksinin, Bakı bulvarının qərb hissəsində, ilkin olaraq “Xəzər Waterfront” istirahət-əyləncə-alış-veriş mərkəzinin, yeni “İnterkontinental” və beşmərtəbəli “İnturist” mehmanxanalarının, Səbail Rayon Prokurorluğu və 9 saylı Xəzinədarlıq İdarəsi üçün yeni binaların inşaat və tamamlama işləri davam edir. Ali Neft Məktəbi üçün yeni idman, yataqxana komplekslərinin və kütləvi informasiya vasitələri işçiləri üçün 17 mərtəbəli, 255 mənzilli yeni binanın, Badamdar qəsəbəsində yeni xəstəxana binasının, Müasir Avropa Məktəbinin, ölkədə keçiriləcək yerli və beynəlxalq tədbirlərin yüksək səviyyədə işıqlandırılmasını həyata keçirəcək Bakı Media Mərkəzinin tikintisi sürətlə aparılır. Neftçilər prospektində İdman Oyunları Sarayının əsaslı təmiri də davam etdirilir.

2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq işləri çərçivəsində Su İdmanı Sarayının ətrafında mövcud fərdi yaşayış evləri, qeyri- yaşayış və digər tikililərin sahibləri kompensasiyalar ödənilməklə köçrülmüş, Bayıl dairəsində abadlıq işləri görülmüş, yeni yeraltı keçid inşa olunmuş, müasir istirahət bağı, yeni yaşıllıqlar salınmışdır.

Dövlət başçısının tapşırıqlarına əsasən, il ərzində Dənizkənarı Milli Bulvarın Bayraq Meydanı istiqamətində genişləndirilməsi və burada yeni istirahət güşələrinin yaradılması işləri davam etdirilmişdir. Bibiheybət qəsəbəsindən Lökbatan dairəsinə kimi ərazidə, Salyan yolu boyunca yol kənarlarının abadlaşdırılması, burada yeni landşaftın yaradılması işləri aparılmışdır. Bu işlər çərçivəsində yol boyunca bir neçə yerdə dekorativ daşlardan mozaika kompozisiyaları yaradılmış, 8 min kvadratmetr sahəyə yaşıl qazon salınmış, 10 min yeni ağac, 1000 dekorativ ağac, 50 min gül kolu əkilmişdir.

 Yaşıllıqlara qulluq göstərilməsi, onların gündəlik suvarılması üçün müvafiq tədbirlər görülmüşdür. Gül kollarından gözəl kompozisiyalar həmçinin şəhərin Üzeyir Hacıbəyov küçəsi, və Parlament prospekti boyunca park və bağlarda da yaradılmışdır. Ümumilikdə isə il ərzində rayon ərazisində 16100 ədəd yeni ağac, 75000 ədəd gül kolu əkilmiş, 21000 kvadratmetr sahəyə qazon salınmışdır.

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, rayon ərazisindəki tarixi əhəmiyyətli binaların bərpası və qorunması istiqamətində də mühüm addımlar atılır. Şəhərin mərkəzində və Bayılda yerləşən çoxmərtəbəli yaşayış binalarının fasadlarının təmiri və üzlənməsi işləri davam etdirilmişdir. Keçən il Qurban Abbasov, Fikrət Əmirov, Üzeyir Hacıbəyov küçələrində, Neftçilər prospektində bir sıra binaların fasadlarının üzlənməsi başa çatdırılmışdır. Hazırda Zərifə Əliyeva, Adil İsgəndərov küçələrindəki, Bülbül, Neftçilər və Mətbuat prospeklərindəki binaların və Bibiheybət yolu- 1 ünvandakı yaşayış kompleksinin üzlənməsi davam edir.

Bütün bunların nəticəsidir ki, son illərdə xarici qonaqlar Şərq və Qərb koloritinin, qədimliklə müasirliyin nadir formada əks olunduğu bu gözəlliklərə heyranlıqlarını gizlətmirlər. Bakıda həyata keçirilən böyük tikinti-quruculuq işləri Azərbaycan paytaxtını dünyanın ən gözəl şəhərlərindən birinə çevirmişdir. İl ərzində rayonun mərkəz hissəsində səkilərə dekorativ daş döşənmiş, magistral, məhəllədaxili, qəsəbədaxili küçə və yolların da təmir-asfaltlaşdırılması işləri aparılmışdır.

Ötən tədris ilində Səbail rayonunun 7 məzunu qızıl və 2 məzun gümüş medala layiq görülmüşdür. Son 4 ildə isə 43 məzun qızıl və 3 nəfər gümüş medala layiq görülmüşdür. 1355 nəfər məzundan 1190-ı ali məktəblərə sənəd vermiş, 901 nəfər tələbə adını qazanmışdır. Qəbul imtahanlarında 124 nəfər 500-dən, 37 nəfər 600-dən, 9 nəfər isə 650-dən çox bal toplamışdır. Məzunlardan 124 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuş, 2 nəfər Prezident təqaüdünə layiq görülmüşdür. Keçən il 6 saylı orta məktəbin müəllimi Sona Musayeva və 160 saylı Klassik gimnaziyanın müəllimi Rubiynə Qasımova “Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri sırasında olmuşlar. Müsabiqənin keçirildiyi 7 ildə Səbail müəllimlərindən 54 nəfər bu adı qazanmışdır. Müəllim Günü ərəfəsində Səbail rayonu təhsil işçilərindən 3 nəfər “Əməkdar müəllim” adına və 4 nəfər isə “Tərəqqi” medalına layiq görülmüşdür. İl ərzində həyata keçirilən digər işlərlə yanaşı, Səbail Rayon İcra Hakimiyyəti tarixi və əlamətdar günlərdə bir sıra maraqlı və yaddaqalan tədbirlər təşkil etmiş, təltif olunanların, müxtəlif hədiyyə və yardım alanların sayı 19947 nəfər olmuşdur. Keçən il rayonun beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində də bir sıra işlər görülmüş, ABŞ-ın Nyu-York şəhərinin Bruklin inzibati rayonu və Yaponiyanın paytaxtı Tokio şəhərinin Mequro rayonu ilə dostluq və əməkdaşlıq haqqında protokol imzalanmışdır.

Kommunal Təsərrüfatı Birliyi  rayon ərazisinin abadlaşdırılması, balansda olan bina və tikililərə xidmət göstərilməsi istiqamətində xeyli iş görmüşdür. Yeni qaz xətləri çəkilmiş, yarımstansiyalar, transformatorlar quraşdırılmış, sayğaclaşma aparılımış, bununla da rayon sakinlərinin elekrtik enerjisi və təbii qazla təminatında müsbət dəyişikliklər baş vermişdir. Səbail Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanlı sosial yardım almaq üçün 302 ailə müraciət etmiş, orta hesabla hər bir ailəyə 132 manat sosial yardım təyin olunmuşdur. Rayonda müxtəlif növ və kateqoriyalar üzrə 2814 nəfər müxtəlif sosial müavinət alır. Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsi ötən il  13187 təqaüdçüyə 39741,6 min manat pensiya və müavinət ödəmişdir. Məşğulluq Mərkəzi 938 nəfəri işə düzəltmiş, 140 vətəndaş üçün peşə kursları açılmış, əmək yarmarkalarında 42 nəfər daimi işlə təmin olunmuşdur.Gigiyena və Epidemiologiya Mərkəzinin əksepidemik tədbirləri nəticəsində kütləvi xəstəliklər qeydə alınmamış, digər xəstəliklərin sayı azalmışdır. Hesabat dövründə rayon əhalisinin və qonaqların əmin- amanlığı, ümumi asayiş tam nəzarətdə saxlanılmışdır. Ağır və xüsusilə ağır cinayətlərin sayı əvvəlki  illə müqayisədə 111-dən 99-dək və ya 12 fakt azalmış, onların 50-nin və ya 58,8 faizinin açılması təmin edilmişdir. Şəxsiyyət əleyhinə olan cinayətlərin 92,3 faizi,  mülkiyyət əleyhinə cinayətlərin isə 70 faizi açılmışdır. Dövlət Yol Polisi rayon şöbəsinin əməkdaşları keçən il inzibati təcrübə üzrə 128 min 988 işə baxmış və 2318 sürücü cərimə olunaraq, dövlət büdcəsinə 662 min 710 manat vəsait ödətdirilmişdir.

Rayon ərazisində qeydiyyatdan keçən qaçqın və məcburi köçkün soydaşlarımızın rastlaşdığı problemlərin həlli də daim Səbail RİH-in diqqət mərkəzində olmuşdur.

Səhifənin materiallarını çapa hazırladı:
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında