Azərbaycanda "Ekologiya ili"

Dəniz suyunun şirinləşdirilməsi istiqamətində ilk addım
Son illər Azərbaycanda ekoloji problemlərin həlli dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Artıq bir neçə ildir ki, ölkəmizdə ətraf mühit sahəsində strateji proqramlar müvəffəqiyyətlə icra olunur. "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı" çərçivəsində ötən müddət ərzində ölkə ərazisində, xüsusən də Bakı şəhəri və Abşeron yarımadasında ətraf mühitin yaxşılaşdırılması istiqamətində bir sıra iri layihələr həyata keçirilmişdir.
2010-cu ildə adı çəkilən mühüm ekoloji sənədin reallaşdırılması başa çatır. Azərbaycanda ekoloji tarazlığın qorunmasını, ətraf mühitin sağlamlaşdırılması məsələlərini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev müxtəlif dövlət tədbirlərində bununla bağlı lazımi göstəriş və tövsiyələrini verir. Elə dövlət başçısı tərəfindən 2010-cu ilin Azərbaycanda "Ekologiya ili" elan edilməsi də bunun bariz nümunəsidir.
Dövlətimizin başçısının bu nəcib təşəbbüsünün reallaşdırılmasına artıq ötən ilin sonlarından start verilmişdir. Belə ki, ilin son aylarında bütün ölkə ərazisində ağacəkmə kampaniyası xeyli vüsət almış, radiaktiv çirklənmələrə məruz qalmış torpaqların təmizlənməsi işi intensivləşdirilmişdir. Bu da onu göstərir ki, ölkə başçısının 2006-cı ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı" çərçivəsində nəzərdə tutulmuş işlərin icrası 2010-cu ildə xeyli sürətlənəcək. "Ekologiya ili" çərçivəsində həyata keçirilən tədbirlər həm də 2006-cı ildə qəbul olunmuş proqramda nəzərdə tutulmuş işlərin səmərəliliyini bir qədər də artıracaq.
2010-cu il fevralın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ekoloji problemlərə həsr olunmuş müşavirədə qarşıdakı illərdə ölkəmizdə ekologiya sahəsində görüləcək işlərin konkret istiqamətləri, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Müşavirədə dövlət başçısı bu sahənin ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini bir daha bəyan edərək demişdir: "Bu gün ekoloji məsələlərin həlli vacib məsələlərdən biridir. Ona görə yox ki, bütün dünyada bu məsələlərə böyük diqqət göstərilir. Ona görə ki, Azərbaycan qarşısında həllini gözləyən əsas məsələlərdən biri ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. Bu istiqamətdə vacib addımlar atılıbdır, konkret proqram qəbul edilibdir... Mən hesab edirəm ki, ekologiya tədbirlərinin görülməsi ancaq 2010-cu illə məhdudlaşmamalıdır. Biz bundan sonrakı illərdə də bu məsələlərə ciddi diqqət göstərməliyik".
Sözügedən tədbirdə dövlət başçısının qarşıya qoyduğu əsas vəzifələrdən biri də Xəzər dənizinin ekoloji vəziyyətinin sağlamlaşdırılması, hətta Azərbaycanda ilk dəfə olaraq dəniz suyunun şirinləşdirilərək içməli su kimi istifadə edilməsi ilə bağlı idi. Bu barədə maraqlı təkliflə çıxış edən Prezident İlham Əliyev dedi: "...Biz nə vaxtsa buna başlamalıyıq və Xəzər suyunun şirinləşdirilməsi, bu sudan suvarma üçün və gələcəkdə içməli su kimi istifadə edilməsi üçün lazımi tədbirlər görülməlidir. Mən hesab edirəm ki, 2010-cu ildə pilot layihəsi icra edilməlidir... Əminəm ki, pilot layihəsi uğurlu olacaqdır. Düzdür, bu, bahalı layihədir. Ancaq insanların sağlamlığı, ekoloji və su təhlükəsizliyinin təmin edilməsi üçün, biz hesab edirik ki, maliyyə problemlərinə baxmamalıyıq, biz bunu təmin etməliyik. 2010-cu ildə hesab edirəm ki, biz ilkin layihəni görməliyik".
Artıq bu istiqamətdə ilkin addımlar atılmaqdadır. Dövlət Neft Şirkəti tərəfindən Çilov adasında reallaşdırılan ilk layihə bu baxımdan diqqəti cəlb edir. Belə ki, martın 30-da adada dəniz suyunun şirinləşdirilməsi məqsədilə quraşdırılmış ilk "Əks-osmos" qurğusu istismara verilmişdir. Mərasimdə iştirak edən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirmişdir ki, Xəzər dənizinin suyunun şirinləşdirilməsi, məişətdə və suvarmada istifadə olunması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə fevralın 18-də keçirilmiş ekoloji problemlərə həsr olunmuş müşavirədə dövlət başçısı tərəfindən irəli sürülmüşdür. Bu iş digər aidiyyətı qurumlar kimi Dövlət Neft Şirkəti qarşısında da həlli vacib vəzifələrdən biri kimi qoyulmuşdur.
Xatırladaq ki, Dövlət Neft Şirkəti tərəfindən əvvəllər də Çilov adasının suya olan tələbatının ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, burada məişət sularını təmizləyən qurğular quraşdırılmışdır. Belə ki, ötən illər ərzində adada hər birinin sutkalıq gücü 200 kubmetr olan 2 ədəd "KU-200" qurğusu quraşdırılaraq istifadəyə verilmişdir. Bu da adanın suya olan tələbatının ödənilməsində mühüm rol oynamışdır. Yeni qurğu isə öz təyinatı, müasirliyi və imkanları ilə əvvəlkilərdən fərqlənir. Belə ki, yeni "Əks-osmos" qurğusu vasitəsilə sutkada 300 kubmetr dəniz suyunun şirinləşdirilməsi mümkün olacaqdır. Məlumat üçün bildiririk ki, Çilov adasının suya olan gündəlik tələbatı 200-250 kubmetrdir. Bu tələbat isə sahildən gəmilər vasitəsilə daşınaraq ödənilirdi. İndən belə isə ada sakinlərinin məişət ehtiyaclarının və içməli suya olan tələbatının tam ödənilməsi "Əks-osmos" qurğusu vasitəsilə dəniz suyunun şirinləşdirilməsi hesabına həyata keçiriləcəkdir.
Yeri gəlmişkən, hazırda bir sıra mühüm ekoloji layihələr həyata keçirən Dövlət Neft Şirkəti Çilov adasının yaşıllaşdırılmasına, ərazidə Abşeronun iqlim şəraitinə uyğun ağac və bəzək kollarının əkilməsinə də xüsusi diqqət yetirir. ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin bildirdiyinə görə, dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə "Ekologiya ili" elan edilmiş 2010-cu ilin əvvəlindən başlayaraq adada bu işlər daha da intensiv xarakter almışdır. Ötən müddətdə ərazidə geniş yaşıllıq zolağı salınmış, adanın təbii xüsusiyyətlərinə uyğun 15 mindən artıq ağac və gül kolları əkilmişdir. Yenicə istismara verilmiş "Əks-osmos" və əvvəllər quraşdırılmış "KU-200" qurğularından adada salınmış bütün yaşıllıq zonalarına suvarma xətti çəkilmişdir. Bununla da, adada suvarma problemi tam aradan qaldırılmışdır.
Çilov adasında keçirilən ağacəkmə kampaniyasında sakinlərlə yanaşı, neftçilər də yaxından iştirak edirlər. Onlar 2010-cu ilin sonunadək "Çilov adasını yaşıllıqlar adasına çevirək" - devizi altında fəaliyyəti genişləndirərək burada əkilən ağacların sayını 30-35 minə çatdırmağı nəzərdə tuturlar. Yeri gəlmişkən, bu günlərdə neftçilər tərəfindən adada əkilmiş mindən artıq ağac və gül kolunun buradakı bioloji təmizləmə qurğularından çəkilmiş xətlər vasitəsilə suvarılmasına başlanılmışdır. Adada quraşdırılan "Əks-osmos" qurğusu vasitəsilə şirinləşdiriləcək dəniz suyu isə, heç şübhəsiz, burada əkilən ağaclara yeni can, yeni nəfəs verəcəkdir. Deməli, Xəzər dənizindən, Pirallahı adasından cənub- şərqdə yerləşən Çilov adasının bom-boz çölləri yaxın illərdə yamyaşıl örtüklərlə əvəzlənəcək. Buraya yolu düşən hər bir kəs dənizin ortasında, sözün əsl mənasında, yaşıl adanın şahidi olacaqdır.

{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında